Məqsəd Şamaxı filialını
təhsil, tədqiqat
və innovasiya mərkəzinə
çevirməkdir
Müasir dünyada hər
bir ölkənin uğurlu
gələcəyi həmin ölkədə təhsilin səviyyəsi
ilə müəyyən olunur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev “Təhsil Azərbaycanın
davamlı inkişaf strategiyasının ən
öncül istiqamətlərindən biridir” deməklə bu sahənin
inkişafedici aspektlərinin yüksəldilməsi
ilə bağlı təhsil işçiləri
qarşısında çox ciddi vəzifələr qoymuşdur. Bu baxımdan Azərbaycan Dövlət Pedaqoji
Universitetinin (ADPU) Şamaxı
filialının kollektivi də təhsilin
inkişafı sahəsində öz
üzərinə düşən məsuliyyəti layiqincə
yerinə yetirməyə çalışır. Şamaxı
filialının fəaliyyət göstərdiyi 30 illik tarixə nəzər salsaq,
onun bu illər ərzində
böyük inkişaf yolu keçdiyini görərik.
Şamaxı
filialının direktoru, filologiya
üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova
ilə söhbətimiz də təhsil ocağının
dünəni və bu günü,
tələbələrin yüksək ixtisaslı kadr kimi yetişdirilməsi
üçün tədris işinin
qurulması, mədəni-kütləvi tədbirlərin keçirilməsi, tələbələrdə
vətənpərvərlik ruhunun gücləndirilməsi
barədədir.
Tünzalə
xanım, ötən tədris ili ölkəmizin
təhsil tarixində gərgin dövr oldu. Pandemiya, 44 günlük Vətən müharibəsi 30 illik tarixi olan
filialda təhsil prosesinə çətinlik
yaratmadı ki?
– Öncə onu qeyd edək ki, ADPU- nun Şamaxı filialı Nazirlər Kabinetinin 1991-ci il tarixli qərarına əsasən fəaliyyətə başlamış, və Prezident İlham Əliyevin 2000- ci il tarixli fərmanı ilə onun bazasında Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Şamaxı filialı yaradılmışdır. Dövlət başçısının sərəncamı ilə 2015- ci ildə AMİ filialları ilə birgə ADPU-ya qoşulmuş və biz həmin ali məktəbin Şamaxı filialı olaraq fəaliyyətimizi davam etdirmişik. Yarandığı ilk illərdə filialın elmi potensialı kifayət etmədiyindən kafedraların formalaşdırılması mümkün olmamış, professor-müəllim heyəti paytaxtda yerləşən digər nüfuzlu ali təhsil müəssisələrindən dəvət olunmuşdur. Bu gün filialda 1 pedaqoji fakültə və 3 kafedra – sosial və pedaqoji elmlər, riyaziyyat və kompüter elmləri, dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedraları daxil olmaqla, ümumilikdə 11 bölmə və şöbə fəaliyyət göstərir və 7 ixtisas üzrə kadr hazırlığı aparılır. Ötən illərdə filialda 2500- dən şox ali təhsilli pedaqoji kadr hazırlanmışdır.
ADPU-nun Şamaxı filialının qarşısında duran əsas vəzifə ölkənin və regionun sosial-iqtisadi inkişafının tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssislər yetişdirmək və filialı təhsil, tədqiqat, innovasiya mərkəzinə çevirməkdir. Bu baxımdan əməkdaşlar respublikada təhsil sahəsində həyata keşirilən innovativ layihələrin iştirakçısı olmaqla bərabər, eyni zamanda bu layihələrin təşkilatçısı kimi də fəaliyyət göstərirlər.
Qürurverici haldır ki, pandemiya dövründə həm vətəndaşların sağlamlığı, həm də sosial rifahı ölkə başçısının diqqətindən kənarda qalmadı. Prezidentin düzgün siyasi xətti sayəsində pandemiya dalğasının qarşısının alınması istiqamətində mühüm işlər ğörüldü, səhiyyə sistemi gücləndirildi, əhaliyə davamlı dəstək mexanizmi işə salındı. Pandemiyanın kütləvi itkilərlə müşayiət olunması və hələ xeyli müddət davam edəcəyi ehtimalını göz önündə saxlayaraq təhsilin fasiləsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirildi. Təhsil Nazirliyinin “Evdə qal, təhsildən qalma!” – çağırışına bütün ali təhsil müəssisələri kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti, o cümlədən onun Şamaxı filialı da tam qüvvəsi ilə qoşuldu. Professor – müəllim heyəti qısa müddət ərzində məsafədən təhsilin şərtlərinə uyğun təlimatlandırıldı, texniki təchizat məsələləri həll edildi. Bütün ixtisaslar və fənlər üzrə tədris qaldığı yerdən onlayn rejimdə davam etdirildi. 2020-ci ilin mart – may aylarında, demək olar ki, respublikanın əksər bölgələrindən olan tələbələrimiz elektron formada mühazirə materialları ilə təmin edildi. Respublikanın ucqar kəndlərində yaşayan tələbələrin dərslərə qoşulmasında problemlər yaranmasını nəzərə alaraq, həmin tələbələrlə zəng və ya elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanıldı və daha geniş təlim imkanları yaradıldı. Kollektivin əzmi sayəsində bütün çətinliklərdən uğurla çıxa bildik. Ötən dövrdə tədrislə yanaşı mədəni kütləvi tədbirlər də onlayn qaydada həyata keçirildi. Filialın Elmi Şurasının, kafedraların iclasları, bir sözlə bütün tədbirlər onlayn şəkildə təşkil edilir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatan Vətən müharibəsi ADPU- nun Şamaxı filialının kollektivi tərəfindən böyük qürur hissi ilə dəstəkləndi və sosial şəbəkələrdə işıqlandırıldı. Ümumilikdə, filial fəaliyyət göstərdiyi müddətdə regionun yeganə ali təhsil müəssisəsi olaraq həm ixtisaslı kadrların yetişdirilməsində, həm də gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında cəmiyyətdə özünə müsbət imic qazanmışdır. Qeyd edək ki, bu şanlı tarixə məzunlarımız da öz imzalarını atdılar. Onlarla məzunumuz döyüşlərdə göstərdikləri şücaətə görə Ali Baş Komandanın sərəncamı ilə orden və medallarla təltif olundular. Təəssüflə qeyd edim ki, şəhidlik zirvəsinə ucalan məzunlarımız da oldu. Biz onların xatirəsini daim uca tutaraq filialın həyətyanı sahəsində əbədiləşdirmişik.
– Filialın tələbə
kontingenti necədir? Hansı bölgədən
qəbul üstünlük təşkil edir?
– Filialın qəbul planlarının statistikasında bölgənin tələbatı nəzərə alınır. Yeni tədris ilindən fizika müəllimi və təhsildə sosial psixoloji xidmət ixtisasları üzrə kadr hazırlığı da məhz bu baxımdan nəzərdə tutulmuşdur. Başa vurduğumuz tədris ili üçün filialda tələbə sayı 540 nəfərdir. Respublikanın bütün bölgələrindən tələbələrimiz olsa da, böyük əksəriyyəti Şirvan bölgəsinin təmsilçiləri olur ki, bu da bölgədə müəllim kadrları hazırlığını həyata keçirən filialın əhəmiyyətli olduğunu təsdiq edir. Son illərdə filiala 500- dən artıq balla qəbul olan tələbələrin sayı artıb.
– Təhsil prosesinin təşkili ilə bağlı fikrinizi də öyrənmək istərdik.
– Filialda tədrisin təşkili günün tələblərinə uyğun qurulur. Belə ki, istər maddi-texniki baza, istər müəllim heyətinin hazırlığı və səriştəliliyi, istərsə də tələbələrimizin tədrisə məsuliyyətli münasibəti uğurlarımızın əsasını təşkil edir. Tədris ADPU-nun təsdiq olunmuş tədris planlarına və tədrisin kredit sistemi ilə təşkili qaydalarına uyğun olaraq həyata keçirilir. Filialda İKT-nin multimedia və internet imkanlarının zənginləşdirilməsi və onlardan səmərəli istifadənin təşkili, elektron dərslik, dərs vəsaitlərinin hazırlanması həyata keçirilir, təcrübə mübadiləsinin və qabaqcıl təcrübənin yayılması məqsədilə kafedralar tərəfindən açıq dərslər və onların müzakirəsi təşkil edilir. Filial əməkdaşlarının müxtəlif təlim kursları və seminarlarda iştirakı təmin olunur. Tədris prosesində innovativ pedaqoji texnologiyalardan istifadə olunması, nəzəri və praktik məsələlərin vəhdətdə aşılanması gələcək kadrların istər pedaqoji təcrübə, istər MİQ imtahanlarında, istərsə də pedaqoji fəaliyyətləri zamanı heç bir çətinliklə üzləşməməsi ilə nəticələnir. 2020-ci il məzunları arasında MİQ imtahanlarında yüksək nəticə göstərən məzunlarımızın sayının çox olması buna bariz nümunədir. Qeyd etmək istərdik ki, son illərdə filialın qazandığı bütün uğurlarda ADPU- nun rektoru, professor Cəfər Cəfərovun daim diqqət və qayğısını hiss etmışik.
– Filialın maddi-texniki bazası, kadr
potensialı müasir tələblərə
cavab verirmi?
– Son illərdə filialın tədris korpusunda təmir işləri aparılmış, infrastruktur və maddi-texniki bazası xeyli yaxşılaşdırılmışdır. Tədris binası 3 mərtəbədən ibarətdir. Binada tədris üçün nəzərdə tutulmuş 25 auditoriya, 16 xidməti otaq, 2 oxu zalı və 3 kitabxana fondu saxlanılan otaq, 120 nəfərlik yeməkxana, tibb otağı, 150 nəfərlik akt zalı, 60 nəfərlik Heydər Əliyev Lektoriyası və İnklüziv Təhsil Mərkəzi mövcuddur. 25 tədris auditoriyasının hər birində kompüter, 4 otaqda elektron lövhə, 6 otaqda proyektor yerləşdirilmişdir. Sürətli fiberoptik internetə qoşulma internetlə bağlı problemləri aradan qaldırmışdır. Rəsmi saytımız (www.shamakhi-adpu.az) daim fəaliyyətdir.
Hazırda filialda 95 əməkdaş çalışır. Onlardan 37 nəfəri professor–müəllim heyəti, 24 nəfər tədris –köməkçi heyəti, 13 nəfər inzibati –idarə heyəti, 21 nəfəri isə xidmətedici heyətin üzvüdür. Müəllim heyətinin tərkibinin elmi dərəcəlilərin hesabına artırılmasına və müəllimlərin elmi fəaliyyətlərinin davam etdirilməsinə ciddi fikir verilir. Professor –müəllim heyətindən 4 nəfəri dosent, 7 nəfəri fəlsəfə doktoru, baş müəllim, 4 nəfəri baş müəllim, 22 nəfəri isə müəllim kimi çalışır. Eyni zamanda professor–müəllim heyətindən 2 nəfər elmlər doktoru, 7 nəfər fəlsəfə doktoru proqramı üzrə dissertantdırlar. Həmçinin filialda tədris üçün ölkənin nüfuzlu ali təhsil müəssisələrindən yüksək elmi potensiala malik 14 müəllim (1 professor, 12 dosent, 1 fəlsəfə doktoru) dəvət olunmuşdur. Bu gün filialda çalışan əməkdaşlar arasında müxtəlif dövrlərin məzunları öz müəllimləri ilə bərabər çiyin-çiyinə çalışırlar.
– Filialda hansı ixtisaslar
üzrə kadr hazırlanır və nə
yeniliklər gözlənilir?
– 2020 – 2021-ci tədris ilinin sonunadək filialda dövlət təhsil standartlarının tələblərinə əsasən bakalavr təhsil pilləsində ibtidai sinif, tarix və coğrafiya, riyaziyyat və informatika, Azərbaycan dili və ədəbiyyat və məktəbəqədər təlim və tərbiyə ixtisasları üzrə kadr hazırlığı həyata keçirilib. 2021 – 2022-ci tədris ilindən bölgədəki kadr ehtiyacını nəzərə alaraq, göstərilən ixtisaslarla yanaşı, yeni iki ixtisas – fizika və təhsildə sosial psixoloji xidmət ixtisasları üzrə də kadr hazırlığı aparılacaq. Bu yenilikləri nəzərə alaraq, həmin ixtisaslar üçün də kabinetlər təşkil olunur. Filialda fizika müəllimliyi ixtisası üzrə kadr hazırlığı AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə əməkdaşlığın da genişlənməsinə zəmin yaradır. Həmçinin bütün ixtisaslar üzrə inklüziv təhsil fənninin tədris olunması nəzərdə tutulur. İnklüziv təhsil mərkəzinin işinin təkmilləşdirilməsi məqsədilə mərkəzin fəaliyyətinin laboratoriya kimi davam etdirilməsi qərara alınmışdır. Günün tələblərinə müvafiq olaraq ADPU-nun Şamaxı filialı yeniliklərə açıq bir müəssisə olduğunu tədrisə innovativ baxışlar ilə sübut edir.
Hər dəfə məzunlarla görüşlərdən sonra qürur hissi keçiririk ki, onların arasında müxtəlif rayonların təhsil şöbələrinin işçiləri, elmi dərəcəli, “Tərəqqi medal”lı, “Əməkdar müəllim” və “İlin müəllimi” adını almış, MİQ imtahanlarında yüksək göstəricilər əldə etmiş məktəb rəhbərləri, müəllimlər var. Məzunlarımız həmçinin müxtəlif rayonların idarəetmə orqanlarında, eləcə də dövlət əhəmiyyətli bir çox sahələrdə öz vəzifələrini layiqincə yerinə yetirirlər.
Müsahibəni
qələmə aldı:
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2021.- 10
iyul.- S.7.