Azərbaycanın strateji
kursu Cənubi Qafqazda
təhlükəsizlik
sisteminin yaradılmasına yönəlib
Azərbaycanın dəstəyi və
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi
tərəfindən İstanbulda “Bəşəriyyət daha
yaxşısına layiqdir” devizi ilə keçirilən XXIV
Avrasiya İqtisadi Zirvə toplantısında yeni növ
koronavirus (COVID-19) pandemiyasından sonra dünyada yaranan yeni
reallıq müzakirə edilib.
Yeri gəlmişkən, hər il Türkiyədə keçirilən və artıq xoş ənənəyə çevrilən Avrasiya İqtisadi Zirvə toplantıları aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər, regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə, xalqlar arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Avrasiya və Afrika ölkələrindən, bir sıra beynəlxalq təşkilatlardan nüfuzlu nümayəndə heyətlərinin iştirak etdiyi bu toplantılarda Azərbaycan Respublikası müntəzəm olaraq təmsil olunur.
Zirvə toplantılarında indiyədək Avrasiya bölgəsində iqtisadi, siyasi münasibətlərin inkişafı və xalqlar arasında əlaqələrin dərinləşməsi baxımından xüsusi əhəmiyyətə malik məsələlər dinlənilib. Regional əməkdaşlığın mühüm platformalarından birinə çevrilən bu ənənəvi görüşlərdə zamanın yeni çağırışları və müasir inkişaf meyilləri daim diqqət mərkəzində saxlanılıb.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən tədbir iştirakçılarına ünvanlanan məktublarda da bu məsələlər öz ifadəsini tapıb.
Onu da qeyd edək ki, Avrasiya Zirvə Toplantısında qarşılıqlı əməkdaşlığın geniş spektrini əhatə edən səmərəli müzakirələr və qəbul edilən qərarlar region dövlətlərinin iqtisadi, siyasi və mədəni əlaqələrinin daha da inkişafına təkan verib, ayrı-ayrı vaxtlarda qlobal böhranın dəf olunmasına və xalqlarımızın rifahına xidmət göstərib.
Azərbaycan uzun illərdən bəri Avrasiyada münasibətlərin möhkəmlənməsi, ölkələrin iqtisadi potensialının və təbii ehtiyatlarının xalqların rifahına və tərəqqi məqsədlərinə yönəldilməsi istiqamətində region dövlətləri, o cümlədən qardaş Türkiyə ilə birgə ardıcıl fəaliyyət göstərib və hazırda da bu, uğurla davam etdirilir. Türkiyənin artan gücünün təzahürü olaraq enerji təhlükəsizliyi sahəsində atdığı önəmli addımlar bunun bariz ifadəsidir.
Dövlətimizin başçısının Zirvə toplantısı iştirakçılarına məktubunda Avrasiya iqtisadi zirvə toplantılarının uzun illərdir ki, uğurla sülh və dialoqu təşviq etdiyi, qloballaşma dövründə yeni çağırışların müzakirə olunduğu bir platforma kimi Avrasiya regionunda əməkdaşlığın inkişafına dəyərli töhfələr verdiyi diqqətə çatdırılıb: “Builki sammit “İnsanlık daha iyisini hak ediyor” (Bəşəriyyət daha yaxşısına layiqdir) devizi altında keçirilir və bunun da böyük rəmzi mənası var. Bəşəriyyətin rifahı, qlobal miqyasda bütün maraqların və siyasətlərin mərkəzində insan amilinin dayanması, insanların layiq olduğu bir dünyada yaşaması üçün bu gün hər birimiz məsuliyyət daşıyırıq. Pandemiya ilə bərabər dünyamız hazırda iqlim dəyişikliyindən irəli gələn çağırışlar, qlobal təhlükəsizliyə təhdid yaradan bir sıra risklərlə üz-üzədir. Bütün bu problemlər qlobaldır və onların həlli də yalnız qlobal əməkdaşlıqla mümkündür. İnsanlığı təhdid edən problemlər üzərində birgə çalışma, ədalətin təmini, regional əməkdaşlıq, bərabərsizliyin aradan qaldırılması yeni geosiyasi nizamın da başlıca şərtidir”.
Prezident İlham Əliyevin məktubda vurğuladığı qlobal təhlükəsizliyə təhdid yaradan bir sıra problemlərin həllinə Azərbaycan hər zaman həssaslıqla yanaşıb, bu məsələdə qlobal əməkdaşlığa üstünlük verib. Fikrimizin təsdiqi olaraq bir məqamı xatırlatmaq istərdik. Azərbaycan pandemiyanın tüğyan etdiyi ilk vaxtlardan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığa xüsusi diqqət yetirib. Dünyanı cənginə alan bu bəlanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ edib. Həmçinin Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslər irəli sürüb. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar.
Onu da xatırladaq ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib.
Prezident İlham Əliyev, eyni zamanda, bir sıra beynəlxalq tədbirlərdəki çıxışlarında Azərbaycanın bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə olunmasını və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə qınayıb, “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyin narahatlıq doğurduğunu xatırladıb.
Ölkə rəhbərinin də vurğuladığı kimi, bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün dövlətlərin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub.
Prezident İlham Əliyev məktubunda, həmçinin Azərbaycanın Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirdiyini də xüsusi vurğulayıb. Dövlətimizin başçısı qeyd edib: “İnsanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyə bizə hər zaman yüksək dəstək verdi. Vətən müharibəsində qələbəmiz və hazırkı proseslər Azərbaycan–Türkiyə qardaşlığının, sarsılmaz birliyinin nailiyyətləridir. Ən önəmlisi isə hər iki ölkənin özü üçün bir dəyərə çevirdiyi ədalət və inkişafın qələbəsidir. Yeni geosiyasi reallığın ən böyük təntənəsi isə Şuşa Bəyannaməsidir. Bu tarixi sənəd Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, tərəfdaşlıq münasibətlərini müttəfiqlik statusunda rəsmiləşdirdi”.
Yeri gəlmişkən, Avrasiya İqtisadi Zirvə toplantılarında Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, əzəli tarixi torpağı olduğu hər zaman vurğulanıb. Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığına qəsd edildiyi bildirilib. Bu məsələdə müasir dünyada sülhün və əmin-amanlığın qorunmasına layiqli töhfələr verən qardaş Türkiyə həmişə Azərbaycanı dəstəkləyib, respublikamızla həmrəy olduğunu qətiyyətli mövqeyi ilə dünyaya çatdırıb. Bir sözlə, qardaş ölkə torpaqlarımız yağı tapdağındakı dövrdə və Vətən müharibəsi günlərində siyasi və mənəvi dəstəyini əsirgəməyib.
Prezident İlham Əliyevin məktubundan da aydın görünür ki, Azərbaycan Respublikası Avrasiyada qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, hər bir ölkənin təbii və iqtisadi potensialının, kommunikasiya imkanlarının xalqlarımızın mənafeyi naminə məqsədyönlü şəkildə istifadə olunması siyasətinə sadiqdir. Azərbaycan daim bölgənin inkişafı üçün daha əlverişli zəmin yaradan mütərəqqi ideyaları, nəhəng enerji və nəqliyyat layihələrini dəstəkləyir, bu istiqamətdə region dövlətləri, o cümlədən qardaş Türkiyə Respublikası ilə birgə mübarizə aparır.
Qloballaşan dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşılıqlı faydalı əməkdaşlığın qurulması böyük əhəmiyyətə malikdir. Azərbaycan özünün iqtisadi potensialından və geosiyasi imkanlarından tərəfdaş ölkələrin sosial-iqtisadi inkişafı və regional əlaqələrin möhkəmlənməsi naminə istifadə olunmasına hərtərəfli şərait yaradır. Bu baxımdan Azərbaycanın təşəbbüsü və digər qonşu ölkələrin birgə səyləri nəticəsində həyata keçirilən Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi–Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans–Anadolu qaz boru kəməri, eləcə də İzmirdə “STAR” neft emalı zavodunun açılması kimi mühüm transmilli layihələr regionda və dünyada dövlətlərarası iqtisadi əməkdaşlığa, bəşəriyyətin təhlükəsizliyi və əmin-amanlığına dövlətimizin əməli töhfəsi kimi qiymətləndirilir.
XXIV Avrasiya İqtisadi Zirvə toplantısında da bu önəmli məsələlərə bir daha diqqət yetirilib və ölkəmizin enerji siyasəti, bu sahədəki yeniliklər, perspektivdə olan layihələr barədə ətraflı məlumat verilib. “Yaşıl enerji” layihələrinin maliyyələşdirilməsi üçün regional maliyyə alətinin yaradılması məsələlərinin vacibliyinə toxunulub. Eyni zamanda, dünyada enerjiyə sürətlə artan tələbatın bu sahədə ortaq əməkdaşlığı zərurətə çevirdiyi bildirilib.
Zirvə toplantısında Azərbaycanda yeni enerji mənbələrinin müəyyən edilməsinin prioritet vəzifə olması, dövlətlərarası münasibətlərdə və geosiyasi proseslərdə böyük rolu olan enerji amilinin hazırda texnologiyaların inkişafı ilə yeni bir məzmun qazandığı, respublikamızın hər zaman enerji sektorunun inkişafı üçün mütərəqqi ideyaları və innovativ təşəbbüsləri dəstəkləyən siyasət həyata keçirdiyi vurğulanıb.
Azərbaycanın enerji sahəsindəki nailiyyətlərində ölkəmizin Türkiyə ilə birgə addımladığı da qeyd edilib. İki ölkənin prezidentləri –İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsi sayəsində qaz mənbələri və marşrutlarının şaxələndirilməsi ideyasının gerçəkləşdiyi, TANAP-ın, bütövlükdə isə Cənub Qaz Dəhlizinin qlobal enerji təhlükəsizliyindəki bu strateji rolu ölkələrimizin nüfuzunu artırdığı, enerji sahəsində etibarlı tərəfdaşlar kimi dünyaya tanıtdığı diqqətə çatdırılıb.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2021.- 10
iyul.- S.1.