VƏTƏN SEVGISI...

 

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistan silahlı qüvvələrini diz çökdürməsi beynəlxalq aləmdə də böyük maraq doğurub. Ordumuzun döyüş taktikası bu gün geniş öyrənilməkdədir. Bu tarixi qələbə Ali Baş Komandanımızın rəhbərliyi ilə mərd oğul və qızlarımızın Vətən, xalq, torpaq, millət sevgisi sayəsində qazanılmışdır. Belə qəhrəman oğullarımızdan biri də Rüstəm Bayramovdur.

Ermənistan ordusunun sərhədboyu ərazilərdə törətdiyi silsilə təxribatlar ötən il sentyabrın 27-də müharibəyə çevrildi. Azərbaycan Ordusunun əks- hücumları qarşısında davam gətirə bilməyən işğalçı ölkənin silahlı qüvvələri darmadağın edildi. Ermənistan ordusu bu müharibədə cəmi 44 gün davam gətirə bildi. Noyabrın 8- i Azərbaycan tarixinə Qələbə günü kimi həkk olundu. İki gün sonra isə işğalçı Ermənistanın siyasi- hərbi rəhbərliyi rəsmən təslim oldu. Bir ay sonra isə Bakıda Azadlıq meydanında möhtəşəm Zəfər paradı keçirildi. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclülərindən olduğunu bir daha nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi düşünülmüş strategiya nəticəsində Azərbaycan dünya tarixinə qalib ölkə kimi həkk olundu.

İkinci Qarabağ müharibəsi başlayan ərəfədə Bayramovlar ailəsinin tək oğlu Rüstəm Bayramov Səudiyyə Ərəbistanında həkim işləyirdi. Həm də ehtiyatda olan zabit idi. O, sentyabr ayında doğma Vətənə gəlmişdi. Fürsətdən istifadə edib səfərbərlik və hərbi çağırış üzrə dövlət xidmətinin rayon şöbəsinə gedib ehtiyac olarsa, cəbhəyə getməyə, hərbçilərimizə tibbi xidmət göstərməyə, həm də ehtiyatda olan zabit kimi xidmət etməyə hazır olduğunu bildirmişdi. Yaşı 43- ü haqlasa və iki azyaşlı uşağı olsa da, cəbhə bölgəsində həkim kimi fəaliyyət göstərmək onun üçün vətəndaşlıq borcu idi. Rüstəm Bayramov hərbi xidmətini də cəbhə bölgəsində –Tərtər rayonunda yerinə yetirmişdi. Həmin ərazidə N saylı hərbi hissədə əsgər və zabitlərə tibbi xidmət göstərmişdi.

Anası Flora Bayramova söhbət zamanı bildirdi ki, Rüstəm ali təhsilli həkimdir. Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında işləyib. Hərbi xidmətini başa vurduqdan sonra – 2005- ci ildə təhslini davam etdirmək üçün bir müddət Vətəndən uzaq düşüb. O, Sibir Dövlət Tibb Universitetində (Tomsk şəhəri) pediatriya üzrə təhsilini davam etdirib. Bir neçə il Tomsk şəhərindəki 1 nömrəli uşaq xəstəxanasında, sonra Rusiya Federasiyasının Serov, Krasnoturinsk, Sverdlovsk vilayətlərinin və Voloqda şəhərinin xəstəxanalarında həkim-pediatr işləyib. Vətən, millət, torpaq sevgisi onu yenidən doğma el-obaya qaytarıb.

2016-cı ilin Aprel döyüşləri zamanı da cəbhəyə getmək arzusunda olub. Ancaq rəşadətli ordumuz cəmi 4 gün ərzində düşmənə necə divan tutdusa, ermənilər silah-sursatlarını atıb qaçdılar. Həmin döyüşlərdə könüllülərə ehtiyac olmadı. R. Bayramov işləmək üçün Səudiyyə Ərəbistanına gedib və orada reanimasiya şöbəsində çalışıb. Dediyinə görə, hər şey yaxşı idi, işi də, qazancı da. Ancaq işğalçı Ermənistanın qudurğanlığı, ərazilərimizin düşmən tapdağı altında qalması onu daim narahat edib. Dözə bilməyib, Vətən sevgisi onu doğma yurda qaytarıb. Və növbəti iş yeri... cəbhə bölgəsi olub.

Anası Flora xanım həmin gün oğlunun çox narahat gördüyünü deyir: “Dedi ki, səfərbərlik və hərbi çağırış üzrə dövlət xidmətinin rayon şöbəsinə gedirəm. Başqa heç nə demədi. Maşınını minib getdi. Axşam gözlədik, gəlmədi. Telefonuna da zəng çatmırdı. Səhəri dirigözlü açıb şöbəyə getdim. Maşınını orada gördüm. Dedilər ki, cəbhə bölgəsinə gedib”.

Bir neçə gündən sonra Cəbrayıl rayonundan zəng vuran Rüstəm Bayramov hər şeyin qaydasında olduğunu bildirib. Deyib ki, imkan tapa bilmədiyindən maşını səfərbərlik və hərbi çağırış üzrə dövlət xidməti rayon şöbəsinin qarşısında saxlayıb. Bircə onu deyib ki, sağlıq-salamatlıqdır. İnşallah, düşmənin başını əzəcəyik. Rüstəm həm həkim, həm də zabit kimi Cəbrayıl, Füzuli, Zəngilan rayonlarında döyüşün qaynar nöqtələrində olub. Çox vaxt yaralı əsgərlərin əvəzinə silah götürüb düşmənə qarşı vuruşub da.

Müharibə başa çatdıqdan bir müddət sonra da Rüstəm Bayramov cəbhədən qayıtmadı. O, yaralı hərbçilərimizin müalicəsndə bütün imkanlarından istifadə etdi. Deyirdi ki, belə çətin məqamda Vətənin müdafiəsində dayanmaq hər bir soydaşımızın borcu idi. “Bu gün mənə Cəbrayıl rayonunda ehtiyac varsa, orada olmalıyam” – deyən Rüstəm həkim sonuncu yaralı hərbçimiz evlərinə və ya hərbi hissəyə dönməyənə qədər cəbhə bölgəsində olacağını bildirmişdi və elə də oldu.

Flora xanım oğlu ilə fəxr ediyini deyir: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyev noyabrın 8- də rəşadətli ordumuzun Qələbə qazandığını, Ermənistanın təslim olduğunu deyəndə sevincimizin həddi-hüdudu olmadı. Azərbaycanın dünyada qalib ölkə kimi tarixə düşməsi bir ana kimi məni hədsiz sevindirdi. Şanlı qələbədə oğlum Rüstəmin də payı var”.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoylmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Bayramov Rüstəm Bayram oğlu Prezident İlham Əliyevin 24 iyun 2021- ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2021.- 4 iyul.- S.6.