Azad jurnalistika yeni hədəflərə doğru

 

Müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Bu barədə biz sizinlə dəfələrlə danışmışıq, - xüsusilə 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır.

 

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Milli mətbuatımızın 146 yaşı tamam olur

 

İlk anadilli qəzetimizin146 il əvvəl çətin və mürəkkəb şəraitdə işıq üzü görməsi ilə Azərbaycanın ictimai gerçəkliyində tamamilə yeni bir başlanğıc meydana gəlmişdir. Xalqa deyilən doğru söz ilə onu sivil inkişaf yoluna səsləmək amalı ilə yaranmış ilk milli qəzetimiz “Əkinçi”, haqlı olaraq deyildiyi kimi, yeni bir epoxanın tələbi ilə türk-müsəlman kütlənin mənəviyyat və məfkurə sferasında ümumi tərəqqinin ilkmünbit toxumlarını” göyərtmişdir.

 

Tarixi zərurəti qeyrət və cəsarətlə cavablandırmış, maarifçi ideyalar, sivil dəyərlər uğrunda mübarizədə kütləvi söz tribunası olmuş milli mətbuatımızın yaranmasının ildönümünü xalqımı­zın hər il sevgi və sayğılarla qeyd etməsi müstəqillik illərində ümumxalq qədirbilənliyi ənənəsinə çevrilmişdir. Bu ilmilli mətbuatımızın şanlı doğum tarixi ölkə miqyasında iftixarla yad edilir. Bugünlərdə müxtəlif fəaliyyət sahələrini əhatə edən kollektivlərdə jurnalistlərlə keçirilən görüşlərdə, 22 İyul Milli Mətbuat Günü münasibətilə təşkil edilən tədbirlərdə anadilli mətbuatımızın ictimai fikir tariximizdə tutduğu şərəfli mövqedən, jurnalistikamızın bütün dövrlərdə xalqın köklü maraqları ilə bağlı mübarizədə oynadığı önəmli roldan, görkəmli qələm sahiblərinin ictimai tərəqqi, demokrtatik cəmiyyət uğrunda mübarizəsində formalaşmış gərəkli ənənələrdən söhbət açılır.

Bu toplantılarda indiki dövrdə ölkə mediasının çağdaş aləmin çağırışlarını çevik və səmərəli şəkildə cavablandır­ması üçün aparılan islahatın hədəf və mahiyyəti barədə aparılan fəal diskus­siya isə xalqın söz azadlığına verdiyi misilsiz önəmi, jurnalistikamızın “dör­düncü hakimiyyət” statusunun səmərəli surətdə gerçəkləşdirilməsi ilə bağlı ölkə auditoriyasının növbəti gözləntilərini əks etdirir. Bildirilir ki, tarixən dövlət müstəqiliyimizin bərpasında aparıcı rol oynamış jurnalistikamız suverenlyimizin möhkəmləndirilməsi və dönməz edilməsi uğrunda ümumxalq mübarizəsində də informasiya təminatçısı və təşviqedici vasitə kimi cəmiyyətin qurucu gücünü toparlayır və yönləndirir.

Həmişə olduğu kimi, bu günmilli mətbuatımızın tarixinə hər hansı bir formada müraciət ediləndə, ilk növbədə, qeyd edilir ki, 2 əsr əvvəldən başla­yaraq Azərbaycanda bu sivil fəaliyyət sahəsini bina etmək üçün hakim rus müstəmləkəçiliyinin atdığı addımlar yabancı niyyətləri əks etdirdiyindən uğursuz olmuşdur. Milli oyanış və məfkurəvi toparlanma ehtiyacından yaranan, qabaqcıl fikirli ziyalılarımızın xalq içərisindən göstərdiyi cəhdlərlə ərsəyə gələn ilk və sonrakı dövri nəşrlər isə doğma bir istəkdən qaynaqlandı­ğına görə Azərbaycan jurnalistikasının mötəbər özülünə çevrilmiş, müxtəlif fasilələrlə olsa da bugünkü 146 illik tari­xin öyünclü mərhələ və səhifələrini təşkil etmişdir.

“Zəmanə ilə sazişi gerçəkləşdirmək yolunda milli məktəb, teatr və mətbuat üçbucağının zəruriliyini ortaya qoyan Həsən bəy Zərdabi xalqın oxuyub-an­laya biləcəyi qəzetin yaradılmasına daha böyük ümid bəsləyərək bu sahədə qəhrəmanlığa bərabər bir fədakarlıq göstərmiş, “Əkinçi”qəzetini tarixi qaranlı­ğa işıq salan, gələcəyə yol göstərən ma­yaka çevirə bilmişdir. Milli mətbuatımızın banisiHeç olmaz ki, doğru söz yerdə qalsın” inamı ilə zamanın “Hər bir vilayətin qəzeti gərək onun aynası ol­sun”, “Qələm əhlinin müqəddəs vəzifəsi həqiqəti yazmaq olmalıdır” çağırışlarını Azərbaycanın milli-məfkurəvi, ictimai-siyasi fəaliyyət sahəsinə cəsarətlə gətirə bilmişdir.

XIX əsrin sonlarına doğru “Əkinçi”nin səpdiyi toxumlardanZiya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” dövri nəşrləri cücərmiş, XX əsrin əvvəllərində rus­dilli “Kaspi”qəzetində milli düşüncəyə meydan açılmış, mətbuatımızı ictimai problemlər müstəvisində xeyli qabağa aparan “Şərqi-Rus qəzeti boy atmış­dır. Bu dövrdən başlayaraq Həsən bəy Zərdabinin yetirmələri və davam­çıları olan Əlimərdan bəy Topçuba­şov, Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, ÜzeyirCeyhun Hacıbəylilər, Haşım bəy Vəzirov kimi qələm adamlarının, məfkurə və əməl sahiblərinin gözlərini və qulaqlarını söz deyib-eşitmək aləminə bir az da geniş açmışdılar.

İlk gündəlik milli qəzet “Həyat”, ilk məfkurə jurnalı “Füyuzat”, ilk satira jur­nalı və xalq tribunası “Molla Nəsrəddin”, ilk uşaq jurnalı “Dəbistan”, ilk qadın jurnalı “İşıq” mətbuatı xalqımızın ictimai-siyasi həyatı ilə möhkəm və birdəfəlik bağlamışdı. Bir-birinin ardınca işıq üzü görən “İrşad”, “Tazə həyat”, “Tərəqqi”, “Həqiqət”, “Açıq söz”, “Səda”, “Məktəb”, “Rəhbər” kimi dövri nəşrlər, adlarından da göründüyü kimi, milli haqlarına doğru addım-addım irəliləyən xalqımızın görən gözü, danışan dili, həqiqəti anladan məfkurə məktəbi olmuşdur.

1917-ci ilin fevralında II Rus inqila­bının dağıtdığı imperiyanın ucqarında tarixin verdiyi fürsətlə Azərbaycan dövlətçiliyinin bərpa edilməsində də milli mətbuatımız tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyətini yara­dan xadimlərin əksəriyyəti milli mətbu fəaliyyətdə yetkinləşmiş, məramlarını dövrün kütləvi nəşrlərində yaymışdılar. Bu prosesin yekununda 1918-ci ilin sent­yabrında milli mətbuatımızın daha bir ilkibirinci dövlət qəzeti “Azərbaycan” eyniadlı dövlətin atributlarından biri, sözfikir azadlığının ilk nümunəsi, timsalı kimi işıq üzü görmüşdür. AXC hökumətinin təsdiq etdiyi mətbuat nizamnaməsi Şərqdə ilk dəfə söz azadlığını bəyan və təmin edən rəsmi sənəd olmuşdur.

Rusiyadakı dağıdıcı hərbi çevrilişlə imperiyanı yeni əsaslarda bərpa etməyə başlamış bolşevizmin zorakı müdaxiləsi ilə AXC süqut etdikdən sonra söz azadlığını itirən, demokratik nəşrlərinin fəaliyyəti 71 il dayandırılan Azərbaycan jurnalistikası kommunist ideoloji qadağaları şəraitində belə elmi-mədəni yüksəlişə, sosial-iqtisadi quruculuğa, milli düşüncənin inkişafına xidməti ilə xalqa gərəkli olmuşdur. Bu dövrün milli varlığa bağlılığını qoruyub saxlayan, peşəkarlığını yüksəldən, maddi-texniki bazasını təkmilləşdirən, radio və televiziyanın yaranması ilə daha böyük auditoriya əldə edən Azərbaycan jurnalistikası sovet epoxasının süqutu ərəfəsində artıq öz demokratik ənənələrinə, milli platformasına qayıda bilmişdi.

Milli jurnalistikamızın 146 illik tarixinin çar Rusiyası dövründəki 43, AXC zamanındakı 2 və sovet epoxasında­kı 71 illik mərhələləri işıqlı- öyünclü, tutqunağrılı mövcudluğu üzərində son 30 illik inkişafı ilə ölkəmizdə senzuraideoloji basqısız azad sözün bərqərar olması cəmiyyətin ən önəmli demokra­tik nailiyyəti kimi dəyərləndirilir. Media mütəxəssisləri və qurucularının bildirdiyi kimi, Azərbaycanın dövlət müstəqilliyi bütün maddi sərvətlərimiz kimi, milli-mənəvi dəyərlərimizi, məfkurə irsimizi də xalqımıza qaytarmışdır.

Milli jurnalistikamızın ideoloji buxov­ları qıraraq öz demokratik ənənələrini bərpa etməsi sovet dövrünün son illərində gerçəkliyə çevrilsə də, yeni azad media dövlət müstəqilliyinin ilk illərində bir sıra obyektivsubyek­tiv səbəblərdən çətinliklərlə üzləşdi. Cəmiyyətdə hökm sürən siyasiiqtisadi böhran isə vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir şəraitdə 1993-cü ilin yayında xalqın tələbi və dəstəyi ilə hakimiyyətə qayıdıb ölkəni sabitlik, inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyev demokratik dövlətdə azad medianın inkişafı üçün zəruri olan əsaslı tədbirləri də vaxtında həyata keçirdi. Qısa müddətdə kütləvi informasiya vasitələrinin demokratik cəmiyyətdə fəaliyyətini təmin edən hüquqi baza yaradıldı. 1998-ci ilin avqustunda Prezident Heydər Əliyevin ölkəmizdə senzuranı ləğv etməsi milli jurnalistika tariximizdə yeni bir dövr açdı.

Azad jurnalistikanın maddi-texniki bazasını yeniləşdirmək, maliyyə-sosial problemlərini aradan qaldırmaq üçün real təminatlar da işə salındı. Həmişə kütləvi söz tribunası olaraq qurucu mətbuatın himayədarı olmuş Heydər Əliyevin iradəsi ilə ədəbi-bədii və uşaq nəşrləri dövlət himayəsinə götürüldü, müvafiq tədbirlərlə digər nəşrlərin də ba­zar şəraitində fəaliyyətinə əlverişli şərait yaradıldı. Qəzetlərin borclarının dondu­rulması və silinməsi onların dirçəlməsinə kömək etdi.

Dövlətin medianın fəaliyyətini tənzimləməkdən imtina edərək, demok­ratik mexanizmlərə meydan açması ilə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Mətbuat Şurasının ya­ranması ölkəmizdə qəzet-jurnal redak­siyalarının həyatında sivil prinsiplərin bərqərar olmasını təmin etdi. Bizdə yaranmış MŞ keçmiş sovet məkanı üçün model forma kimi qəbul edildi. Bütün bunları dəyərləndirən KİV kollektivləri ulu öndər Heydər Əliyevi “Jurnalistlərin dostuelan etdi.

Zəmanəmizdə medianın gücündən bəhrələnməklə böyük əməli nəticələr əldə etməyin nadir örnəyini yaratmış dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin layiqli davam­çısı Prezident İlham Əliyev isə son 18 ildə KİV-ə dövlət dəstəyinin demokratik nümunəsinə həyat vermiş ölkə rəhbəri kimi tanınmışdır. Onun xoş məramı ilə gerçəkləşdirilən KİV-ə dövlət dəstəyi konsepsiyasının gerçəkləşdirilməsi ölkəmizdə demokratik medianın dayaq­larını möhkəmləndirmiş, jurnalisrtlərin sosial problemlərinin həllində önəmli tədbirlərə meydan açmışdır. Jurnalistlər media qarşısında xidmətlərə görə Pre­zident İlham Əliyevə də ard-arda 3 dəfə “Jurnalistlərin dostu” mükafatı təqdim etmişdir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin KİV-in inkişafına dövlət himayəsi və jurnalistlərə dost münasibətini davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son 18 ildə jurnalistikamızın problemləri ardıcıl olaraq aradan qaldırılmışdır.

Artıq Azərbaycan jurnalistikası, bütövlükdə, demoktatik əsaslar üzərində inkişaf edir. Medianın maliyyə və peşəkarlıq problemləri sürətlə həllini tapır. Tarixən, ümummilli dəyərlərə, tərəqqi amillərinə xidmət zəminində formalaşmış milli jurnalistikamız demok­ratik cəmiyyətdə, müstəqillik şəraitində də öz rolunu maneəsiz olaraq icra edir. Ötən ilin payızında müstəqillik dövrünün ən ağrılı problemi olmuş Qarabağ münaqişəsinə son qoymuş Vətən müharibəsində jurnalistikamız qaza­nılmış misilsiz Qələbənin informasiya təminatçısı kimi öz rolunu şərəflə yerinə yetirmişdir.

Günümüzdə medianın texnolo­ji bazasının sürətlə müasirləşməsi, internetin geniş yayılması dünya medi­asında olduğu kimi, Azərbaycan jurna­listikasında da yeni dövrün tələblərinin təxirəsalınmadan cavablandırılmasını tələb edir. Elektron medianın geniş yayıl­ması, “sosial media” deyilən şəbəkənin yaratdığı problemlərlə yanaşı, onun danılmaz gerçəkliyə çevrilməsi ənənəvi jurnalistikanı çətin imtahan qarşısında qoymuşdur. Belə bir şəraitdə ölkəmizdə dövlət media siyasətinin yenilənməsi də zərurətə çevrilmişdir. Dövlət me­dia siyasətinin müasirləşdirilməsi və çevikləşdirilməsi bu sahədə normativ-hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanması­nı və həyata keçirilməsini tələb edir.

Bütün bunların nəzərə alınması ilə Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texno­logiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, bir sözlə, ölkəmizdə dövlət media siyasətinin demokratik əsaslarla daha çevik və səmərəli qurul­ması üçün bu ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşməsi haqqında” 12 yanvar 2021-ci il tarixli fərman imzalamışdır. Proqram səciyyəli bu sənəddə qeyd edildiyi kimi: “Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, media­nın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür”.

Prezidentin məlum fərmanınına əsasən yaradılmış Azərbaycan respub­likası Medianın İnkişafı Agentliyi medi­anın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audio­vizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texno­logiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

İslahatların gedişində agentliyin rəhbərliyi ilə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görülməsi, dövlət qurumları ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə daha müna­sib şərait yaradılması, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin ar­tırılması, o cümlədən onların sosial müdafiəsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi istiqamətlərində səmərəli, təsirli addımlar atılır. Hər şey ona yönəldilmişdir ki, mediaya dövlət dəstəyinin yeni formaları mövcud ələbaxımlığa son qoysun, müstəqil nəşrlərin fəaliyyətinin güclənməsini təmin etsin.

Bütün bu tədbirlərdə Media Agentliyinin fəal təşkilatçılıq rolu gündən-günə artır. Göründüyü kimi, agentliyin ölkəmizdə media subyektlərinin fəaliyyətinə mane olan problemlərin həllinə dair dövlət və yerli özünüidarəetmə orqanlarına verdiyi təkliflər, dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, dövlət orqanları­nın media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi, media subyektlərinin fəaliyyəti ilə bağlı apardığı təhlillər və gerçəkləşdirməyə başladığı yeni layihələr indiki media islahatlarının silsilə hədəfləri olub ölkəmizdə azad jurnalistikanın problemlərinin həllini təmin etməyə yönəldilmişdir.

Şübhəsiz, bu islahatlar dövlət media siyasətinin davamı pola­raq Azərbaycan jurnalistikasının öz tarixində qazandığı uğurlu yolla daha da irəliləməsini, media ilə yayılan azad sözün cəmiyyətin demoktaratik inkişafına töhfəsini artırmasını təmin edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, indiki mərhələdə: “Jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Dövlətçilik prinsipləri üstün­lük təşkil etməlidir. İlk növbədə, dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər hansı bir addı­ma yol verilməməlidir. Eyni zamanda, cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır”.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2021.- 18 iyul.- S.3.