Xocalı
soyqırımına dünya birliyi biganə qalmamalıdır
29 il əvvəl törədilmiş
Xocalı soyqırımı təkcə Azərbaycan
xalqına qarşı deyil, bəşəriyyət,
insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir.
Hər il bu müdhiş faciənin ildönümü
ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində
yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən
ürəkağrısı ilə qeyd olunur. Hər il
olduğu kimi, bu il də dünyanın
müxtəlif ölkələrində Xocalı faciəsi
qurbanlarının əziz xatirəsi anılır, ermənilərin
vəhşiliklərini əks etdirən fotoşəkillər,
filmlər, sərgilər nümayiş olunur. Ancaq bu il əvvəlki
illərdən fərqlənir. Çünki
Xocalı soyqırımının 29-cu ili
ərəfəsində başda möhtərəm
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev olmaqla rəşadətli
ordumuz Ermənistan silahlı qüvvələrinə
layiq olduqları yeri
göstərdi.
Otuz il havadarlarının himayəsi ilə torpaqlarımızı işğalda saxlayan, sərhədboyu ərazilərdə təxribatlar törədən, dinc əhalini qətlə yetirən Ermənistan ordusu diz çökdürüldü. Ötən il noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı bəyanatla işğalçı ölkə rəsmən təslim olduğunu təsdiqlədi. İndi bütün dünya Azərbayacanı qalib, Ermənistanı isə məğlub kimi tanıyır. Xocalıların qanı yerdə qalmadı, qisası alındı. Bu faciənin 29-cu ili qəm-qüssə ilə xatırlansa da, soyqırımı qurbanları qarşısında başımızı dik tuturuq və “Qanınız yerdə qalmadı!” – deyirik.
Hazırda dünyanın əksər ölkələrində Xocalı qurbanları ehtiramla yad edilir. Bu, həm də dünya ictimaiyyətinin, gec də olsa, əsl həqiqəti dərk eməsinə bir işarədir. Nəhayət, bəşəriyyəti silkələyən bu faciə siyasi-hüquqi qiymətini almalıdır.
Ümumiyyətlə, son 30 il ərzində Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə, 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
“Böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoymuşdur. Bir gecədə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. Faciə zamanı 487 nəfər yaralanmış, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfər itkinin taleyi hələ də məlum deyildir. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 3 nəfər diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.
Dünya birliyi bu ədalətsizliyə göz yumsa da, mötəbər beynəlxalq təşkilatların Ermənistanın işalçılıq siyasətinin dayandırılması, o cümlədən işğal etdikləri Azərbaycan ərazilərindən öz qoşunlarını qeyd- şərtsiz çıxarmaları barədə qəbul etdikləri qətnamələr kağız üzərində qalsa da, Azərbayacan Ordusu öz gücü ilə işğala birdəfəlik son qoydu və işğalçı ordunu darmadağın edərək Xocalının da qisasını aldı. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti dərk etməli, insanlığa qarşı törədilən bu cinayət öz siyasi-hüquqi qiymətini almalıdır.
Xatırladım ki, ötən il sentyabrın 27-də Ermənistan ordusunun Azərbaycanın sərhədboyu ərazilərinə hücumunun qarşısı qətiyyətlə alındı və 44 gün ərzində tarixi qələbə qazandıq. Bu döyüşdə Xocalıda soyqırımı törədən erməni hərbçiləri də məhv edildi.
Təəssüf ki, ozamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmişdir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün yalnız ulu öndər Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərliyi dövründə baş vermişdir. Məhz həmin vaxtdan başlayaraq, dünya azərbaycanlıları və Azərbaycan hökuməti erməni millətçilərinin törətdiyi Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu, Xocalı şəhidləri qarşısında hər birimizin vətəndaşlıq və insanlıq borcumuzdur. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir.Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib.
Möhtərəm Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın siyasi fəaliyyəti sayəsində artıq dünyanın bir sıra ölkələrinin parlamentləri bu soyqrımın tanınması haqqında qərar qəbul edib. Xatırladım ki, bu dəhşətli soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xüsusi xidmətləri vardır. Fondun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində Azərbaycan həqiqətlərini, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində mühüm işlər görülmüşdür. Bu faciənin dünya ictimaiyyətinə çatdırılması erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Xocalı soyqırımının dünyanın müxtəlif ölkələrində keçirilən aksiyalara dəstək məqsədilə xüsusi hazırlanmış ekspozisiya və ingilis dilində bukletlər erməni qəddarlığının ifşasında mühüm rol oynamışdır. Bu işdə həmin ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələrimizin rolunu da xüsusi qeyd etmək yerinə düşərdi. Məhz xaricdəki diplomatik nümayəndəliklərimiz vasitəsilə ABŞ, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Belarus, Çexiya, Fransa, Gürcüstan, İndoneziya, İsveç, İngiltərə, İsrail, İordaniya, Kanada, Qətər, Qazaxıstan, Özbəkistan və Yaponiyada təqdim olunan ekspozisiya və nəşrlərlə yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, İspaniya, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə və Türkmənistan ictimaiyyəti də Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə etmişdir.
Bu günlərdə ABŞ-ın bir neçə ştatında, həmçinin Belçikada, bir sıra MDB ölkələrində, habelə Estoniya parlamentində Xocalı faciəsi yenidən müzakirə mövzusu olmuş, erməni vəhşiliyi barəsində dünya ictimaiyyətinə məlumat verilmişdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlərin dünya ictimaiyyətinin nümayəndələri arasında yayılması xüsusi qeyd edilməlidir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlərin təşkil olunması erməni vəhşiliyinin beynəxalq ictimaiyyətə çatdrılmasında mühüm rol oynayıb. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.
Hazırda Xocalı soyqırımının tanıdılması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsulyyətinə cəlb edilməsi və haqq səsimizin dünyaya çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində petisiyaya imza toplanmasına başlanılıb.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və digər ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib.
Hər il olduğu kimi, bu il də dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Bu soyqırımının dünyada tanıdılması ümumxalq məsələsidir və hər bir azərbaycanlı Xocalı qətliamının tanıdılması işində fəal iştirak etməlidir. Əsas məqsədimiz odur ki, beynəlxalq miqyasda törədilən bu tipli bütün cinayətlərin qarşısı alınsın və belə cinayətləri törədənlər layiqli cəzalarını alsınlar. Belə cinayətkarların böyük bir dəstəsi bu gün Ermənistana rəhbərlik edən və etmiş şəxslərdir. İşğalçı ölkənin sabiq prezidenti, hələ də azadlıqda gəzən, utanıb – çəkinmədən faciənin törədilməsində təşkilatçı olduğunu gizlətməyən Serj Sarkisyan və onun komandası öz layiqli cəzasını almalıdır. Xocalı soyqırımını törətmiş insanlar azadlıqda gəzə bilməzlər. Dünya ictimaiyyəti buna yol verməməlidir. Bütün vasitələrlə çalışmalıyıq ki, Xocalı soyqırımı dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən özünün hüquqi-siyasi qiymətini alsın. Bu qanlı faciənin bütün dünyada tanıdılması ümumxalq məsələsidir və hər birimiz bu işdə fəal iştirak etməliyik.
Bu gün işğaldan azad olunmuş Azərbaycan ərazilərində Dövlət bayrağımızın dalğalanması və həmin bayraqları möhtərəm Prezidentimizin qaldırması hər birimizdə qürur hissi yaradır. Bu, Azərbaycanın haqq işinin təntənəsidir. İnanırıq ki, dünya ictimaiyyəti Xocalı soyqırımını tanımaqla Ermənistanın iç üzünə yaxından bələd olacaq.
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan
Hüquqları Komitəsinin sədri, hüquq
üzrə fəlsəfə doktoru
Xalq qəzeti 2021.- 27 fevral.- S.11.