Qarabağ: erməni vandallarının
yurdumuzda
törətdiyi
dağıntılar sürətlə aradan
qaldırılır
Təcavüzkar Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini başdan-başa xarabazara çevirdiyi kimi, II Qarbağ savaşının davam etdiyi 44 gündə cəbhə bölgəsində dinc əhalinin yaşadığı şəhər və kəndlərdə də irimiqyaslı dağıntı və təlafatlar törətmişdir.
Beynəlxalq hüquq və müharibə cinayətləri üzrə mütəxəssislərin göstərdikləri kimi, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnən II Qarabağ müharibəsinin gedişində məğlubiyyətlə barışmaq istəməyən Ermənistan əvvəllər olduğu kimi, beynəlxalq hüquq normalarını tapdalayaraq, müxtəlif müharibə cinayətləri törətməkdə davam etmişdir. Həm I Qarabağ müharibəsi, həm də atəşkəs müqaviləsinin qüvvədə olduğu dövrdə Ermənistan tərəfindən törədilmiş müxtəlif dərəcəli beynəlxalq cinayətlərin cəzasız qalması və dünya ictimaiyyəti tərəfindən bu əməllərə lazımi münasibətin və diqqətin göstərilməməsi Ermənistanın növbəti dəfə bu cür cinayətlər törətməkdən çəkinməməsinə səbəb olmuşdur.
44 gün davam etmiş İkinci Vətən müharibəsi zamanı döyüş meydanında böyük itkilər verən təcavüzkar Ermənistan beynəlxalq humanitar hüququn, demək olar ki, bütün norma və prinsiplərini pozmuş və çoxsaylı müharibə cinayətləri törətmişdir. Bu cinayət əməllərinin bir qismi itki balansının tarazlaşdırılması məqsədilə mülki əhaliyə və mülki obyektlərə yönəlmişdir. Ermənistanın dinc əhaliyə və mülki obyektlərə yönəlik hücumlar etməsi “ümumiyyətlə, mülki əhaliyə və yaxud bilavasitə hərbi əməliyyatlarda iştirak etməyən ayrı-ayrı şəxslərə qəsdən hücum etmə”nin müharibə cinayəti olduğunu təsbit edən Roma Statutunun 8- b maddəsinin açıq-aşkar pozuntusudur. Aktiv döyüşlərin davam etdiyi müddətdə təcavüzkar hücumlar əsasən Bərdə, Tərtər, Gəncə, Mingəçevir, Ağcabədi şəhərlərinə istiqamətlənmişdir.
Bütün bu cinayətlərin irimiqyaslı dağıntılarla nəticələnməsinə baxmayaraq, müharibə Azərbaycanın qələbəsi ilə başa çatan gündən təmas xəttinə yaxın bölgələrdə və işğaldan azad edilmiş ərazilərdə zəruri bərpa-quruculuq işlərinə start verilmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Müharibə başa çatandan dərhal sonra bütün bu işlərə start verildi. Çox böyük həcmli bir işdir. Dörd Lüksemburq boyda ərazini biz sıfırdan tikməliyik, qurmalıyıq. Çünki mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. İndi bunu bütün xarici qonaqlar da görürlər. Öz gözləri ilə erməni vəhşiliyini görürlər. Bu, misli görünməmiş vəhşilikdir. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik, məncə, dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı”.
2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında da göstərilmişdir ki, Silahlı Qüvvələrimizin 44 günlük qətiyyətli əks-hücum əməliyyatları nəticəsində işğalçı hərbi birləşmələr darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Lakin Ermənistan döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki əhalini, eləcə də infrastruktur obyektlərini hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmuşlar.
Həmin sərəncama əsasən, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasının təmin edilməsi üçün Baş nazirin rəhbərliyi altında dövlət komissiyası yaradılmışdır. Komissiya döyüş əməliyyatları zamanı qeyd olunan sahələrdə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı təxirəsalınmaz işlər aparmış və itkilərin dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlamışdır.
Noyabrın 9-da Dövlət Komissiyasının ilk iclası keçirilmişdir, noyabrın 12-də isə Baş nazir Əli Əsədovun Prezidentin tapşırıqlarının gerçəkləşdirilməsini təmin etmək üçün imzaladığı sərəncama əsasən, 3 qrup yaradılmışdır: Nazirlər Kabineti Aparatı üzrə Koordinasiya qrupu; aidiyyəti dövlət orqanlarının rəhbərlərinin müavinlərindən ibarət tərkibdə müvafiq sahələrə rəhbərlik üzrə İşçi qrupu; aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibdə işçi qruplar. Bütövlükdə, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli və Cəbrayıl, Goranboy və Naftalan, Gəncə, Mingəçevir rayon və şəhərləri üzrə 11 işçi qrupu yaradılmışdır. Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılmışdır.
Koordinasiya qrupu dövlət orqanlarının (qurumlarının) işlərinin əlaqələndirilməsini təşkil və təmin etmiş, həyata keçirilən tədbirlər üzrə analitik təhlillər aparmış, statistik hesabatlar hazırlamış, görülən işlər barədə mütəmadi olaraq komissiyaya məlumat vermişdir. İşçi qruplar mülki əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini təmin edərək və dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini 2020-ci il dekabrın 10-dək komissiyaya təqdim etmişdir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini təmin etmiş və itkilərin aradan qaldırılması üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini 2020-ci il dekabrın 1-dək komissiyaya təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dəymiş ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının formalaşdırılmasını 2020-ci il dekabrın 10-dək təmin etmişdir.
Komissiyanın ilkin məlumatına əsasən, 44 günlük hərbi əməliyyatlar dövründə Ermənistanın təcavüzü nəticəsində, təqribən, 3 min 700 obyektə müxtəlif dərəcəli ziyan dəymişdir. Evində yaşayışın mümkün olmadığı vətəndaşlar müvafiq mənzillərdə yerləşdirilmişlər. Dəyən zərərin qiymətləndirilməsi üçün yerli özəl və xarici qiymətləndirmə şirkətləri də prosesə cəlb olunmuşdur.
Dekabrın 14-də Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Bu sərəncamda isə dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6 min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində ilkin yardımın ödənilməsi nəzərdə tutulmuşdur.
Dövlət Komissiyası tərəfindən qiymətləndirmələrə əsasən, kənd təsərrüfatına dəymiş ziyanın məbləği 1 milyon 281,1 min manat müəyyənləşdirilmişdir. Komissiya tərəfindən müəyyən edilmişdir ki, ümumilikdə, 7 rayon ( Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Cəbrayıl, Goranboy) üzrə 1 560 baş iri və xırdabuynuzlu mal-qara, 34 baş at, 107 arı yeşiyi, 6 min 701 ev quşu tələf olmuş, 14 min 107 ot bağlaması yanmış, 31 kənd təsərrüfatı texnikasına ziyan dəymişdir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına əsasən, Ermənistanın hərbi təxribatı nəticəsində heyvandarlıq, əkinçilik, ticarət, ictimai iaşə və istehsal sahələrində fəaliyyət göstərən 300-dən artıq sahibkarlıq subyektinə ziyan dəymişdir.
Erməni vəhşiliyi nəticəsində 9 rayonda 2 min 442 yaşayış evi, 92 çoxmərtəbəli yaşayış binası və 423 mülki obyekt dağıdılmışdır. Zərbələr nəticəsində 13 kommunal infrastruktur obyektinə də ziyan dəymişdir. Onlardan 9-u su təchizatı, 3-ü elektrik təchizatı və 1-i istilik təchizatı obyekti olmuşdur. 17 dini obyekt zərər görmüşdür– bura məscid, kilsə və qəbiristanlıqlar aiddir. Həmçinin, Gəncə, Tərtər və Ağdamda yerləşən 3 tarixi abidəyə də ziyan dəymişdir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bugünlərdə mediada yaydığı məlumatda bildirilir ki, ötən müddətdə II Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli müvafiq sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təşkil olunmuş fəaliyyət nəticəsində, ümumilikdə, 11 şəhər və rayon ərazisində 12 mindən artıq obyektə baxış keçirilmiş, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılmışdır.
Qeyd edilmişdir ki, Nazirlər Kabinetinin 14 yanvar 2021-ci il tarixli sərəncamına əsasən, həmin yaşayış evlərinə və obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər çəkmiş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir.
Bu istiqamətdə fəaliyyətə başlamaq üçün Komitə yanvar ayının sonundan etibarən ziyan dəymiş ərazilərdə təmir-tikinti işlərinə paralel olaraq start vermişdir. İlk mərhələdə zəruri hazırlıq işləri aparılmış, məlumatlar aidiyyəti qurumlardan toplanılaraq siyahılaşdırılmış, iş həcmi dəqiqləşdirilmiş, ərazilər üzrə qəzalı və təmirə ehtiyacı olan fərdi yaşayış evləri, çoxmənzilli binalar və qeyri-yaşayış obyektləri olmaqla qruplaşdırılmışdır. Həmçinin dağılmış və qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin bərpası üçün 2, 3, 4 və 5 otaqlı evlərin nümunəvi layihəsi hazırlanmışdır.
Hazırda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər planlaşdırılmış qrafik üzrə aparılır və onların qısa bir zamanda tamamlanaraq, mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilmişdir. Tikinti və təmir-bərpa işlərinin surətli və keyfiyyətlə aparılması üçün yerlərə tikinti-inşaat materialları ilə fasiləsiz təminat həyata keçirilir.
Hazırkı mərhələdə 6 min 300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri artıq yekunlaşdırılmış, digər zərər çəkmiş tikililərin yenidənqurma və bərpası üzrə işlər isə sürətlə davam edir. Belə ki, görülmüş işlər müxtəlif istiqamətlər üzrə həyata keçirilmişdir. Qismən dağıntıya məruz qalan evlər və sahibkarlıq obyektləri üzrə təmir işləri aparılmış, tikililərin divarları bərpa edilmiş, dam örtükləri, qapı-pəncərələri yenidən quraşdırılmışdır.
Yenidənqurma və təmir-bərpası tələb olunan digər zərər çəkmiş obyektlər də mərhələli şəkildə zəruri tikinti materialları və texnika ilə təmin edilir, cəlb edilmiş işçi qüvvəsi tərəfindən işlər planlı şəkildə davam etdirilir. Bununla yanaşı, 156 dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş fərdi ev və qeyri-yaşayış obyektlərinin yerində yeniləri inşa olunur. Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Mingəçevir və Füzuli üzrə 65 fərdi yaşayış evlərinin inşası artıq yekunlaşaraq sakinlərin istifadəsinə verilmişdir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqları rəhbər tutaraq, insanların ən qısa müddət ərzində doğma şəhər və qəsəbələrində əvvəlki həyata qayıtması üçün bütün zəruri resurslarını səfərbər etmiş və 11 rayon və şəhər üzrə tikinti, təmir-bərpa işlərinin tezliklə başa çatdırılması nəzərdə tutulur.
Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə və keçmiş təmas xəttində irimiqyaslı minatəmizləmə işləri ilə yanaşı, əsas infrastruktur layihələri də sürətlə gerçəkləşdirilir. Azad edilmiş ərazinin elektrik təchizatı ilin sonuna qədər başa çatacaq. Kommunikasiyalar boyunca yeni elektrik xətləri çəkilir, yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri aprel ayından elektrik enerjisi ilə tam təmin edilib. Daşkəsəndən isə Kəlbəcərə Murov dağlarından yeni ötürücü xətlər çəkilir. Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir.
İlk növbədə, Füzuli–Şuşa istiqamətində Zəfər yolu adlandırılan yeni magistral qurulur. Horadiz–Zəngilan, Füzuli–Hadrut, Füzuli–Cəbrayıl, Bərdə–Ağdam, Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yollarının tikintisi də sürətlə davam etdirilir. Bununla yanaşı, Bərdə–Ağdam və Horadiz–Zəngilan–Ağbənd dəmir yolu infrastrukturu da bərpa edilir.
İşğal ərazisində ölkəmizə vurulan ziyanın hesablanması ilə yanaşı, şəhərlər üzrə, ilk olaraq, Ağdamın bərpası, və kəndlərdə birinci pilot layihə olan Zəngilan rayonunun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən ilk “Ağıllı kənd” layihələrinin icrasına başlanmışdır. Digər şəhərlərin də baş planları hazırlanır. Kəndlərin bərpasına gəldikdə isə işlər mərhələlərlə aparılacaq, əvvəlcə mövcud infrastruktura yaxın olan kəndlər dirçəldiləcək. Dövlət başçısı Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər vermişdir.
Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və Zəngilan rayonunda da yeni hava limanının tikintisinə start verilmişdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək.
Zəngəzur dəhlizinin açılması isə Qarabağla bağlı həyata keçirilən müxtəlif yönlü layihələrin zəruri davamı olacaq. Prezident İlham Əliyevin dediyi kimi: “Bu, bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2021.- 10 iyul.- S.6.