“Ağıllı
kənd” layihəsi bizə nə vəd edir?
Azərbaycan hökuməti işğaldan
azad olunmuş Zəngilan
rayonunun Üçüncü
Ağalı kəndində “ağıllı kənd” layihəsini
həyata keçirməyi planlaşdırır. Kənd layihəsinin
icrası əsasən 5 komponent üzrə
aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər,
“ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir.
İnşa ediləcək 200 evdən ibarət
kəndin enerjiyə olan tələbatı
yalnız alternativ enerji
mənbələrindən əldə olunacaq.
Erməni işğalından azad olunmuş digər ərazilərimizdə də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Mütəxəssislər əmindirlər ki, “ağıllı kənd” texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına da şərait yaradacaq və Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini də artıracaq.
Hazırda sürətli texniki tərəqqi insanın həyat fəaliyyətinin bütün sahələrində özünü fəal şəkildə göstərir. Xüsusilə də meqapolislərdə müşahidə olunan temp şəhər sakinlərinin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün xüsusi tələbləri diktə edir. Belə ki, dünya urbanizasiyası şəhərlərin inkişaf tempini artırır və buna uyğun olaraq da yeni texnologiyaların inkişafına təkan verir. Artıq indidən proqnozlaşdırmaq olar ki, yaxın gələcəkdə “ağıllı şəhər” və “ağıllı kənd” fenomen kimi hər yerdə özünü göstərəcək. Buna görədir ki, dünyada “ağıllı kənd” layihəsi sürətlə populyarlıq qazanır, bir sıra ölkələrdə belə layihələr artıq reallığa da çevrilmişdir.
Bəs “ağıllı kənd” nə deməkdir, hansı komponentlərdən ibarətdir? Mütəxəssislərin yekdil fikri belədir ki, “ağıllı kənd” əhalinin həyat fəaliyyətinin idarə edilməsi və yaşayış mühitinin idarə olunması üzrə tamdəyərli avtomatlaşdırılmış sistemdir. “Ağıllı kənd” bir-biri ilə birlikdə avtonom şəkildə işləyən bir neçə kompleksdən ibarətdir.
Mütəxəssislərin sözlərinə görə, “ağıllı kənd”in əsas xüsusiyyətlərindən biri odur ki, insan evindən çıxmadan uzaq məsafədən idarə edə biləcəyi geniş texniki imkanlara malik olur. Belə ki, kənd sakini vahid mərkəzdən informasiya sistemlərini idarə etmək, məlumat əldə etmək, iş və digər əməliyyatlar aparmaq, kommunikativ xidmətlər (onlayn danışıqlar aparmaq bacarığı) həyata keçirmək imkanı qazanır. Beləliklə, “ağıllı kənd” sakinləri layihənin formalaşdırdığı avtomatlaşdırılmış mərkəzi sistem sayəsində ciddi vəsait və vaxt sərf etmədən cari məişət problemlərini həll edə bilərlər.
Mütəxəssislərin sözlərinə görə, müasir dünyada “ağıllı şəhər” və “ağıllı kənd”lərin yaradılması qloballaşma və Dördüncü Sənaye İnqilabının yaratdığı problemlərin çoxunu aradan qaldıra bilər. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər" və “ağıllı kənd” konsepsiyasının həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, həmin layihələrin reallaşdırılması nəticəsində azad olunmuş ərazilərdə təhlükəsizlik, vaxt və rahatlıq, sağlamlıq, ətraf mühit, sosial əlaqələr və iş yerlərinin idarə edilməsi kimi müxtəlif göstəricilərə müsbət təsir etmək mümkün olacaq.
Bundan başqa, mütəxəssislər düşünürlər ki, “ağıllı şəhər” və “ağıllı kənd” texnologiyaları vətəndaşların sağlamlığını və rifahını yaxşılaşdırmaq qabiliyyəti olan iqtisadi inkişaf üçün yeni yollar da təqdim edir. Eyni zamanda, bərpa olunan mənbələrdə bulud texnologiyalarının tətbiqi regionun bərpası prosesini sürətləndirə və bu regionu sərmayədarlar üçün maraqlı edə bilər. Buna görə də, analitiklər “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsinin bu bölgədə innovativ və texnoloji sərmayələrin axınının sürətləndirilməsində, habelə Qarabağda innovasiya mərkəzlərinin və texnoparkların yaradılmasında əsas rol oynaya biləcəyini düşünürlər.
Ümumiyyətlə, “ağıllı kənd” konsepsiyası, xüsusilə inkişaf etməkdə olan ölkələrdə, texnoloji, maliyyə və təhsil metodologiyalarından istifadə edərək, kəndlərdə enerji əldə etmək üçün real maneələrlə mübarizə aparmaq məqsədi daşıyır. Baxmayaraq ki, XX əsrdən bu yana elektrik enerjisi gündəlik həyatımızın bir hissəsinə çevrilmişdir və enerji olmadan da yaşaya bilərik, lakin onsuz inkişaf və elmi nəticələrdən istifadə etmək imkanımızın olmayacağını da bilirik. Təəssüf ki, bərpa olunmayan enerji resursları sürətlə tükənir. Məhz bu perspektivi dəyərləndirən dünyanın iri neft şirkətləri proqnozlaşdırırlar ki, 2050-ci ilə qədər enerjinin üçdə biri günəş, külək və digər bərpaolunan resursların payına düşəcək və buna görə də, bərpa olunan resurslardan istifadə ən optimal yanaşmadır. Aydındır ki, sosial-iqtisadi inkişaf fasiləsiz və ucuz elektrikin əlçatan olmasını tələb edir. Nəzərə alsaq ki, dünya əhalisinin, təxminən, 80 faizi kənd yerlərində yaşayır və onların əksəriyyəti elektrik enerjisinə çıxışı yoxdur, o zaman “ağıllı kənd” konsepsiyasının tətbiqinin hesabına yaradılacaq sənaye infrastrukturu sayəsində məşğulluq imkanlarının formalaşmasında, həmçinin həyat keyfiyyətinin artırılmasında böyük rol oynacağını deyə bilərik.
Əlbəttə, Azərbaycanın “ağıllı kəndlər”in yaradılması sahəsində dünya liderinə çevrilmək şansı var. Bu barədə hələ 2018-ci ildə Bakıda Dünya Bankının Yaxın Şərq və Şimali Afrika regionu üzrə Davamlı İnkişaf Departamentinin məsləhətçisi Tara Şərəfuddin “Kənd yerlərinin və kənd təsərrüfatının inkişafı" mövzusunda keçirilən müzakirələr zamanı bildirmişdi. Onun sözlərinə görə, “ağıllı kənd”in yaradılması çox vacib addımdır və Azərbaycan bu istiqamətdə fəal iş görür. T.Şərəfuddin əlavə etmişdi ki, belə layihələr kənd təsərrüfatında qiymətlərin formalaşması prosesinə təsir edən rəqəmsal texnologiyalara keçidi sürətləndirməyə imkan verir.
DB-nin rəsmisi bununla yanaşı, vurğulamışdı ki, “ağıllı kənd”lər “ağıllı şəhər”lərdən uzaqlaşa bilməz, çünki onlar lazımi infrastrukturdan istifadə etməlidir. Ekspert, həmçinin qeyd etmişdi ki, “ağıllı kənd”lərdə günəş enerjisindən və müxtəlif innovasiyalardan istifadə etmək lazımdır. Kəndlərdə “ağıllı” kommunikasiyalardan istifadə etməyin vacibliyini öncə çəkən T. Şərəfuddin bu prosesdə həm dövlətin, həm də özəl sektorun maraq göstərməsinin əhəmiyyətini də vurğulamışdı. Azərbaycanda belə layihələrin reallaşdırılmasına, əlbəttə ki, böyük maraq var.
Ölkəmizdə bu mühüm prosesə artıq start verilmişdir. Prezident İlham Əliyevin göstərişilə azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının reallaşdırılması istiqamətində işlərə başlanılmışdır. Mütəxəssislərin sözlərinə görə, bu layihələr, ilk növbədə, dünyada baş verən qlobal çağırışlara adekvat cavab verməklə yanaşı, həm də Qarabağ regionunun texnoloji investisiyalar üçün maraq mərkəzinə çevrilməsinə, həm də digər regionlarımızda “ağıllı şəhər” və “ağıllı kənd” texnologiyalarının tətbiqi üçün təcrübə rolunu oynamasına şərait yaradacaq.
Xatırladaq ki, azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılacaq və həmin ərazilərdə “ağıllı” istehlak sistemlərinin tətbiqi Qarabağda yeni həyat standartının formalaşmasına imkan verəcək. Bununla yanaşı, “ağıllı kənd”lərdə su ehtiyatlarına qənaət edilməsi məsələsi də diqqət mərkəzində olacaq. Belə ki, belə kəndlərdə “ağıllı” suvarma sistemləri, su sızıntısı, su keyfiyyəti və istehlakının izlənməsi kimi tətbiqetmələr su istehlakını arzuolunan səviyyədə saxlamağa imkan yaradacaq.
Bir sözlə, işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin reallaşdırılması istər şəhər, istərsə də kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həllinə və xüsusilə də kənd ərazilərində yeni iqtisadi imkanların yaradılmasına öz müsbət təsirini göstərəcək. Xüsusilə də “ağıllı kənd” layihəsi kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatının formalaşmasına da öz müsbət töhfəsini verəcək. Mütəxəssislər əmindirlər ki, “ağıllı kənd” texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına da şərait yaradacaq.
Ən əsası, bu layihələrin həyata keçirilməsi nəticəsində Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyi də artacaq. Azərbaycan hökumətinin əsas məqsədlərindən biri də məhz bundan ibarətdir.
Səbuhi
MƏMMƏDOV
Xalq qəzeti 2021.-25 fevral.- S.6.