Xocalı
soyqırımı qan yaddaşımızda
Erməni
silahlı qüvvələrinin bəziləri məlumdur.
Əgər onlar bu gün də cəzalarını
almayıblarsa, gələcəkdə öz cəzalarını
alacaqlar. Beynəlxalq məhkəmə onların da cəzasını
verəcəkdir. Belə olan halda, demək, bizim içimizdən
cinayət edənlər, xəyanət edənlər də araşdırılmalıdır
və meydana çıxarılmalıdır. Xocalı hadisəsindən,
faciəsindən də istifadə edib hakimiyyətə gəldilər,
faciənin üstünü örtüb basdırmaq istədilər.
İndi bu gün yenə də tarix bunu açır,
açacaqdır tarix! Tarix açacaqdır, geci-tezi var.
Heydər
ƏLİYEV
Ümummilli lider
1992-ci ildə
Xocalı soyqırımı törədildi. Xocalı
soyqırımını törədənlər bu gün Ermənistan
rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə
dünyanın gözü qabağında baş vermişdir.
Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç
bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında
görürük. Videomateriallar, fotoşəkillər,
canlı şahidlərin ifadələri – bütün bunlar həqiqətdir
və reallıqdır. Ancaq nədənsə bəziləri
bunu görmək istəmir, bəziləri bu günə qədər
də erməniləri qurban kimi təqdim etmək istəyirlər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
1992-ci ilin fevralı:
tarix təkrarlandı
1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Ermənistan
silahlı qüvvələri Xankəndidə yerləşən
keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü
diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10
tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş
maşını, 180 nəfər hərbi mütəxəssisi
və xeyli canlı qüvvəsi ilə Xocalını
mühasirəyə aldı. Ermənilər ən
müasir silahlarla şəhərə hücum edərək
Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər
tamamilə dağıdıldı, yandırıldı və
insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən,
gözləri çıxarılan, dərisi soyulan, diri-diri
yandırılan və digər ağır işgəncələrə
məruz qalanlar çoxluq təşkil edirdi.
Erməni
həmin ermənidir!
Əsl adı Hovannes Ter-Martirosyan olan, lakin əsərlərini
"A-Do” imzası ilə çap etdirən erməni müəllifinin
1907-ci ildə İrəvanda erməni dilində çap edilən
irihəcmli "Qafqazda erməni-türk toqquşmaları
(1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla” əsərində
ermənilərin torətdikləri vəhşiliklər barədə
kifayət qədər fakt yer almışdır. Ermənilər
1992-ci ildə Xocalıda törətdikləri
soyqırımının analoqunu XX əsrin əvvəllərində–
1905-ci il avqustun 23-də də törətmişdilər.
A-Do yazır ki, erməni silahlı dəstələrinin
Xocalıya hücumu zamanı kənd əhalisinin bir qismi
qaçaraq canını qurtarmış, bir qismini də ermənilər
öldürmüşdülər. Müəllif daha
sonra yazır ki, Xocalını ələ keçirən ermənilər
əvvəlcə evləri talamış, sonra isə od vurub yandırmışdılar ki, bir də əhali
geri qayıda bilməsin.
Azərbaycanın
görkəmli publisisti, pedaqoqu, filosof-alimi Əhməd bəy
Ağaoğlu “İrşad” qəzetinin 25 sentyabr 1906-cı il
tarixli sayında dərc olunmuş “Qarabağın əhvalı”
məqaləsində yazırdı: “Yetişdik Xocalı deyilən
postxanəyə. Bu postxanənin adı yavuqluqda bir il bundan əqdəm mövcud olan müsəlman
kəndinin adından əxz olunub. Lakin bu gün
həman kənddən bir əsər də qalmıyıb,
yurtları böylə itmiş. Kəndi
ermənilər talan etmişlər. Yol ilə
yaylaqdan enən müsəlman əyaləti gediyordular. Bunlar hər qədəmdə bizə ermənilərdən
və kazaklardan şikayət ediyordular. Birisinin
qoyununu əlindən almışlar, birisinin atını,
birisinin dəvəsini. Hər qədəmdə
min əziyyət görmüş. Və hər yerdə
ermənilər kazaklar ilə iş görüyordular.”
Erməni silahlı dəstələri 1918-1920-ci illərdə
də Xocalıda soyqırımı törətmişdilər.1918-ci
ildə öncə Xalq Cümhuriyyətinin Ordusu və Nuri
paşanın komandanlığında Azərbaycana köməyə
gələn Qafqaz İslam Ordusu birlikdə erməni silahlı
dəstələrinin tərksilah etdilər. 1920-ci ildə
Qarabağda yenidən baş qaldıran erməni separatizmini
general Həbib bəy Səlimovun komadanlığında Azərbaycan
Ordusu darmadağın etdi və ermənilər təslim
oldular. Bundan sonra xocalılılar doğma
yer-yurdlarına qayıda bildilər.
100 il öncə sadalanan faktlar bu günün mənzərəsini
göz önünə gətirir. Yüz il
öncə erməni hansı xislətdə idisə, bu
gün də eyni, xislətdədir, sadəcə qiyafəsi dəyişib.
O vaxtlar onların havadarları hansı missiyanı yerinə
yetirirdilərsə, 1991-1994-cü ilərdə Birinci
Qarabağ müharibəsində olduğu kumi, bu gün də
həmin missiyanı yerinə yetirirlər. Mahiyyət
və niyyət eynidir.
Bu
qırğın baş
verməyə bilərdimi?
Qətiyyətlə demək olar ki, bəli,
mümkün idi. Ermənilərə fürsəti Azərbaycanın
o zamankı iqtidarı və müxalifəti birlikdə verdilər.
Xocalı 1988-ci ildən ermənilərin hədəfində
idi. Xocalının Əsgəran-Xankəndi
yolunun üstündə yerləşməsi, aeroportun
Xocalı ərazisində olması, Xankəndinin ətrafındakı
erməni mövqelərinin Xocalıdan top atəşi ilə
sıradan çıxarmaq imkanı olması erməni
separatçılarını ciddi narahat edirdi. Xocalını yer üzündən silmək qərarı
alınmışdı. Bunun
üçün də tez-tez təxribatlar
hazırlanırdı. Xocalıdan
keçib Xankəndinə gələn bütün ermənilərə
tapşırılırdı ki, şəhərə
çatan kimi sir-sifətlərini, üst-başlarını
bərbad hala salaraq, Lenin meydanına gedib onları Xocalıda
döydüklərini söyləsinlər. Belə bir
hadisəni o vaxt Xankəndində xidmət edən milliyyətcə
erməni zabiti podpolkovnik Valeri Uzlyan Moskvada dərc edilən həftəlik
“Veteran" jurnalına müsahibəsində belə
açıqlamışdı: “Sentyabrın 18-də
Stepanakertdə Lenin adına mərkəzi meydanda mitinq
keçirilirdi. Bu zaman kimsə şayiə
yaydı ki, Xocalıda erməniləri döyür, erməni
qızlarını zorlayırlar. Mitinqə
toplaşan azğınlaşmış kütlə elə o
zaman həmin kəndə üz tutdu. 2 min
nəfər Xocalıya hücum etdi, 42 nəfər
yaralandı. Sonradan aparılmış
yoxlama göstərdi ki, iğtişaş qəsdən törədilmişdir.”
Elə həmin gün Zori Balayan, Sos Sarkisyan və Silva
Kaputikyan İrəvan televiziyası ilə təcili
çıxış edərək, bütün ermənilər
adından Xocalının məhvi üçün hökm
çıxardılar. Bildirdilər ki, nə
yolla olursa-olsun, Xocalı Xankəndi yolunun üstündən
silinməlidir. Çünki o zaman İrəvandan
silah-sursatı yalnız Xocalı aeroportu vasitəsilə
daşımaq mümkün idi.
Xocalı
rayonu 1991-ci il noyabrın 26-da
yaradılmış, Xocalı qəsəbəsinə şəhər
statusu verilmişdi. Xocalıda
qaçqınların məskunlaşdırılması,
tikinti-quruculuq işlərinin aparılması erməniləri
ciddi narahat edirdi. Xocalının məhvi
üçün Ermənistanda çıxarılan hökmdən,
təbii ki, Azərbaycanın o dövrkü rəhbərləri
xəbərdar idilər. Azərbaycan rəhbərləri
isə Xocalının müdafiəsinin gücləndirilməsi
əvəzinə, Ermənistandan qovulan və həmin vaxtadək
daimi məskunlaşmamış azərbaycanlıları, erməni
təxribatı nəticəsində Özbəkistandan qovulan
Axıska türklərini Xocalıda məskunlaşdırmaqla
onları, sanki, ermənilər üçün qurbanlıq
quzuya çevirmişdilər. Əgər 1988-ci
ilin əvvəlində Xocalıda min nəfərə qədər
əhali yaşayırdısa, 1991-ci ilin noyabrında şəhər
tam mühasirəyə düşənədək orada
yaşayanların sayı 7 minə yaxın idi. Dağlıq Qarabağın erməni rəhbərləri
isə dəfələrlə Azərbaycan rəhbərlərinə
ultimatum göndərmişdilər ki, Xocalıda aparılan
tikintini dayandırsınlar və qaçqınları oradan
çıxarsınlar.
1988-1989-cu illərdə Azərbaycana rəhbərlik edən
Əbdürrəhman Vəzirov Dağlıq Qarabağda
Xüsusi İdarə forması tətbiq edilməsinə və
onun rəhbərliyinə ermənipərəst Arkadi Volskinin gətirilməsinə
razılıq verməklə muxtar vilayətin sənaye obyektlərinin
tədricən Ermənistanın və Rusiyanın
tabeçiliyinə keçirilməsinə şərait
yaratmışdı. Ermənistan rəhbərləri nizami ordu yaratmaqla
yaşayış məskənlərimizin bir-bir
işğalına nail olduqları vaxt Azərbaycanın rəhbərliyi
ümidini Rusiya qoşunlarına bağlayırdı. Azərbaycan
müstəqillik əldə etdikdən sonra, 1991-ci il sentyabrın 5-dən Xocalı soyqırımı
baş verənədək dörd müdafiə naziri (V. Bərşadlı,
T. Mehdiyev, Ş. Musayev, T. Əliyev) dəyişmişdi. Ermənistanla sərhəddə müdafiə xətti
qurulmamışdı. 1991-ci ilin
noyabrında SSRİ Daxili İşlər Nazirliyinin
qoşunları Dağlıq Qarabağdan
çıxarıldıqdan sonra azərbaycanlı kəndlərinin
quru yolla gediş-gəlişi kəsilmişdi. Ümid yalnız vertolyotlara qalmışdı.
Dekabrın 23-də Meşəli, 25-də Həsənabad,
26-da Nəbilər, 28-də Kərkicahan, 1992-ci il yanvarın
21-də Qaybalı, fevralın 12-də Malıbəyli,
Yuxarı Quşçular və Aşağı Quşçular,
15-də Qaradağlı kəndlərini erməni silahlı
qüvvələri işğal etmiş, yüzlərlə
soydaşımızı qətlə yetirmişdilər. Növbəti hədəf Xocalı idi.
Ermənilərə məlum idi ki, Azərbaycanda hakimiyyət
davası gedir.
Yaradılmış könüllü
batalyonların əksəriyyəti Müdafiə Nazirliyinə
deyil, Xalq Cəbhəsinin nümayəndələrinə tabe
olurdular. Ermənilərə o da məlum
idi ki, Xocalının xilası üçün Ağdamda cəmləşən
qüvvələr yetərincədir. Lakin vahid
komandanlığın olmaması, orduda hərc-mərcliyin
baş alıb getməsi ermənilərə şans
vermişdi ki, üç il yarım
öncədən həyata keçirmək istədikləri
aksiyanı reallaşdırsınlar. Xocalı faciəsi ərəfəsində
təkcə Ağdam ərazisində müdafiə və
daxili işlər nazirliklərinin tabeliyində 10 silahlı
birləşmə və könüllülər dəstəsi,
onların da sərəncamında T-72 tankları, toplar və
digər hərbi texnika, kifayət qədər canlı
qüvvə var idi. Lakin həmin vaxt Ağdamda
mitinqlər keçirildiyindən, vahid komandanlıq məsələsi
həll edilmədiyindən xocalılıların xilası
üçün hazırlanan əməliyyatlar axıradək
baş tutmamışdı. “Qrad”
qurğularının Ağcabədiyə aparıb gizlədilməsi
də ermənilərin maneəsiz şəkildə
Xocalıda soyqırımı həyata keçirmələrinə
şərait yaratdı.
Xocalı
Rayon İcra Hakimiyyətinin başçısı Elman Məmmədovun,
rayon prokuroru Atakişi Atakişiyevin müxtəlif dövlət
orqanlarına göndərdikləri teleqramlar və müraciətlər
cavabsız qalır, verilən vədlər sözdən o yana keçmirdi. Bakının
Xocalının taleyinə biganəliyi, cinayətkarcasına məsuliyyətsizliyi
şəhərin süqutunu labüdləşdirirdi.
O
müdhiş gecə və sonrası
Tarixdən bəllidir ki, ermənilərin özündən
zəif olana, müdafiəsizə, qocaya, qadına,
uşağa heç vaxt rəhmi gəlməyib. Erməni
özündən güclünün qabağında isə həmişə
yaltaqlanıb, ona təzim edib. O müdhiş fevral gecəsində
Xankəndidə qalan keçmiş Sovet Ordusunun 366-cı
motoatıcı alayının canlı qüvvəsindən və
texnikasından istifadə edən ermənilər özlərini
çox güclü hiss edirdilər. Xocalı
aeroportunun mühafizə dəstəsi və
könüllü özünümüdafiə qüvvələri
ermənilərin canlı qüvvəsi və hərbi
texnikası qarşısında duruş gətirə bilməzdi.
1991-ci ilin oktyabr ayında ermənilər
Xocalı ilə Ağdam arasındakı yolu kəsmişdilər,
şəhərə yalnız vertolyotla getmək mümkün
idi. Xocalıya sonuncu vertolyot reysi 1992-ci il
fevralın 13-də təşkil edildi və həmin gün
oradan ən azı 300 sakin çətinliklə
çıxarıldı, şəhərdə isə təqribən
3.000 sakin qalırdı. Xocalını hava
limanının komendantı Əlif Hacıyevin
tabeçiliyində olan milislər və yüngül
silahlanmış könüllü döyüşçülər
müdafiə edirdi. Xocalılıar səksəkə
içində hər an ermənilərin hücumunu gözləyirdilər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə
şəhərin üzərinə hücum edən erməni-rus
birləşməsi XX əsrin ən qəddar cinayətini
törətdilər. Heç kəsə aman
verilmədi. Yaşından, cinsindən,
sağlamlığından asılı olmayaraq, rastlarına
çıxanı güllələdilər. Qəfildən güllə yağışına
düşərək pərən-pərən olan
xocalıllıarı təqib edərək çöllərdə
yaxalayıb qətlə yetirdilər. Bu,
azmış kimi, erməni vandalları sonrakı günlər
ölülərdən də qisas aldılar. Onların başlarının dərisini soydular, kəllələrini
çapdılar, bədənlərinin müxtəlif əzalarını
kəsdilər. Bütün bunlar
dünyaya televiziya vasitəsilə nümayiş etdirildi.
Lakin vicdanı yatmış dünya oyanmadı,
silkələnmədi, erməninin vəhşiliyi onların
üzünə deyilmədi.
Xankəndidən 9 kilometr şimalda yerləşən
Xocalını işğal etmək əməliyyatı
"Komandos" ləqəbli Arkadi Ter-Tatevosyana həvalə
edilmişdi.
O müdhiş gecədə Ermənistan silahlı qüvvələri
Xankəndidə yerləşən keçmiş SSRİ-dən
qalma 366-cı motoatıcı alayın hərbi texnikası və
xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə
aldı. Xocalı ağır hərbi texnikadan
şiddətli atəşlər nəticəsində
darmadağın edildi, dinc sakinlərə amansızcasına
divan tutuldu. Bir neçə saat ərzində 613
soydaşımız, o cümlədən 106 qadın, 63
uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə
yetirildi. 8 ailənin həyatına son qoyuldu, 25 uşaq hər
iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən
məhrum edildi, 487 dinc Xocalı sakini ağır yaralandı və
1275 nəfər girov götürüldü. Girov
götürülənlərdən 150 nəfərdən
çoxunun taleyi indiyədək məlum deyil.
Budur,
özünü dünyaya “yazıq”, “məzlum”,
“soyqırımına məruz qoyulan xalq” kimi təqdim edən
ermənilərin iç üzü.
Xocalı
cinayətinin ortağı olan 366-cı alayın sonrakı
aqibəti haqqında ABŞ tədqiqatçısı Tomas de
Vaal “Qara bağ: Ermənistan və Azərbaycan sülh və
savaş yollarında” adlı əsərində yazır:
“Xocalının işğalında 366-cı alayın
oynadığı şərəfsiz roldan sonra Moskva alayın
Qarabağdan çıxarılması barədə əmr verdi. 1992-ci il martın əvvəllərində
alayı müşayiət etmək üçün Stepanakertə
(Xankəndiyə - N.M.) dəstə göndərildi, lakin yerli
ermənilər texnikanın çıxarılmasına mane
olmaq üçün yolları blokadaya almışdılar. Axırda, alayın şəxsi heyətini
vertolyotlarla daşıdılar, lakin, demək olar ki,
bütün hərbi texnika qaldı. Mayor
Ohanyan qarnizonda qaldı, onun bir çox erməni və slavyan
zabit yoldaşları ondan nümunə götürdülər.
Burada onlar tank alverindən tutmuş erməni
döyüşçülərinin hərbi
hazırlığma qədər hər bir işlə məşğul
oldular. Onların arasında Yuri Nikolayeviç
(Yevgeni Nabokiin – N.M.) də var idi. Gürcüstana
gətirilən 366-cı alay martm 10-da buraxıldı”.
Tomas de Vaal həmin əsərində Xocalı
soyqırımının təşkilatçılarından
biri, əli Azərbaycan xalqının qanına
bulaşmış Serj Sarkisyanın Ermənistan prezidenti olduğu
dövrdə ondan aldığı müsahibədə
söylədiyi fikirləri bir daha ermənilərin əsl
simasını ortaya qoyur. Sarkisyan deyib: “Xocalıya qədər
azərbaycanlılar hesab edirdilər ki, bizimlə oyun oynaya bilərlər,
onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə
əl qaldıra bilməzlər. Biz bunu
(stereotipi) qıra bildik. Bax, bu da baş verdi”.
Sonrakı dövrdə aparılan təhqiqat nəticəsində
müəyyən edilmişdir ki, Xocalı üzərinə
hücumda terrorçu təşkilatlar kimi tanınan ASALA və
“Fidain” (fədailər) dəstələrinin
yaraqlıları, habelə muzdlular da iştirak etmişlər.
18 sentyabr
2013-cü ildə Quba Soyqırımı Memorial Kompleksinin
açılışında Prezident İlham Əliyev
Xocalı soyqırımını törədənlər və
onların havadarları haqqında demişdir: “1992-ci ildə
Xocalı soyqırımı törədildi. Xocalı
soyqırımını törədənlər bu gün Ermənistan
rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında
baş vermişdir. Yəni, biz bunu “erməni
soyqırımı” mifi kimi heç bir əsası olmayan
mifologiya əsasında deyil, real faktlar əsasında
görürük. Videomateriallar, fotoşəkillər,
canlı şahidlərin ifadələri – bütün bunlar həqiqətdir
və reallıqdır. Ancaq nədənsə
bəziləri bunu görmək istəmir, bəziləri bu
günə qədər də erməniləri qurban kimi təqdim
etmək istəyirlər.”
Ermənistanın bugünkü rəhbərliyi isə
Xocalı soyqırımının törədilməsində
ermənilərin təqsirkar olmadığını, cinayətin
baiskarının yalnız ruslar olduğunu iddia edir. Ermənistanın baş
naziri Nikol Paşinyan öz feysbook səhifəsində 20
fevral 2020-ci ildə paylaşdığı postunda yazır:
“Xocalıda azərbaycanlılara qarşı həyata
keçirilən qırğınların ermənilər və
azərbaycanlılarla heç bir əlaqəsi yoxdur. Bu, Rusiyanın 336-cı polku tərəfindən
törədilmişdir. Bu faciə ilə
bağlı bizim heç bir təqsirimiz yoxdur”. Yenə də erməni riyakarlığı, erməni
saxtakarlığı. Qatil erməniləri
təmizə çıxarmaq cəhdi və təqsiri
bütünlüklə cinayət ortağının
üstünə yıxmaqla, Azərbaycanla Rusiya arasında
nifaq salmaq cəhdi. Əsl erməni xisləti
budur.
Xocalının
xilası üçün gedən döyüşlərdə
onun müdafiəçiləri son nəfəslərinədək
vuruşmuş, onlardan az bir qismi salamat
qalmışdır. Xocalı uğrunda döyüşən
milislədən, özünümüdafiə dəstələrinin
döyüşçülərindən və məsul
işçilərdən 9 nəfər Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülmüş, 16 nəfər
“Azərbaycan bayrağı”, 58 nəfər “İgidliyə
görə” medalı ilə təltif edilmişdir.
Cəzasız
qalan cinayət
Xocalı
soyqırımından 29 il ötsə də,
indiyədək nə həmin vəhşiliyi törədənlər,
nə də faciənin qarşısını almağa məsul
olanlar öz layiqli cəzalarını almayıblar. Görünür, neçə ki, bir xalq olaraq
başımıza gətirilən faciələrin
miqyasını dərk edib onları dünyaya çatdıra
bilməyəcəyik və həmin faciələrin baş
verməsinə imkan verən şəxsləri cəzalandırmağı
bacarmayacağıq, onda faciələrimiz yenə də təkrarlanacaq.
Xocalıda soyqırımı hadisəsinin təfsilatını
araşdırmaq üçün 1992-ci ilin martında deputat
istintaq komissiyası və Respublika Prokurorluğunda istintaq
qrupu yaradılmışdı. İnsafən, həm deputat-istintaq
qrupu, həm də prokurorluğun istintaq qrupu bu faciənin
baş verməsinin səbəblərini, onun miqyasını və
təqsirkarları müəyyən etmək üçün
kifayət qədər iş görsələr də, cinayətkarlar
indiyədək cəzasız qalmışlar. 1993-cü il
fevralın 17-də Milli Məclisdə deputat-istintaq
komissiyasının rəyi müzakirə edilmiş, faciənin
baş verməsində bu və ya digər dərəcədə
məsuliyyət daşıyan 8 nəfərin adı müəyyən
edilmişdir: prezident Ayaz Mütəllibov, baş nazir Həsən
Həsənov, daxili işlər naziri Tofiq Kərimov,
müdafiə nazirləri Şahin Musayev, Tacəddin Mehdiyev,
Xalq Cəbhəsinin nümayəndəsi Fəhmin Hacıyev,
milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov və
prezidentin Qarabağ zonası üzrə müvəkkili Musa Məmmədov.
Xocalı
soyqırımının törədilməsində
iştirak etmiş 366-cı alayın 2-ci batalyonunun komandiri
mayor Seyran Ohanyanın (2016-cı ilin oktyabrına qədər
Ermənistan Respublikasının müdafiə naziri
olmuşdur), 366-cı alayın 3-cü batalyonunun komandiri
Yevgeni Nabokinin, 1-ci batalyonun qərargah rəisi Valeri
Çitçyanın və qeyrilərinin cinayət əməllərini
sübuta yetirən materiallar toplanmış və Azərbaycan
Respublikası CM-nin müvafiq maddələri ilə nəzərdə
tutulan cinayətləri törətməkdə təqsirləndirilən
şəxslər kimi məsuliyyətə cəlb
olunmaları təsbit edilmişdir.
Bütün dünyanın gözü
qarşısında baş verən bu dəhşətli
soyqırımının əsl mahiyyəti yalnız
ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi
hakimiyyətə qayıtdıqdan sonra
açıqlanmışdır, 1994-cü ilin fevralında Azərbaycan
Respublikasının Milli Məclisi Xocalı
soyqırımına siyasi-hüquqi qiymət vermişdir. 1994-cü ilin fevralında
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan
Respublikasının Milli Məclisi Xocalıda baş vermiş
hadisələri təhlil edərək, ermənilərin
törətdikləri cinayət əməllərinin azərbaycanlılara
qarşı soyqırımı olduğunu beynəlxalq
hüquq məsuliyyəti baxımından təsbit etmiş və
26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi
qeyd olunması haqqında qərar vermişdir. 1996-cı
ilin fevralında xocalılarla görüş zamanı
ümummilli lider Heydər Əliyev göstəriş
vermişdi ki, 1992-ci ildən bəri davam edən istintaq
yekunlaşdırılsın, cinayətkarlar layiqli cəzalarını
alsınlar. İndiyədək yalnız Fəhmin
Hacıyev 15 il həbs cəzası alıb,
ölkədə qalan digər cinayətkarların işləri
amnistiyaya görə xətm edilib. Deməli,
istintaq həmin cinayətə obyektiv qiymətini verməyib.
Bu məqamda
ümummilli lider Heydər Əliyevin söylədiklərini
xatırlamağa ehtiyac var: "Erməni silahlı qüvvələrinin
bəziləri məlumdur. Əgər onlar bu
gün də cəzalarını almayıblarsa, gələcəkdə
öz cəzalarını alacaqlar. Beynəlxalq
məhkəmə onların da cəzasını verəcəkdir.
Belə olan halda, demək, bizim içimizdən
cinayət edənlər, xəyanət edənlər də
araşdırılmalıdır və meydana
çıxarılmalıdır. Xocalı
hadisəsindən, faciəsindən də istifadə edib
hakimiyyətə gəldilər, faciənin üstünü
örtüb basdırmaq istədilər. İndi bu
gün yenə də tarix bunu açır, açacaqdır
tarix! Tarix açacaqdır, geci-tezi var".
Azərbaycan
Respublikası Prezidentinin 25 fevral 1997-ci il
tarixli sərəncamı ilə hər il fevral ayının
26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində
Xocalı soyqırımı qurbanlarının xatirəsinə
ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.
Prezident İlham Əliyev, dövlət və hökumət
nümayəndələri, ictimaiyyət təmsilçiləri
hər il fevralın 26-da Xətai rayonunda
faciə qurbanlarının xatirəsinə
ucaldılmış abidəni ziyarət edirlər.
Xocalı soyqırımının baş verməsindən
illər ötdükcə onun ağrı-acısı
heç də unudulmur. Bu faciə qan yaddaşımıza əbədi
həkk olunub.
“Xocalıya ədalət!”
Xocalı
şəhərində törədilmiş cinayətlərin
xarakteri və miqyasına görə BMT Baş Məclisinin
1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul
edilmiş “Soyqırımı cinayətinin
qarşısının alınması və cəzalandırılması
haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun
gəlir. Qabaqcadan
planlaşdırılmış kütləvi və amansız
qırğın aktı həmin ərazidə yaşayan
insanları məhz azərbaycanlı olduqlarına görə
tamamilə məhv etmək niyyəti ilə törədilib.
Bu faciənin daha geniş miqyasda tanıdılması hər
bir azərbaycanlının borcudur. Heydər Əliyev Fondunun
vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda
İslam Əməkdaşlıq Təşkilatı Gənclər
Forumunun Mədəniyyətlərarası Dialoq üzrə
baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü
ilə 2008-ci ildən etibarən uğurla həyata
keçirilən “Xocalıya ədalət!” beynəlxalq
kampaniyası artıq öz bəhrələrini verməkdədir.
Kampaniya çərçivəsində
dünyanın bir çox ölkəsində Xocalı faciəsinə
həsr olunmuş tədbirlərin keçirilməsi əsl həqiqətlərin,
Ermənistan tərəfindən ölkəmizə
qarşı yürüdülən təcavüzkar siyasətin
mahiyyətinin beynəlxalq ictimaiyyətə
çatdırılmasında əhəmiyyətli rol
oynamaqdadır. Hazırda dünyanın 13
ölkəsi parlament səviyyəsində, ABŞ-ın 20-dən
artıq ştatı qanunverici orqan səviyyəsində,
İslam Əməkdaşlıq Təşkilatı Xocalı
soyqırımını rəsmən
tanımışdır. Avropa İnsan Haqları Məhkəməsi
2010-cu il 22 aprel tarixli qərarında
Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin
qırılmasını “müharibə cinayətləri və
ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə
bilən xüsusilə ağır əməllər” kimi
müəyyən etmişdir. Eyni zamanda,
dünyanın bir çox şəhərlərində
dünya xalqlarının soydaşlarımıza qarşı
törədilmiş soyqırımı aktı haqqında məlumatlandırılması
məqsədilə Xocalı şəhidlərinin xatirəsini
əbədiləşdirən abidələr ucaldılmaqdadır.
Litvalı
rejissor Andreas Brokasın Xocalı qırğınından
söz açan “Sonsuz dəhliz” sənədli filmi Leyla
Əliyevanın təşəbbüsü ilə “Xocalıya
ədalət!” təbliğat kampaniyası çərçivəsində
hazırlanmışdır.
“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları
Gənclər İctimai Birliyinin Birləşmiş
Krallıqdan olan araşdırmaçı-jurnalist İan
Piertin ssenarisi əsasında ərsəyə gətirdiyi
“Xocalı – bir millətin kədəri” sənədli filmi son
illərdə ərsəyə gətirilən ən
sanballı filmlərdəndir.
Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
edilmiş torpaqların azad edilməsi uğrunda Azərbaycan
Ordusunun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər
keçirdiyi hərbi əməliyyatlar nəticəsində təqribən
15 min kvadratkilometrdən artıq ərazimiz, o cümlədən
də Xocalı rayonunun 11 kəndi işğaldan azad
edilmişdir.
Nazim MUSTAFA,
Prezident Kitabxanasının
şöbə müdiri, tarix üzrə fəlsəfə
doktoru`
Xalq qəzeti 2021.- 26 fevral.- S.5.