İslahatlar ölkəmizdə aqrar sektorun inkişafını sürətləndirib

 

Azərbaycanda aqrar sahənin inkişafı dövlət siyasətinin prioritetlərindən biridir. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın digər sahələri kimi, kənd təsərrüfatının da sürətli inkişaf etdirilməsi məqsədilə həyata keçirilən uğurlu islahatlar qısa müddətdə özünün müsbət nəticələrini göstərir.

 

Fəxrlə demək lazımdır ki, hazırda ölkəmizdə aqrar sahə özünün dinamik inkişafı ilə za­manın çağırışlara cavab verərək, keyfiyyətcə yeni mərhələyə daxil olub. Bu böyük uğur, ilk növbədə, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin kənd təsərrüfatına, bu sahədə çalışan bütün zəhmətsevər fədakar insan­lara göstərdiyi, bir an belə azal­mayan diqqət və qayğı sayəsində mümkün olub.

 

Son 19 ildə bu istiqamətdə görülən işlərin miqyası və vüsəti heyrət doğurur. Fərəhli nəticələr göz qabağındadır. Təsəvvür edin, 2003–2020-ci illər arasında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı iki dəfə artmışdır. Müqayisə üçün deyək ki, MDB ölkələrinin heç biri aqrar sektorda belə yüksək göstəriciyə nail ola bilməmişdir.

 

Azərbaycan hökumətinin aqrar sektorda qazandığı uğurlarla kifayətlənmək niyyəti yoxdur. Çün­ki ölkəmizdə aqrar sektorun böyük potensialı mövcuddur. Bu poten­sialı hərəkətə gətirmək, əhalinin maddi rifahını daha da yaxşılaşdır­maq üçün son vaxtlar bu sahədə düşünülmüş və məqsədyönlü islahatlar aparılır.

 

Bir daha vurğulamaq istərdik ki, aqrar sektorda aparılan isla­hatların əsas məqsədi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları istehsalının artırılma­sı, onların rəqabət qabiliyyətinin yüksəldilməsi, ekosistemin qorun­ması, torpaqsu resurslarından daha rasional istifadə edilməsi, son nəticə etibarilə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir.

 

Mütəxəssislər hesab edirlər ki, möhtərəm Prezidentimizin 2 fevral 2021-ci il tarixdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında imzaladığı sərəncam ölkəmizin qarşıdakı 10 il ərzində keyfiyyət etibarilə daha yüksək səviyyəyə çıxması üçün geniş imkan açmışdır. Onların fikrincə, milli prioritetlər dövlətin idarə olunmasında strateji planlaşma­nın təcəssümüdür. Bu, ölkəmizin sosial-iqtisadi inkişafının bütün istiqamətləri üzrə risklərin azalma­sına, sahələrin sürətli inkişafına töhfə verəcək.

 

Məlum olduğu kimi, sənəddə digər sahələr kimi, aqrar sek­torun da hərtərəfli inkişafı pri­oritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, son illər Azərbaycanda kənd təsərrüfatı sahəsində əldə olunan par­laq uğurlar dövlət başçısının bu istiqamətdəki düşünülmüş siyasətinin nəticəsidir.

 

Belə ki, ölkəmizdə 2004-cü ildən başlayaraq, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların inkişafı istiqamətində uğurla həyata keçirilən dövlət proqramları bölgələrdə yeni müəssisələrin açılmasına, yerlərinin yaradılmasına, son nəticədə əhalinin güzəranının daha da yaxşılaşmasına səbəb olmuşdur.

 

Qeyd etmək lazımdır ki, COVID-19 pandemiyasının yaratdıığı çətinliklər, bütövlükdə, ölkəmizdə kənd təsərrüfatının inkişafına ciddi maneələr yarada bilməmişdir. Əvvəlki illərdə olduğu kimi, 2020-ci il ərzində də kənd təsərrüfatında müsbət dinamika davam etmişdir. Bu məqamda konkret misallar çəkməyə ehtiyac duyuruq. Azərbaycanda ötən il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8428,9 milyon manat təşkil etmişdir ki, onun da 4400,5 milyon manatı heyvandarlıq, 4028,4 mil­yon manatı bitkiçilik məhsullarının payına düşmüşdür. 2019-cu illə müqayisədə kənd təsərrüfatının is­tehsalı 2 faiz, o cümlədən heyvan­darlıq məhsulları 3,1 faiz, bitkiçilik məhsulları 0,8 faiz artmışdır.

 

Ölkəmizdə 2020-ci ildə 1867,3 min ton buğda, 1021,1 min ton arpa, 321,9 min ton qarğıdalı, 9,9 min ton çəltik və sair toplanmışdır. Ötən il sahələrdən 1728, 9 min tonya əvvəlki illə müqayisədə 1,4 faiz çox tərəvəz, 1037,6 min ton (3,3 faiz çox) kartof, 448,1 min ton (0,1 faiz çox) bostan məhsulları istehsal olunmuşdur. 2020-ci ildə 336 min ton pambıq yığılmışdır ki, bu da 2019-cu ildəkindən xeyli çoxdur. Həmçinin 253, 3 min ton (6,9 faiz çox) şəkər çuğunduru və 6,9 min ton (15, 1 faiz çox) tütün istehsal olunmuşdur. İl ərzində 1131,1 min ton (3 faiz çox) meyvə və giləmeyvə, 208 min ton (3,1 faiz çox) üzüm, 931,5 min ton (0,2 faiz çox) yaşıl çay torpağı toplanmışdır. Rəqəmlərdən də göründüyü kimi, pandemiya ilə müşayiət olunan 2020-ci ildə aqrar sektorda artım müşahidə edil­mişdir. Bu il aqrar sektorda daha böyük göstəricilərin əldə olunacağı gözlənilir.

 

Bəllidir ki, 44 günlük Vətən müharibəsində tarixi qələbəmiz ölkəmizin hərtərəfli inkişafı və tərəqqisi üçün geniş imkanlar açmışdır. İndi ən vacib vəzifə bu imkanlardan maksimum bəhrələnmək, doğma Vətənimizi daha güclü və qüdrətli etməkdir. Azərbaycanda “ağıllı kənd” və “ağıllı şəhər”lərin qurulma­sı Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşır. Bu layihələr ölkəmizin ən modern, kreativ ideyalara nə qədər açıq olduğunu bir daha bariz şəkildə nümayiş etdirir.

 

Azərbaycan hökuməti ilk “ağıllı kənd” layihəsini işğaldan azad olunmuş Zəngilan rayo­nunun Üçüncü Ağalı kəndində həyata keçirməyi planlaşdırır. Həmin layihənin icrası əsasən beş komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı” kənd təsərrüfatı və alternativ enerji sahələridir. Yeri gəlmişkən, inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu, gözəl və bənzərsiz Qarabağı­mızın ekologiyasının qorunması, onun turizm imkanlarının daha da genişləndirilməsi üçünvacib amildir.

 

Zərrə qədər şübhə etmirik ki, “ağıllı kənd” texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradacaqQarabağ regionunun həm də tex­noloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini artıracaq.

 

Bəli, Azərbaycan kəndini qarşıdakı illərdə parlaq gələcək gözləyir. Bu gün işğaldan azad edilmiş ərazilərdə aqrar inkişafın yeni, Azərbaycan modeli qurulur. Bu model tezliklə ölkəmizin digər regionlarında da tətbiq olunacaq.

 

Sevindirici haldır ki, ölkəmizdə kənd təsərrüfatının inkişafını sürətləndirmək üçün modern texnologiyalar və innovasiyala­rın tətbiqinə böyük diqqət verilir. Azərbaycanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi yaradılaraq artıq uğurla tətbiq olu­nur. Kənd təsərrüfatında dronlar­dan, zərərvericilərə qarşı müasir bioloji mübarizə metodlarından ge­niş istifadə olunur, “Azərkosmos” vasitəsilə əkin sahələrinin optimal koordinatları müəyyənləşdirilir. Cəmi bir neçə il əvvəl bugünkü mənzərəni təsəvvür etmək belə çətin idi.

 

Bu gün ölkəmizdə Çin və Türkiyə texnologiyaları əsasında pambıq becərilməsi həyata keçi­rilir. Kənd təsərrüfatı naziri İnam Kərimov bu günlərdə mediaya açıqlamasında bildirmişdir ki, aqrar sahədə innovasiyaların tətbiqi, innovativ təşəbbüslərin dəstəklənməsi davam edəcək və Azərbaycan aqrar sahədə innova­siyaların ən çox tətbiq olunduğu ölkələrdən birinə çevriləcək.

 

Nazirin sözlərinə görə, cənab Prezident tərəfindən ötən il iyunun 27-də imzalanmış “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman kənd təsərrüfatında dayanıqlı inkişafı təmin edəcək. Məqsəd aqrar sahədə tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexaniz­min formalaşdırılması, bu sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi, müraciətlərin sadələşdirilməsi və elektronlaşdı­rılmasıdır. Məlumat üçün bildirək ki, ölkəmizdə 2020-ci ildən başla­yaraq aqrar subsidiyalar elektron hökumət vasitəsilə verilir.

 

Azərbaycanda aqrar sahəyə diqqət və qayğı ilbəil artır. Prezi­dent İlham Əliyevin qəbul etdiyi qərarlar sayəsində bu sahəyə dövlət dəstəyi gücləndirilmişdir. Bu gün ölkəmizdə kənd təsərrüfatının bütün sahələrində çalışan fermerlər dövlətin xüsusi diqqət və qayğısı ilə himayə olunublar.

 

Fermərlər, kənd təsərrüfatı sahəsində çalışan alim və mütəxəssislər onlara göstərilən hərtərəfli dəstək və qayğıya əməli işlərlə cavab vermək əzmindədirlər. Hamı başa düşür ki, aqrar sektorda əldə olunan davamlı uğurlar ölkəmizi güclü və qüdrətli etməklə bərabər, xalqımı­zın rifahını daha da yaxşılaşdıra­caqdır.

 

 

 

Məsaim ABDULLAYEV

 

Xalq qəzeti  2021.- 5 iyun.- S.11.