Sumqayıt təxribatı
erməni separatizminə “haqq qazandırmaq” məqsədilə
düşünülmüşdü
Sumqayıt hadisələri
erməni millətçilərinin təxribatı idi. Biz bunu
açıq deməliyik. Çünki artıq neçə
ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə
qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır
və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki,
Sumqayıt hadisələrini törədən erməni millətçiləridir
və erməni dəstələridir. Biz hamımız
yaxşı bilirik ki, on nəfərə yaxın ermənini
öldürən milliyyətcə erməni Qriqoryan və onun
quldur dəstəsi idi.
İlham
ƏLIYEV
Azərbaycan
Respublikasının Prezidenti
Dövlətimizin
başçısı İlham Əliyev 2019-cu il noyabr
ayının 21-də Sumqayıt şəhərinin 70 illiyinə
həsr olunmuş tədbirdəki nitqində sözügedən
hadisələrin mahiyyətinə, ermənilərin qanlı
aksiyalarının, əslində, nəyə xidmət etdiyinə
aydınlıq gətirmiş və bəyan etmişdir ki, sovet dönəmində
– ötən əsrin 88-ci ilində, fevral ayının son
günlərində törədilmiş Sumqayıt hadisələri
Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına
və keçmiş SSRİ-nin dağılmasına təkan
verəcək vasitələrdən biri kimi
düşünülmüşdü.
Xatırladaq ki, Sumqayıt hadisələrinin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədilə bir neçə il əvvəl Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Baş Prokurorluğu bununla bağlı istintaqı təzələmiş və araşdırmaların hərtərəfli aparılmasına başlamışdır. İstintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti üzə çıxmış, bu hadisələrin əsas sifarişçi və təhrikçilərinin Mixail Qorbaçov, eləcə də sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst dairələr və “böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçi və separatçı qüvvələrinin olması müəyyən edilmişdir. Bu hadisələrin mahiyyətcə Dağlıq Qarabağın anneksiyasına "rəsmi” səbəb kimi törədilən təxribat olması tam sübuta yetirilmişdir.
Əslində, Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana biləşdirilməsi ermənilərin çoxdan “cücərtdikləri” bir məsələ idi. Sadəcə olaraq, neçə ki, ulu öndər Heydər Əliyev əvvəlcə Azərbaycanda, sonra isə SSRİ rəhbərliyində yüksək vəzifələr tuturdu, onlar bunu açıb-ağartmağa ürək etmirdilər. Yalnız 1987-ci ildə Heydər Əliyev vəzifəsindən istefa verdikdən sonra dünya erməniliyi hərəkətə keçmiş və Azərbaycan daha açıq şəkildə hədəfə çevrilmişdir. Fransada Erməni İnstitutunun təşkil etdiyi qəbulda akademik Abel Aqanbekyan mənfur niyyəti çəkinmədən dilə gətirmişdir: "Mən istərdim ki, respublikanın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır".
Mixail Qorbaçovun əlaltısının həmin çıxışı "Humanite" qəzetində dərc ediləndən dərhal sonra erməni separatizminə yaşıl işıq yandırıldı. Təəssüf ki, həmin planı ermənilər özlərinin yüksək ranqlı havadarlarının köməyi ilə qismən də olsa, həyata keçirə bildilər.
Məlum olduğu kimi, Sumqayıt hadisələrində 32 nəfər qətlə yetirilib. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı idi. "Nalyotçik” ekstremist qrupu Sumqayıtda öz "vəzifə”sini yerinə yetirdikdən sonra Moskvadan gələn SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları təcili olaraq şəhəri tərk ediblər. Onların rütbələri artırılıb, hər biri vəzifə pillələri ilə sürətlə yüksəlib. Ermənilərsə dərhal dünya ictimaiyyətinin nəzərində “vəhşi azərbaycanlı” obrazı yaradaraq iki millətin nümayəndələrinin Qarabağda birlikdə yaşamasının qeyri-mümkünlüyünü aləmə car çəkiblər. Təxribatın planlı şəkildə düşünülüb həyata keçirilməsini sübut edən faktlardan biri budur ki, hadisələrdən ikicə gün sonra Xankəndidə "Sumqayıt genosidi" qurbanlarına abidə ucaldılmışdır.
Hadisələri öz gözləri
ilə görmüş bir sumqayıtlı kimi şahidəm
ki, fevralın 28–29-da təhrikçilər şəhərin
emosiyalara uymuş gənclərinin kortəbii axını ilə
faciəli hadisələrə yol açaraq necə aradan
çıxdılar. İki gündə 50-dən artıq mədəni-məişət
obyekti dağıdıldı, 40-dan çox avtomaşın
sıradan çıxarıldı, 200-dən artıq mənzil
talan edildi, 400-dən çox adam bədən xəsarəti
aldı. Qanlı aksiyalarda 32 nəfər sakin qətlə
yetirildi. Hakimiyyət dairələri iğtişaşların
davam etdiyi üç gün ərzində şəhərdə
sabitliyi bərpa etməkdən ötrü bilərəkdən
heç bir tədbir görmədilər. Yalnız dalğa
yatandan sonra, martın 1-də Sumqayıtda fövqəladə
vəziyyət elan edildi. Bundan sonra komendant saatı və
pasport rejimi tətbiqinin heç bir mənası yox idi. Amma,
görünür, bu, Moskvadan göndərilmiş istintaq
qrupunun rahat işləməsi üçün lazım
imiş. İğtişaşlara görə
minə yaxın azərbaycanlı şübhəli şəxs
qismində saxlanıldı, 500 nəfər həbs olundu, 94 nəfər
mühakimə edildi. Zərərçəkmiş erməni
sakinlərin ifadə verərək məhz dəstə
başçısı Eduard Qriqoryanın üzünə
durduqlarına görə o, istintaqdan yayındırıla bilmədi
və 12 il həbs cəzası aldı (bu
terrorçu-quldur sonradan azadlığa buraxıldı).
Qriqoryanın fitvasına uyaraq talanlarda iştirak etmiş dəstə
üzvü Taleh İsmayılova 15 il cəza
verildi (!?). Əhməd Əhmədov erməni
lobbisinin hay-küyü nəticəsində güllələndi.
İkinci qrup əlil olan Elçin Gəncəliyev istintaq
dövründə verilən işgəncələrə
dözməyərək təcridxana kamerasında
özünü asdı…
Sumqayıtı erməni qətllərinin törədildiyi
məkan kimi təqdim etmək cəhdi, əslində, yalanla
yoğrulmuş siyasi “tozanaq” idi. Daşnaklar qəsdən antierməni
iğtişaşları törətdikdən sonra
“Sumqayıtda erməni genosidi!” deyə bağıraraq,
ardınca məsələ qaldırmışlar ki,
Dağlıq Qarabağın Azərbaycanın tərkibində
qalması təhlükəlidir, onu Ermənistana birləşdirmək
lazımdır. Elə bu həyasız
hay-küyün davamı olaraq, çox keçmədən
Ermənistandan azərbaycanlıların mütəşəkkil
surətdə, zorla, silah gücünə qovulmasına start
verildi. 1988-ci il noyabr ayının
28-dən dekabrın 7-dək erməni separatçıları
və millətçiləri basqın edib azərbaycanlılar
yaşayan 22 rayonun 185 yaşayış məntəqəsinin
sakinlərini kütləvi şəkildə ata-baba
yurdlarından çıxartdılar. Həmin
günlərdə 217 nəfər azərbaycanlı
öldürülmüşdür ki, onlardan 57-si qadın, 5-i
körpə uşaq, 18-i isə yeniyetmə olmuşdur. Qırğın Ermənistanın 19 rayonunda və
11 şəhərində törədilmişdir. Kənd rayonları arasında Quqark və Vardenis
(Basarkeçər), şəhərlər arasında isə
Masis (Zəngibasar) bölgəsində daha çox azərbaycanlı
qətlə yetirilmişdir. Sonrakı mərhələdə
isə Dağlıq Qarabağ münaqişəsi
alovlandırılmış, muxtar vilayətə daxil olan 5 və
onun ətrafında yerləşən 7 rayon Ermənistan tərəfindən
işğala məruz qalmış, 1 milyon soydaşımız
dogma yurd-yuvasından qaçqın
düşmüşdür.
Bu gün
artıq Sumqayıt hadisələrindən 33 il
ötür. Ötən payız 44 günlük
zəfər yürüşü nəticəsində əzəli
Qarabağ torpaqlarımız işğaldan azad edilib. Amma mənfur niyyətli dünya erməniliyi yenə
də riyakarlıq edir, qalib Azərbaycana qarşı nifrət
püskürür, xislətlərinə uyğun nankorluq edir,
hətta revanşist ideyaları ilə meydan sulayırlar.
Biri elə Qarabağ canisi, Xocalı qətliamının
təşkilatçısı, 2008–2018-ci illərdə Ermənistanın
prezidenti olmuş və hazırda yenidən hakimiyyətə gəlmək
üçün dəridən-qabıqdan çıxan Serj
Sarkisyandır. Sumqayıt hadisələrinin
araşdırılması zamanı məlum olub ki, dəstə
başçısı Eduard Qriqoryan 1988-ci ilin əvvəllərində
Stepanakertdə Serj Sarkisyanla, "Krunk” cəmiyyətinin fəalları
ilə görüşmüşdü. Görəsən,
qatı millətçi Serj Sarkisyanın tüfeyli həyat
sürən Eduard Qriqoryanla Stepanakertdə nə işi ola bilərdi? Cavab aydındır: Serjik
Dağlıq Qarabağı Azərbaycandan almaq naminə
Sumqayıt kartını işə salmaq üçün
Ediki təlimatlandırırmış.
Əslən
bakılı olan, şahmat üzrə 13-cü dünya
çempionu, vaxtilə Sumqayıtın “fəxri vətəndaşı”
adına layiq görülmüş Harri
Kasparovun isə DQ münaqişəsində Sumqayıtı
suçlaması onun necə riyakar olduğunu göstərir.
Özünün “Sport24.ru” saytının 12 oktyabr 2020-ci il tarixli paylaşımında bu nankor erməni
bildirib ki, tarixi qurdalamaq lazım deyil (?!) Tam
aydındır ki, bu faciənin başlanğıc nöqtəsi
Sumqayıt qırğınıdır. “Mənə
ermənilərin Raisa Qorbaçovanı lobbiləşdirdiklərindən,
Aqanbekyanın Mixail Qorbaçova nəsə söyləməsindən
danışmayın. Prinsipial fakt bu ki, digər tərəfin
haqlı, ya da haqsız tələbinə ilk olaraq kim qan tökməklə cavab verib”. – Bunu Rusiyada İnsan Haqlarını Müdafiə
Fondu Şurasının sədri deyir. Bəs, məkrli
Harri nəyə görə Sumqayıtdan öncə Ermənistanda
yanan ilk qığılcımları – Qukark hadisələrini,
azərbaycanlıların tarixi yurdlarından kütləvi
şəkildə qovulmalarını, həmçinin
Sumqayıt hadisələrinin E.Qriqoryanların əli ilə
DTK tərəfindən məhz sonrakı ilhaq
üçün zəmin yaratmaqdan ötrü təşkil
edildiyini söyləmir? Çünki sərf eləmir.
Sumqayıt sakinlərinin, habelə hadisələrin
bilavasitə şahidlərinin çoxsaylı ifadələrindən
görünür ki, iğtişaşları təşkil edən
meşin gödəkçəli şəxslər
sumqayıtlı olmayıblar. Onlar öz aralarında bir çox
hallarda erməni dilində danışıblar, Azərbaycan
dilini təmiz biliblər və hadisələr zamanı adamlar
arasında ermənilərin əleyhinə güclü təbliğat
aparıblar, cavanlara spirtli içkilər, güclü təsiredici
həblər, pul, dəmir parçaları və s.
paylayıblar və talançıları əvvəlcədən
onlara məlum olan erməni ünvanlarına aparıblar.
Respublikanın
Əməkdar jurnalisti, hadisələr barədə bir
neçə kitabın müəllifi olan həmkarımız
Eyruz Məmmədov yazır: “Sumqayıtda Z.Ağababyan,
E.Misesov, N.Qriqoryan, K.Tamrazyan, D.Ağadjanyan, D.Ambartsumyan həbs
edilmişlər. Bu haqda SSRİ Daxili İşlər
naziri Vlasova teleqram vurulmuşdu. Nazir
Rusiyanın ayrı-ayrı bölgələrindən erməni
millətindən olan bir neçə nəfəri təcili
olaraq Sumqayıta ezam etmişdir. İstintaq
materialları azərbaycanlı müstəntiqlərin əlindən
alınıb erməni müstəntiqlərinə
verilmişdir. Bir neçə gündən
sonra isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi
əməkdaşlarının tələbi və göstərişi
ilə istintaq işinə xitam verilmişdir. Cinayətkarlar azad olunmuş və Sumqayıtı tərk
etmişlər”.
Hadisələr zamanı bu şəhərin partiya komitəsində
çalışmış, hazırda təqaüddə olan
Tahir Babayevin bizə təqim etdiyi “acı xatirələri” də
bəzi məqamları ilə maraq doğurur. Həmyerlimizin qeydlərindən:
“Hadisələr ərəfəsində Daxili Qoşunların
böyük bir kontingenti Azərbaycana yeridilmiş, fevralın
26-da Sumqayıtın 10 kilometrliyində dayanmışdı. Biz şəhərdə situasiyanın dövlət
orqanlarının nəzarətindən
çıxdığını başa
düşürdük. Ovaxtkı şəhər
komitəsinin katibi, milliyyətcə belorus Anatoli Samolazov, mən
və şəhər mülki müdafiə qərargahının
rəisi olan podpolkovnik hərbçilərin yanına getdik.
Orada general Krayev (komendant) və general Dubinyakla
(qərargah rəisi) görüşdük. Vəziyyəti tam açıqlığı ilə
izah etdik. İğtişaşlar törətməyə
cəhd edənlərin arasında şəhər əhalisi
nümayəndələrinin, demək olar ki,
olmadığını və buna görə də bizim vəziyyəti
əldə saxlamaqda imkansız olduğumuzu nəzərə
çatdırdıq. Hərbçilər
bizi soyuq qarşıladılar və azərbaycanlı
olduğum üçün mənə qarşı çox
aqressiv davrandılar. Onlar sübut etməyə
çalışırdılar ki, şəhər əhalisindən
ibarət iğtişaşçılar millətçilər
tərəfindən, vəzifəlilərin xeyir-duası ilə
silahlanmışlar və hərbçilər şəhərə
girsələr, böyük itkilər verərlər. Hərbçilərin qarşısında bizim anlaya
bilmədiyimiz, tamamilə başqa vəzifə qoyulduğunu
başa düşərək Sumqayıta qayıtdıq.
Sonrakı günlərdə şəhər ərazisində
erməni evlərinin talana məruz qaldığı barəsində
məlumatlar aldıq. Beləliklə, hərbçilərin əlinə
bəhanə verildi. Növbəti gün
qoşun şəhərə daxil oldu və onların qərargahı
şəhər partiya komitəsinin binasında yerləşdirildi.
Bir neçə gün sonra general Krayev məni
dəvət edərək erməni millətindən olan və
Sumqayıtı tərk etmək istəyənləri
respublikanın sərhədinə qədər getmək
üçün nəqliyyat vasitəsi ilə təmin etməyi
əmr etdi və bildirdi ki, onların birinci qrupu binanın
birinci mərtəbəsindəki zalda toplaşaraq, avtobusun gəlişini
gözləyir. Zala düşəndə
gördüm ki, oradakıların çoxu elə
iğtişaşların əsas təşkilatçıları,
erməni evlərini talayan, onların qadın və
qızlarına təcavüz edən, Azərbaycan dilində təmiz
danışan ermənilərdir. Cəld
yuxarı qayıdaraq, Krayevə bildirdim ki, bunlar
iğtişaşları törədənlərdir və
adiyyatı üzrə hüquq-mühafizə orqanlarına təhvil
verilməlidirlər. Gözlədiyimin əksinə
olaraq, Krayev bunu çox əsəbiliklə
qarşıladı və mənim zirzəmiyə
atılmağım barədə əmr verdi.
Dadıma şəhərin 1-ci katibi yetdi və
qolumdan tutaraq məni otaqdan çıxardı. Sonra öyrəndim ki, respublika Nəqliyyat Nazirinin
müavini çağrılıb və ermənilərin
avtobuslarla təchizatı ona tapşırılıb. Beləcə, cinayət törətmiş erməniləri
və hərbçiləri məsuliyyətdən
yayındıraraq aradan çıxardılar. Günahsız,
iğtişaş barəsində elementar təsəvvürü
belə olmayan azərbaycanlı gənclərdən bir qrupu
saxlanıldı və onlar barəsində həbs qətimkan
tədbiri seçilərək Moskavaya “etap” edildilər...”
Artıq erməni separatizmi özünün layiqli
cavabını alıb. Onlar birdəfəlik əllərindən
çıxmış Dağlıq Qarabağdan,
Laçından, Kəlbəcərdən, Fizulidən, Cəbrayıldan,
Qubadlıdan, Zəngilandan öz oğullarının meyitlərini
“hədiyyə” alırlar.
İşğalçının, qonşusuna xəyanət
edən
və onun torpağında gözü olanların bundan
başqa aqibəti
ola bilməz.
Həmin
dövrdə Dövlət Təhlükəsizliyi Komitəsi
Sumqayıt şəhər şöbəsində
çalışmış başqa bir həmyerlimiz də bu
barədə təxminən eyni fikirlər söyləyib:
“Sumqayıt hadisələrinin ssenarisi əvvəlcədən
tutulmuşdu. SSRİ Dövlət Təhlükəsizlik
Komitəsindən polkovnik Paponinin rəhbərliyi altında 30
nəfərdən ibarət bir heyət Sumqayıta gəldi.
Onların Azərbaycan xalqının xeyrinə
heç bir tədbir görmədiklərinin şahidi olduq.
Əksinə, ermənilərlə söhbətlərində
onları azərbaycanlılara qarşı
qızışdırırdılar. Qoşunların
gözləmə mövqeyi də hamının təəccübünə
səbəb olmuşdu. Məsələ isə
aydın idi. Sumqayıtda təxribat törədilməli
idi və törədildi”.
Keçmiş
DT-nın arxivlərində "Nalyotçik" adı
altında saxlanılan məxfi işdən müəyyən
edilib ki, Sumqayıt hadisələri ərəfəsində
yerli Dövlət Təhlükəsizlik Komitəsi (DTK)
şöbəsinin nəzarətində 47 nəfər
ekstremist-millətçi erməni əsilli şəxs olub və
onlardan heç biri hadisələr zamanı zərərçəkən
siyahısında olmayıb. Bu faktlar bir daha təsdiq
edir ki, "Krunk" cəmiyyəti ilə əlaqə
saxlayan erməni millətçiləri sağ-salamat
qalıblar.
1991-ci
ilin yanvar ayında SSRİ DTK-nın sabiq əməkdaşı
A.Kiçixin Moskvada nəşr olunan “Ñòîëèöà” jurnalında yazırdı:
“Biz Sumqayıt, Uzen və Oşda qanlı hadisələrin
baş verəcəyi haqqında məlumatlı idik. Bu haqda DTK-ya məlumat verdik. Onlar
da Mərkəzi Komitəni xəbərdar etdilər. Bizim bütün yazılı və şifahi məlumatlarımız
MK-nın divarları arasında sükutla
qarşılandı. Partiya rəhbərliyi
separatçıların və cinayət dəstələrinin
qarşısını almaq üçün heç nə
etmədi”.
Moskvada çıxan “İzvestiya” və “Trud” qəzetlərinin keçmiş xüsusi müxbiri Lev Əsgərov isə ötən il “Nezavisimaya qazeta”da Sumqayıt hadisələrini təhlil etdiyi yazısında göstərir ki, o zaman şəhərdə yaşanmış talanlar hələ də unudulmayıb. “Sumqayıtda təhqiqatlar, həbslər aparılıb, məhkəmələr, məhkumlar olub, amma Sumqayıtdan əvvəl və sonra Ermənistanın azərbaycanlılar yaşayan rayonlarında törədilən vəhşiliklərin heç biri araşdırılmayıb, hüquqi qiymətini almayıb. Yəni, 1988-ci ildə Stepanakertdə, Yerevanda və Sumqayıtda başlanan hadisələrə vurulan düyün hələ də açılmayıb. O zaman SSRİ DTK-sının arxivində nəzərdən keçirdiyim qovluqların bəzilərinin üstündə kalliqrafik xətlə belə yazılmışdı: “Azərbaycan. Çatdırılmalar. Tövsiyələr. Təkliflər (1950–1970). Sən demə, olayların kökü daha dərində imiş. Sirr deyil ki, Sumqayıtda erməniləri öldürməyə talançıları məhz təxribatçı-ermənilər yönəldiblər. Düşmənçilik toxumu səpmək planını isə onilliklər boyunca erməni ruhaniliyinin nümayəndələri yetişdiriblər. Ermənistanın Eduard Qriqoryanı cəzadan qurtarmasının özü suallar doğurmaya bilməz”.
Müəllif daha sonra özünün sosial şəbəkə səhifəsində yazır: “Həmin yazım dərc edildikdən sonra Ermənistanın Rusiyadakı səfiri Toranyan tələblə Baş Prokurorluğa müraciət edib ki, guya məqalədə olan millətlərarası münaqişəni qızışdırmaq cəhdləri yoxlanılsın. Qəzet buna heç bir cavab verməsə də, saytdan məqaləni götürmüşdür. Doğrudur, 1988-ci ildə məhkəmələr olub, amma son nöqtə hələ də qoyulmayıb. “Nə üçün?” və “Necə?” suallarının cavabı ətraflı verilməyib. Versiya var ki, kommunist rejimi özünün son nəfəsində iki xalqı qarşı-qarşıya qoyub ki, digər respublikaların elitaları millətlərarası münaqişələr uçurumundan dəhşətə gəlsinlər və SSRİ rəhbərliyinin ətrafında sıx birləşsinlər. Başqa bir versiya ondan ibarətdir ki, Sumqayıt olaylarının arxasında “Vaşinqton agentləri” dayanırdılar, çünki SSRİ-nin öz-özünə çökməsini gözləməyə səbrləri çatmayıb və prosesi beləcə sürətləndirməyi qərara alıblar”...
Sumqayıt hadisələrindən 33 il keçir. Amma ermənilər hələ də özlərinin törətdikləri həmin təxribatdan bəhrələnmək istəyirlər. Bu isə o anlama gəlir ki, biz də susmamalı, aşkar olunan ifşaedici faktları davamlı olaraq dünya ictimaiyyətinə çatdırmalıyıq.
Əli
NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri
Xalq qəzeti 2021.- 27 fevral.- S.13.