Qarabağın sabahı daha gözəl və cazibədar olacaq

 

 Səkkiz aydır ki, doğma Qarabağımız döyüş cəbhəsindən geniş əmək cəbhəsinə çevrilib. Erməni vandallarının məqsədli surətdə viran qoyduqları yurd yerlərimizin bərpası, burada planlı şəkildə quruculuq tədbirlərinin həyata keçirilməsi qəlbimizi qürurinam hissi ilə döyündürür. Prezident İlham Əliyev Qarabağın dirçəldilməsini gündəlik nəzarətində saxlayır. Dövlətimizin bütün məsələlərdə olduğu kimi, bu sahədə də aydın planları, strateji hədəfləri var.

 Biz Ermənistanla sərhədin bu üzündə quruculuq işləri aparır, gül əkib hər tərəfi gülüstana çeviririk. Ermənilərsə sərhədin o üzündən güllə atıb təxribatlar törədirlər.

Ermənilər xain xislətlərindən əl çəkmirlər. Qoy, işğalçı ölkəyə milyardlarla dollarlıq yardım edib, bunu işğal edilib dağıdılmış əraziləri olan ölkə üçün qıymayanlar haq­dan, ədalətdən dəm vuranda nə etdiklərinin fərqində olsunlar.

Onsuz da biz Qarabağı öz gücümüzlə azad etdiyimiz kimi, elə öz gücümüzlə də yenidən qurub-yaradırıq və kimlərinsə minnətini götürmək fikrində deyilik. İşğaldan azad olunmuş ərazilərdə gerçəkləşdirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri Qa­rabağın işıqlı sabahından xəbər verir. “Ağıllı suvarma” şəbəkələri, digər kommunikasıya sistemləri, “yaşıl enerji” istehsalının tətbiqi imkan verəcək ki, bu iqtisadi rayonda həyat canlansın, turizm potensialı genişlənsin. İlk olaraq pilot layihə kimi Şuşada “ağıl­lı şəhər” konsepsiyası beynəlxalq turizm və nümunəvi istirahət məkanları üçün hər cür şərait yaradacaq. Şuşada interaktiv məlumatverici lövhələrin quraşdırılması, turizm xidmətləri ilə bağlı mobil tətbiqlər, tarixi abidələr, keçmiş münaqişənin izləri haqqında məlumat verən robot-bələdçilər, intellektual nəqliyyat sistemi, “yaşıl enerjiregiona xarici turist axınına şərait yaradacaq. Modern tipli yaşayış məntəqələrində sosial innovasiyala­rın, start-ap tipli mikrokiçik sahibkarlığın geniş yayılması kənd əhalisinin məhsuldar məşğulluğunun təmin edilməsinə hərtərəfli şərait yaradacaq.

Ərazilərin bərpasında avtomobil yollarının çəkilməsinin önəmi böyük­dür. Azərbaycan rəhbəri cənab İlham Əliyevin bu məsələyə qlobal miqyasda yanaşması xüsusilə diqqətəlayiqdir. Ölkəmizin böyük tranzit potensialı var və məqsədyönlü şəkildə reallaşdırılır. Ərazilərimizdə beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı iqtisadiy­yatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərəcək. Nəqliyyat, infrastrukturlogistika sahələrində birgə layihələr ölkəmizə böyük iq­tisadi mənfəət gətirməklə bərabər, dövlətimizin beynəlxalq əhəmiyyətini daha da artıracaq. Zəngəzur dəhlizinin açılması ilə Böyük İpək Yolunun daha da şaxələndirilməsi təmin olunacaqregion ölkələri bundan böyük səmərə əldə edəcəklər.

Rayonlararası yolların bərpası və yenilənməsi istiqamətində də zəruri işlər görülür. Füzulidən Şuşaya çəkilən 101,5 kilometrlik avtomobil yolunun yaxın zamanlarda istismara verilməsi ilə o, bölgədə əsas həyat arteriyası rolunu oynayacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı son sərəncamlardan biri məhz yol infrastrukturu ilə bağlıdır: həmin sənədlə Kəlbəcər və Laçın rayonları ərazisində yolların tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10 milyon manat vəsait ayrıldı. Magistral yollardan başqa, hava yollarının yaradılması məqsədilə tikilən yeni aeroportlar da Qarabağa səfərlərin intensivliyini təmin edəcək, iqtisadi inki­şafı sürətləndirəcək. Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinə yanvar ayında başlanıb və qısa vaxtda işlərin xeyli hissəsi görülüb. Sentyabrın 5-də burada birinci sınaq uçuşunun yerinə yetirilməsi nəzərdə tutulur. Füzuli ae­roportu ilə bərabər, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi də sürət və keyfiyyətlə aparılır.

Məlum olduğu kimi, əzəli torpaq­larımızda tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlan­dırmaq üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya prioritet istiqamət kimi qoyulub. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bütün bunlarla bağlı bir sıra əhəmiyyətli məqamlar diqqət çəkir. İşğaldan azad edilən ərazilərə böyük qayıdışın reallaşdırılması, Qarabağın dirçəlişinə nail olunma­sı vəzifəsi xüsusi yer tutur. Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulma­sında bir körpü olacaq.

Milli prioritetlərdə Qarabağın dirçəlişinin reallaşdırılması ilə bağlı o da bildirilir ki, əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilən ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı reallaşdırılmalı, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuq gerçəkləşdirilməlidir. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam in­teqrasiyasını reallaşdırmaq mümkündür.

Bu yöndə fəaliyyətlərin ardıcıllığı böyük nikbinlik yaradır. Ağdam, Füzuli və Zəngilan rayonlarının mina xəritələri Ermənistandan alınıb. Əvvəlcə qarşı tərəf onda belə xəritələrin olmadığı­nı iddia etsə də, Azərbaycanın haqlı mövqeyininuğurlu diplomatik-siyasi-hərbi gedişlərinin qarşısında cəmi bir neçə ay duruş gətirə bilib və xəritələri verməyə məcbur oldu. Üç rayon üzrə 189 min minaya dair xəritənin alınması humanitar təşəbbüs kimi təqdirəlayiq olmaqla bərabər, davamlı səciyyə da­şımalı və digər ərazilərin mina xəritələri də mütləq təhvil verilməlidir.

İstehkamçılarımızın əraziləri mina­lardan təmizləməsi ilə paralel olaraq, inşaatçılarımız quruculuq işlərini səylə davam etdirirlər. Prezident İlham Əliyev dəfələrlə Qarabağa səfər edərək, bu işlərin gedişi ilə yaxından maraqla­nıb, müvafiq göstəriş və tapşırıqlarını verib. Dövlətimizin başçısı Qarabağın dirçəldilməsi ilə bağlı fikirlərini dəfələrlə qətiyyətlə bildirib: “Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasın­da bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.

Bildiyimiz kimi, Qarabağda qurucu­luq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Bununla yana­şı, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasirlayiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifa­hın davamlı artmasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb.

İşğaldan azad edilən ərazilərdə mülki idarəetmənin düzgün, çevik və səmərəli şəkildə həyata keçirilməsi məqsədilə dövlət başçısının imzaladığı digər bir fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri institutu təsis olunub. Xüsusi nümayəndəliklərə müvafiq inzibati ərazi vahidlərində bir sıra məsələlər, o cümlədən, ərazilərin perspektiv inkişafının təmin edilməsi, mülkiyyətin mühafizəsi, dövlət və bələdiyyə əmlakından səmərəli istifadə, sahibkarlıq, şəhərsalma, tikinti fəaliyyətinin təşkili, ətraf mühitin qorun­ması, nəqliyyat və yol infrastrukturunun inkişafı və digər məsələlər həvalə olunub.

Ayrıca olaraq Şuşada aparılan bərpa işləri isə hədsiz fərəh doğur­maqla bərabər, siyasi əhəmiyyət də daşıyır. Bu tarixi şəhərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeylər, eləcə də, Qazançı kilsəsi bərpa edilir. Riyakar və məkrli ermənilər Şuşanı özlərinin tarixi şəhəri adlandırıb, eyni zamanda onun abadlaşdırılması üçün daşı-daş üstə belə qoymayıblar. Əksinə, bərpa zama­nı Qazançı kilsəsinin 200 metrliyində “İsgəndər M” raketinin qalıqları tapılıb və yalnız xoşbəxtlikdən faciənin baş verməməsi onu göstərdi ki, bu ölüm­cül silahla Ermənistan bütün şəhəri, o cümlədən, “dəyər verdiyi” kilsəni belə məhv etməyə hazır idi. Şuşanın əsl sahibləri bu gün onu özünün əvvəlki görkəmindən də yaxşı vəziyyətə gətirməkdədirlər. Qonşu dövlətin ərazilərini onilliklər ərzində qanunsuz işğal altında saxlayan Ermənistandan fərqli olaraq, torpaqlarını azad edən Azərbaycan üçün ərazisindəki hər bir abidə, bina, daş belə dəyərlidir, onların yenidən qurulması və qorunmasına dövlət səviyyəsində lazımi əhəmiyyət verilir.

İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Prezidentinin hələ no­yabr ayında imzaladığı sərəncama əsasən, Əlaqələndirmə Qərargahı, İdarələrarası Mərkəz və müvafiq sahələr üzrə işçi qrupları yaradılıb. Onlar Dövlət Şəhərsalma və Arxi­tektura Komitəsi ilə bərabər uğurlu, məhsuldar fəaliyyət göstərirlər. Bu ayın əvvəlində şəhərsalma məsələləri üzrə işçi qrup Qarabağın dirçəldilməsi üzrə görülən kompleks planlaşdırma işlərinin davamı olaraq, regionun bir neçə kənd və qəsəbəsi üçün memar­lıq-planlaşdırma həlləri üzrə “Qədim Qarabağın yenilənən siması” adlı açıq müsabiqənin keçirilməsi barədə qərar qəbul edib. Ümumi mükafat fondu 60 min manat olan müsabiqənin ilk mərhələsində təqdim olunan layihələrdə Ağdamın Sarıcalı, Füzuli­nin Horadiz, Kəlbəcərin Zar, Laçının Şəlvə, Cəbrayılın Böyük Mərcanlı kəndlərində, həmçinin Xudafərin qəsəbəsində yaşayış məskənlərinin gələcək sosial, iqtisadi, texnoloji inkişafının əsas istiqamətləri, milli memarlıq ənənələrinə bağlılıq, yüksək bədii-estetik görünüşün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlara üstünlük veriləcək. Ölkəmizdə irəli sürülən və gerçəkləşdirilən belə vətənpərvərlik təşəbbüsləri az deyil.

Dünyanın işgüzar dairələri Qarabağ üzrə bərpa-quruculuq tədbirlərində işti­rak etmək niyyətindədirlər. Dost ölkələr işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesinə qoşulurlarbu arzuda olanlar da çoxdur. Elə bu günlərdə Prezident İlham Əliyevin qəbulunda olan Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının quber­natoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyəti ilə söhbət zamanı da bu mövzuda fikir mübadiləsi apa­rılıb və qonaqlar Zəngilan rayonuna səfərləri zamanı həmin ərazidə icra olunan “yaşıl enerji” və “ağıllı kənd” layihələri ilə yaxından tanış olacaqlarını bildiriblər.

Xatırladaq ki, Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir, ölkəmiz ABŞ-nın ayrı-ayrı ştatları, o cümlədən, 2000-ci ilin əvvəllərindən Oklahoma ştatı ilə səmərəli əməkdaşlıq edir. Hazırda bu əməkdaşlıq daha geniş tərəfdaşlıq for­matına çevrilməkdədir. Oklahoma Milli Qvardiyası ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında 20 ildən bəri davam edən əməkdaşlıq hər iki tərəfin mara­ğındadır. Cənab İlham Əliyevlə görüşdə Oklahoma ştatı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə də toxunulub, azərbaycanlı tələbələrin bu ştatda kənd təsərrüfatı üzrə təhsil aldıqları məmnunluqla qeyd edilib.

Qarabağın işğalçılar tərəfindən dağıdılmış ərazilərində aparılan bərpa-quruculuq işləri ilə tanış olmaq üçün ən müxtəlif səviyyəli ziyarətçilər buraya gəlir, zəngin təəssürat əldə edirlər. Rəsmi nümayəndə heyətləri, diplomatlar, xarici jurnalistlər həmin səfərlərə həvəslə qoşulurlar. Məsələn, bu günlərdə Azərbaycan Milli Məclisinin sədri Sahibə QafarovaPakistan Milli Assambleyasının sədri Əsəd Qeysər ilə Şuşa şəhərində səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Musta­fa Şentop orada gördükləri barədə fikirlərini jurnalistlərə açıqlamasında aydın ifadə edib: “Bir şəhərin sahibi bizik deyib buna inananlar, şəhəri bu günə qoya bilməzlər. Bunu ancaq işğal­çı anlayışı ilə yaşayanlar edə bilərlər. Tək Şuşada deyil, bütün məkanlarda daş üstündə daş qalmayıb. Bu təxribatı ortadan qaldırmaq üçün sürətli tikinti-bərpa işlərinin getdiyininşahidi olduq. Bir neçə ay ərzində Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması üçün hər şeyin ediləcəyinə inanıram”.

Yeri gəlmişkən, Azərbaycan, Türkiyə və Pakistan parlamentləri sədrlərinin imzaladığı Bakı Bəyan-naməsində də üç ölkə arasında daha əhatəli birliyinin strateji önəmi qeyd edilərək göstərilir ki, bir sıra digər məsələlərlə bərabər, azad edilmiş torpaqların yenidən inşası və məcburi köçkünlərin evlərinə qaytarılması səylərində Azərbaycanla tam həmrəylik ifadə olunub.

Bəli, Azərbaycan sürətlə inkişaf edir, Qarabağ isə layiq olduğu səviyyədə dirçəldilərək cənnətə çevrilir. Bütün bu tərəqqi meyilləri və bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi qüdrətinin, xalqımızın yüksək vətənpərvərliyinin göstəricisidir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2021.- 31 iyul.- S.1; 4.