Xocalı
soyqırımı: qəddar və amansız erməni
faşizmi cəzasız qalmamalıdır!
Bütövlükdə
Azərbaycan xalqına qarşı yönəldilmiş
Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı
və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu
soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə
qarşı tarixi bir cinayətdir.
Heydər
ƏLİYEV
Ümummilli lider
1980-ci illərin
sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə
başladı, 300 min azərbaycanlı Ermənistan ərazisindən
deportasiya olundu. Sonra Ermənistanın Azərbaycan
Respublikasına qarşı təcavüzü nəticəsində
1990-cı illərin əvvəlində bizim ərazilərimizin,
təxminən, 20 faizi işğal altına düşdü və
1 milyon azərbaycanlı qaçqın və məcburi
köçkünə çevrildi. Xalqımız etnik təmizləməyə
məruz qalıb. 1992-ci ildə Ermənistanın əvvəlki
rejimi müharibə cinayəti – Xocalı
soyqırımını törətdi. Nəticədə, aralarında
106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs
vəhşicəsinə öldürüldü.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Azərbaycan xalqının tarixində ən
müdhiş faciə olan Xocalı faciəsindən 29 il
ötür. Bütün səbəb və nəticələri
ilə bəşəriyyətə qarşı ən
amansız cinayətlərdən sayılan bu
soyqırımını 29 il əvvəl millətçi-təcavüzkar
Ermənistan dövləti himayədarlarının dəstəyi
ilə Azərbaycanda azərbaycanlısız ikinci erməni dövləti yaratmaq üçün törətmişdir.
Ötən illərdə bu qətliamı törədənlərin
cəzasız qalması xalqımızı faciənin
özü qədər ağrıtmış, faciə
qurbanlarının incik ruhlarını həmişə sonsuz
hüznvə dərin kədərlə anmışıq.
2020-ci ilin payızında xalqımızın Qarabağda apardığı müqəddəs Vətən müharibəsində erməni işğalçılarının darmadağın edilərək torpaqlarımızdan qovulması, ərazilərimizin 30 illik düşmən tapdağından azad edilməsi ilə şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının intiqamı da alınmış, nəhayət, onların narahat ruhları rahatlıq tapmışdır. Artıq bu il biz Xacalı soyqırımında həyatlarını itirmiş şəhidlərimizin xatirəsini təkcə hüzn və kədərlə deyil, həm də Qarabağda qazandığımız tarixi zəfərdən, soydaşlarımızı günühsız qətlə yetirənlərdən, şəhər və kəndlərimizi viran qoyanlara verdiyimiz cəzadan doğan yüksək əhvalla anırıq.
Lakin onu da yaddan çıxarmırıq ki, Xocalı faciəsinin təşkilatçıları və icraçıları hələ adbaad ədalət mühakiməsinə çıxarılmamışdır. Xocal soyqırımı bəşəri cinayət olduğu kimi, həm də bəşəriyyət tarixindəki belə kütləvi cinayətlərin davamıdır. Nə qədər ki, belə qırğınları törədilənlər axıradək cəzalandırılmayıb, bu cinayətlərin kökü kəsilıməyib cəlladlar günahsız insanların qanını axıdacaq.
Bəşəriyyətin keçmiş həyatında qəddarlığı ilə dərin sarsıntılar, kütləviliyi ilə böyük dağıntılar yaratmış çoxsaylı qırğınlara və müharibələrə şahidlik edib. Dünya tarixinə geniş bir zaman çərçivəsində nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin heyrətamiz dərəcədə az olduğunu görürük. Mütəxəssislərin hesablamalarına görə, son 200 ildə ən azı 22 müharibə baş verib. Bu prosesin indiyədək davam etdiyini də nəzərə alsaq, deyə bilərək ki, üçüncü minilliyin və XXI əsrin bircə günü də savaşsız ötüşməyib. Bütün sivilizasiya tarixini əhatə edən 5 min illik zaman kəsiyində 150 milyondan artıq insan bu müharibələrdə həlak olub. Onların da 73 faizi yalnız XX əsrdə baş vermiş müharibələrin payına düşür.
Bütün Avropanı və ətrafını bürümüş və qitəni xalqlarını qan gölünə qərq etmiş iki dünya müharibəsi XX əsrdə bu amansız savaşların sonuncuları idi. II Dünya müharibəsindən sonra formalaşmış yeni dünya düzəni, bəşəriyyətin tərəqqisi və humanistləşməsi istiqamətində geniş vüsət alan etik-siyasi təkamül prosesləri etnik, dini, irqi ayrı-seçkiliyə əsaslanan zorakılığın artıq tarixin arxivində qaldığına böyük ümidlər yaratmışdı. Təəssüf ki, yenicə toxumları cücərməyə başlayan bu ümidlər əsrin sonlarına doğru yenidən Avropanın qonşuluğunda alovlanan etnik müharibələrlə sönməyə başladı.
Təkcə II Dünya müharibəsindən sonra bütün dünyanın 151 yerində 231 silahlı konflikt baş verib ki, bunların da yarıdan çoxu 1990-cı ildən-- soyuq müharibə qurtarandan sonrakı ən yaxın tarixi dövrə təsadüf edir. Amma bütün müharibələrin içində öz miqyası, qəddarlığı, insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları vardır ki, onlara heç cür haqq qazandırmaq mümkün olmayacaq. Təkcə Azərbaycan tarixinin deyil, bütün bəşər tarixinin ən dəhşətli hadisələrindən biri olan Xocalı qətliamı məhz həmin cinayət aktlarından biridir.
1988-ci ildə Ermənistanda yaşayan 250 min azərbaycanlının öz evlərindən və torpaqlarından qovulması ilə Cənubi Qafqazda etnik təmizləmə başladı. Ermənistanda yerləşən 185 Azərbaycan kəndində yaşayan 250 mindən çox həmvətənlərimiz öz tarixi torpaqlarından qovuldu, onlara məxsus 31 min yaşayış evi, 165 kolxoz və sovxoz, çox sayda mal qara və bütün əmlakları qarət olundu. Bu əməliyyatlarda 225 nəfər öldürüldü, 1154 nəfər yaralandı. Yüzlərlə soydaşlarımız fiziki işgəncələrə məruz qaldılar və şikəst oldular.
Az sonra erməni hərbi birləşmələrinin Azərbaycan ərazisinə təcavüzü Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı daha 7 rayonun işğalı ilə nəticələndi. Qarabağ müharibəsinin ən faciəli səhifəsi 7 min əhalisi olan Xocalı şəhərinin yer üzündən tamamilə silinməsi oldu. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni quldurlar bir neçə həftə öncədən mühasirəyə alınmış Xocalı şəhərinə hücum etdilər.
Şaxtalı qış gecəsində qaçıb canını qurtarmağa çalışan dinc sakinlər təqib edilərək yollarda və meşələrdə gülləbaran edildilər. Şəhər tamamilə yandırılıb məhv edildi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Amansızlığına görə dünya tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən bu soyqırımı aktı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi. Xocalı faciəsinə qədər Qarabağda baş verən bütün olaylar bu faciənin məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğuna heç bir şübhə yeri qoymur. Xocalının mühasirəyə alınaraq mülki şəxslərin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin əsl niyyətini açıq şəkildə ortaya çıxarır. Öldürdükləri uşaqların, qocaların, qadınların cəsədlərini tanınmaz hala salmış erməni separatçıları bəşər tarixində ermənilik adına əbədi şərəfsizlik gətirən soyqırımı aktına imza atdılar.
Faciənin törədilməsindən yalnız iki gün sonra hadisə yerinə çatmaq mümkün oldu. Şahidlərin qarşılaşdıqları tükürpərdici mənzərə sözlə ifadə edilə bilməyəcək qədər ağır və amansız idi. Bütün tarixi, kökü və ruhu ilə yaşadığı torpağa bağlı olan sadə insanların, o torpaqda yenicə ayaq tutub yeriməyə başlamış məsum uşaqların cəsədlərini soyuq qış fəslində isti vətən torpağı öz ağuşuna almışdı. Kim bilir, son nəfəslərində istəkləri, diləkləri nə olmuşdu soydaşlarımızın. Nəsibləri isə vətən torpağını qucaqlayaraq şəhidlik zirvəsinə ucalmaq oldu...
Bu qanlı hadisənin şahidi, bütün ailəsindən yalnız qucağındakı körpə qızını və 4 yaşlı oğlunu xilas edə bilmiş gənc bir ana göz yaşları içərisində, ürək parçalayan Xocalı tarixçəsini söyləyir: “Xocalıdakı ov silahlarını da camaatdan almışdılar. Bizim özümüzü müdafiə etməyə heç bir imkanımız yox idi. Yalnız ərim tüfəngini gizlədib saxlamışdı. Biz od-alov içərisindən viran olmuş Xocalının kənarına güclə gəlib çıxa bildik. Sonra gördük ki, silahlılar bizi izləyərək güllələr yağdırır. Onlar bizə çatıb öldürmək, ya da əsir götürmək istəyirdilər. Ərim dayanıb onlara atəş açmağa başladı. Qışqırdı ki, “Qaçın, ələ keçməyin!”. Ailəmizin üzvlərindən bir neçəsi arxadan vurulub yerə sərildi. O isə hələ də silahlılarla vuruşurdu. Mən ayaqyalın, başıaçıq, iki balamla uzaqlaşıb kol-kosun içində, qaranlıqda gözdən itəndə güclə onun bağırtısını eşidirdim: “Qaçın, gizlənin, görünməyin”. Biz xilas olduq. O isə şəhid”.
Azərbaycanlı ər son nəfəsinə qədər vuruşdu ki, özü ölsə də, ailəsi düşmən əlinə keçməsin. Bu faciədən möcüzəli təsadüf nəticəsində qurtulmuşların hamısı bu gün də Xocalı dərdinin ağır yükü altında inləyir. Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı dəhşətli görüntülər Xocalı faciəsinin miqyasını və erməni cəlladlarının vəhşiliyini bütün dünyaya nümayiş etdirir. Elə ermənilərin özləri də öz mənfur əməllərini etiraf etməkdən çəkinmir, yazdıqları ilə özlərini ifşa edirlər. Erməni millətçiliyinin və separatizminin baş ideoloqu, körpə balaların qatili Zori Balayanın Xocalı hadisələrindən 4 il sonra yazdığı “Ruhumuzun dirilməsi” kitabını oxuyarkən bir daha bunun şahidi olursan.
Ermənistanın tanınmış və bədnam ictimai fikir liderlərindən biri sayılan, keçən ilin payızında yenilməz saydığı Ermənistan ordusunun məhv edilməsindən sonra gorbagor olmuş müəllif öz kitabında yazıb: “Biz Xaçaturla uşaqların saxlandığı zirzəmiyə enən vaxt, əsgərlərimiz artıq onlardan birini ovuclarından pəncərə çərçivəsinə mıxlamışdılar. Uşağın səs-küyünü azaltmaq üçün Xaçatur onun ağzına öldürdüyümüz anasının kəsilmiş döşünü soxdu. Sonra mən onun başının, döşünün və qarnının dərisini soydum. O, 7 dəqiqə sonra qan itirməsindən öldü. Birinci ixtisasıma görə həkim olduğum üçün humanistəm və ona görə də uşağın başına gətirdiklərimizdən sevinc duymadım. Lakin qəlbim şadlanırdı. Xaçatur uşağın bədənini hissələrə böldü və itlərə atdı. Axşam biz eyni hərəkətləri üç azərbaycanlı uşağı ilə etdik. Mən erməni, vətənpərvər və vətəndaş kimi borcumu yerinə yetirdim”.
Bu, XXI əsrdə erməni faşistinin özü tərəfindən öz qələmi ilə yaradılmış mükəmməl obrazı, avtoportretidir! Qarabağın işğalı zamanı Zori Balayanın sabiq Ermənistan prezidenti Serj Sərkisyanla birlikdə hərbi geyimli fotoları da onların birlikdə törətdiyi cinayət əməllərinin sübutudur. Bu ölkənin həkim-yazıçısı da, prezidenti də Xocalı soyqırımı və bütövlükdə Qarabağın işğalı üzərində “erməni millətinin qəhrəmanlarına” çevriliblər. Lakin tarixi həqiqətlər bunun qəhrəmanlıq deyil, növbəti xəyanət, bəşəriyyətə qarşı cinayət olduğunu sübut edir.
Bu faciə Qafqazlarda türk tarixinin qanlı səhifələrindən biri olsa da, birincisi deyil. Xocalı soyqırımı bizi tarixi keçmişimizə yenidən nəzər salmağa və acı həqiqətləri bir daha xatırlamağa və xatırlatmağa sövq edir. Xocalı soyqırımının kökü baş verdiyi tarixdən çox-çox əvvəlki zamanlara gedib çıxır. Bu faciəyə təkcə Qarabağ ətrafında cərəyan edən hadisələrin tərkib hissəsi kimi yox, həm də Azərbaycanın tarixi uğurları, zəngin dövlətçilik ənənələri, ölkəmizin yerləşdiyi geopolitik məkan və Qafqaz regionunda tutduğu önəmli yer kontekstində yanaşmaq onun əsl səbəblərini üzə çıxarmağa kömək edər.
Tarixdən yaxşı məlumdur ki, Azərbaycan dövlətçiliyi özünün ən yüksək zirvəsinə Səfəvilər dövlətinin yaradılması ilə çatmışdı. Zamanında böyük bir coğrafi məkanı əhatə edən bu dövlətin zəifləməsi ilə Azərbaycan öz sərhədləri içərisində daralmağa başladı. Səfəvilər dövlətinin süqutu, Azərbaycanın pərakəndə şəkildə xanlıqlara parçalanması, sonda bütün regionun rus imperiyasının nəzarəti altına keçməsi ilə nəticələndi. Beləliklə, Azərbaycan dövlətçiliyinin zəifləməsi bütövlükdə Qafqaz regionunun imperiya caynağına keçməsinə səbəb oldu.
Lakin faciə bununla bitmədi. Minilliklər ərzində Avrasiyanın sahibi olan qüdrətli türk dövlətçiliyinin dirçəlməsinə bir daha imkan verməmək məqsədi ilə Altaylardan Balkanlara qədər uzanan türk qurşağını parçalamağa çalışan rus imperiyası “məzlum” erməni tayfalarını məhz Qafqazda, əzəli türk torpaqlarında yerləşdirməyə başladı. Türk zolağının strateji mərkəzində yerləşən Azərbaycan imperiyanın şikarına çevrildi. Son üç yüz ildə əhalisi daim artmaqda olan Azərbaycanın ərazisi daim azalmağa, dəfələrlə bölünərək imperiya tərəfindən udulmağa məruz qaldı və bugünkü Azərbaycan dövləti mövcud olduğu bütün siyasi-mədəni tarixi ərzində ən az torpaqlara malikdir.
XX əsrdə rus çarizmini əvəzləyən sovet imperiyası da bu “ənənəyə” sadiq qalaraq Azərbaycanı parçalamaqda davam etdi. Qəddarlığı ilə öz sələfindən heç də geri qalmayan sovet imperiyası soydaşlarımızın böyük bir hissəsini Asiya çöllərinə sürgün etdi, Zəngəzur mahalını da ermənilərə təhvil verdi. Bütün bunlara mətinliklə sinə gərən millətimiz yetmiş il ərzində sovet əsarətinə qarşı mübarizəsini və milli azadlıq hərəkatını davam etdirdi. Bu mübarizə 20 Yanvar faciəsindən keçərək milli dövlətçiliyimizin bərpasına yol açdı.
Əslində, Xocalı hadisələri Azərbaycanda sovet imperiyasının dayaqlarını laxladan milli azadlıq hərəkatını boğmağa yönəlmiş Qanlı Yanvar faciəsinin davamı idi. Bu, xalqımızın mübarizlik əzmini sındırmağa, Azərbaycanı yenidən əsarət altına almağa yönəlmiş zorakılıq aktı idi. Xocalı qətliamının törədilməsinə “dəstək” verənlər yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nümayiş etdirdi və əsl niyyətini ortaya qoydu.
Xocalı soyqırımı əslində, bütün dünya türklüyü qarşısına atılan imperiya “əlcəyi” idi. Son iki yüz il ərzində dünya imperializminin köməyi ilə qədim türk torpaqlarında məskunlaşdırılmış, imperiya boyunduruğunda yaşamağa və imperiya buyuruqlarını məharətlə yerinə yetirməyə alışmış, ən çətin anlarda qonşularına dayaq olmaq əvəzinə xəyanət etməyi adət etmiş ermənilər isə həmişə olduğu kimi, bu dəfə də məkrli imperiya siyasətinin əsas ifaçıları kimi çıxış etdilər. Nəticədə, növbəti dəfə torpaqlarımızın bir hissəsini tərk etməyə məcbur edilsək də, müstəqillik idealından geri çəkilmədik.
Bütövlükdə, tarixən Qafqazın dövlətçilik ənənəsinin əsas hissəsini məhz Azərbaycanın dövlətçilik ənənəsi təşkil etmişdir. Buna görə də rus imperiyası mövcud olduğu bütün zamanlarda Azərbaycan dövlətçiliyini, xüsusilə onun digər türk dövlətləri ilə müttəfiqləşib güclənməsini öz imperialist maraqlarına ciddi təhlükə hesab etmişdir. Çünki güclü Azərbaycan həm də güclü Qafqaz deməkdir. Lakin bu reallığı qəbul etməyən, imperiyalar tərəfindən “böyük Ermənistan” xülyası ilə “yemlənən” ermənilər tarix boyu imperiya siyasətinin ucuz aləti kimi Qafqazda dağıdıcılıq missiyasını məharətlə yerinə yetirmiş və son 30 ildə Azərbaycan ərazisində separatizmi alovlandırmaqla, çirkin ənənələrinə sadiq qaldılar.
Yaxın keçmişimizin ən faciəvi hadisələrindən olan Xocalı soyqırımı erməni təfəkkürünün və tipik erməni xarakterinin təkcə onun qonşuları üçün deyil, bütövlükdə, bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu bir daha sübut etdi. Erməni xarakterinə xas olan terrorizm, etnik təmizləmə və işğalçılıq siyasəti müasir dünyada dayanıqlı sabitliyə və sülhə ən böyük təhdid mənbələri kimi çıxış edir.
Tarix boyu iyrənc “keyfiyyətlərini” qoruyub saxlamağa nail olmuş ermənilər isə bu gün düşdükləri aciz vəziyyətin kökündə məhz sahib olduqları ermənilik xarakterinin dayandığının fərqində deyillər. Bununla, ermənilər təkcə Qafqaz regionunda deyil, bütün dünyada sabitliyin təmin olunmasına qarşı ən böyük maneə kimi çıxış edir və beynəlxalq humanizm siyasətinə ağır zərbələr vururlar.
Ermənilər üçün müstəqillik heç zaman milli məqsəd olmayıb və bu gün də əsas şərt deyildir. Son onilliklərdə Ermənistanın bütün sahələrdə aparıcı dövlətlərdən asılı vəziyyətə düşməsi və həmişə olduğu kimi, onların “vassalı” və lazım olduqda isə “forpostu” rolunda çıxış etməsi bunu bir daha sübut etdi.
Vaxtilə, əhalisinin əhəmiyyətli qismi Azərbaycan türklərindən və digər millətlərdən ibarət olan Ermənistanda bu gün vəziyyət tamamilə fərqlidir. Etnik təmizləmə nəticəsində digər millətlərin nümayəndələri zorla öz tarixi yurdyuvalarından qovulmuş və qonşu dövlətlərdə məskunlaşmağa məcbur olmuşlar. Ermənistan mono-etnik dövlətə çevrilmişdir.
Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan həmişə olduğu kimi, bəşəri dəyərlərə, regionda sülh və sabitliyə real təhlükə mənbəyi olan mənfur qüvvələrə qarşı qətiyyətlə mübarizə aparmaqdadır. Nə qədər çətin olsa da, Azərbaycan dövləti və xalqı təkcə öz milli maraqları üçün deyil, bütövlükdə ümumbəşəri dəyərlərinin qorunub saxlanılması üçün öz mübarizəsini fədakarlıqla davam etdirməkdədir.
Ölkəmiz bütün tarixi boyu çoxsaylı millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı, bütün dünyaya tolerantlıq örnəyi olan bir məkandır. Hətta Azərbaycan vətəndaşı olan çoxsaylı etnik ermənilər də heç bir milli ayrı-seçkiliyə məruz qalmadan bu gün də Azərbaycanda yaşamaqda davam edirlər. Bu fakt bir daha Azərbaycan xalqının sülhpərvərliyini, dözümlülüyünü və birgəyaşayış ənənələrinə, multikulturalizm ideallarına sadiqliyini nümayiş etdirir.
Xocalı soyqırımının insanlıq əleyhinə törədilmiş cinayət kimi tanıdılması təkcə Azərbaycan üçün deyil, həm də dünya birliyi üçün beynəlxalq əhəmiyyət kəsb edir. Hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı hadisələrinin soyqırımı elan olunması xüsusi əhəmiyyətə malik oldu.
Həmin tarixdən etibarən Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi daha geniş miqyasda anılmağa başlandı. O zaman ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, “bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Prezident Heydər Əliyev 1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda soydaşlarımıza qarşı törədilmiş kütləvi qırğınların soyqırımı xarakteri daşıması, azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin aparılması açıq şəkildə ifadə olunmuşdur. Həmin fərmana uyğun olaraq, 31 mart günü son yüz ildən artıq müddətdə davam edən qırğınların qurbanı olmuş soydaşlarımızın xatirəsinə ehtiram əlaməti olaraq “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.
Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə Xocalı faciəsinə toxunaraq, bu hadisəni törədənlərin əsl niyyətlərini, təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ağır həmin cinayət aktının mahiyyətini açıq şəkildə ifadə etmişdir. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında deyib: “Xocalı soyqırımı dünyanın gözü qabağında baş vermişdir. Yəni biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır”.
Bu faciənin geniş miqyasda tanıdılması isə hər bir azərbaycanlının müqəddəs borcudur. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası artıq öz bəhrələrini verməkdədir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin keçirilməsi əsl həqiqətlərin, Ermənistan tərəfindən ölkəmizə qarşı yürüdülən təcavüzkar siyasətin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynamaqdadır.
“Xocalıya ədalət!” kampaniyasının ən uğurlu nəticəsi bu faciənin Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina kimi dövlətlərin parlamentləri, ABŞ-ın bir sıra ştatlarının rəsmi qurumları, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınması olmuşdur. Eyni zamanda, dünyanın bir çox şəhərlərində dünya xalqlarının soydaşlarımıza qarşı törədilmiş soyqırım aktı haqqında məlumatlandırılması məqsədilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidələr ucaldılmaqdadır. Kampaniyanın Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən müraciətini artıq bütün dünyada milyonlarla insan imzalayıb.
Bütövlükdə, 33 il davam edən Qarabağ münaqişəsinin ilk 5 ilində Təcavüzkar ermənistan havadarlarının köməyi ilə Azərbaycanın, təxminən, 20 faiz ərazisini təşkil edən 12 rayonunda yerləşən 700 yaşayış məntəqəsini nəzarətində saxladı. İşğalçı quldur dəstələr 24 min azərbaycanlını vəhşicəsinə öldürdü, 4 minə qədər dinc əhali əsir düşdü. Əsir aparılanların əksəriyyəti uşaq, qadın və qocalardan ibarətdir. İtkin düşmüşlərin sayı 4965 nəfər oldu. Onlardan 320 qadın, 69 isə uşaq idi. 1 milyona yaxın azərbaycanlı öz doğma yuvalarından qovularaq qaçqına və məcburi köçkünə çevrildi.
Bütün bu hadisələrin cərəyan etdiyi zamanda dünya susdu, azərbaycanlıların fəryadına səs verən olmadı. O zaman dünya nəinki erməniləri qınadı, hətta ermənilərin bu vəhşiliyinə əl-altdan dəstək verən dövlətlər, siyasi xadimlər, dini rəhbərlər də tapıldı. Bəzi beynəlxalq təşkilatların zorakılıqdan çəkinmək çağırışlarını eşitməzliyə vuran ermənilər 1993-cü ildə BMT-nin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz geri çəkilmək haqqında qəbul etdiyi 4 Qətnaməyə də məhəl qoymadı.
Erməni lobbisinin təbliğatına uymuş Avropa susdu, işğalçıya “dur” deyən və onu durmağa məcbur edən güc tapılmadı. Bütün bu hadisələri planlayan, həyata keçirilməsində bilavasitə iştirak edən erməni ideoloqları Zori Balayan, Silva Kaputikyan, o zamankı Ermənistan prezidenti Levon Ter-Petrosyan, səhra komandirləri Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları isə soyqırımı və insanlıq əleyhinə cinayətlər törətdiyinə görə mühakimə olunmaq əvəzinə Ermənistanda siyasi hakimiyyətə yiyələndilər və aşkar işğalçılıq siyasətini davam etdirdilər.
Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, ölkəmizin davamlı inkişafa nail olması və regionun aparıcı dövlətinə çevrilməsi həm də Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində həllini gerçəkləşdirdi. Bu məsələdə Azərbaycanın ən güclü silahı - onun haqlı mövqeyi oldu. Azərbaycanın haqlı mövqeyinin arxasında beynəlxalq siyasətin ədalətli münasibətini və beynəlxalq hüquq normalarının yerinə yetirilməsini gerçəkləşdirmək iradəsi dayanırdı. Dövlətlərin ərazi bütövlüyünə, ölkələrin suverenliyinə qarşı real təhdidlər olduğu halda, gücdən istifadə etmək hüququ kimi beynəlxalq hüququn prinsipləri Azərbaycana istənilən yolla öz torpaqlarını azad etmək, öz sərhədləri daxilində suverenliyini bərpa etmək imkanları yaradırdı.
Nəhayət, ötən ilin payızında Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında, xalqımızın müstəsna birliyi və həmrəyliyi şəraitində Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində beynəlxalq hüqüqun tələbini və milli iradəni tam gerçəkləşdirdi. Sentyabrın 27-də 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etmək üçün müqəddəs savaşa qalxan Azərbaycan Ordusu bir ay yarımda yalnız irəliləyərək, Ermənistanın, demək olar ki, bütün ordusunu və separatçı rejimin quldur dəstələrini darmadağın edərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bununla da 1993-cü ildə BMT tərəfindən qəbul olunmuş 4 qətnamənin həyata keçirilməsi təmin olundu.
O ki qaldı Xocalı soyqırımına beynəlxalq münasibətə, “ BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada əks olunan müddəalara müvafiq olaraq, cinayət hadisələrini soyqırım kimi xarakterizə edən bütün xüsusiyyətləri Xocalının acı taleyində görmək mümkündür. Həmin konvensiyada qeyd olunmuş etnik mənsubiyyətinə görə insanların məqsədli şəkildə, xüsusi qəddarlıqla və işgəncə verilərək öldürülməsi, kütləvi qırğın aktının qabaqcadan planlaşdırılması kimi meyarlar Xocalı hadisələrinin mahiyyətini təşkil edir.
Özündə dözümsüzlüyü, etnik-dini ayrı-seçkiliyi, məqsədli etnik təmizləməni, ağlasığmaz işgəncələri birləşdirən Xocalı qətliamı əsl soyqırımı hadisəsidir. İndi ağır məğlubiyyətin sərt ağrısını yaşayan Ermənistan 30 il ərzində apardığı təcavüz və işğal siyasətinin acı nəticələrinin altında inləyir . Ölkə iflic vəziyyətində, insanlar isə dərin məyusluq və çaşqınlıq içərisində küçələrdə dolaşır və vəziyyətdən çıxış yolu axtarırlar.
Azərbaycanın həyatında isə yeni bir mərhələ-- azad olunmuş ərazilərin bərpası mərhələsi başlayır. Talanlara və qeyri-qanuni istismara məruz qalmış Qarabağ torpaqlarımızda artıq abadlıq-quruculuq işlərinə başlanıb.
Lakin Qarabağın azad olunması nə Ermənistanın, nə də onun adından 30 il torpaqlarımızı işğal altında saxlamış, soydaşlarımızı həyatından və bütün hüquqlarından məhrum etmiş Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və digər cinayətkarların məsuliyyətdən qaça biləcəyi anlamına gəlmir.
Hərb meydanında ədalət öz yerini tutdu, indi Azərbaycan xalqının düşmənlərini ədalət məhkəməsi gözləyir. Gec və ya tez hər bir qatil və quldur erməni Azərbaycan xalqına qarşı törətdiyi bütün cinayətlərə görə, o cümlədən Xocalı soyqırımına görə öz layiqli cəzasını alacaq.
Cavanşir
FEYZİYEV,
Milli Məclisin
deputatı, fəlsəfə doktoru
Xalq qəzeti 2021.- 26 fevral.- S.4.