Basqalda arxeoloji tədqiqatlar
AMEA-nın
Arxeologiya və Etnoqrafiya
İnstitutu Basqal arxeoloji ekspedisiyası “Basqal
Dövlət Tarixi Mədəniyyət Qoruğu haqqında” Azərbaycan
Respublikası Prezidentinin 3 oktyabr
2018-ci il tarixli Sərəncamından
irəli gələn vəzifələrə uyğun
olaraq Dövlət Turizm
Agentliyinin sifarişi əsasında
2019-cu ilin oktyabr ayında təşkil
olunmuşdur. 07-31 oktyabr
2019-cu il və 25.09-25.10.2020-ci il tarixlərində ekspedisiya
tərəfindən Basqalın “Qalabaşı” ərazisində
qala divarları və Basqal
hamamının kürəbəndi qismən öyrənilmiş,
yerli əhali arasında Şeyx
Məhəmməd məscidi adı ilə tanınan Basqal məscidi ərazisində isə əsaslı
tədqiqat aparılmışdır.
Bu mövsüm ötən illərin tədqiqatlarının davamı olaraq Şeyx Məhəmməd məscidi daxilində, habelə məscidin yan otağı və həyətində arxeoloji tədqiqatlar davam etdirilmişdir. Tədqiqat nəticəsində məscid daxilində minillik bir dövrü əhatə edən zəngin mədəni təbəqə olduğu müəyyənləşdirilmişdir. Basqal yaşayış yerinin mədəni təbəqəsi 6 tikinti qatından ibarət formalaşmışdır. Bəzi nöqtələrdə isə tikinti qatlarının sayı hətta 7-8-ə çatır. Bu isə o deməkdir ki, Basqalda X əsrdən başlayaraq 1000 il ərzində təqribən hər 120-150 ildən bir mövcud tikililər dövriyyədən çıxmış və onların üzərində yeni tikililər meydana gəlmişdir. Diqqət çəkən məqamlardan biri də odur ki, arxeoloji cəhətdən öyrənilən ərazi bütün dövrlərdə sıx yaşayış sahəsi olmuşdur. Tikinti qalıqlarının çoxluğu, əksər hallarda bir-biri ilə kəsişdiyi, demək olar ki, boş nöqtələrin olması buna sübutdur.
Göründüyü kimi, tikinti qatlarının davamlı olaraq biri digərini əvəzləməsi və hər bir tikinti qatının da əsas və yardımçı tikililərlə sıx örtülməsi amili ərazinin arxeoloji cəhətdən öyrənilməsini xeyli çətinləşdirmişdir. Bu səbəbdən, Şeyx Məhəmməd məscidi daxilində heç də bütün nöqtələrdə qazıntını qruntadək davam etdirmək mümkün olmamışdır. Yalnız bəzi hissələrdə tədqiqatlar qrunta, yəni, xam torpaq qatına qədər davam etdirilmişdir. Həmin nöqtələrdə qazıntının dərinliyi, başqa sözlə, mədəni təbəqənin qalınlığı 2.5 metr təşkil etmişdir. Birinci, yəni ən altdakı tikinti qatında X-XI əsrlərə aid keramika qalıqları qeydə alınmışdır. Həmin tikinti qatında aşkar olunan tapıntılar içərisində daha çox diqqəti cəlb edən isə orada qeydə alınan möhtəşəm divar qalıqlarıdır. Əfsusular olsun ki, sonrakı dövrlərə aid tikintilər inşa edilərkən alt tikinti qatlarındakı erkən dövrə aid tikintilər, demək olar ki, tam olaraq dağıdılmışdır. Bu səbəbdən də Basqalın erkən dövr tikintilərinin dəqiq ölçülərini, memarlıq quruluşu və xüsusiyyətlərini öyrənmək xeyli dərəcədə çətinləşmişdir. Bəzi yerlərdə divar qalıqlarının davamının öyrənilən sahədən kənara doğru uzanması da bu baxımdan müəyyən problem yaradır. Düşünürük ki, gələcəkdə qazıntının miqyasını genişləndirməklə bu məqamlara da aydınlıq gətirmək olar.
Basqalın orta əsrlərə aid əksər tikililəri yonulmuş çay və qaya daşlarından və palçıq məhlulundan istifadə edilməklə inşa olunub. Yalnız bəzi yerlərdə, özü də nisbətən son dövrə aid tikintilərdə az miqdarda bişmiş kərpicdən istifadə olunub. Həm də bişmiş kərpicdən inşaat materialı kimi daha çox binaların giriş hissəsinə aid tağların inşasında istifadə olunub. Onu da xatırladaq ki, tədqiqatlar zamanı ayrı-ayrı nöqtədə kərpic döşəməyə də təsadüf olunub. Diqqəti cəlb edən digər bir cəhət nisbətən qədim olan tikintilərdə daha iri həcmli daşlardan istifadə edilməsidir. Basqal tikintilərini səciyyələndirən məqamlardan biri də divarlarda ocaq və taxça-şkaf yerlərinin olmasıdır. Basqal məscidi ərazisində tədqiqatlar davam etdirilərkən ayrı-ayrı tikinti qatları arasında sarı-boz zolaqlar qeydə alınmışdır ki, bunlar da müxtəlif dövrlərə aid binaların döşəmə hissəsinə vurulmuş suvaq izləridir. Xatırladaq ki, mənzillərin və yardımçı tikililərin döşəməsinin sarı torpaq məhlulu ilə suvanması Şirvan tikinti mədəniyyətinin özünəməxsus xüsusiyyətlərindəndir. Bu, Basqalın orta əsr tikililərində çox aydın müşahidə olunmaqdadır.
Şeyx Məhəmməd məscidi daxilində tədqiqatlar davam etdirilərkən orada müxtəlif dövrlərə aid və bir-birini kəsən çoxsaylı bina qalıqları ilə yanaşı dəmirçi emalatxanası, hovuz, saxsı borulardan və daş kürəbəndlərdən ibarət su və kanalizasiya xətlərinin qalıqları da aşkar olunmuşdur. Hovuzun yanındakı ətrafı və içərisi daşla səliqəli şəkildə döşənmiş yerin isə ibadət edən insanların dəstamaz aldığı yer olduğu ehtimal edilir.
Məscidin yan otağında və həyətində tədqiqatlar davam etdirilərkən bir neçə yerdə həm əsaslı, həm də yardımçı bina qalıqları aşkar olunmuşdur. Həmin tikintilərin XVI əsrə aid Şeyx Məhəmməd məscidi ilə əlaqəli olduğu daha inandırıcıdır. Məscidlə məscid həyətindəki daş döşənmiş meydan arasında aşkar olunmuş bina qalıqlarının isə daha çox məhz ehsan mərasimlərinin icra edildiyi yer olduğu ehtimal olunur.
Basqalda aparılan tədqiqatlar zamanı tikinti və sanitar qurğulara aid qalıqlarla yanaşı digər çoxsaylı maddi mədəniyyət qalıqları da aşkar olunmuşdur. Həmin tapıntılar içərisində bir neçə daş kitabə xüsusilə maraq doğurur. Əfsuslar olsun ki, onlar sındırılmış vəziyyətdə olduğundan mətnlərini hələlik tam olaraq oxumaq mümkün olmamışdır.
Tapıntılar içərisində ayrı-ayrı dövrlərə aid rəngarəng çeşidli keramika nümunələrini xüsusi olaraq qeyd etmək lazımdır. Bunlar şirsiz, şirli və inşaat keramikası nümunələridir. Həmin tapıntıların, əsasən, yerli istehsala aid olduğu əsla şübhə doğurmur. Bu isə daha çox ipək istehsalı ilə şöhrətlənən Basqalda dulusçuluq sənətinin də yetərincə inkişaf etdiyindən xəbər verir. Aşkar olunan dulus məmulatlarının bədii-texniki göstəriciləri də bunu deməyə əsas verir.
Bu gün Basqalda ölkə Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2018-ci il tarixli sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq geniş miqyaslı tikinti, abadlıq və konservasiya işləri görülməkdədir. Bütün bunlar isə ondan xəbər verir ki, Sovet dönəmində müxtəlif səbəblər ucbatından həyatın və istehsalatın sönmüş olduğu Basqal lap yaxın gələcəkdə yenidən özünün orta əsrlərdə olduğu kimi izdihamlı və şöhrətli günlərinə qovuşacaqdır. Elə bu günün özündə də turistlərin həvəslə üz tutduğu Basqal o zaman daha artıq qonaq-qaralı və izdihamlı olacaq. Həm də əminliklə onu da deyə bilərəm ki, o zaman Basqala gələnlərin daha çox maraq göstərəcəkləri ünvanlardan biri hazırda Basqal arxeoloji ekspedisiyası tərəfindən öyrənilən XVI əsrə aid Şeyx Məhəmməd məscidinin ərazisi olacaq. İnsanlar həmin yerdə Basqalın 1000 illik tarixinə səyahət etmiş olacaqlar.
Q.CƏBİYEV,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
Basqal arxeoloji ekspedisiyasının
rəhbəri,
tarix elmləri doktoru, professor
Xalq qəzeti.- 2021.- 3 iyul.- S.8.