Bakının Olimpiya stadionunda

“almaz almazı kəsəcək”

 

Bu gün Avro – 2020-nin möhtəşəm 4/1 final qarşılaşmalarından olan Çexiya – Danimarka matçı saat 20:00-da Bakının Olimpiya stadionunda start götürəcək. Azərbaycana yenidən futbol bayramı əhval-ruhiyyəsi gətirən bu milli komandalar Avropa futbolunda elə titullu və adlı-sanlı olmasalar da, Avro – 2020-də tarix yazıb, onlara yuxarıdan aşağı baxan dünya ulduzlarını belə möhtəşəm beynəlxalq turnirdən kənarda qoymaqla sensasiyaya imza ata biliblər.

 

Əvvəlcə Çexiya millisi haqqında. Yığma komanda 8/1 finalda Hollandi­ya ilə qarşılaşmada əzmkar və çevik oyunu ilə seçildi. Matteys de Liqtin oyundan kənarlaşdırılmasından sonra isə Tomaş Qoleşin və turnirdə özünün 4-cü qoluna imza atan Patrik Şikin rəqib qapısından keçirdikləri toplar­la qalib gəldi və 4/1 finala vəsiqəni təmin etdi.

Ümumiyyətlə, son 30 ilin beynəlxalq turnirlərində Çexiya bəzi sensasiyalara imza ata bilib və hətta Avro – 1996-da finala qədər irəliləyib. Belə ki, heyətində Nedved, Poborski və Şmitserin forma geydiyi Çexiya millisi əvvəlcə Almaniya, İtaliya və Rusiya kimi yığma komandaların yer aldığı çətin qrupdan pley-offa yüksəlməyi bacarıb. Birinci oyunda Almaniya millisinə 2 – 0 məğlub olan çexlər, bundan sonra İtaliya yığma komandasını 2 – 1 hesabı ilə məğlub ediblər. Sonuncu oyunda isə Rusiya komandası ilə heç-heçə oynayıb, İtali­ya millisinə qalib gəldikləri üçün ikinci yerdən pley-offa çıxıblar.

Həmin Avroda pley-off 4/1 finaldan başlayırdı. Portuqaliya millisini 1 – 0 məğlub edən Çexiya millisi yarımfi­nala vəsiqə qazanır. Bu mərhələdə isə çexlər Fransa millisini turnirdən kənarlaşdırırlar. Oyun 0 – 0 başa çatsa da 11 metrlik zərbələrdə Çexiya futbolçuları 6 – 5 qalib gəlib finala yüksəlirlər.

Almaniya bundan əvvəlki turnirdə başına gələnlərin təkrar olunmasına imkan verməmək üçün Çexiya ilə qarşılaşmaya qələbə əzmi ilə çıxır. Lakin çexlərlə oyun onlar üçün heç də asan keçmir. Hesabı çexlər açırlar, lakin almanlardan Birhoff hesabı bərabərləşdirə bilir. Oyun əlavə vaxta keçir. Elə həmin Birhoff bu vaxtda “qı­zıl qol”a imza atır və Almaniya qələbə qazanır. Çexlər vitse-çempion olsalar da, komandanın turnirdə seçilən futbolçuları Avropanın top-klublarına dəvət olunurlar

Aydın məsələdir ki, Çexiya millisi Avro – 2004-də Danimarka yığma komandasını 3 – 0 hesabı ilə darma­dağın etsə də, budəfəki qarşılaşma çexlər üçün asan gəzinti olmayacaq. Əlbəttə, turnirin startında məlum səbəbdən Danimarka millisi Finlan­diya komandasına minimal hesabla məğlub oldu. Lakin Kasper Yulma­nın komandasının son iki matçın hər birində rəqib qapılarından 4 top keçirməsini çexlər diqqətdən qaçır­mamalıdır. Onlar qrup mərhələsində Rusiya ilə qarşılaşmada 4 – 1, 8/1 finalda isə Uelslə matçda 4 – 0 qalib gəlib, Bakıda keçiriləcək 4/1 finala vəsiqəni təmin ediblər.

Avro–2020-də Çexiya millisinin heyətində fantastik qolu və oyunu ilə Avropanın top-klublarının diqqətini çəkən Patrik Şikin isə Bakı qarşı­laşmasında turnirin ən məhsuldar oyunçusu olmaq şansı böyükdür. Hazırda Almaniyanın “Bayer” klubunun 25 yaşlı hücumçusunun aktivində dörd oyunda 4 mühüm qolu var və onun, ən azından 5 qolla turniri tərk edən Kristiano Ronaldo ilə bərabərləşmək imkanı var. Şik Avropa çempionatla­rındakı qollarının sayına görə artıq öz həmyerlisi Vladimir Şmitserə çatıb. Çexiya millisinin heyətində ən çox qol vuran Baroşun nəticəsini təkrarlamaq üçün isə bir qol vurmaq da kifayətdir. Xatırlayırsınızsa, Milan Baroş vurduğu 5 qolla Avro – 2004-ün ən məhsuldar oyunçusu olmuşdu. Əgər Patrik Şik bu gün Bakıda Danimarka ilə qarşılaş­mada Baroşun rekordunu təkrarlaya bilsə təkcə komandasının yarımfinala vəsiqəsini təmin etməyəcək, həm də öz adını tarixə yazacaq.

Çexiya millisi üzrə müxbir Ondrjey Zlamal Bakı qarşılaşması haqqında danışarkən deyib: “Bakıda güclü komanda ruhu və işə nümunəvi münasibəti olan yığma komandalar qarşılaşacaqlar. Hər iki komanda 8/1 finaldakı heyrətamiz qələbələrdən sonra özlərinə tam əmindirlər. Yaroslav Şiqlava start heyətinə Peter Şevçik, Pavel Ka­derjabek və Antonin Barakı sal­maqla düzgün oyun mütənasibliyi tapa bilib. Patrik Şik qol vurmaqda fəaldır, müdafiəçilər hollandiyalılara qapıya bir zərbə belə vurmağa imkan vermədilər, komanda isə, bütövlükdə, butsuları ilə yer eşir və irəli şığıyır. Danimarka ilə matç son dərəcə maraqlı olacaq”, – deyə Zlamal bildirib. Çexiya millisinin baş məşqçisinın köməkçisi İrji Xitri isə maraqlı bir ifadə ilə qarşılaşmanı səciyyələndirib: “Almazı almaz kəsə bilər. Hər iki millinin oyunu komanda oyunu və intensiv temp üzərində qurulur. Hər iki komanda rəqiblərin heyətlərindəki fərdi cəhətdən güclülərə qarşı güclüləri çıxarmağa çalışır. Bizim silahlarımız oxşardır”.

Danimarka millisi üzrə müxbir Sture Sanne də çexləri lazımınca qiymətləndirdiklərini bildirir: “Ko­manda hazırdır, Vətəndən aldıqları fəal dəstəkdən və özlərinin güclü oyunlarında qanad açıb uçurlar. Lakin qarşıda ağır sınaq var. Çexləri dəyərləndirməmək olmaz. Lakin Kasper Yulmanın komandasının da oyu­na hazırlıqsız yanaşacağına heç bir əsas yoxdur. Baş məşqçi artıq stola Damsqop və Dolberq kimi tuzları qoyub, bir həftə əvvəl isə demişdi ki, hələ onun ehtiyatda çoxlu sürprizləri var”.

Danimarka millisinin baş məşqçisi Kasper Yulman özü də çox inamlı danışıb: “Belə fürsət ola bilsin daha əlimizə düşməyəcək. Bu şans naminə biz bu qədər işləmişik. Bu, çoxlu insanın uşaqlıq arzusu və uzunmüddətli işin nəticəsidir. İstəyirik ondan maksimum yararlanaq və nəyə imkanımız çatırsa onu edək, daha yaxşı hazırlaşaq. Sonra baxa­rıq, bizdə nə alınar və biz hara qədər gedə bilərik”.

Yeri gəlmişkən, komandaların nümayəndələri Bakıdakı qarşılaşmanın havanın isti keçməsi səbəbindən də çox çətin olacağını açıqlayırlar. Danimarka millisinin fizioloqu Peter Meller Kristensen bununla bağlı açıqlamasında deyib: “Görünür, matçın startında Bakıda havanın temperaturu müsbət 30 dərəcəyə yaxın olacaq. Kiçik bir detal da istisna deyil: yüksək rütubət olacaq – 50-60 dərəcəyədək. Biz bunu almaya bilmərik”.

Fizioloqun sözlərinə görə, isti ilə yüksək rütubətin olması o deməkdir ki, oyunçular sürəti artırmalıdırlar. Çünki belə havada orqanizmə asan olmayacaq. “Əgər mən görsəydim ki, hava komandaların oyununa təsir etməyəcək, təəccüb edərdim. Hər şey hazırlıqdan asılı olacaq. Əgər komandalar stress rejimda istidə məşq ediblərsə, o zaman qayday­la belə havanın öhdəsindən daha yaxşı gələ bilərlər. Bu amil matçda həlledici amil ola bilər”, – deyə Kris­tensen bildirib.

Fizioluoqun dediyinə görə, Bra­ziliyada keçirilən 2014-cü il Dünya çempionatı göstərdi ki, yüksək temperatur və rütubət komandanın iş qabiliyyətinə təsir edir: “Necə deyərlər, normal şəraitdən fərqli ola­raq, “qaynar matçlarda” daha aşağı intensiv iş qabiliyyəti qeydə alınır”.

Güman edirik ki, Bakıda hava nə Sevilyadakından, nə də Avro– 2020-nin keçirildiyi bir çox başqa şəhərlərdəkindən elə də isti və rütubətli olmayacaq. Olimpiya stadio­nunda Çexiya və Danimarka milliləri arasında qarşılaşmanın isə son dərəcə “qaynar” keçəcəyinə qətiyyən şübhəmiz yoxdur.

 

İngiltərə fovarit olsa da...

 

İyulun 3-də Avro–2020-nin yarımfinalına sonuncu vəsiqə uğrun­da bugünün daha bir qarşılaşması qədim Romada Ukrayna və İngiltərə yığma koman­daları arasında keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq qarşılaşma bir çox cəhətdən çox maraqla izləniləcək.

İlk baxışdan koman­daların qüvvələr nisbəti, demək olar, kəskin fərqlənir. Turnirin əsas favoritlərindən biri hesab edilən İngiltərə digər bir favoriti – Almaniya millisi kimi nəhəng komandanı məğlub etdi və 4/1 finala çıxmaqla reytinqini bir qədər də gücləndirdi. Amma Ukrayna millisi futbol mütəxəssislərinin inanmaq belə istəmədikləri bir sensasiyaya imza atdıqdan sonra, bu matç haqqında proqnozlar bir qədər dəyişib.

8/1 finalda İsveç millisi üzərində mübariz qələbədən sonra Ukrayna millisi Avro–2020-də özü üçün yeni üfüqlər açmağa davam edir. Sarı-mavilər özlərinin debüt 4/1 final matçında İngilislərlə qarşılaşsalar da çətin meydana ilk dəqiqədən məğlub ediləcək tərəf kimi çıxsınlar. Qrup mərhələsində Hollandiya və Avstriya­dan aldığı məğlubiyyətləri Ukrayna millisi İsveç üzərində möhtəşəm qələbə ilə çoxdan geridə qoyub. Qlazqoda Artyom Dovbikin möhtəşəm qolundan sonra ağlasığmaz emos­siyalar yaşayan komanda, yenidən, Aleksander Zinçenkonun dediyi kimi “öz məqsədlərinə nail olmağı bacardı­ğını” sübut etməyə hazırdır.

Amma İngiltərə də bu Avropa çempionatında rəqiblərin planlarını pozmağı bacaran komanda kimi özü­nü sübut edib. 8/1 finalda Qaret Saut­qeytin komandası Almaniya millisinə qarşı oyunda artıq dördüncü matçda qapısını toxunulmaz saxlayaraq 2 – 0 qalib gəldi. Mütəxəssislər bildirirlər ki, bu oyunda Sautqeytin komandasının nəhayət, öz oyun balansını tapa bilidi­yi aydın oldu. Yenidən “Uembli”yə yarımfinala, hətta finala qayıtmaq perspektivi “şirləri” son dərəcə güclü şəkildə motivasiya edir.

İngiltərə millisi üzrə müxbir Saymon Hart bildirir ki, pely-offda almanlar üzərində ağır zəhmətlə və çoxdan gözlənilən qələbə komandaya güclü inam və hədsiz müsbət emo­siyalar bəxş etdi. İngilislər Ukrayna ilə gözlənilən qarşılaşmada özlərini favorit hesab edirlər. Sautqeyt isə dərhal bütün hamını bu, yüksək gözləntilərlə bağlı təhlükədən qoru­mağa çalışır. Taktikaya gəldikdə isə maraqlıdır, görəsən baş məşqçi 3 mərkəz müdafiəçi sxemini saxlaya­caqmı, yoxsa daha klassik varianta qayıdacaq?

Baş məşqçi Sautqeyt almanlardan “qisasını” alandan sonra heç də ey­foriyaya düşməyib. Məşqçi deyir: “Biz Almaniya üzərində qələbədən sonra soyunma-geyinib otağına qayıdanda şənbə günü matçını müzakirə etdik. Biz heyrətamiz bir oyun göstərdik, lakin çoxlu emosiya və güc sərf etdik. Fiziki və psixoloji cəhətdən necə la­zımsa bərpa olunmaq lazımdır. Bilirik ki, indi ağılagəlməz dərəcədə ağır və çətin olacaq”.

Ukrayna tərəfi də matça çox ciddi hazırlaşır. Milli komanda üzrə müxbir Boqdan Buqa matç öncəsi Andrey Şevçenkonun drujinasının oyuna hazırlığını belə açıqlayır: “Bu, Ukrayna millisinin bu dəqiqə ən yaxşı­larından olan oyunçuları üçün xüsusi bir gecə olacaq. Andrey Yarmolenko və Aleksander Zinçenko kimi ulduzlar üçün. Həmçinin sarı-mavilərin baş məşqçisi, bir ayağı Londonda, bir ayağı Kiyevdə olan Andrey Şevçenko üçün də həmçinin. “Çelsi” klubunun keçmiş hücumçusu deyir ki, qrup mərhələsindən sonra “qalan bütün hər şey” Ukrayna üçün bonus olacaq. Onun komandası daha heç bir təzyiq hiss etmir, ona görə də yenidən tarix yazmaq üçün özünə daha cəsarətli, riskli futbol nümayiş etdirməyi rəva görəcək”.

İngilis futboluna yaxından bələd olan baş məşqçi Andrey Şevçenko da oyunu qabaqcadan uduzduğunu anlayan baş məşqçi təsiri bağışlamır: “İngiltərə – yaxşı ehtiyat oyunçular oturacağı və təcrübəli məşqçi ştabı olan əla komandadır. Bu oyunun necə mürəkkəb qarşılaşma olacağını gözəl başa düşürük. Bu komandaya top vurmaq çox çətindir, lakin onların gücü bizi qorxutmamalıdır. Əksinə, bu bizi ruhlandırmalıdır, çünki həyatda olduğu kimi futbolda da hər şey mümkündür. Biz bütün gücümüzü sərf edəcəyik ki, azarkeşlərimizə sevinmək üçün daha çox əsas verək”.

Matç həqiqətən Ukrayna üçün çox mürəkkəb və ağır olacaq. Amma bu, qarşılaşmanın azarkeşlərə bəxş edəcəyi sevinc və bayram əhval-ruhiyyəsinə heç bir xələl gətirməyəcək. Əksinə, bu matçda komandalarını qələbəyə səsləyən azarkeşlər daha kəskin emossiyalar yaşayacaqlar.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2021.- 3 iyul.- S.10.