Bakı Formula 1 palitrasına xüsusi rəng qatır

 

 

 Builki yarışlar Bakının azərbaycanlı həvəskarlarının Formula 1-ə evsahibliyi baxımından ilk təcrübəsi deyil. Dünən başlanan test yürüşləri ilə paytaxtımız beşinci dəfə F-1-in döyüş mey­danına çevrildi. Daha əvvəlki təcrübələrimiz onu deməyə əsas verir ki, Bakı Formula 1-in ruhunu elə yarışın şəhərimizə gəldiyi ilk ildən mənimsəyib. Bir çox dövrün mədəniyyətini özündə qoruyub saxlayan, keçmişlə gələcəyin vəhdəti olanküləklər şəhərievsahibliyi etdiyi 4 Qran prini ən yüksək səviyyədə qəbul edib.

 

Formula-1 standartlarına uyğun yaradılan Bakı Şəhər Halqası (BŞH) yarışlarda iştirak edən bütün pilotlar üçün ən yaddaqalan treklərdən biri olub. Dünyanın ən böyük, inkişaf etmiş meqapolislərində keçirilən F-1 Qran prilərinə Bakının da daxil edilməsi hər bir azərbaycanlı üçün qürur mənbəyi olma­lıdır. Bu, dünyada milyardlarla izləyicisi olan belə bir platformada ölkəmizin, pay­taxtımızın tanıdılması, bütün dünyada söhbət mövzusu olması deməkdir.

 

Bakı Qran prisini xüsusi edən bir sıra amilləri sadalamaq olar. Ümumiyyətlə, Bakıdakı yarışlar­dan bəhs edərkən xarici media nümayəndələrinin, ələlxüsus birinci dəfədir şəhərimizə qonaq gələn əcnəbilərin ilk təəssüratı Bakının gözəlliyi ilə tanışlıqdan sonra yara­nır. Hətta əvvəlki illərdə müxtəlif ölkələrdən şəhərimizə gələn turistlərlə söhbət zamanı onlardan bəziləri üçün paytaxtımızın mistik tarixi aurasının yarışların önünə keçdiyi açıq şəkildə bəlli olurdu. Qran prilər zamanı hətta rəsmi F-1 fotoqraflarının çəkdiyi foto­ların bəzilərində, jurnalistlərin qələmə aldığı yazıların sərlövhələrində daha çox rast gəlinən iştirakçı superkarlar deyil, şəhərin qədim küçələri, yarışları bəlli bir məsafədə müşayiət edən qala divarları, Xəzərə qovuşan mənzərə idi. İnternetdə, sosial şəbəkələrdə doğma paytaxt Qran prisi barədə yeni bir xəbər oxuyarkən komandaların hazırlıq mərhələsi ilə tanış olarkən birdən-birə qarşımıza çıxan, illərdir görməyə öyrəşdiyimiz Bakı, hətta bizi vadar edir ki, hər şeydən əvvəl, dayanıb şəhərin möhtəşəm görüntüsünü izləyək.

 

Təəssüf doğurucu haldır ki, builki yarışlar azarkeşsiz keçirilir. Əlbəttə, pandemiyadan qorunma tədbirləri baxımından atılan bu addım başadüşüləndir. Lakin buna baxmayaraq, Bakı Qran prisinin hətta əvvəlki illərdəkindən maraqlı keçəcəyini gözləmək olar. Hər halda pilotların komanda üzvlərinin, hətta texniki işçilərin sözləri yarışın indiki rəqabət şəraiti bunu deməyə əsas verir.

 

Bir az şans, bir az təşkilatçılıq bir az da...

 

Bu 3 amil Bakı turunu cari Formula 1 mövsümünün ən maraqlı Qran prisi edir. İşin şans tərəfi ondan ibarətdir ki, qeyd etdiyimiz kimi, bu il Bakıdan əvvəlki 5 Qran prinin nəticələrinə görə, liderlik uğrunda amansız rəqabət var. Bu yarışlardan üçünü “Mercedes”, ikisini “Red Bull” komandasının qalibiyyətlə ta­mamladığını nəzərə alsaq üstünə buna baxmayaraq, “Red Bull”un lider olduğunu əlavə etsək, Bakıdakı trekdə qopacaq fırtınanı əvvəlcədən təxmin etmək çətin deyil. Digər tərəfdən, paytaxtımızda keçirilən əvvəlki 4 yarışın hər birində ayrı pilot qalib gəlib. Bu da Bakıdakı yarış üçün mütləq favorit proqnozunu çətinləşdirir. Belə bir məsələ var ki, bu 4 qalibin 3-ü “Mercedes”i təmsil edirdi. Bu halda qazanılan keç­miş qələbələr paytaxtımıza liderin bir xal gerisində gələnGümüş oxlar”ı növbəti Bakı zəfərinə inandırmaq birin­ciliyi ələ keçirmək xəyalına daha da yaxın edir.

 

Gərgin mübarizə vəd edən Bakı Qran prisinin bu il üçün ən həlledici yarış olacağı fikri təsadüfi deyil. Yarışla­rın 6-cı mərhələsində bir-birinə yaxın iki komandanın gözlənilməz xal itkisi bütün tarazlığı alt-üst edə bilər. Nəzərə alsaq ki, “Mercedes” liderliyi geri almağa, “Red Bull” isə sıralama liderliyini qorumağa çalışacaq, yarı­şın hansı şəraitdə keçəcəyi məlum olur.

 

O ki, qaldı pilotların şəxsi mübarizəsinə, burada da gərgin mübarizə müşahidə edilir, bu məqam yarışı daha prinspial edir. Ölkəmizdə keçirilən yarış pandemi­ya şəraitinə baxmayaraq, təşkilatçılıq baxımından heç əvvəlki illərə nəzərən az maraq doğurmayacaq. Belə ki, BŞH-nin kollektivi yarışlara yüksək səviyyədə hazırlıq görüb. Bakı Şəhər Halqasının icraçı direktoru Arif RƏHİMOV yarışlara hazırlıq mərhələsi ilə bağlı danışarkən deyib: “For­mula 1 ictimaiyyətini bu həftəsonu Azərbaycanda qarşılamağa hazır olduğu­muzu bildirməkdən olduqca məmnunuq. Bu möhtəşəm tədbiri dünyanın dörd bir ya­nına təqdim etməkdə bütün əzmi, fədakarlığı sevgisi ilə kömək edən Bakı Şəhər Halqasının bütün kollektivi ilə fəxr edirəm. Formula 1 bolidlərinin gözəl trekimizdəki gərgin mübarizəsinə şahid olduğumuz sonuncu yarış­dan çox vaxt keçib mən bu həftəsonunda sürücülərin qarşısına hansı sürprizlərin çıxacağını görmək üçün səbirsizliklə gözləyirəm”. Direktor daha sonra Bakıdakı yarışlara verilən ada vur­ğu edərək deyib ki, söhbət Formula 1 Azərbaycan Qran prisinə gəldikdə, hər zaman gözlənilməzi gözləməlisiniz.

 

FIA rəsmisi M.MasiBŞH-nin yarışa hazırlıq səviyyəsi barədə danışıb: “Azərbaycana yenidən gəlməkdən, həmçinin Azərbaycan Avtomobil Fede­rasiyasının və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin hər bir əməkdaşı ilə birlikdə işləməkdən çox məmnunam. Ümid edirəm ki, bu il biz Bakı trekində növbəti möhtəşəm yarışa şahid olacağıq. Bu tədbir aylar əvvəl başlanı­lan tikintidən cümə axşamı günü marşalların trekdə keçirəcəkləri simulyasiya təlimlərinə qədər davam edən uzun müddət ərzində görülmüş böyük hazırlıqlar nəticəsində ərsəyə gəlib. Keçirdiyimiz baxış əsasında deyə bilərəm ki, Bakı Şəhər Halqası yarış üçün əla vəziyyətdədir”.

 

Bütün bunlar yarışın təşkilatçılıq tərəfidir ki, nəinki F-1-də, ümumilikdə, nü­fuzlu beynəlxalq yarışların keçirilməsində qazandığımız böyük təcrübə bu Qran prinin də əla səviyyədə, yüksək standartlara uyğun reallaşa­cağını göstərir. Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün sonra paytaxt Bakı dünyanın ən böyük futbol yarışlarından biri olan Avropa kubokunun qrup mərhələsinə də evsahib­liyi edəcək.

 

Və nəhayət, üçüncü amil olan Bakı faktoru... Qeyd etdi­yimiz kimi, Formula 1 dünya­nın ən məşhur, ən böyük və ən inkişaf etmiş şəhərlərində keçirilir. Təyinat alacaq şəhərlər bütün standartlar çərçivəsində xüsusi yoxlanış­dan keçirilir. Əlbəttə, konsep­tin avtoyarış olduğu nəzərə alındıqda ilk və ən önəmli nü­ansın şəhərin yol infrasturk­turu olduğu düşünülməlidir. Lakin, bu, hələ hər şey demək deyil. Ölkənin beynəlxalq nü­fuzu, iqtisadi durumu, turizm imkanları yarışlara təyinat almağın önəmli şərtlərindən biridir. Bu mənada xalqın və dövlətin multikultural dəyərlərə yanaşma bucağı da həlledici amillərdəndir. Ölkəmizin dünya arenasında nüfuzunun ildən-ilə artması yarışların məhz paytaxtımız­da keçirilməsinə güclü zəmin yaratdı. Və 2016-cı ildən Bakı Formula 1 xəritəsinə daxil edildi. Bakının Formula 1-in keçirildiyi dünyanın ən möhtəşəm şəhərləri arasında olması bizim üçün fəxarətdir.

 

Qarabağ Azərbaycandır!

 

Bu il Azərbaycan yarış­lara həm də qalib ölkə kimi evsahibliyi edir. Ötənilki 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan otuz ildir həsrətini çəkdiyi torpaqlarına, ərazi bütövlüyünə qovuşdu. 2021-ci il Bakı Qran prisi milyardlarla insanın diqqətini paytaxtımıza, bilavasitə ölkəmizə yönəldəcək. Əlbəttə, istisna deyil ki, bu, Vətən müharibəsindəki parlaq Qələbəmizin, haqq səsimizin dünyaya çatdırılma­sı baxımından da çox böyük əhəmiyyətə malikdir. İnsanlar dünyanın müxtəlif ölkələrində, öz evlərində oturub paytax­tımızı izləyərkən, əlbəttə, bu məqamı da xatırlaya­caq, bilməyənlər eşidəcək, eşidənlər isə torpaqlarımızda nələr baş verdiyini araşdıra­caq.

 

Xülasə, Formula 1 Azərbaycan üçün yeni imkan­lar deməkdir. Bunlardan ən başlıcası, ölkənin beynəlxalq arenada tanıdılmasıdırsa, məlum məsələdir ki, bu, turizmə ən yaxın bağlarla əlaqəli məsələdir. Hazırda, hətta böyük supergüclərin ən başlıca dövlət prioritetlərindən birinə çevrilən turizmin inki­şafı məsələsi iqtisadiyyatla da birbaşa əlaqəlidir. Bu platforma ölkəmizə yeni in­vestor kapital axını olaraq geri dönəcək böyük yatırım örnəyidir.

 

İmran ƏLİYEV

 

Xalq qəzeti  2021.- 5 iyun.- S.1;7.