Xalqımıza qarşı soyqırımı törətmiş cinayətkarlar öz cəzalarını alacaqlar

Bir vaxtlar bu şəhərdə də insanlar qurub yaratmaq eşqi ilə yaşayırdı. Burada da evlərin bacasından tüstü qalxır, uşaqların şaqraq səsləri ətrafı bürüyürdü. Lakin 29 il əvvəl bunları top atəşlərinin qulaqbatıran səsləri əvəz etdi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı yerlə-yeksan edildi, dinc əhaliyə qarşı görünməmiş amansızlıqla soyqırımı törədildi. Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyevlə söhbətimizdə də bu məqamlar xatırlandı.

Tural müəllim, Vətən müharibəsindən sonra Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətində hansı dəyişikliklər baş verdi? Qələbədən sonra icma fəaliyyətini hansı istiqamətdə qurur?

–Vətən müharibəsindən əvvəl fəaliyyətimizi həm beynəlxalq səviyyədə nəzərdə tutulan işlər, həm də icma üzvləri ilə təşkil edirdi. İcmamızın idarə heyətinin üzvləri və əməkdaşlarımızın iştirakı ilə bir sıra xarici səfərlər həyata keçirmişik. ABŞ-da ermənilərin sıx yaşadığı Los-Anceles şəhərinə, qardaş Türkiyə Respublikasına, Brüssel şəhərində yerləşən Avropa Parlamentinə səfərlərimiz olub. Qeyd etməliyəm ki, bütün səfərlərimiz çərçivəsində həmin ölkələrin müxtəlif nüfuzlu rəsmi şəxsləri, icma nümayəndələri, ictimai-siyasi xadimləri, strateji araşdırmalar mərkəzləri və media qurumları ilə səmərəli görüşlər keçirmiş, fikir mübadiləsi aparmışıq. Bütün bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatlarla birlikdə də uğurlu layihələr reallaşdırmışıq və bu işləri bu gün də səmərəli şəkildə davam etdiririk. Həmişə fəaliyyətimizin ana xəttini torpaqlarından didərgin düşmüş insanlarımızın haqq səsini dünyaya çatdırmaq, onların pozulmuş hüquqlarının bərpasına nail olmaq olub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun həyata keçirdiyi 44 günlük uğurlu hərbi əməliyyatlar bizim 30 ilə yaxın davam edən Vətən həsrətimizə son qoydu. Bütün məcburi köçkünlər kimi, torpaqlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Hazırkı fəaliyyətimizin əsas xəttini də məhz bu amil təşkil edir. Hər gün müxtəlif məsələlərlə bağlı icmamıza onlarca şəxs gəlir. Tez-tez işğaldan azad olunmuş rayonların sakinləri, xüsusən də gənclərlə onlayn görüşlər keçiririk. Təbii ki, dövlətimiz vətəndaşlarımızın təhlükəsiz şəraitdə geri dönməsi üçün bütün tədbirləri həyata keçirir. İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir, yeni yollar çəkilir, işıq, qaz, su xətləri qurulur. Hesab edirəm ki, erməni işğalçıları tərəfindən yerlə-yeksan olmuş yurdlarımızın bərpası ilə bağlı biz sakinlərin də üzərinə böyük yük düşür. Hər bir keçmiş məcburi köçkün öz yurduna qayıtdıqdan sonra ərazilərin abadlaşdırılmasına öz töhfəsini verməlidir və belə də olacaq. Demək olar ki, icmamızın bütün fəaliyyəti Vətən müharibəsindən sonra bu istiqamətdə davam edir. Təbii ki, bütün bunlarla yanaşı, erməni yalanlarına qarşı da mübarizə aparmalı oluruq. Bildiyiniz kimi, mən Azərbaycan Respublikası Milli Məclisinin AŞPA-da və ATƏT PA-da təmsil edən nümayəndə heyətinin üzvüyəm. Ermənilər çalışırlar ki, bu qurumlarda ölkəmizə qarşı təxribatlar həyata keçirsinlər. Amma buna nail ola bilmirlər. Çünki ədalət bizim tərəfimizdədir.

– 44 günlük Vətən savaşı nəticəsində torpaqlarımız azad edildi və qələbə qazandıq. Bu illər ərzində Xocalı soyqırımı, ümumilikdə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı mühüm işlər aparılıb. Bu işdə sizin icma üzvləri də fəal iştirak ediblər. Sizcə, qələbədən sonra Xocalıda, Qarabağda törədilmiş hərbi cinayətlərə qalib tərəfin baxışı necədir?

Hesab edirəm ki, sualınızın birinci hissəsinə bir az əvvəl qismən də olsa, cavab verdim. Sualın ikinci hissəsinə gəldikdə isə deməliyəm ki, ermənilərin Xocalıda, Qaradağlıda, Daşaltıda, ümumilikdə, Qarabağda törətdikləri hərbi cinayətlərə baxışlarımız dəyişilməzdir. Xalqımıza qarşı soyqırımı həyata keçirən bütün cinayətkarlar etdikləri əməllərə görə cəzalarını almalıdırlar və alacaqlar. Bu il Xocalı soyqırımının 29-cu ildönümü tamam olur. Sual olunur, niyə Ermənistan xalqımıza qarşı bu cür misilsiz cinayət törətdi? Qarlı-şaxtalı havada Xocalı sakinlərinin meşədə qarşısını kəsmək, onları vəhşicəsinə qətlə yetirmək hansı insanlığa sığır və bu, cinayət cəzasız qala bilərmi? Təbii ki, yox...

– Haqq-ədalət Azərbaycanın tərəfində olsa da, ermənilər Xocalı məsələsi ətrafında öz hərbi cinayətlərini ört-basdır etmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə spekulyasiyamanipulyasiyalar edirlər. Ermənilərin istər informasiya, istərsə də hərb meydanında məğlubiyyət və iflaslarını necə qiymətləndirirsiniz?

– Ermənilər tarix boyu millətimizə qarşı törətdikləri cinayətləri ört-basdır etməyə çalışıblar. Xocalı soyqırımı məsələsində isə faktları inkar etmək mümkün deyil. Ortada Azərbaycanın istintaq araşdırmaları var. Sənədlər toplanıb. Cinayətkarlar məlumdur. Şahid ifadələri, fotovideo faktlar mövcuddur. Bunu necə inkar etmək olar?! Yaxud da xalqımıza qarşı həyata keçirilmiş digər terror hadisələrini... Bir daha qeyd edirəm ki, ermənilərin Xocalı soyqırımını inkar etmək üçün həyata keçirdikləri bütün cəhdlər uğursuzluğa məhkumdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2008-ci ildə başladılmış “Xocalıya-ədalət!” beynəlxalq kampaniyası uğurla həyata keçirilir. Ölkəmiz məhz bu kampaniyanın köməyi ilə Xocalı soyqırımını dünyaya tanıda bilib. Hesab edirəm ki, yaxın gələcəkdə əli xalqımızın qanına batmış terorçuların ədalət məhkəməsində cavab verdiyininşahidi olacağıq.

– İllərdir, icma Qarabağdan uzaqda fəaliyyət göstərib, lakin həmişə də Bakıda müvəqqəti fəaliyyət göstərdiyini xatırladıb. Sizicma rəhbəri və Milli Məclisin deputatı kimi tezliklə Qarabağın azad edilməsindən sonra məhz Qarabağda fəaliyyət göstərəcəyinizi bildirmisiniz. Qarabağavaxt köçəcəksiniz?

– Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 80 mindən çox sakininin nümayəndələrindən ibarət bir təşkilatdır. Arzu edərdik ki, torpaqlarımız işğaldan azad olunan gündən öz yurdumuza gedək və fəaliyyətimizi orda davam etdirək. Dövlətimiz üçün torpaqlarımızı erməni işğalçılarından azad etmək nə qədər vacibdirsə, əhalinin təhlükəsizliyi də bir o qədər önəmlidir. Torpaqlarımız erməni işğalçılarından azad olunduqdan sonra, təəssüf ki, bəzi soydaşlarımızın tələskənliyi üzündən bir sıra bədbəxt hadisələrin şahidi olduq. Minaların partlaması səbəbindən bir neçə şəxs həyatını itirdi. Bildiyimiz kimi, minaların təmizlənməsinə mütəxəssislər cəlb olunub. Azərbaycan Minatəmizləmə Agentliyinin işinin səmərəli təşkili üçün dövlətimizin başçısının müvafiq sərəncamları olub. Bütün bunlar prosesin sürətlənməsinə hesablanmış qərarlardır. Hesab edirəm ki, ərazilər minalardan təmizləndikdən sonra qısa müddət ərzində evlər, xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları tikiləcək, yerli infrastruktur bərpa olunacaqbundan sonra əhalinin geri qayıtması təmin olunacaq. Qeyd etməliyəm ki, bu məsələdə Azərbaycan dövlətinin güclü iradəsi var.

– Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq arzuları ilə bağlı icma hansı işlər görür?

Bir az əvvəl qeyd etdiyim kimi, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının müvəqqəti ofisinə gün ərzində xeyli insan gəlir. Edilən müraciətlər əsasən insanların geri qayıtmaq istəyi və aparılacaq quruculuq-bərpa işlərində iştirakla bağlıdır. Ərazilərimizin bərpası ilə bağlı təkliflərlə çıxış edən insanlar da az deyil. Hesab edirəm ki, bu cür görüşlər çox faydalıdır və gələcəkdə də bu işlərimizi davam etdirməyi düşünürük.

 

 

Müsahibəni qələmə aldı:

Əfsanə BAYRAMQIZI

Xalq qəzeti 2021.-25 fevral.- S.5.