“Xocalının sağalmayan yarası” adlı elmi
sessiya
Dünyanın XX yüzillikdə şahidi olduğu ən müdhiş soyqırımlarından biri kimi artıq ölkəmizdən kənarlarda da yaxşı bəlli olan Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə fevralın 25-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi sessiya keçirilib.
Muzey əməkdaşlarının
bir hissəsinin əyani olaraq
iştirak etdiyi, digər
əməkdaşlarınsa videokonfrans
formatında qatıldığı “Xocalının sağalmayan yarası” adlı elmi
sessiyada üç məruzə
dinlənilib.
Muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Dünyanın daha artıq tanımalı olduğu Xocalı faciəsi” mövzusunda məruzəsində XX əsrdə Azərbaycan xalqının bir neçə dəfə soyqırımına məruz qaldığını bildirərək, bu faciələrin dünya ictimaiyyətinə təfərrüatı ilə çatdırılmasının vacib olduğunu vurğulayıb. O, Azərbaycanın üzləşdiyi soyqırımları haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində uzun zaman imkanlarımızın məhdud olduğunu, ilk dəfə Prezident İlham Əliyevin təşəbbüsü ilə hələ 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri olarkən hazırlanmış “Azərbaycan xalqına qarşı Ermənistanın törətdiyi soyqırımlarının tanınması haqqında” tövsiyə üçün qətnaməni diqqətə çatdırıb.
Dövlətimizin istər 1918-ci ilin martında xalqımıza qarşı
törədilmiş soyqırımları, istər XX əsr boyu icra edilmiş
digər bu qəbil cinayətlər, istərsə
də Xocalı faciəsini dünyaya bütün gerçəkləri ilə təqdim
etmək yolunda son 20
ildə böyük işlər
gördüyünü, çoxlu
kitablar nəşr etdiyini
söyləyən akademik Rafael
Hüseynov Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın təşkilatçılığı
ilə son illərdə dünyada
getdikcə daha artıq vüsət alan və təbliğat baxımından mühüm nəticələri olan “Xocalıya ədalət!” beynəlxalq
kampaniyasını xüsusi
vurğulayıb.
Xocalı faciəsi haqqında dünya ekranına çıxa biləcək
bədii və sənədli filmlərin yaranmasının, bu soyqırımını daha
çox dövlət və parlamentlərin
rəsmən tanıması üçün
ardıcıl iş aparmağın zəruriliyindən
bəhs edən Rafael Hüseynov
deyib: “Xocalı faciəsi milli tariximizin sağalmayan bir
yarasıdır. Bu, insanlığa
qarşı törədilmiş cinayətlərdəndir ki, gec-tez əlləri həmin
qana bulaşanların beynəlxalq tribunal qarşısında ittiham
olunacağı labüddür. Biz Xocalı soyqırımını hər il yalnız kədərə dalmaq,
o acıları bir daha xatırlamaq üçün
yığılmırıq. Bu, elə bir tarix dərsidir ki, onu unutmaq
olmaz. Biz imkan verməməliyik ki, yaddaşlarda bu faciənin
göynərtisi soyusun. Hər yeni nəsil və dünya
millətimizə qarşı törədilmiş
soyqırımından təfərrüatı ilə daim agah olmalıdır”.
Daha sonra muzeyin “Komparativistika və bədii tərcümə” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli “Xocalıya gedən yol” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi 1992-ci ilin şaxtalı fevral gecəsində Xocalı torpağında görünməmiş qəddarlıqla törədilən insan qətliamı hadisəsini həmin günlərin canlı şahidlərinin dili ilə yad edib. Muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialının əməkdaşı Rəhman Baxşəliyev çıxışında mənfur düşmənin Xocalı şəhərində törətdiyi dəhşətli dağıntıların mahiyyətində Qarabağın dağlıq hissəsinin əzəli sakinləri olan azərbaycanlıların oradakı qədim tarixi izlərini silmək niyyətinin gizləndiyini ifadə edib.
Xocalı
soyqırımının 29-cu ildönümünə həsr
edilən elmi sessiyaya yekun vuran akademik
Rafael Hüseynov qeyd edib ki,
1990-cı ilin 20 Yanvar
faciəsi Azərbaycan xalqının iradəsini
sındırmaq, onun müstəqillik
arzularını qəlbindəcə boğmağa
hesablanmışdısa, Xocalı faciəsi artıq
yenidən bərpa olunmuş dövlət
müstəqilliyimizi laxlatmaq, xalqda xof yaratmaq
üçün xarici
qüvvələrin həyata keçirdiyi
bir qəsd idi. “Lakin Azərbaycan xalqı və
dövləti bu çətin
sınaqlardan mətanətlə keçdi
və artıq öz dövlət müstəqilliyinin
30-cu ilini müzəffər xalq kimi
qarşılamağa doğru inamla irəliləməkdədir.
İstiqlalımıza, müstəqilliyimizə gedən yolda Xocalı soyqırımı ən ağır aşırımlardan biri
idi ki, biz
onun dərslərini və ibrətlərini
hər yeni xoşbəxt günümüz
içərisində hökmən xatırlamalıyıq”, –
deyə akademik Rafael Hüseynov Bakıda
soyqırımlarımızın tarixini əks
etdirən layiqli bir muzeyin yaradılmasının da zəruri olduğunu
söyləyib.
Xalq qəzeti 2021.- 27 fevral.- S.9.