Azərbaycan-Pakistan:

keçmişdən gələcəyə uzanan yol

 

Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir... İkitərəfli əlaqələrdə siyasi sahədən əlavə biz iqtisadi məsələlər üzərində diqqətimizi cəmləşdirməliyik. Hesab edirəm ki, qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur. Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr quran, Bakıda səfirliyini açan ilk dövlətlərdən biridir. Azərbaycanla Pakistan arasındakı qarşılıqlı əlaqələrin dərin tarixi var. Xalqla­rımızın oxşar dəyərlərə sahib olması iki ölkə arasında həmrəyliyi daha da möhkəmləndirir. Bu münasibət azərbaycanlı mil­yonçu, xeyriyyəçi Zeynalabdin Tağıyevlə birbaşa əlaqəlidir. Belə ki, XX əsrin əvvəllərində Pakistan ərazisində ölümcül virus epidemiyası yayılmışdı. Qeyd etmək yerinə düşər ki, o vaxt Pakistan Böyük Britaniya­nın müstəmləkəsi idi. Bu kütləvi virus minlərlə insanın ölümü ilə nəticələnir, ölkəni çıxılmaz vəziyyətə sürükləyirdi. Məhz belə bir zamanda böyük mesenant Zeynalabdin Tağıyev öz şəxsi vəsaiti ilə 300 mindən çox peyvənd vasitəsi alaraq Pakistana göndərib. Bu peyvəndlərin sayəsində epidemiyanın qarşısı xeyli alınır. Pakistan xalqı bu yaxşılığı, üstündən bir əsr keçməsinə baxmayaraq, unutmur, dostluğa, qardaşlığa olan sədaqətini hər fürsətdə nümayiş etdirir.

 

Ümumiyyətlə, Pakistan ölkəmizə ən yaxın dostqardaş ölkələrdən biri kimi, bütün beynəlxalq təşkilatlarda Azərbaycanı xüsusi olaraq müdafiə edir. İki ölkə arasında mövcud olan bu münasibətlər “Beynəlxalq mədəni əlaqələr” kitabında da öz əksini tap­mışdır.

Pakistanla Azərbaycan arasındakı münasibətlər özünü strateji tərəfdaşlıq sahəsində də büruzə verir. Bu əlaqələr həm də iqtisadi münasibətlərin genişlənməsinə stimul olur. Son illərdə iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr müstəsna rol oynayır. Fondun xətti ilə Pakistanda bir çox mühüm layihələr həyata keçirilib. Təbii fəlakətlər nəticəsində dağılmış məktəblər, tibb müəssisələri təmir edilib, yeni tibb mərkəzləri müasir avadanlıqlarla təchiz olunub.

Tarixə nəzər salsaq görərik ki, Azərbycan və Pakistan istər dövlət, istər xalq səviyyəsində çətin zamanlarda bir-birinə dəstək olublar. Yüzilliyin sınağından çıxan əzəli dostluq və qarşılıqlı münasibətlər bu gündavam etdirilir. Bunun məntiqi nəticəsidir ki, Pakistan Ermənistanla heç bir səviyyədə diplomatik əlaqə qurmayıb. Azərbaycan xalqı, onun Prezidenti Pakistanın ölkəmizə olan dəstəyini 44 günlük Vətən müharibəsi zamanı da hiss etdi.

Pakistan, istər müharibə dövründə, istər müharibədən son­rakı mərhələdə daim Azərbaycanın yanında oldu. Xalqımızın unutmaya­cağı ən önəmli məqamlardan biri də müharibə aparan ölkəmizin paytaxtının küçələrində, evlərin balkonlarında, ticarət obyektlərinin, hətta avtomobillərin pəncərələrində üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, “çiyin-çiyinə” dalğalanan Türkiyə və Pakistan bayraqlarının dalğalanması idi.

Bu gün heç kimə sirr deyil ki, Azərbaycan, Türkiyə və Pakistan münasibətləri qarşılıqlı əlaqələr, dost­luq və qardaşlıq baxımından dünyaya gözəl nümunədir. Bu üç ölkə bir-biri ilə bütün sahələrdə əməkdaşlığı genişləndirirlər.

Bizim Pakistanla münasibətlərimiz hələ Azərbaycan sovet ittifaqının tərkibində olarkən yaranmağa, inkişaf etməyə başlamışdır. Belə ki, xalqlarımız arasında ilk əlaqələr 1947-ci ildə müstəmləkədən qurtulan müstəqil Pakistan dövlətinin yaranmasından sonra qurulmuşdur. Daha sonra, SSRİ öz xarici siyasətində yenicə müstəqillik qazanan Pakistanla münasibətlərə xüsusi önəm vermişdir. O zaman müsəlman respublikası kimi Pakista­nın məhz Azərbaycanla əməkdaşlığı ön plana çəkilmişdi. Həmin illərdə bu iki xalqın mədəniyyətlərinin tanınması üçün mədəni formatda bir sıra tədbirlər həyata keçirildi. İki ölkə arasında mədəni əlaqələr ötən əsrin 50-ci illərində geniş vüsət alsa da, qeyd etmək lazımdır ki, Pakistanda Azərbaycan mədəniyyəti haqqında əvvəlki dövrlərdən də geniş təsəvvür formalaşmışdı. Nizami Gəncəvidən başlayaraq, Azərbaycan ədəbiyyatının görkəmli simaları Pakistanda tanınır, sevilirdi. 1962-ci ildə Mirzə Fətəli Axundovun 150 illiyi münasibəti ilə keçirilən tədbirlərdən birində işti­rak edən məşhur Pakistan yazıçısı, Lenin mükafatı laureatı Əhməd Fəna demişdir ki, Axundov coğrafi cəhətdən Azərbaycana və onun xalqına mənsub olsa da, öz ideyaları ilə, digər Şərq ölkələri kimi, mənim vətənim – Pakistanın da yazıçısıdır.

Bu hadisədən sonra, elə həmin ildə Pakistan Milli Məclisinin sədri Fərzulla Kadar Çoudrinin rəhbərliyi ilə SSRİ-yə səfər edən bir qrup pakistanlı Azərbaycana gəlmiş, buradakı həyat, təsərrüfat və mədəniyyətlə yaxından tanış olmuşdur.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Pakistanla olan münasibətlərimiz yeni mərhələyə qədəm qoymuşdur. Bu mənada, 1995-ci ildə Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə oldu. Səfər çərçivəsində iki ölkə arasında birgə komissiya yaradılması haqqında protokol imzalandı, “Azərbaycan Res­publikası və Pakistan İslam Respub­likası arasında əməkdaşlıq haqqında müqavilə” bağlandı. Növbəti – 1996-cı ildə isə ulu öndər Heydər Əliyev Pakis­tanda rəsmi səfərdə oldu. İki ölkə ara­sında mühüm sənədlər imzalandıqdan sonra keçirilən mətbuat konfrasında çıxış edən Heydər Əliyev bildirmişdi ki, Pakistanın ölkəmizə olan dəstəyi bizim üçün çox əhəmiyyətlidir və bizöz növbəmizdə bütün məsələlərdə qardaş Pakistanı dəstəkləyirik: “Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Azərbaycan Prezidenti Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik.”

İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi Prezident İlham Əliyevin xarici siyasət istiqamətindəki prioritet sahələrdən biridir. Dövlət başçısı Prezident Pərviz Müşərrəfin dəvəti ilə 2005-ci ilin aprel ayında Pakistanda rəsmi səfərdə olmuşdur. Yerlixarici ekspertlər qeyd edirlər ki, bu səfər Azərbaycan – Pakistan münasibətlərinin yeni, tərəfdaşlıq mərhələsinə qədəm qoymasına böyük töhfələr vermişdir. Belə ki, səfər zamanı rabitə və informasiya texnologiyaları, mədəniyyət, maliyyə, təhsil, nəqliyyat, aviasiya sektoru və digər sahələrdə ikitərəli və çoxşaxəli əlaqələrin genişlənməsi üçün zəruri sənədlər imzalanmışdır.

Müstəqilliyin bərpasından son­ra, qarşılıqlı münasibətlərin otuz illik tarixində Pakistanla Azərbaycan arasında yenilənmiş formatda geniş mədəni əlaqələr qurulmuş­dur. Pakistan ictimaiyyəti, xalqı Azərbaycanda baş verən hadisələrə xüsusi həssaslıqla yanaşır. 2013-cü ildə Heydər Əliyevin 90 illik yubile­yi münasibətilə Pakistanda silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlər çərçivəsində Pakistanın Milli Kitab­xanasında “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan-Pakistan münasibətləri” mövzusunda seminar və tədbir çərçivəsində Heydər Əliyev guşəsinin yaradılması iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olmasından xəbər verir. Bu il, yanvarın 14-də Azərbaycan, Türkiyə və Pakistanın Xarici İşlər nazirlərinin İslamabad­da keçirilmiş üçtərəfli görüşüregio­nal və beynəlxalq sahələrdə çoxcəhətli əməkdaşlığın inkişaf etdirilməsinə daha geniş imkanlar açmışdır.

Yeri gəlmişkən, bu günlərdə Pakistan – Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) təqdimat mərasimi keçirilib. Qeyd edək ki, Pakistan və Azərbaycanın investisi­ya üçün yaxşı və təhlükəsiz ölkələr kimi tanıdılması, ölkələr arasında ticarəti və investisiya qoyuluşunun asanlaşdırılması, mövcud mühitinin təhlil edilməsi və iki ölkədəki tənzimləmə bazası barədə müəssisələrin məlumatlandırılması yeni yaradılan əməkdaşlıq palatası­nın əsas hədəflərindəndir. Həmçinin bərabərlik, tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası iqtisadi əlaqələrin və investisiya­ların müntəzəm və davamlı olaraq genişləndirilməsi, iki ölkə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə və intellektual inkişafına dəstək verilməsi, ortaq maraqlarının inkişafı, Pakistan və Azərbaycanın digər ticarət ortaqları ilə sıx əməkdaşlıq edilməsi də bu məqsədlərə daxildir.

Bütün bunlar ən sadiq və güvənilən tərəfdaşlarımızdan biri olan Pakistanla istənilən sahə üzrə əlaqələrin inkişaf etdirilməsi naminə atılan addımlardır. Ümid edirik ki, tarixi təcrübəyə, birliyə, bərabərliyə söykənən Azərbaycan – Pakistan münasibətləri bundan sonra da yüksələn xətlə davam edəcək və iki ölkə arasındakı keçmişdən gələcəyə iqtisadi əlaqələr daha da genişlənəcək.

 

İmran ƏLİYEV

 

Xalq qəzeti.- 2021.- 18 iyul.- S.7.