Azərbaycanda
enerji təchizatının təminatı
prioritet istiqamətdir
Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə ölkənin elektroenergetika sisteminə daim diqqət və qayğı göstərib. Ötən müddətdə bu sahədə genişmiqyaslı layihələr gerçəkləşdirilib, yenidənqurma və tikinti işləri böyük vüsət alıb. Dövlətimizin başçısının tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində energetika sistemi əsaslı şəkildə modernləşdirilib, “itirilmiş” generasiya gücləri bərpa edilib.
Yeri gəlmişkən, Reabilitasiya Proqramı çərçivəsində indiyədək paytaxtımızda, habelə regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan “Bakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Şahdağ”, “Səngəçal” və digər modul tipli elektrik stansiyalarında “itirilmiş” gücün bərpası istiqamətində geniş həcmdə işlər görülüb. Bir çox elektrik stansiyası və yarımstansiyalar yenidən qurulub.
Hazırda yüksəkgərginlikli elektrik verilişi xətlərində modernləşmə davam etdirilir, enerjinin idarə edilməsi üçün SCADA dispetçer sisteminin yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Bakının Binəqədi rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/6 kilovoltluq “Binəqədi” yarımstansiyasının istifadəyə verilməsi də bunun bariz ifadəsidir.
Açılışda dövlətimizin başçısına verilən məlumatda1952-ci ildə inşa edilən “Binəqədi” yarımstansiyasının istismar müddətini iki dəfə keçdiyi bildirilib. Bu isə yarımstansiyanın fəaliyyəti zamanı texnoloji itkilərin çoxalmasına, müxtəlif qəza hallarının, qısaqapanmaların baş verməsinə, istehlakçıların enerji təchizatında fasilələrin yaranmasına səbəb olub.
Hazırda bu yarımstansiya müasir avtomatika sistemləri ilə təchiz edilərək tam yenidən qurulub. Burada görülən işlər çərçivəsində yeni avadanlıqla komplektləşdirilən, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri ilə təchiz olunmuş yeni idarəetmə mərkəzi tikilib və yerli mikro-SCADA sistemi qurulmaqla yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.
Qeyd edək ki, “Binəqədi” yarımstansiyasının yenidən qurulması həm də ona görə əhəmiyyətlidir ki, o, paytaxtın Binəqədi, Nərimanov, Nəsimi rayonlarının dayanıqlı elektrik enerjisi təchizatının təmin olunmasında mühüm rol oynayır.
Abşeron Regional Elektrik Şəbəkəsinin bu ərazidə yerləşən inzibati binası da yenidən qurulub. Şəbəkənin köhnə inzibati binası genişləndirilərək əsaslı təmir olunub, heyətin fasiləsiz iş rejimində çalışması üçün zəruri şərait yaradılıb. Bununla yanaşı, “Azərenerji” ASC-nin xüsusi təyinatlı maşın-mexanizmləri üçün nəqliyyat sahəsi və onlara təmir xidməti göstərəcək sahələr yaradılıb. Müxtəlif relyeflərdə, ağır şəraitdə işləyə biləcək xüsusi təyinatlı maşınlar alınıb. Ərazidə transformatorların təmir sahəsi qurulub, xüsusi layihə əsasında abadlıq işləri görülüb, geniş yaşıllıq sahələri salınıb.
Göründüyü kimi, Prezident İlham Əliyev tərəfindən energetika sahəsinin inkişafının diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan “əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünya miqyasında ikinci yerdədir.
Dövlətimizin başçısının dəqiq müəyyənləşdirdiyi strateji hədəflər, düşünülmüş strategiya ilə Azərbaycan bu gün elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilərək davamlı inkişafı ilə regionun lider dövləti statusunu daşıyır. Dünya birliyinin etibarlı tərəfdaşı olan respublikamızın sürətli inkişafı isə hər birimizdə qürur hissi doğurur. Təbii ki, bu qürur hissi, ilk növbədə, Prezident İlham Əliyevin yorulmaz, səmərəli fəaliyyəti ilə bağlıdır. Dövlətimizin başçısının gərgin səyi nəticəsində müəyyənləşən yeni inkişaf konsepsiyası da ölkəmizin enerji sektorunun bütünlüklə yenilənməsinə səbəb olub.
Bu gün düşməndən təmizlənən torpaqlarda da yaşayış sahələrinin elektrik təchizatı istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir, həm xətlər çəkilir, həm də yeni yarımstansiyalar tikilir. İşğaldan azad edilən ərazilərdə “yaşıl enerji” zonasının yaradılması da diqqət mərkəzində saxlanılır.
Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsinə xarici və yerli investorların marağı getdikcə artır. Bu, təsadüfi deyil. Çünki respublikamız bərpaolunan enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdəndir.
Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması mühüm vəzifə olaraq müəyyənləşdirilib. Həmçinin 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulub. Bu vəzifənin məhz, özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılıb.
Prezident İlham Əliyev bu il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizin işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.
Bu, dövlətimizin başçısının ölkəmizdə “yaşıl enerji” zonası yaradılması layihəsinə mühüm önəm verməsinin bariz ifadəsidr. Prezident İlham Əliyev azad olunmuş ərazilərə səfəri zamanı Laçın rayonunun Güləbird kəndində çıxış edərkən bu barədə bildirib: “Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik”.
Dövlətimizin başçısı daha sonra vurğulayıb ki, xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını, həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edə bilərlər.
İşğaldan azad olunan rayonlarda “yaşıl enerji” zonasının yaradılması üçün çox böyük potensial olduğunu qeyd edən Prezident İlham Əliyev bu bölgədə, məsələn, Laçın-Kəlbəcərdə külək enerjisindən, Zəngilan-Cəbrayıl ərazilərində isə günəş enerjisindən istifadə imkanlarının çox geniş olduğunu diqqətə çatdıraraq deyib: “Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik. Mən bu proqramı elan edəndə bunu nəzərdə tuturdum və bu gün birinci layihə – bax, orada gördüyünüz Güləbird Su Elektrik Stansiyası artıq istismara verilir”.
Yeri gəlmişkən, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə “yaşıl enerji” zonası, eləcə də “ağıllı kənd” layihələrinin reallaşdırılması istiqamətlərində ilk addımlar Vətən müharibəsinin parlaq qələbəmizlə başa çatmasından dərhal sonra atılıb. Ötən il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri çərçivəsində Güləbird SES-in açılışı, eləcə də Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin hazırlanması ilə bağlı çıxışında bu barədə ətraflı məlumat verib, eyni zamanda, bu mühüm işin müasir dünya standartları səviyyəsində reallaşdırılacağını diqqətə çatdırıb.
“Yaşıl enerji” zonası layihəsinin Qarabağ və ətraf rayonlarda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, Qarabağın bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Başqa sözlə, “yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağın dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.
Vaqif BAYRAMOV
Xalq qəzeti
2021.- 5 iyun.- S.1;2.