Azərbaycan
xalqı heç vaxt bu faciəni unutmayacaq”
Xocalı faciəsi
erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan
xalqlarına qarşı apardığı soyqırım və
etnik tənzimləmə siyasətinin
qanlı səhifəsidir. Bu soyqırımı törətməklə
düşmənin məqsədi Azərbaycan xalqını
sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda
mübarizədən çəkindirmək və
torpaqlarımızı zorla ələ
keçirmək olsa da,
bu ağır faciə xalqımızı
daha da mətinləşdirmiş,
qəhrəman oğul və
qızlarımızı müqəddəs Vətən və
milli dövlətçiliyimiz naminə qətiyyətli
və mütəşəkkil səfərbər etmişdir. Məqsədimiz Xocalı faciəsinə
beynəlxaq huquqi-siyasi qiymət verilməsinə,
onun təşkilatçılarının,
ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə
ifşasına və cəzalandırılmasına nail olmaqdır.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
1992-ci
il fevralın 25-dən 26-na keçən gecə erməni
silahlı dəstələri və keçmiş SSRİ-nin
Xankəndi şəhərində yerləşən
motoatıcı alayının hərbçiləri tərəfindən
qədim Xocalı şəhəri yerlə-yeksan edildi. Bu müdhiş soyqırımı zamanı 613 nəfər,
o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü,
1275 insan əsir və girov
götürülərək işgəncələrə məruz
qaldı. Qırğın zamanı 487 nəfərə
müxtəlif dərəcəli bədən xəsarətləri
yetirildi. Həmçinin 8 ailə tamamilə
məhv edildi, 130 uşaq
valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirdi.
Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin
və onların havadarlarının Azərbaycan xalqına
qarşı apardıqları etnik təmizləmə
və soyqırımı siyasətinin davamı idi.
Tarixi faktlar göstərir ki, əzəli Azərbaycan torpaqlarında – indiki Ermənistanda, Dağlıq Qarabağ bölgəsində və onun ətrafındakı yeddi rayonda yaşayan azərbaycanlılar erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, doğma yurdlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905- 1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.
SSRİ-nin süqutundan dərhal sonra isə yenicə yaranmış Ermənistan Respublikasının ilk addımları dövlət səviyyəsində zor tətbiqi və Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə etməkdən ibarət oldu. Bütün bunların nəticəsində Azərbaycan Respublikası ərazilərinin təqribən beşdəbiri işğal edildi, zəbt olunmuş torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan artıq köklü azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Bu təcavüz zamanı mülki azərbaycanlı əhaliyə qarşı insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı aktları törədildi.
Müharibənin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı oldu. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə müharibədən əvvəl 7 min insan yaşayırdı. 1991-ci ilin oktyabrından şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər. Ozamankı Azərbaycan hakimiyyəti erməni təcavüzkarlarının törətdikləri bu dəhşətli vəhşiliyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görmədi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. Dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı və ardıcıl fəaliyyət göstərdi. Eyni zamanda, 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi.
Prezident İlham Əliyev Azərbaycana
rəhbərlik etdiyi ötən illər ərzində
erməni millətçiləri tərəfindən
xalqımıza qarşı törədilən cinayətlər,
o cümlədən Xocalı
soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması, onun soyqırımı
kimi tanıdılması üçün
məqsədyönlü və ardıcıl iş
aparılıb. Dövlətimizin başçısı
Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin
yüzilliklər boyu Azərbaycan
xalqına qarşı apardıqları soyqırımı və
etnik təmizləmə siyasətinin
qanlı səhifəsi kimi qiymətləndirib.
Azərbaycan Prezidenti
çıxışlarının birində bu
barədə deyib: “Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin
və onların havadarlarının xalqımıza
qarşı apardığı etnik təmizləmə
və soyqırımı siyasətinin davamı və
qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza
saysızhesabsız müsibətlər və əzab-əziyyətlər
gətirmişdir.
Xocalı faciəsindən danışarkən ozamankı rəsmi Azərbaycan rəhbərliyinin və ölkədə vəziyyətə ciddi təsir edən siyasi qüvvələrin acizliyini, səriştəsizliyini, xalqın taleyinə biganəliyini xüsusi qeyd etmək lazımdır. Dövlət rəhbərliyi xalqın qəzəbindən qorxaraq hadisənin miqyasını kiçiltməyə cəhd etmiş, bu qanlı cinayət barədə beynəlxalq ictimaiyyətə operativ və ətraflı məlumat vermək üçün heç bir iş görməmişdi.
Ozamankı müxalifət isə faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək üçün istifadə etdi. O zaman Azərbaycanda hökm sürən hərc-mərclik, hakimiyyətin nüfuzsuzluğu, lidersizlik bu qanlı fəlakətin baş verməsinə şərait yaratdı...”.
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən dövlətimizin başçısı İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibəsində Xocalı faciəsinin dəhşətləri barədə danışarkən, təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu cinayətin xalqımızın sağalmaz dərdinə çevrildiyini vurğulayıb. Bildirib ki, bu dəhşətli hadisədə yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə günahsız insanlar – qocalar, qadınlar və uşaqlar həlak olub, zərər çəkiblər: “Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq. Bu, bizim yaddaşımızda həmişəlik qalacaq.Əsas odur ki, belə faciələr daha heç vaxt təkrar olunmasın. Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli soyqırımı hadisəsi, milli əlamətə görə qırğın törədilməsin. Azərbaycan dövləti, xalqı həlak olanların xatirəsini əziz tutur, yad edir və onların xatirəsi bizim üçün müqəddəsdir. Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətliamı yaşayan insanlar kimi qalacaqlar. Biz bu adamların aqibətini yüngülləşdirmək üçün əlimizdən gələni edirik, dövlət onlara kömək edir və edəcək. Bir daha demək istəyirəm, biz hamımız çalışmalıyıq ki, belə faciələr bəşəriyyət tarixində bir daha olmasın”.
Ötən il iyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan televiziyalarına müsahibəsində BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyən dövlətlərdən və bu təşəbbüsə qarşı çıxan Ermənistanın mövqeyindən danışarkən qeyd edib ki, Ermənistan müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən, başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz.
Xocalı qətliamını XX əsrin
ən böyük cinayəti adlandıran
Prezident İlham
Əliyev bildirib ki, azərbaycanlılara
qarşı erməni şovinist dairələri
tərəfindən XIX-XX əsrlərdə mərhələ-mərhələ
həyata keçirilən etnik təmizləmə
siyasətinin tərkib hissəsi olan
Xocalı soyqırımı haqqında həqiqətlər
dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə
çatdırılmalı, Azərbaycan xalqının və
ümumən insanlığın əleyhinə yönəldilmiş
bu son dərəcə
ağır hərbi cinayət beynəlxalq miqyasda
öz hüquqi-siyasi
qiymətini almalıdır: “Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən,
dinc əhaliyə qarşı qəddarlıq
göstərən, dinc əhalini məhv
edən erməni cinayətkarları məhkəmə
qarşısında cavab verəcəklər”.
Hər il bu
müdhiş faciənin ildönümünün
respublikamızda və dünyanın müxtəlif ölkələrində
ürəkağrısı ilə qeyd
olunması da bunun bariz ifadəsidir. Faciə ilə bağlı
həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri də
danılmazdır.
İndiyədək Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın
müxtəlif ölkələrində çoxsaylı
Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilib.
Bu aksiyaların
iştirakçılarına Fond tərəfindən
hazırlanmış, Qarabağın və Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin
tarixindən bəhs edən materiallar,
bukletlər, fotoalbomlar və kitablar paylanılıb. Aksiyalar
çərçivəsində ermənilərin vəhşiliklərindən
bəhs edən sənədli filmlər nümayiş
etdirilib, rəsm sərgiləri təşkil
olunub. Qardaş
Türkiyədə, ABŞ-da, Almaniyada, Avstriyada, Belçikada, Gürcüstanda,
Hollandiyada və digər ölkələrdə
keçirilən mitinqlər, anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr
ictimaiyyət arasında böyük əks-səda
doğurub.
Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur.
Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılır, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olur, bilirlər ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə yetirməkdən çəkinmirlər.
Artıq Xocalı faciəsinin
soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin
və beynəlxalq təşkilatların qərar və qətnamələrində
əksini tapıb. Meksika, Kolumbiya, Peru,
Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya,
İordaniya, Honduras, Qvatemala, Panama, Sudan parlamentləri, eləcə də
ABŞ-ın 20-dən çox
ştatının qanunverici orqanı və
İslam Əməkdaşlıq Təşkilatı
tərəfindən Xocalı soyqırımını
tanıyan və pisləyən sənədlər qəbul edilib. Beynəlxalq hüquqa
görə, soyqırımı sülh və
bəşəriyyət əleyhinə yönələn əməldir
və ən ağır beynəlxalq cinayət sayılır.
BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli
260 saylı qətnaməsi ilə qəbul edilən və
1951-ci ildən qüvvəyə minən Konvensiyada
soyqırımı cinayətinin hüquqi
əsası təsbit edilib. Ermənistanın
Azərbaycana qarşı təcavüzü zamanı həmin
Konvensiyada təsbit edilən
soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.
Xalqımız qəti əmindir ki, hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən, hərbi qüdrəti ilə seçilən Azərbaycan düşmən tapdağı altında olan torpaqlarını azad etdiyi, şəhidlərimizin qisasını aldığı kimi, Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən erməni cinayətkarları da məhkəmə qarşısında cavab verəcəklər.
Vaqif BAYRAMOV,
Xalq qəzeti 2021.- 26 fevral.- S.1;6.