Azərbaycan Respublikasının
İxracın və İnvestisiyaların
Təşviqi
Agentliyinin – AZPROMO-nun NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikasının İxracın və İnvestisiyaların
Təşviqi Agentliyi – AZPROMO-nun (bundan sonra – Agentlik)
ixracın və investisiyaların təşviq edilməsi
istiqamətində fəaliyyət göstərən,
ixracatçılara və investorlara bir sıra xidmətlər
göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik)
tabeliyində fəaliyyət göstərir.
1.2.
Agentlik öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, bu Nizamnaməni və digər
normativ hüquqi aktları rəhbər tutur.
1.3.
Agentlik öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən dövlət
və yerli özünüidarəetmə orqanları ilə,
beynəlxalq və qeyri-hökumət təşkilatları ilə,
digər hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4.
Agentlik ümumdövlət və ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olur.
Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə
nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə
də məşğul ola bilər.
1.5.
Agentliyin müstəqil balansı, əmlakı, xəzinə
və bank hesabları (yerli və xarici valyutada), öz adı
həkk olunmuş möhürü, müvafiq ştampları,
blankları və loqotipi (emblemi) vardır.
1.6.
Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və
qeyri-əmlak hüquqları əldə etmək və həyata
keçirmək hüququ, həmçinin vəzifələri
vardır. Agentlik məhkəmədə iddiaçı və
ya cavabdeh qismində çıxış edə bilər.
1.7.
Agentliyin rəsmi adı aşağıdakı kimidir:
1.7.1. tam
halda – Azərbaycan Respublikasının İxracın və
İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO;
1.7.2.
ingilis dilində – Export and Investment Promotion Agency of the Republic
of Azerbaijan, qısaldılmış halda – AZPROMO.
1.8.
Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri
2.1.
Agentliyin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.1.1.
ixracın və investisiyaların təşviqi üzrə
dövlət siyasətinin formalaşdırılmasında və
normativ hüquqi bazanın inkişafında iştirak etmək;
2.1.2.
ixracın və investisiyaların təşviqi üzrə
ixracatçılar və investorlar üçün davamlı
əlverişli mühitin yaradılması proseslərində
iştirak etmək;
2.1.3.
ixracın və investisiyaların təşviqi üzrə
proqram və layihələrin, dövlət dəstək
mexanizmlərinin həyata keçirilməsində iştirak
etmək və dövlət orqanları və
qurumlarının, yerli özünüidarəetmə
orqanlarının, hüquqi və fiziki şəxslərin bu
sahə üzrə fəaliyyətini əlaqələndirmək;
2.1.4. ixracatçıların
və investorların hüquqlarının və qanuni mənafelərinin
müdafiəsi üçün müvafiq tədbirlər
görmək;
2.1.5.
ixracatçıların ixrac potensialının gücləndirilməsini,
onların və investorların maarifləndirilməsini təmin
etmək;
2.1.6.
ixracın və investisiyaların təşviqi sahəsində
beynəlxalq təcrübənin
araşdırılmasını, öyrənilməsini və
respublika ərazisində tətbiqini təmin etmək;
2.1.7. bu
Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə
fəaliyyət göstərmək.
3. Agentliyin vəzifələri və
hüquqları
3.1. Bu Nizamnamə
ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq, Agentliyin aşağıdakı vəzifələri
vardır:
3.1.1.
ixrac və investisiya mühitinin
yaxşılaşdırılması və investisiyanın təşviqi
məqsədilə normativ hüquqi aktların, inkişaf
konsepsiyalarının və məqsədli proqramların
hazırlanmasında və həyata keçirilməsində,
qeyri-neft məhsullarının və qeyri-neft sektorunda həyata
keçirilən işlərin (xidmətlərin)
ixracının təşviqi və investisiyaların cəlb
edilməsi ilə bağlı dövlət siyasətinin, habelə
dövlətin dəstək proqramlarının və mexanizmlərinin
həyata keçirilməsində iştirak etmək;
3.1.2.
ixracın və investisiyaların təşviqi sahəsində
göstərdiyi xidmətlərin operativlik, şəffaflıq,
rahatlıq, nəzakətlilik və məsuliyyətlilik
prinsipləri əsasında həyata keçirilməsini təmin
etmək;
3.1.3.
ixracın və investisiyaların təşviqi sahəsində
dövlət orqanları və qurumlarının, yerli
özünüidarəetmə orqanlarının, hüquqi və
fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək;
3.1.4.
ixracatçıların və investorların
hüquqlarının, qanuni maraqlarının qorunması və
problemlərinin çevik həlli istiqamətində fəaliyyət
istiqamətlərinə uyğun olaraq tədbirlər görmək;
3.1.5.
ixracatçılar və investorlar arasında sorğular
keçirmək, onların problemlərini araşdırmaq,
ixrac və investisiya mühitinin təkmilləşdirilməsi
və beynəlxalq reytinqlərdə respublikanın
mövqeyinin yaxşılaşdırılması ilə
bağlı tədbirlərin həyata keçirilməsində
iştirak etmək;
3.1.6.
qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi, dövlət
əmlakının özəlləşdirilməsi prosesinə
investorların təşviq edilməsi üçün tədbirlərin
həyata keçirilməsini təmin etmək;
3.1.7.
qeyri-neft ixracına dair aylıq statistikanı dərc etmək;
3.1.8.
investisiya fəaliyyəti üzrə dövlət-özəl
tərəfdaşlığı sisteminin inkişafı və
təşviqi üçün tədbirlər həyata
keçirmək;
3.1.9.
ixracatçılara və investorlara göstərilən
elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və
sistemlərinin formalaşdırılması, aparılması,
inteqrasiyası və arxivləşdirilməsi
Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə
bağlı bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli
Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.10.
öz fəaliyyəti haqqında ixracatçıların,
investorların, o cümlədən digər fiziki və
hüquqi şəxslərin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin
saytda yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.1.11. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələri ilə
tənzimlənən və Agentliyin səlahiyyətinə aid
olan məsələlər üzrə Azərbaycan
Respublikasının götürdüyü öhdəliklərin
yerinə yetirilməsini təmin etmək;
3.1.12.
Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə
“Vətəndaşların müraciətləri haqqında”,
“İnzibati icraat haqqında” və “İnformasiya əldə
etmək haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən
edilmiş qaydada tədbirlər görmək;
3.1.13.
kargüzarlığı və vətəndaşların qəbulunu
müvafiq normativ hüquqi aktların tələblərinə
uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının
əlavə təhsili və peşəkarlığının
yüksəldilməsi üçün tədbirlər
görmək;
3.1.14.
Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
üçün tədbirlər görmək;
3.1.15.
Agentliyin informasiya təminatını təşkil etmək və
onun təhlükəsizliyini təmin etmək;
3.1.16.
qabaqcıl beynəlxalq təcrübəni nəzərə
almaqla, ixrac və investisiya sahəsində elmi-texniki nailiyyətlərin
tətbiqini təmin etmək;
3.1.17.
Agentliyə ayrılan büdcə vəsaitindən, kredit,
qrant və digər maliyyə vəsaitindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
etmək;
3.1.18.
dövlət və kommersiya sirrinin, habelə məxfilik
rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.19.
ixrac və investisiya sahəsində peşəkar mütəxəssislərin
hazırlanması və tədris proqramlarının tərtibi
ilə bağlı təkliflər vermək və onların həyata
keçirilməsində iştirak etmək;
3.1.20. bu
Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri
yerinə yetirmək.
3.2. Bu
Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq Agentliyin
aşağıdakı hüquqları vardır:
3.2.1.
ixrac və investisiyaların təşviqi sahəsində
normativ hüquqi aktların layihələrinin qəbul
olunması, aktlarda dəyişikliklər edilməsi, aktların
şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi
haqqında aidiyyəti üzrə təkliflər vermək;
3.2.2.
ixracatçıların və investorların hüquq və
qanuni mənafelərinin təmin edilməsi istiqamətində
normativ hüquqi aktların təkmilləşdirilməsi
üçün təkliflər vermək;
3.2.3.
ixracın və investisiyaların təşviqi sahəsində
inkişaf tendensiyalarını təhlil etmək, iqtisadi və
sosial ehtiyacların qarşılanmasında
ixracatçıların, investorların rolunun və
payının artırılması ilə bağlı təkliflər
vermək;
3.2.4. Azərbaycan
Respublikasının ixrac və investisiyaların təşviqi
sahəsində beynəlxalq müqavilələrə tərəfdar
çıxması barədə təkliflər vermək;
3.2.5. beynəlxalq
təcrübənin tətbiqi imkanlarının
araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla,
xarici dövlətlərin aidiyyəti dövlət
orqanları (qurumları) ilə əməkdaşlıq etmək,
xarici dövlətlərin müvafiq təcrübəsini
öyrənmək və tətbiq olunması ilə
bağlı təkliflər vermək;
3.2.6.
ixracın və investisiyaların təşviqi sahəsində
sahibkarların fəaliyyətinin əlaqələndirilməsi
məqsədilə onların ictimai birlik, assosiasiya, hüquqi
şəxsləri ittifaqlarının, habelə qanunvericilikdə
nəzərdə tutulan digər birliklərinin
yaradılmasını təşviq etmək;
3.2.7.
Nazirliklə razılaşdırmaqla xarici ölkələrdə
Azərbaycan Respublikasında istehsal olunan məhsulları təşviq
edən ticarət evləri yaratmaq, onların, habelə ticarət
nümayəndələrinin fəaliyyətini əlaqələndirmək,
təsərrüfat cəmiyyətlərini yaratmaq və ya
onlarda iştirak etmək;
3.2.8. təhlil
məqsədilə qeyri-neft məhsullarının ixracı əməliyyatları
haqqında məlumatların əldə olunması
üçün Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarına
aid statistik məlumatları əldə etmək;
3.2.9. məlumatlar
(sənədlər) almaq üçün dövlət
orqanlarına və qurumlarına, yerli özünüidarəetmə
orqanlarına, hüquqi və fiziki şəxslərə
sorğu vermək və onlardan belə məlumatları (sənədləri)
almaq;
3.2.10.
müstəqil ekspertləri və mütəxəssisləri
öz fəaliyyətinə cəlb etmək;
3.2.11. fəaliyyət
istiqamətlərinə aid məsələlərlə
bağlı konfranslar, müşavirələr, seminarlar
keçirmək, yerli və beynəlxalq tədbirlər təşkil
etmək, xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq;
3.2.12. əməkdaşlarını
dövlət təltiflərinə və digər
mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi
üçün tədbirlər görmək;
3.2.13.
ixracatçı və investorların fəaliyyətinə təsir
edən normativ hüquqi aktların, o cümlədən
onların layihələrinin beynəlxalq təcrübədə
geniş tətbiq olunan nəticələrinin təhlillərini
aparmaq, iqtisadi və digər aspektlərin ekspertizasını
həyata keçirmək və təkliflər vermək;
3.2.14.
ixracın genişləndirilməsi və investisiya sahəsində
inkişafa nail olunması məqsədilə hədəf
istiqamətlərinin müəyyən edilməsi, bu sahədə
strateji planların, yol xəritələrinin, tədbirlər
planlarının hazırlanması ilə bağlı təkliflər
vermək;
3.2.15.
potensial investorların investisiya yatırmasını təşviq
etmək üçün investisiya təşviqi tədbirləri
görmək, o cümlədən müxtəlif ölkələrdə
diasporların nümayəndələri və Azərbaycan
Respublikasında yaşayan xarici vətəndaşlarla
investisiya təşviqi üzrə müvafiq işlər
aparmaq;
3.2.16. Azərbaycan
Respublikasının iqtisadiyyatına investisiya yatırmaqda
maraqlı olan investorlarla investisiya axtarışında olan
sahibkarlar, habelə təchizatçı və birgə müəssisələr
arasında vasitəçilik etmək, onların
görüşünü təşkil etmək və
lazımi dəstəyi təmin etmək;
3.2.17.
ixracatçı və investorların fəaliyyəti ilə
bağlı aidiyyəti qanunvericilik aktları və həmin
aktlarda dəyişikliklər barədə izahedici və məlumatlandırıcı
yenilikləri kütləvi informasiya resursları vasitəsilə
operativ şəkildə onlara təqdim etmək;
3.2.18. fəaliyyət
istiqamətlərinə aid məsələlərlə
bağlı rəy və təkliflər vermək, təhlillər
və ümumiləşdirmələr aparmaq, tədqiqatlar
aparmaq, analitik və metodik materiallar hazırlamaq;
3.2.19. fəaliyyət
istiqamətlərinə aid məsələlərlə
bağlı araşdırmalar aparmaq və işçi
qruplar, komissiyalar yaratmaq;
3.2.20.
ixracatçı və investorlar üçün peşəkar
mütəxəssislərə dair məlumat bazası yaratmaq;
3.2.21. bu
Nizamnamə ilə müəyyən edilmiş digər
hüquqları həyata keçirmək.
4. Agentliyin idarə olunması
4.1.
Agentlik öz fəaliyyətində və idarəetmədə
mütərəqqi korporativ idarəetmə
standartlarını tətbiq edir.
4.2.
Agentliyin idarəetmə orqanları Müşahidə
Şurası və İcraçı direktordur.
4.3. Agentliyin
Müşahidə Şurası (bundan sonra – Şura) Agentliyə
ümumi rəhbərliyi və nəzarəti həyata
keçirir.
4.4.
Şura onun sədri də daxil olmaqla 7 (yeddi) üzvdən: Azərbaycan
Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan
Respublikasının xarici işlər nazirinin müavinindən,
Azərbaycan Respublikası kənd təsərrüfatı
nazirinin müavinindən, Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi sədrinin müavinindən,
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi sədrinin müavinindən, Azərbaycan
Respublikasının Dövlət Turizm Agentliyi sədrinin
müavinindən və Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının prezidentindən ibarətdir.
Şura üzvlərini Azərbaycan Respublikasının
Prezidenti vəzifəyə təyin və vəzifədən
azad edir. Şuranın sədri Azərbaycan
Respublikasının iqtisadiyyat naziridir.
4.5.
Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət
göstərir.
4.6.
Şura qərar qəbul etməkdə müstəqildir.
4.7.
Şuranın vəzifələri
aşağıdakılardır:
4.7.1. təsisçinin
səlahiyyətlərinin həyata keçirilməsi
üçün Azərbaycan Respublikasının Prezidentinə
və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə
təkliflər vermək və sənədlər (o cümlədən
Agentliyin maliyyə hesabatını və fəaliyyətinə
dair illik hesabatı) təqdim etmək;
4.7.2.
Agentliyin strateji məqsəd və planlarını müəyyən
etmək;
4.7.3.
Agentliyin fəaliyyətinə nəzarət etmək;
4.7.4.
Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən
və dövlətə məxsus digər fondlardan ayrılan vəsait
istisna olmaqla) hesabına işçilərə əlavə
ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
4.7.5.
Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat
cəmiyyətlərinin yaradılması və ya onlarda
iştirak barədə, həmçinin Agentliyin idarə,
filial və nümayəndəliklərinin yaradılması
barədə qərar qəbul etmək;
4.7.6.
İcraçı direktorun fəaliyyətinə nəzarət
etmək və onun fəaliyyətini yoxlamaq;
4.7.7.
Şura üzvlərinin və İcraçı direktorun
müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.7.8. kənar
auditoru təyin etmək və audit hesabatını qəbul
etmək, kənar auditorun yoxlamalarının, habelə digər
yoxlamaların nəticələrinə dair tədbirlər
görmək;
4.7.9.
Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən
maraqlar münaqişəsinin istisna olunması
qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin
əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin
nizamnamələrini təsdiq etmək;
4.7.10.
Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.7.11.
Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin
dəyərinin 25 faizindən artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və
aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin
5 faizini və daha çox hissəsini təşkil edən əqdin
bağlanması haqqında qərar qəbul etmək;
4.7.12.
Agentlikdə daxili audit bölməsi yaradıldığı
halda, həmin bölmənin fəaliyyətinə nəzarət
etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə
onun üzvlərini vəzifəyə təyin və vəzifədən
azad etmək;
4.7.13.
Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini
təsdiq etmək.
4.8.
Şuranın sədri ildə azı bir dəfə olmaqla
Şuranın iclasını çağırır və
iclasa sədrlik edir. Şuranın iclaslarının
keçirilməsi təşəbbüsü ilə
Şuranın üzvü və ya İcraçı direktor
çıxış edir. Şuranın iclası üzvlərinin
yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
Şuranın iclasında hər üzvün bir səsi olmaqla
qərarlar açıq səsvermə yolu ilə sadə səs
çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı
üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər
bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.9.
Şuranın üzvlərinə, habelə İcraçı
direktora və Şuranın iclaslarına dəvət olunan
şəxslərə Şuranın iclaslarının
keçiriləcəyi yer və vaxt, habelə gündəliyə
daxil edilmiş məsələlər barədə iclasa
azı 3 (üç) iş günü qalmış, zəruri
sənədlər əlavə edilməklə yazılı məlumat
verilir.
4.10.
Şuranın iclasında İcraçı direktor da
iştirak edə bilər.
4.11.
İclasın gündəliyinə Şuranın hər
hansı üzvünün maraqlarına toxunan məsələ
daxil edildikdə, həmin üzv bununla bağlı
maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin
müzakirəsində və həmin məsələyə
dair səsvermədə iştirak etməməlidir.
4.12.
Gündəliyə daxil edilməmiş və ya tələb
olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim
edilməmiş məsələlər barədə,
iştirakçı üzvlərin razılığı
olduğu hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.13.
Şuranın iclasının nəticəsi Şura üzvlərinin
və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir.
Şuranın katibi Şuranın iclasında iştirak edə
bilmədikdə, Şuranın sədri onu əvəz edəcək
şəxsi təyin edir. Şura protokolu təsdiq edərək
İcraçı direktora təqdim edir.
4.14.
Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar
sırasından Şuranın sədri təyin edir və
Şuranın katibi Şuranın sədrinə hesabat verir.
4.15.
Şuranın katibi:
4.15.1.
Şuranın iclaslarını təşkil edir;
4.15.2. bu
Nizamnamənin 4.9-cu bəndində nəzərdə
tutulmuş vəzifəni icra edir;
4.15.3.
Şuranın iclaslarının protokollarını tərtib
edir və imzalanmaq üçün Şuranın üzvlərinə
təqdim edir;
4.15.4.
Şuranın qərarlarının layihələrini
hazırlayır, baxılmaq və imzalanmaq üçün
Şuranın sədrinə təqdim edir;
4.15.5.
Şuranın qəbul etdiyi qərarların aidiyyəti
üzrə göndərilməsini təmin edir.
4.16.
Şuranın sədri:
4.16.1.
Şuranın işini təşkil edir və onun fəaliyyətinə
rəhbərlik edir, habelə özünün və
İcraçı direktorun vəzifəli şəxslərinin
qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.16.2.
Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir,
iclaslar çağırır və iclaslara sədrlik edir;
4.16.3.
öz təşəbbüsü ilə, habelə
Şuranın hər hansı digər üzvünün və
ya İcraçı direktorun xahişi əsasında digər
şəxsləri Şuranın iclasında iştirak etməyə
dəvət edir;
4.16.4.
Şuranın fəaliyyətinin təşkili ilə
bağlı digər tədbirlər görür.
4.17.
Şura sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini
müvafiq əmrlə Şuranın üzvləri arasından
sədrin müəyyən etdiyi şəxs icra edir.
4.18.
Şuranın üzvləri:
4.18.1.
Şuranın səlahiyyətlərinə aid məsələlərin
həllində iştirak edirlər;
4.18.2.
Şuranın iclasının gündəliyi ilə və
baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən
tanış olurlar;
4.18.3.
Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.18.4.
Şuranın iclaslarında Şuranın səlahiyyətlərinə
aid məsələlərə baxılması barədə təklif
verirlər;
4.18.5.
Şuranın qərarları, iclas protokolları və digər
sənədlərlə tanış olurlar.
4.19.
Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə
qərəzsiz yanaşmalı, Şura üzvünün
adına xələl gətirə biləcək hərəkətlərə
və çıxışlara yol verməməlidirlər, həmçinin
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
49-cu maddəsində müəyyən edilmiş digər tələbləri
yerinə yetirməlidirlər.
4.20.
Agentliyin fəaliyyətinə cari rəhbərliyi Azərbaycan
Respublikasının iqtisadiyyat naziri tərəfindən Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla vəzifəyə
təyin və vəzifədən azad olunan İcraçı
direktor həyata keçirir. İcraçı direktorun Azərbaycan
Respublikasının iqtisadiyyat naziri ilə
razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən
azad etdiyi iki müavini vardır.
4.21.
İcraçı direktor müvəqqəti olmadıqda, onun
səlahiyyətlərini müvafiq əmrlə
İcraçı direktorun müavinlərindən biri icra
edir.
4.22.
İcraçı direktorun vəzifələri
aşağıdakılardır:
4.22.1.
Agentliyin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə
rəhbərlik edir və onu təmsil edir;
4.22.2. bu
Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin
yerinə yetirilməsi məqsədilə Şuraya təkliflər
verir və sənədlər təqdim edir;
4.22.3.
aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin
5 (beş) faizədək hissəsini təşkil edən əqdin
bağlanması haqqında qərar qəbul edir;
4.22.4.
Agentliyin işçilərinin vəzifə
maaşlarının, vəzifə maaşlarına əlavələrin,
mükafatların və digər ödənişlərin
verilməsini əməyin ödənişi fondu çərçivəsində
təşkil edir;
4.22.5.
Agentliyin, o cümlədən onun idarə, filial və
nümayəndəliklərinin, habelə tabeliyindəki digər
qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində
isə yalnız rəhbərlərin) vəzifəyə təyin
və vəzifədən azad edilməsi, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirləri
görülməsi barədə qərarlar qəbul edir;
4.22.6.
Agentliyin işçilərinin vəzifə təlimatlarını
təsdiq edir, həmin vəzifə təlimatlarına nəzarət
edir, monitorinq və qiymətləndirməni təşkil edir;
4.22.7. bu
Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər
çərçivəsində Agentliyin adından əməliyyatlar
aparır, müqavilələr bağlayır və onların
yerinə yetirilməsini təmin edir;
4.22.8.
Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət
sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər
məlumatların mühafizəsi üçün zəruri tədbirlər
görür;
4.22.9. fəaliyyət
istiqamətlərinə uyğun olaraq komissiyalar, məşvərətçi
komitələr, işçi qruplar yaradır və onların
fəaliyyətini təmin edir;
4.22.10.
Agentlikdə kargüzarlıq və arxiv işinin
aparılmasını təmin edir;
4.22.11.
Agentliyin fəaliyyəti ilə əlaqədar konfrans, iclas,
seminar və digər tədbirlərin keçirilməsini təmin
edir;
4.22.12.
Agentlikdə vətəndaşların, o cümlədən
ixracatçıların, investorların qəbulunu və
onların müraciətlərinə baxılmanı təmin
edir;
4.22.13.
Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul
olunmuş aktların icrasını təşkil edir,
yoxlayır və buna nəzarəti həyata keçirir;
4.22.14.
özünün və Agentliyin struktur bölmələrinin vəzifəli
şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını
ləğv edir;
4.22.15.
Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə
tutulmuş məqsədlərə uyğun istifadə
olunmasına nəzarət edir;
4.22.16. bu
Nizamnamənin 3.1.17-ci yarımbəndində nəzərdə
tutulan vəsaitdən təyinatı üzrə səmərəli
istifadə olunmasını təmin edir;
4.22.17.
Agentliyin strateji məqsədlərinin və planlarının,
habelə büdcəsinin icrasına nəzarət edir;
4.22.18.
Agentliyin göstərdiyi xidmətlərin operativlik, şəffaflıq
və məsuliyyət prinsipləri əsasında həyata
keçirilməsini təmin edir;
4.22.19.
Şuranın qərarlarını icra edir;
4.22.20.
Agentliyin sənədlərinin nümunəvi formalarını
təsdiq edir;
4.22.21.
Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar
icrası məcburi olan daxili sərəncam və əmrlər
verir;
4.22.22.
Agentliyin idarə, filial və nümayəndəliklərinin,
həmçinin cəmiyyətlərinin təsdiq olunmuş gəlir
və xərclər smetaları üzrə xərclərin
ödənilməsini təmin edir;
4.22.23.
xarici ölkələrdə Azərbaycan Respublikasında
istehsal olunan məhsulları təşviq edən ticarət
evlərinin yaradılması ilə bağlı təkliflər
verir;
4.22.24.
müəyyən edilmiş struktur, əməyin ödənişi
fondu və işçilərin say həddi daxilində
Agentliyin aparatının və digər struktur bölmələrinin
strukturunu, ştat cədvəlini və xərclər
smetasını təsdiq edir;
4.22.25. bu
Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində
nəzərdə tutulmuş məsələlərin həlli
üçün tədbirlər görür;
4.22.26.
cari və operativ məsələlər barədə
Şuranı məlumatlandırır;
4.22.27.
Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət
sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər
məlumatların mühafizəsi üçün zəruri tədbirlər
görür;
4.22.28.
Şuranın səlahiyyətlərinə aid edilməyən
bütün digər məsələlər barədə qərar
verir.
4.23.
İcraçı direktor və onun müavinləri
adlarına xələl gətirə biləcək hərəkətlərə
və çıxışlara yol verməməlidirlər, həmçinin
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri
yerinə yetirməlidirlər.
5. Agentliyin nizamnamə fondu, əmlakı
və maliyyə fəaliyyətinin əsasları
5.1.
Agentliyin nizamnamə fondu 1 000.000 (bir milyon) manatdır.
5.2.
Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin
verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən
ayrılan vəsaitdən, fəaliyyətindən əldə
olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb
edilən investisiyalardan, ödənişli xidmətlərdən
və qanunla qadağan olunmayan digər vəsaitdən
formalaşır.
5.3.
Agentlik öz əmlakından yalnız bu Nizamnamədə
müəyyən olunmuş məqsədlərə uyğun
istifadə edir. Agentlik balansında olan dövlət əmlakına
münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının
qorunub saxlanılması və səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli
Fərmanı ilə müəyyən edilmiş qaydada həyata
keçirir.
5.4.
Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və
digər məcburi ödənişləri müəyyən
edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun təsərrüfat
cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin,
habelə tabeliyindəki digər qurumların fəaliyyətindən
əldə olunmuş vəsait üzərində müstəqil
sərəncam vermək hüququna malikdir.
5.5.
Agentliyin göstərdiyi və əlaqələndirdiyi iş
və xidmətlərin qiymətləri tənzimlənən
qiymətlərə (tariflərə) aid deyildir.
6. Agentliyin fəaliyyətinə nəzarətin
forması və əhatə dairəsi
6.1.
Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan
Respublikasının Prezidenti, həmçinin təsisçinin
səlahiyyətləri çərçivəsində
Nazirlik və bu Nizamnamə ilə müəyyən edilmiş
qaydada Şura və İcraçı direktor həyata
keçirir.
6.2.
Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim
edilir.
7. Agentlikdə uçot və hesabat
7.1.
Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə publik hüquqi şəxslər
üçün müəyyən edilmiş qaydada
mühasibat uçotunu aparır, maliyyə hesabatlarını
tərtib, təqdim və dərc edir.
7.2.
Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim
edir.
7.3.
Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat
cəmiyyətlərinin, habelə tabeliyindəki digər
qurumların maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasını təmin edir.
7.4. Agentlik
öz fəaliyyətinin müstəqil surətdə
yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Agentliyin yenidən təşkili və
ləğvi
Agentliyin
yenidən təşkilini və ləğvini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir.
Xalq qəzeti.- 2021.- 24 iyul.- S.6.