İşğaldan azad edilmiş bölgələrimiz cənnətə çevriləcək

 

Birinci Qarabağ müharibəsində suveren ərazilərimizin 20 faizini itirməyimiz xalqımızın qədim yurd yerlərinin düşmən tapdağına düşməsi, maddi-mədəniyyət nümunələrimizin dağıdılması, milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələndi. 27 il sərasər davam edən danışıqlar isə heç bir nəticə vermədi. Daha doğrusu, Azərbaycanın böyük səbri, regionda sülh və əmin-amanlıq prinsiplərinə hörmətlə yanaşması qarşı tərəfi adekvat davranmağa sövq edə bilmədi. Əksinə, özünüqalib” tərəf kimi aparan Ermənistan ona verilən bu fürsətlərdən sui-istifadə edərək, torpaqlarımızı geri qaytarmaq fikrindən hər vəchlə yayındı və Cənubi Qafqazda yeni bir müharibənin alovlanmasına səbəb oldu.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu geniş əks-hücum əməliyyatı keçirərək, torpaqlarımızı azad etdi. 44 gün davam edən və noyabrın 10-da üçtərəfli bəyanatla yekunlaşan bu müharibənin nəticəsi isə artıq dünyaya məlumdur. İllərdir ki, Azərbaycan dövlətinin sülh danışıqlarına paralel olaraq öz hərbi arsenalını gücləndirməsi, silahlı qüvvələrini ən müasir səviyyəyə qaldırması müharibəyə öz qalibiyyət möhürünü vurmuş oldu.

30 ilə yaxın müddətdə işğal olunmuş torpaqlarımızda güclü müdafiə – istehkam tədbirləri həyata keçirən, oranı “alınmaz qalaya çevirən Ermənistanın bütün ümidləri puç oldu. Azərbaycan Silahlı Qüvvələri bir-birinin ardınca qazandığı parlaq qələbələr sayəsində bu müharibəni qalibiyyətlə başa çatdırdı və işğalda olan rayonlarımız azad edildi. Erməni silahlı qüvvələri bölgədən, sözün bütün mənalarında, qovuldu. İndi artıq torpaqlarımız azaddır və dövlət başçımız bir-birinin ardınca bu bölgələrimizə baş çəkir, regionun yenidən dirçəldilməsi üçün əlindən gələni edir.

Şübhəsiz ki, tikinti-quruculuq işləri, regionun yenidən dirçəldilməsi müəyyən vaxt aparacaq. Çünki ermənilər bu illər ərzində oradan daha çox hərbi təlim düşərgələri, terror yuvası və narkoplantasiyalar üçün əlverişli məkan kimi istifadə ediblər. Regionda azərbaycanlılara məxsus evlər, dövlət qurumlarının binaları, hətta məzarlıqlar belə dağıdılıb məhv edilmişdir.

Torpaqlarımızın bu vəziyyətə salındığına diqqət etdikcə bir daha aydın olur ki, işğalçılar buranın sahibi olmadıqlarını özləri də bilirmişlər. Onlar təkcə yerüstü deyil, yeraltı sərvətlərimizi də vəhşicəsinə istismar ediblər. Təsadüfi deyil ki, bu ölkənin dövlət büdcəsinin 51 faizi Azərbaycan ərazilərindən talan edilən təbii sərvətlərdən gələn gəlir sayəsində ayaqda qala bilmişdir. Bundan sonra isə Ermənistan uzun illər etdiyi bu vəhşiliyinə görə beynəlxalq məhkəmədə Azərbaycan tərəfindən açılan kompensasiya iddiası ilə məşğul olacaqdır. Təbii ki, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, onlar etdikləri hər bir vandalizm hərəkətlərinə görə məhkəmədə cavab verməli olacaqlar.

Azad edilməklə gün işığına çıxan torpaqlarımıza Azərbaycan Prezidenti İlham Əliyevin tarixi səfərləri və bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri cəmiyyətdə də böyük maraqruh yüksəkliyi ilə qarşılanır. Maraqlıdır ki, bu düşmən auditoriyasında da diqqətlə izlənilir.

Bir neçə gün öncə dövlət başçımız Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən yeni layihələrin həyata keçirildiyini hər kəs gördü. İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığı yubanmadan icra olunur. Dövlət başçısı bütün çıxışlarında, müsahibələrində dəfələrlə vurğulayıb ki, azad edilmiş torpaqlarda bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Bu səfər zamanı da bir daha mənfur düşmənə mesaj göndərərək bildirdi ki, düşmənlərin dağıtdıqlarına, viran qoyduqlarına, oğurladıqlarına son qoyduq, “dəmir yumruqla başlarını əzdik: “Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik. Baxın, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik”.

Dövlət başçısının bu məsələni ən ümdə prinsip kimi diqqətdə saxlaması bir daha onu göstərir ki, biz bu regionu tezliklə Cənubi Qafqazın ən görməli yerlərindən biri kimi ziyarət edəcəyik. On illərdir ki, doğma el-obasından aralı düşmüş soydaşlarımız da öz yurd-yuvalarına qayıdacaqlar və orada həyat tam bərpa olunacaq.

Dövlət başçısı qəti şəkildə qeyd edir ki, mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz.

Böyük qayıdışın gerçəkləşməsi regionda həyatın bərpası üçün vacib olan ilk işlər artıq görülməkdədir. Dövlət başçısı səfəri çərçivəsində ilk su elektrik stansiyasının açılışını edərkən bildirdi ki, bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq: “Güləbird kəndindəyik. Güləbird kəndini də düşmən dağıdıb, talan edib. Güləbird kəndinə gəlməyimizin səbəbi qısa müddət ərzində inşa edilmiş su elektrik stansiyasının açılışıdır və bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq, digər stansiyalar da tikiləcək. Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə edəcəyik”.

Azad olunan regionda həyatın bərpa edilməsini dövlət siyasətinin ən mühüm xətti kimi qoyan dövlət başçısı bildirdi: “Bu gün bu torpaqlarda tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin. Bərpa işləri arasında elektrik enerjisi təchizatı, əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq. İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilmişdirbirinci mərhələ başa çatıb. “Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkirŞuşa şəhərində elektrik yarımstansiyası inşa edir... Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu, çox böyük generasiya gücüdür".

Prezident çıxışında onu da söyləyib ki, böyük enerji layihələri həyata keçirəcəyik və bununla da bu əraziləri dayanıqlı enerji ilə təmin edəcəyik: Bu generasiya gücü ilə biz bu əraziləri bərpa edəcəyik, dayanıqlı enerji ilə təmin edəcəyik. Əgər biz nəzərdə tutduğumuz digər layihələrə də nəzər salsaq görərik ki, bərpaolunan enerji növlərinin bu bölgədə çox böyük potensialı var. Onların arasında ən böyük potensiala “Xudafərin” və “Qız qalası” su elektrik stansiyaları malik olacaqdır... Bununla paralel olaraq, artıq göstəriş vermişəm ki, bizim azad edilmiş bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilsin. Belə bir göstəriş verildibu gün Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir”.

Ümumiyyətlə, azad edilən bölgələrimizin dirçəldilməsi, inkişafı üçün nəzərdə tutulan irimiqyaslı layihələr, açılışlar kompleks şəkildə aparılmağa başlayıb. Dövlət başçısı səfərləri zamanı xüsusi olaraq vurğuladı ki, erməni işğalından azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur.

Bundan əlavə, region üçün ən mühüm nəqliyyat layihəsi sayılan Azərbaycanı Naxçıvanla birləşdirəcək Horadiz – Ağbənd dəmir yolunun təməlinin qoyulması da mühüm faktordur. Prezident səfəri zamanı işğaldan azad olunmuş Horadiz –Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla, yeni dəmir yolu infrastrukturunun yaradılması prosesinə start vermiş oldu. Hər kəsə məlumdur ki, Azərbaycan suverenliyinin əsas təhlükə mənbələrindən biri də, vaxtilə Naxçıvanla birbaşa sərhədlərimizin əlimizdən alınması, muxtar respublikanın blokadaya düşməsidir. Əlbəttə, burada xüsusi təqdir olunmalı məqam da məhz budur ki, nəqliyyat sektorunda ən böyük layihə sayılacaq Azərbaycanı Naxçıvanla birləşdirəcək Mehri nəqliyyat-kommunikasiya infrastrukturunun qurulması mühüm əhəmiyyət kəsb edir. Bu layihə həm də ona görə strateji əhəmiyyət daşıyır ki, qardaş Türkiyə ilə əlaqələrimiz kommunikativ olaraq birbaşa bərpa olunacaq. Həmin məsələyə toxunan dövlət başçısı bildirdi ki, bu gün Horadiz – Zəngilan – Ağbənd dəmir yolunun təməl daşı qoyuldu. Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə, ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək.

Noyabrın 10-da imzalanmış birgə bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminik ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçəcək...

Dövlətimizin başçısı əlavə edib ki, bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq...

Beləliklə, regionun inkişafı üçün qoyulan məqsədlər, aparılan nəhəng miqyasılı işlər onu deməyə əsas verir ki, tezliklə Qarabağ regionu Azərbaycanın ən abad, ən görməli məkanlarından birinə çevriləcək.

Anar TURAN

Xalq qəzeti  2021.-25 fevral.- S.4.