Xeyirxahlıq missiyasının daşıyıcısı

 

Leyla Əliyevanın tapşırığı ilə IDEA işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin yenidən canlandırılması istiqamətində işlər görəcək...

“Xocalıya ədalət!” kampaniyası davam edir...

Moskvada uşaq evində xeyriyyə aksiyası keçirilib...

Leyla Əliyevanın şeir kitabının təqdimatı olub...

RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda regionlararası forum keçirilib...

Leyla Əliyeva nərə balıqlarının suya buraxılması mərasimində iştirak edib.

Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Nəbatat bağına xarıbülbül gülünün qələmləri verilib və sair və ilaxır.

Bunlar son bir neçə ayda rəsmi qəzetlərdə, internet resurs­larında Heydər Əliyev Fondunun vitse-prezidenti, ictimai xadim Leyla xanım Əliyevanın mötəbər tədbirlərdə iştirakı, vətənpərvərlik təşəbbüsləri, xeyriyyəçiliyi ilə bağlı rast gəldiyimiz maraqlı xəbərlərin yalnız bir qismidir.

Bakıdakı 160 nömrəli tam orta məktəbi bitirdikdən sonra Avropa Biznes Məktəbinə (ESB) daxil olan Leyla Əliyeva İsveçrə və Böyük Britaniyada oxuyub. 2006-2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb.

Leyla Əliyevanın ictimai fəaliyyəti çoxşaxəlidir. O, eyni zamanda, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatorudur. 2015-ci ildə aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıq­çılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında ver­diyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri adına la­yiq görülüb. Bakı Beynəlxalq Multi­kulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri, Rusiyada nəşr olunan “Baku” jurnalının yaradıcısı və baş redaktorudur.

Leyla xanımın təşəbbüsü ilə reallaşan tədbirlər, ilk növbədə, insanlığa, sülhə, əməkdaşlığa xidməti ilə seçilir. Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi bu qəbildəndir. Özü bu barədə deyir:"Əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm”.

Leyla xanım hələ kiçik yaşla­rından babası – Azərbaycan xal­qının ümummilli lideri, unudulmaz dahi şəxsiyyət Heydər Əliyevlə bərabər, dövlət himayəsində olan kimsəsiz uşaqların şənliklərində iştirak edir, onlarla birlikdə əylənir, uğurlarına sevinirdi. Genetik xeyirxahlıq missiyası bu gün də layiqincə və daha geniş aspektdə davam edir.

İnamla demək olar ki, bu gün Azərbaycanda xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı böyük layihələrin həyata keçirilməsi, ilk növbədə, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və fondun vitse-pre­zidenti Leyla Əliyevanın adı ilə bağlıdır. Babasına, ata və anasına xas olan nəciblik, insanpərvərlik, böyüyən nəslə qayğı kimi özəl keyfiyyətlər Leyla xanıma da dərindən sirayət edib və ona böyük rəğbət qazandırıb. Qayğıya ehtiyac duyan uşaqların görüşünə təkcə bayram günlərində deyil, adi vaxtlarda da müntəzəm olaraq gedən Leyla xanım onların arzu və istəklərinə əməl etməkdən, sözün əsl mənasında, zövq alır.

Leyla xanımın vaxtaşırı olaraq həvəslə yollandığı ünvanlar psixonevroloji sosial xidmət müəssisəsi, sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi internat məktəbi, uşaq evləri, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Talassemiya, Daun mərkəzləri və bu kimi onlarca digər müəssisələrdir. O, hər ziyarəti ilə həmin ünvanlardakı uşaqlara bir dünya sevinc bəxş edir. Onların sağalmaları, fəal həyata qovuşma­ları üçün əlindən gələni əsirgəmir. Elə öz doğma övladlarından başqa, himayəsinə aldığı Əminə adlı kimsəsiz bir qızı da layiqli vətəndaş kimi böyüdüb tərbiyə etməsi onun necə incəqəlbli bir insan, duyğusal xanım və gözəl ana olmasından soraq verir.

 

...Budur, orda uşaqlar

Atılırlar – düşürlər.

Bəlkə topları yoxdu?

Qoy verim ürəyimi,

qovsunlar yorulunca.

 

Bu misraların müəllifi özünün diqqətəlayiq şeir yaradıcılığı ilə də tanınan Leyla xanımdır. Qəlbi uşaqlara, xüsusilə də atılmış, fiziki və əqli cəhətdən əngəlli olan ba­lacalara sonsuz sevgi ilə döyünən Leyla xanımın mərhəmət duyğula­rı onun şeirlərinə də hopmuşdur.

Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanan “Justice for Khojaly!” (”Xocalıya ədalət!”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hər il dünyanın 70-dən çox ölkəsində konfranslar, sərgilər təşkil olunur, digər tədbirlər reallaşdırılır. Bu kampaniyanın məqsədi “Əsrin faciəsi” haqqında həqiqətlərin dünyaya yayılmasına, qətliamın Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimizin Qarabağa işğaldan azad etməsi, Xocalının qisasının alınması hər bir azərbaycanlı kimi, Leyla xanımın da qəlbini qürur və iftixarla döyün­dürüb. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə dəfələrlə Şuşa­ya və azadlığına qovuşmuş digər bölgələrimizə səfərlərə qatılması bunu bir daha sübut edir.

Leyla Əliyeva düz on il əvvəl Azərbaycanda və dün­yada ekoloji məsələlərlə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi ilə əlaqədar IDEA kampaniyasının əsasını qoyub. IDEA planetimizin üzləşdiyi ekoloji problemlərin həllində gənclərin fəal iştirakını təmin etməyi hədəfləyib. “Gələcək bizim əlimizdədir!” şüarı ilə getdikcə fəaliyyətini daha da genişləndirən IDEA dialoq, fəaliyyət, liderlik və təhsil kimi başlıca prinsiplərə əsaslanır. Bu ictimai birlik Heydər Əliyev Fondu ilə bərabər “Ağacla­rın kəsilməsinə yox!” proqramını həyata keçirib, gənc könüllülər indiyədək ölkənin rayonlarında milyonlarca yeni ağac əkiblər. “Meyvə ağaclarının əkilməsi” layihəsi çərçivəsində bölgələrdə meyvə bağları salınaraq, aztəminatlı ailələr, o cümlədən, Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilib. "Bizim həyət", "Yaşıllıqları bərpa edək" layihələri də uğurla icra edilir. Həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə Maltada “Yer kürəsi uşaqların gözü ilə” sərgisi açılıb, Bakıda Dənizkənarı Milli Parkda “Məhəbbət ağacı” layihəsi reallaşdırılıb.

Bakıda Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil edilib. IDEA “Panthera” təşkilatı ilə birgə Qafqaz bəbirinin qorunması istiqamətində layihə reallaşdırıb. “Qırmızı kitab”a daxil edilmiş heyvanların məhvinin qarşısı­nı almağa çalışır. Ceyranların sayının çoxaldılması ilə bağlı layihələr həyata keçirib. “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində ölkəyə gətirilmiş zubrlar İsmayıllı rayonunda yerləşən Şahdağ Milli Parkınındakı xüsusi əraziyə buraxılıb. Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində "Toplan" sahibsiz itlərə qayğı mərkəzi yaradılıb. Layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır.

Mədəniyyətlərarası dialoqa mühüm töhfələr verilməsində də Leyla xanım xüsusi fəallığı ilə seçilir. Heydər Əliyev Fondunun xətti ilə Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq katedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri bu qəbildəndir.

Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) təsis edilib. Bu, qonşu ölkədə yaşayan, çalışan və təhsil alan gənclərimizi bir araya gətirən və onların bu ölkənin ictimai həyatında fəal iştirakına xidmət edən uğurlu layihədir. Rusiyada­kı azərbaycanlı gənclər RAGB adı altında bir araya toplanaraq Azərbaycan xalqının tolerantlığını, bəşəriliyini, sevgisini dünyaya nümayiş etdirirlər. Hazırda Rusiya Federasiyasının 49 regionunda bu təşkilatın minlərlə təşəbbüskar və kreativ nümayəndəsini birləşdirən 55 regional bölməsi fəaliyyət göstərir. Təşkilatın başlıca vəzifəsi Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırmaqdır. Hər il Leyla Əliyevanın təşəbbüsü ilə 20 Yanvar hadisələri, Xocalı soyqı­rımı ilə bağlı Rusiyanın müxtəlif şəhərlərində anım mərasimləri keçirilir.

Leyla xanımın Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin rəhbəri, RAGB-nin sədri kimi fəaliyyəti Rusiya ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilib. O, 2012-ci ildə "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı­na, 2013-cü ildə "3-cü dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa” ordeninə və "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalına, 2016-cı ilin sentyabrında isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə” medalına layiq görülüb.

Qeyd etdiyimiz kimi, Leyla Əliyeva fəal sosial və ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsində də tanınıb. Poetik duyğularını rus dilində qələmə alsa da, azərbaycançılıq ruhu şeirlərinin mayasını təşkil edir. Leyla xanımın yaradıcılıq nümunələri milli ədəbi qaynaqlara söykənir, onların öz mövzusu, fəlsəfəsi, obrazlar sistemi var. “Azərbaycan” şeiri bu baxımdan maraq kəsb edir:

 

Sərvətdən yaradıb Allah bu yeri,

Zirvələr, vulkanlar, meşələr, göllər.

Gözəl Azərbaycan – Tanrının sirri,

Sənə xeyir-dua göylərdən gələr...

 

Yeri gəlmişkən, neçə-neçə maraqlı kitabın müəllifi olan, əsərləri bir çox dilə tərcümə edilən Leyla Əliyeva 2015-ci ildə Rusiya Federasiyasının "Puşkin” medalı ilə təltif edilib. Həmin il noyabrın 4-də Rusiya Prezidenti Vladimir Putin Xalq Birliyi Günü şərəfinə keçirilən qəbulda "Puşkin” me­dalını ona təqdim edib. Leyla Əliyevanın “Sanki bir alovsan” şeirlər toplusu Türkiyənin nüfuzlu “BENGÜ” yayınları brendi ilə oxu­culara təqdim olunan “Azərbaycan ədəbiyyatı”nın seçilən nəşrləri sırasına daxildir. Onun “Dünya yuxutək əriyir...” kitabı Bakıda Azərbaycan dilində,Tehranda fars­ca, Londonda ingiliscə, “Ulduzlar göylərdə düzülsəydi sırayla” kitabı Moskvada rusca, Minskdə belarus dilində nəşr olunub və geniş oxucu kütləsinin sevgisini qazanıb.

Bu il aprelin 9-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu­nun Bakıdakı qərargahında Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun geniş təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycanın və Qırğızıstanın tanınmış mədəniyyət xadimləri, ədəbiyyatçılar və digər qonaqlar iştirak ediblər. Kitabın məziyyətlərindən danışılıb və bildirilib ki, Leyla xanım gənc olmasına baxmayaraq, çoxşaxəli istedada malik insandır. O, gözəl, səmimi, romantik şeirlərin müəllifi, həmçinin maraqlı rəssamdır. Bir çox rəsmləri Paris, Berlin, London, Moskva şəhərlərində sərgilərdə nümayiş etdirib. Leyla xanımın bədii təxəyyülü, müraciət etdiyi həssas mövzular hər kəsi duyğulandırır, düşündürür. Onun yaradıcılığında əsl Azərbaycan qadınının, əsl türk xanımının hissləri, emosiyası müşahidə olunur. Leyla xanımın dəstəyi ilə müasir Azərbaycan incəsənətinin və rəssamlarının həm yerli, həm də beynəlxalq səviyyədə təbliğinə xidmət edən "YARAT!" Müasir İncəsənət Məkanının sərgiləri dünyanın böyük şəhərlərində təşkil olunub.

Nəciblik, həmrəylik, dostluq və əməkdaşlıq missiyasının daşıyıcısı olan Leyla xanım Əliyevanı 3 iyul – doğum günü münasibətilə qəzetimizin oxucuları adından təbrik edir, çoxşaxəli və gərəkli fəaliyyətində ona daha böyük nailiyyətlər arzulayırıq.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2021.- 3 iyul.- S.5.