Avropa İttifaqı – Azərbaycan
münasibətləri: Prezident İlham Əliyevin təşəbbüsləri
yeni perspektivlər açır
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında
mövcud olan tərəfdaşlıq münasibətləri
bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi
üçün çox əhəmiyyətlidir. Keçən
əsrin 90-cı illərindən başlayan bu münasibətlərin
dinamikası zaman-zaman fərqli olub. Aİ-nin qonşuluq siyasətinə
etdiyi düzəlişlər fonunda 2015-ci ildən bu yana
müşahidə edilən sürətli geosiyasi dəyişikliklər
Brüssel–Bakı xəttində də maraqlı yeniliklərə
səbəb olmaqdadır.
Ekspertlər, xüsusən qırx dörd günlük İkinci Qarabağ müharibəsindən sonra Aİ ilə Azərbaycan arasında münasibətlərin hansı xətt üzrə inkişaf edəcəyi ilə ciddi maraqlanırlar. Müxtəlif təhlillər aparılır, proqnozlar verilir. Bütün bunların fonunda Aİ – Azərbaycan münasibətlərinin hazırkı mərhələdə ziddiyyətləri və perspektivləri üzərində geniş dayanmağa ciddi ehtiyac vardır.
Əlbəttə, bu problem hər iki tərəf üçün ciddi surətdə aktuallığını saxlayır. Onu iki aspektdə nəzərə almaq olar. Birinci aspekt Avropa İttifaqının hələ də dünyanın böyük geosiyasi güclərindən biri olması ilə bağlıdır. Faktiki olaraq, Aİ hazırda böyük bir məkanda geosiyasi balans yaratmaq funksiyasını yerinə yetirir. Eyni zamanda, Avropa İttifaqı Cənubi Qafqaz dövlətləri ilə (həm "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində, həm də ikitərəfli əlaqələr müstəvisində) münasibətlərin qurulmasında müəyyən təcrübəyə malikdir. Belə ki, 1992-ci ildən başlayaraq Aİ müxtəlif proqramlar vasitəsilə region ölkələri ilə əlaqələrini inkişaf etdirməyə çalışır.
İkinci aspekt Azərbaycanın son illər ərzində sürətli iqtisadi inkişaf yolu keçməsi, müstəqil siyasətini daha da təkmilləşdirməsi ilə İkinci Qarabağ müharibəsində əldə etdiyi parlaq qələbə sayəsində regionda geosiyasi balansı yeniləməsilə bağlıdır. Nəticədə, bir tərəfdən, dünyanın böyük geosiyasi gücləri regiondakı siyasətlərinə düzəlişlər etməli oldular, digər tərəfdən, Azərbaycanı bu regionun əsas geosiyasi faktoru kimi nəzərə almağa başladılar. Bu iki məqam Aİ–Azərbaycan münasibətlərinin məzmununa ciddi təsir etməkdədir.
2020-ci ilin sentyabrına qədər: Brüssel–Bakı münasibətlərinin dinamikası
Avropa İttifaqı – Azərbaycan münasibətlərinin dinamikasına iki aspektdə baxmaq daha doğru olardı. Onlardan biri tərəflər arasında "Şərq Tərəfdaşlığı" proqramına uyğun olaraq əlaqələrin qurulmasını nəzərdə tutur. Digəri isə Brüsselin Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanla ikitərəfli əlaqələrinin inkişafı ilə bağlıdır.
Ancaq hər iki aspekt Aİ-nin yeni qonşuluq siyasəti konsepsiyasının çətiri altında bir-biri ilə üzvi surətdə bağlıdır və daimi qarşılıqlı əlaqədədir. Qonşuluq siyasəti Aİ-nin 2004-cü ildə baş verən genişlənməsinə reaksiya olaraq işə salınmışdı. Bu məqam Azərbaycan da daxil olmaqla təşkilatın qonşu olduğu dövlətlərə istiqamətlənmiş siyasi kursunda prinsipial dəyişikliklə sıx bağlıdır. Belə ki, genişlənmə Aİ-nin şərq və cənub istiqamətlərində sərhədlərini yeniləşdirdi ki, uyğun olaraq, "qonşu ölkələr" və "Aİ-nin xarici sərhədləri" anlayışlarına da geosiyasi kontekstdə yeni məzmun çalarları verdi.
"Köhnə qonşular"ın təşkilatla bilavasitə sərhədləri vardı və qısa zaman kəsiyində Aİ-yə üzv olmaq perspektivləri mövcud idi. "Yeni qonşular"ın isə Aİ ilə bilavasitə sərhədləri yoxdur və ona üzv olmaq imkanından məhrum idilər. Bundan başqa, "yeni qonşular" dövlət olaraq çox fərqlidirlər və müxtəlif maraqlar güdürlər.
Yəni "Avropa Qonşuluq Siyasəti"ndə (AQS) coğrafi faktor mühüm rol oynayır. Lakin, nədənsə, Aİ-nin qonşuluq siyasətində məhz bu məqam ekspertlər tərəfindən unudulur. Bu o deməkdir ki, Aİ birbaşa sərhədi yaxınlığında olan ölkələrə (məsələn, Polşa və ya Rumıniyaya) münasibətdə siyasətini ondan coğrafi olaraq uzaq olan Gürcüstan və ya Azərbaycanla eyni məzmunda qura bilməzdi. Deməli, AQS, faktiki olaraq, Aİ üçün, birincisi, "qonşu ölkələr" anlayışını yeni şəraitə uyğun müəyyən etməli idi, ikincisi, buna uyğun olaraq qarşılıqlı münasibətlər siyasətinə konkret məzmun verməli idi.
Təcrübə göstərdi ki, Aİ yeni vəziyyətə uyğun siyasətində bir sıra ziddiyyətli məqamlardan xilas ola bilməyib. Təbii ki, bu prosesləri uzaqgörən Azərbaycan rəhbərliyi diqqətlə izləyir və milli maraqlara uyğun mövqe işləyib hazırlayırdı. Doğrudan da, 2008-ci il Rusiya – Gürcüstan müharibəsi və 2013–2014-cü illərin Rusiya – Ukrayna münaqişəsi Bakının ehtiyatlı davranmasına tam haqq qazandırdı. Digər prosesləri də müşahidə edən Azərbaycan bərabərhüquqlu tərəfdaş kimi əlaqələrin dinamik inkişafını təmin edə biləcək və strateji xarakter daşıyacaq əməkdaşlıq paketini Brüsselə təklif etdi.
Bu, Aİ – Azərbaycan münasibətlərində dönüş nöqtəsi olmaqla iki cəhətdən mühüm əhəmiyyət kəsb edirdi. Birincisi, faktiki olaraq, Azərbaycan Rusiya ilə yanaşı yeganə postsovet məkanı ölkəsi idi ki, Avropa ilə müstəqil və bərabərhüquqlu tərəfdaş kimi əlaqələr qurmağı sistemli şəkildə təşkilata təklif etdi. İkincisi, Azərbaycan Aİ-yə üzv olmaq üçün hansısa tabeçiliyi qətiyyən qəbul etmədiyini, əsas məqsədinin müstəqil dövlət kimi onunla strateji xarakterli əməkdaşlıq olduğunu ifadə etdi.
Burada ekspertlərin vurğuladığı əhəmiyyətli bir məqamı da qeyd etmək istərdik. 2015-ci ildə Avropa İttifaqı özünün qonşuluq siyasətinin fəlsəfəsində dəyişiklik etdiyini bəyanladı. Səbəb kimi 2004-cü ildən başlayaraq Avrasiyada ciddi geosiyasi dəyişikliklərin baş verməsi göstərilirdi. Səbəblər sırasında təhlükəsizlik, enerji ilə təminat, terror, qonşu ölkələrin maraqları arasında yaranmış ciddi fərqlər, bir sıra münaqişələrin kəskinləşməsi qeyd edilirdi. Bunları nəzərə alaraq Brüssel qonşuluq siyasətində assosiativ üzvlük şərtindən imtina etdi. Bununla yanaşı, Avropa İttifaqı inklüziv inkişaf, enerji təhlükəsizliyi, geosiyasi təhlükəsizlik, sosial sferada islahatlar, demokratiya, insan haqları və s. bu kimi aspektlərdə qonşularla əlaqələrdə BMT-nin 2030-cu ilə qədər strateji hədəflər hesab etdiyi punktlara uyğun fəaliyyət göstərəcəyini bəyan etdi.
2015-ci il noyabrın 18-də Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini təşkilatın yeni qonşuluq siyasətinin beş təməl prioritetini belə ifadə etmişdi: birincisi – iqtisadi əməkdaşlıq, ikincisi – enerji əməkdaşlığı, üçüncüsü – təhlükəsizlik, dördüncüsü – miqrasiya, beşincisi – qonşularla əlaqələr. Bu prioritetlər əsasında Aİ-nin qonşu ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrində dörd əsas istiqamət üzrə 2020-ci ilə qədər fəaliyyət üstünlük təşkil etməli idi. Həmin istiqamətlər aşağıdakılardır: daha güclü iqtisadiyyat, daha möhkəm idarəetmə, daha güclü rabitə və daha güclü cəmiyyət. Xatırladaq ki, sonuncu istiqamət insanlar arasında əlaqələri və münasibətlərdə çevikliyi ifadə edir. Bütövlükdə sadalanan istiqamətlər üzrə 2020-ci ilə qədər Cənubi Qafqaz ölkələri də daxil olmaqla "iyirmi açar vəzifə" yerinə yetirilməli idi.
Beləliklə, Aİ qonşuları ilə əlaqələri mərhələlərə böldü. İlk olaraq, 2020-ci ilə qədərki müddətdə bu istiqamətdə həyata keçirilməli olan konkret istiqamətlər (dörd istiqamət) və iyirmi vəzifə müəyyən edildi. Aİ 2020-ci ilə qədərki müddətdə bu məqsədlə Avropa Qonşuluq Aləti (ENİ) çərçivəsində layihələrə təqribən 15,4 milyard avro xərcləməli idi. Xatırladaq ki, ENİ strateji xarakterli "Avropa Qonşuluq Siyasəti"nin konkret reallaşdırılması mexanizmidir.
Deməli, Aİ 2015-ci ildə Azərbaycanın təklif etdiyi strateji tərəfdaşlıq kursunun şərtlərinə uyğun mövqeyə gəlmiş oldu. Bu, Azərbaycan rəhbərliyinin Aİ ilə münasibətlərdə həyata keçirdiyi strateji baxışın birbaşa qələbəsi idi. Sonrakı proseslər də həmin tezisi təsdiqlədi.
Bəs bütün bunlara Aİ nə dərəcədə nail oldu? Azərbaycanın mövqeyi nə dərəcədə bu prosesdə nəzərə alındı? Bu suallara cavab vermək üçün 2018-ci ildə Avropa Komissiyasının və təşkilatın xarici işlər üzrə şurasının birgə apardığı daxili monitorinqin bir sıra nəticələrinə nəzər salaq. Bununla məqaləmizin əsas tezisinə bir addım da yaxınlaşmış olarıq.
Öncə onu vurğulayaq ki, monitorinq sənədində ayrıca qeyd olunur ki, "tərəflərin konkret nəticələr əldə etməsi üçün qarşılıqlı surətdə təşəbbüskar olması ön plana çıxır". Bu o deməkdir ki, Aİ-Azərbaycan münasibətlərinin 2020-ci ildə əldə edilməsi nəzərdə tutulan nəticələrinin reallaşması üçün mühüm şərt "Aİ tələb etdi, Azərbaycan yerinə yetirməlidir" təfəkkürü ilə deyil, bir-birinə qarşılıqlı hörmət, aktivlik göstərmək şüuru ilə davranmaq lazım gəldiyini Brüsselin anlaması oldu.
Azərbaycanla münasibətlərin inkişafına üç əsas məsələ kontekstində baxılır – vətəndaş cəmiyyəti təsisatları ilə qarşılıqlı əlaqələr, qadınların hüquq və imkanlarının genişlənməsi, həmçinin strateji kommunikasiya. Daha sonra vurğulanır ki, hələlik tərəqqi strateji kommunikasiyada müşahidə edilir, vətəndaş cəmiyyəti və müstəqil KİV məsələləri diqqət tələb edir.
Bunların fonunda Azərbaycanda kiçik və orta biznes üçün nəzərdə tutulan kreditin 50 faizinin reallaşdığı qeyd olunur. Ticarəti 17 faiz artıb. Aİ-nin 2020-ci ilin martında keçirilən tədbirində "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələr üçün 962 milyon avro yardım ayrılıb. Onun 14 milyonu Azərbaycanda ailələrə kömək, peşə təhsilini inkişaf etdirmək üçün ayrılıb. Ancaq Gürcüstana pandemiya ilə mübarizə üçün 183 milyon, Ukraynaya isə 190 milyon avro ayrılıb. Həm də Gürcüstanla ticarətin cəmi 6 faiz artdığı vurğulanır. Ermənistan üçün ayrılan yardım da Azərbaycana nəzərdə tutulandan xeyli çoxdur – 92 milyon.
Bu proseslərin fonunda Aİ vurğulayır ki, Azərbaycanla strateji kommunikasiya sahəsində əlaqələrdə inkişaf vardır. Tamamilə doğrudur, ancaq bu, əsas olaraq Azərbaycanın atdığı addımlar hesabına olub və indi də bu yöndə davam edir. Bəs strateji kommunikasiya nədir? Bu, hər şeydən öncə, müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq, kibertəhlükəsizliyin təmini, enerji təhlükəsizliyi, regionda kommunikasiya xətlərinin qlobal və regional layihələr kontekstində açıq saxlanması və yenilərinin yaradılması, münaqişələri ədalətli həll etməklə insanlar arasında əlaqələrin inkişaf etdirilməsi və s. məqamları nəzərdə tutur.
Biz, Aİ tərəfindən bu istiqamətlər üzrə praktiki səmərəsi olan və Azərbaycana istiqamətlənmiş konkret addımların atıldığını xatırlamırıq. Lakin Brüssel həmişə Azərbaycanın sadalanan sferalar üzrə təşəbbüslərini dəstəkləyib. Nəticədə, Avropanın enerji təhlükəsizliyi üçün çox vacib olan "Cənub Qaz Dəhlizi" layihəsi işə başlayıb. Hazırda bu layihədən Aİ-nin üzvləri (məsələn, Yunanıstan, İtaliya) və digər Avropa ölkələri bəhrələnirlər. Təbii ki, "Cənub Qaz Dəhlizi" bu kontekstdə Avropanın enerji təhlükəsizliyinin təminində və deməli, strateji kommunikasiyanın inkişafında mühüm rol oynayır.
Aİ-nin monitorinqi təşkilatın Azərbaycanla əlaqələrinin inkişafında elə bir dəyişikliyin baş vermədiyinimi təsdiqləyir? Təbii ki, yox. Əksinə, yuxarıda bir qədər geniş təqdim etməyə çalışdığımız proseslər 2020-ci ilin sentyabr-noyabr aylarında (qırx dörd gün) baş verən ciddi geosiyasi-hərbi proseslərin real mahiyyətini anlamağa yardımçı olur. Və bu prizmadan da Aİ – Azərbaycan münasibətlərinin real dinamikasını dərk etməyə imkan yaranır.
Beləliklə, bizim 2015-ci ildən bu yana şərti olaraq Aİ – Azərbaycan münasibətlərinin dinamikasının birinci mərhələsi adlandırdığımız mərhələdə çox mühüm hadisələr, dəyişikliklər baş verib.
Əvvəla, Brüssel Azərbaycan rəhbərliyinin təklif etdiyi əməkdaşlıq modelinin həm müasir tələblərə, həm tərəflər arasında real olaraq əlaqələrin inkişafına, həm də böyük bir məkanda enerji-kommunikasiya təhlükəsizliyinin təmininə xidmət etdiyini anladı.
İkincisi, Brüssel qarşılıqlı əlaqələrdə təşəbbüsün Azərbaycanda olduğunu qəbul etdi. Bu, bərabərhüquqlu tərəfdaşlığa alternativin olmadığının dərki ilə yanaşı, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunun etirafıdır.
Üçüncüsü, Aİ Azərbaycanla "Avropa Qonşuluq Siyasəti" çətiri altında və "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində münasibətlərin qurulması istiqamətinin müəyyən məhdudiyyətlər yaratdığını başa düşdü. Azərbaycanla kritik bir regionda lider olan, geosiyasi-hərbi, təhlükəsizlik, iqtisadi və energetik sferalarda səmərəli təşəbbüslər irəli sürən müstəqil dövlət olaraq münasibət qurmaq daha faydalıdır.
Dördüncüsü, bunun fonunda Brüssel Azərbaycana regional əməkdaşlığın əsas faktoru kimi yanaşmağa, təhlükəsizlik sahəsində Bakının ciddi rolunu qəbul etməyə və onunla münasibətləri məhz bu kimi məqamları nəzərə alaraq qurmağa başladı.
Bununla da artıq 2020-ci ilin payızından Aİ – Azərbaycan münasibətlərində bir dönüşün yarandığı tezisini irəli sürə bilərik. Bu, qarşılıqlı münasibətlərdə ikinci mərhələnin başlaması anlamına gəlir. Bu fikri təsdiq etmək üçün 2020-ci ilin payızında nələrin baş verdiyi üzərində bir qədər geniş dayanaq.
Dönüş nöqtəsi: qırx dörd günlük İkinci Qarabağ müharibəsi
Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli bir addımı ilə sözün əsl mənasında dünyanı heyrətləndirdi. BMT, Aİ, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və başqa güclər Dağlıq Qarabağ münaqişəsi ətrafında özlərinə sərf edən oyunlar qurmaqda davam etdikləri bir zamanda Azərbaycan BMT-nin məlum qətnamələrini və Aİ-nin qəbul etdiyi sənədlərdə vurğulanan müddəaları təkbaşına həyata keçirməyə başladı. Əvvəlcə Bakının uğur əldə edəcəyinə şübhə etdilər, qısa müddətdə isə tamam başqa mənzərənin şahidi oldular. Çünki Ali Baş Komandanın çox uğurlu fəaliyyəti, ordunun yüksək peşəkarlığı, cəmiyyətin sıx birliyi sayəsində cəmi qırx dörd gün müddətində Ermənistan ordusu darmadağın oldu.
Proseslərin geosiyasi və informasiya tərəfləri Aİ – Azərbaycan münasibətlərinin yeni səviyyəyə keçməsində daha böyük rol oynadı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev siyasət, diplomatiya, hərb meydanı və informasiya istiqamətlərinin hər biri üzrə dünya səviyyəsində yetkinlik, ədalətlilik, çeviklik, strateji düşüncə, qətiyyət və praqmatik addımlar nümayiş etdirdi. Bu, Brüsselə iki aspektdə ciddi təsir göstərdi.
Birincisi, hazırda Avropa İttifaqının özündə lider çatışmazlığı ("qıtlığı") vardır. Angela Merkel siyasətdən gedir, Böyük Britaniya təşkilatı tərk edib, Emmanuel Makron ziddiyyətli addımlar atır. İlham Əliyev qırx dörd gün ərzində Avropa miqyasında belə fəal, çevik, müasir düşüncəli, qətiyyətli və sülhpərvər lider olduğunu sübut etdi.
İkincisi, ərazi bütövlüyünün təmininə xidmət edən aktiv hərbi əməliyyatlar dövründə İlham Əliyev təkbaşına bütün informasiya sahəsinə yeni məzmun verdi. Xaricdən gəlmiş qərəzli jurnalistlərə belə sübut etdi ki, Azərbaycan müharibə istəmir, Bakı ədalətlə və beynəlxalq hüququ gözləməklə ərazi bütövlüyünü təmin edir və bu anlamda, faktiki olaraq, BMT və Aİ-yə yardım göstərir. Əgər Ermənistan işğal etdiyi torpaqları tərk edərsə, Azərbaycan dərhal əməliyyatları dayandıracaq və İrəvanla əməkdaşlıq perspektivlərini müzakirə edə bilər. Bir şərtlə ki, Ermənistan kapitulyasiyanı qəbul etsin və uyğun sənədi imzalasın.
Bu iki məqam Aİ-nin Cənubi Qafqaz, o cümlədən Azərbaycan siyasətinə nəinki mane olurdu, hətta ona yeni sivil məzmun vermək imkanı yaratmışdı. Avropa İttifaqı Azərbaycanın timsalında postsovet məkanında real demokratik düşüncəyə və davranışa malik müstəqil dövlətlə rastlaşırdı. Bu, şübhə yoxdur ki, Brüsselin ikili standart və islamofobiya kimi hallara reverans etməsi şansını heçə endirir. Çünki artıq mənzərəni Bakı yaradır və onun kimin hansı rolu oynadığı haqqında dəqiq təsəvvürü mövcuddur.
Aİ-ni öz mövqeyinə yenidən baxmağa vadar edən iki mühüm faktoru mütləq vurğulamaq gərəkdir. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan 2020-ci il 10 noyabr sənədi və 2021-ci il yanvarın 11-də Moskvada imzalanan sənəd sübut etdi ki, Rusiya və Türkiyə Qərbin iştirakı olmadan Cənubi Qafqazda istənilən xarakterli problemi təminatla həll edə bilərlər. Sözdə deyilməsə də, aydın görünürdü ki, beynəlxalq təşkilatlar, o cümlədən Aİ proseslərdən kənarda qalır. Bu da onun nüfuzuna ciddi zərbədir. Deməli, Brüssel hansısa yolla bu prosesə müdaxilə etməli idi.
Digər məqam ondan ibarətdir ki, əldə edilən razılıqların şərtləri göstərirdi ki, Azərbaycan Cənubi Qafqazla yanaşı, daha geniş miqyasda regional əməkdaşlıq, enerji və nəqliyyat təhlükəsizliyi və strateji kommunikasiya sahələrində aparıcı rol oynamaq statusuna yüksəlib. Aİ-nin yuxarıda vurğulanan proqramları aspektində bu, faktiki olaraq, Azərbaycanın təşkilat üçün yeni perspektivlər açması anlamına gəlir.
Belə ki, əldə edilən razılaşmalara görə, regionda kommunikasiya xətlərinin açılması və müxtəlif beynəlxalq layihələr çərçivəsində region dövlətlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) iştirakına ciddi əhəmiyyət verilir. Həmin bağlılıqda Zəngəzur dəhlizinin yaradılması mühüm strateji əhəmiyyət kəsb edən məsələ kimi qəbul edilir. Bununla aydın oldu ki, Azərbaycan qırx dörd gün ərzində Cənubi Qafqazda geosiyasi dinamikanı, qüvvələr nisbətini və ümumi mənzərəni elə dəyişdi ki, artıq qlobal güclərin heç biri əvvəlki məntiqlə regionda fəaliyyət göstərə bilməzdi. Brüsselin bunu dərk etməsi onun mövqeyinə yenidən baxmasını şərtləndirdi.
Brüssel bu məsələdə hər hansı Avropa liderinə də etibar edə bilməzdi. Çünki qırx dörd günlük savaş müddətində Almaniya laqeyd, Fransa isə tamamilə tərəfkeş, ermənipərəst mövqe tutdu. Hətta savaşın gedişində erməni tərəfdən iştirak etmək cəhdi və onun fonunda separatçı rejimi tanımaq kimi sərsəm addımların atılmasından bəhs edildi.
Bu, bir tərəfdən, Aİ üçün kritik bir dönəm idi. Brüssel 2015-ci ildə xarici siyasətinə etdiyi düzəlişlərə bir daha düzəliş etməli idi. Digər tərəfdən isə, onun üçün yeni şans yaranmışdı. Öncə Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli sazişi inkar etməyə çalışan Qərb, sonradan onu qəbul etmək məcburiyyətində qaldı. Bununla da, İkinci Qarabağ müharibəsindən sonra Brüssel Aİ – Azərbaycan münasibətlərinə yeni dinamika vermək və yeni mənzərə yaratmaq zərurətini dərindən hiss etdi. Lakin bunu hansı yolla etmək olar?
Müharibədən sonra: ziddiyyətlər və perspektivlər
Artıq qeyd etdiyimiz kimi, Azərbaycanın Cənubi Qafqazda geosiyasi mənzərəni kökündən dəyişməsi bütün qlobal güclərin regiona istiqamətlənmiş siyasətinə düzəlişlər edilməsi zərurətini ortaya qoydu. Avropa İttifaqı isə buna daha çox ehtiyac duyur. Həmin səbəbdən, müharibə bitdikdən bir qədər sonra Brüssel bu və ya digər üsullarla regiondakı vəziyyətə müdaxilə etməyə çalışdı. Hətta öncə müəyyən inkarçılıq mövqeyi hiss olunurdu. Sonra ATƏT-in Minsk qrupu vasitəsilə Dağlıq Qarabağda varlığını təmin etməyə cəhd göstərdi. Ancaq aydın oldu ki, bu da asan məsələ deyil və Rusiya ilə yanaşı, regionun lideri Azərbaycanla da hesablaşmaq lazım gəlir.
Bu məqam Aİ–Azərbaycan münasibətlərinin hazırkı mərhələsi üçün əhəmiyyət kəsb edir. Azərbaycanla hesablaşmağın iki aspekti vardır. Birincisi, Brüssel nəzərə almalı idi ki, Azərbaycan təkbaşına BMT və ATƏT-in Minsk qrupunun həyata keçirməyə məsul olduğu, lakin yerinə yetirə bilmədiyi çətin vəzifənin öhdəsindən gəlib. Bu, qarşılıqlı münasibətlərdə Azərbaycan faktoruna daha böyük diqqət göstərilməsini tələb edir. İkincisi, Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindən sonra da vurğulayırdı ki, rəsmi Bakı Aİ ilə yeni sazişin imzalanmasına önəm verir. Yəni qalib Azərbaycan Avropa İttifaqını mühüm tərəfdaş sayır və onunla əlaqələri inkişaf etdirmək niyyətindədir.
Xüsusilə Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladıqları razılaşma sənədində əməkdaşlıqla bağlı ifadə olunan mövqe Aİ-nin yeni qonşuluq siyasəti və "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində müəyyən etdiyi əməkdaşlıq şərtləri ilə ziddiyyət təşkil etmir. Hətta inklüziv iqtisadi inkişaf, insanlar arasında əlaqələrdə mobilliyin və kütləviliyin artırılması və strateji kommunikasiyanın inkişafı aspektlərində tamamilə üst-üstə düşür. Qalır tərəflərin bu istiqamətlərdə münasibətləri inkişaf etdirmək üçün səmimiyyətlə konkret addımlar atması. Bu məqamda da təəssüf ki, Avropa təsisatlarının ikili standarta meyilliliyini müşahidə etdik. Nümunələrə baxaq.
Aİ birtərəfli qaydada Ermənistanla əlaqələrə cəhd etdi. Hətta bəzi avropalı deputatlar Azərbaycandan icazə almadan Dağlıq Qarabağa (artıq münaqişə bölgəsi deyil) səfər etdilər. Onlara Rusiya sülhməramlıları şərait yaratdı. Fransız deputatlar bu işdə xüsusi canfəşanlıq göstərirdilər. Azərbaycanın ciddi etirazlarından sonra Rusiya sülhməramlıları anladılar ki, qaydaları pozurlar və bu proses dayandırıldı.
Ancaq təəssüf ki, Aİ bununla kifayətlənmədi. Təşkilatın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu il aprelin 14-də Ermənistana səfəri çərçivəsində özünü "xarici işlər naziri" kimi qələmə verən, qanunsuz rejimin nümayəndəsi David Babayan ilə görüşdü. Buna rəsmi Bakı sərt reaksiya verdi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Xarici İşlər Nazirliyinə dəvət edilərək T.Klaarın münaqişə sonrası bölgədə yaranmış yeni reallıqları nəzərə almayan, kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız gözləntilər verən addımlar atmasının yolverilməz olduğu vurğulandı. Yalnız bundan sonra T.Klaar separatçılarla görüşdə humanitar məsələləri müzakirə etdiklərini və Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı niyyətlərinin olmadığını bildirdi.
Lakin, əlbəttə, Aİ-nin xüsusi nümayəndəsi Azərbaycanın ərazi bütövlüyünə hörmət edirsə, separatçılıqla məşğul olan Azərbaycan vətəndaşları ilə Bakının razılığı olmadan görüşməməlidir. Bu aspektdə hər bir addım beynəlxalq hüquqa, Azərbaycanın suveren haqlarına və qanunlarına uyğun aparılmalıdır.
Bunların fonunda Avropa Şurasının İnsan Hüquqları üzə Komissarı Dunya Miyatoviçin Azərbaycan Prezidentinə ünvanladığı məktub da yuxarıda vurğulanan məqamların təsadüf və ya şəxsi təşəbbüs olmadığını, əksinə, Brüsselin ikili standart və selektiv yanaşma ənənələrinə sadiqliyini qoruyub saxladığını nümayiş etdirir. Belə ki, D.Miyatoviç 30 ilə yaxın davam edən münaqişənin azərbaycanlıların nəhəng humanitar əziyyətlərə səbəb olmasını və yüz minlərlə azərbaycanlının insan haqlarının kütləvi pozulması reallığını "unudub" və yaxud onların "Komissarın mandatına aid olmaması" barədə absurd fikir bildirib.
Avropa Şurasının rəsmisi Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi-mədəniyyət abidələrini məhv etməsini, məscidlərdə heyvanlar saxlamasını, böyük talançılıq törətməsini, şəhərlərdə daşı-daş üstündə qoymamasını ya "unudub", ya da bütün bu sadalananları "Komissarın mandatına uyğun görməyib". Qırx dörd günlük müharibə dövründə Gəncə, Bərdə, Ağcabədi və Tərtər şəhərlərində dinc əhalinin böyük dağıdıcı gücü olan bombalarla atəşə tutulması "unutqanlıq" ləkəsi kimi tarixə düşüb.
Komissar hansısa "humanizmə uyğun olmayan səhnələrdən", Dağlıq Qarabağda və ətrafındakı "icmalar"dan, "narahatedici və alçaldıcı görüntülər"dən, Bakıdakı Hərbi Qənimətlər Parkının açılışından narahatlığını ifadə edib. Əsl ikili standart nümunəsidir.
Maraqlıdır ki, bunu
Avropada bir sıra ekspertlər də vurğulayırlar. Onlar
burada günahı Aİ-nin Cənubi Qafqaz
strategiyasındakı natamamlıqda görürlər. Məsələn,
Borut Qrqiç yazır ki, Brüssel üçün insan
haqları, qanunun aliliyi kimi məsələlər əhəmiyyət
kəsb edir, lakin onlar strateji vizyonu təşkil etmirlər. Həm
də söhbət böyük infrastruktur layihələrinin
keçdiyi regiondan gedirsə, problem daha konkret həll edilməlidir.
Çünki "...söhbət Xəzər dənizindən
hasil olunan nefti və qazı Avropaya nəql edən layihələrdən
gedir. Bundan
başqa, Aİ-Çin fiber-optik magistralı da bu regiondan
keçir. Cənubi Qafqazdan keçən mürəkkəb nəqliyyat
sistemi isə Asiya ilə Avropa arasında quru yolu ilə
birbaşa ticarətin inkişafına və təşviqinə
istiqamətlənib.
Bunların fonunda "Aİ
postmüharibə dövrünün idarə olunmasında
taktiki nöqteyi-nəzərdən rolunu genişləndirməlidir...
O, "Qarabağ İnkişaf Bankı"nın
yaradılmasında iştirak etməlidir. Bu, Avropa Yenidənqurma
və İnkişaf Bankı modelində yaradıla, Aİ, Azərbaycan
və Ermənistanın birgə layihəsi ola
bilər. Bölgədə infrastruktur, elektrik enerjisi, bələdiyyə
institutunun bərpası, tikinti, kənd təsərrüfatı,
kiçik və orta bizneslə bağlı layihələrin
bu bank vasitəsilə maliyyələşdirilməsi
mümkündür... Bununla yanaşı, Avropa
Komissiyası "Şərq Tərəfdaşlığı"
çərçivəsində texnoloji innovasiyalarla
bağlı layihələrin həyata keçirilməsinə
çağırış edə bilər".
Belə çıxır ki,
artıq Avropanın ekspert dairələrində təşkilatın
Cənubi Qafqazda postmüharibə dövründə strateji təşəbbüsü
ələ almasını və həmin bağlılıqda
Azərbaycanın regiondakı aparıcı rolunu praktiki
olaraq qəbul etməsini vacib sayırlar.
Bəs ötən müddət
ərzində rəsmi Bakı Aİ istiqamətində
hansı addımları atıb? Nümunələrə
nəzər salaq. Bu il martın 5-də
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının
VII qurultayındakı çıxışı zamanı bəyan
edib: "Biz Avropa İttifaqı ilə sıx əlaqələr
qurmuşuq. Avropa İttifaqına üzv olan
doqquz ölkə ilə strateji tərəfdaşlıq
haqqında sənədlər imzalanıb". Prezident "Şərq Tərəfdaşlığı"
ölkələrindən heç birinin Aİ-yə üzv
olan doqquz ölkə ilə strateji tərəfdaşlıq
haqqında sənəd imzalamadığını
vurğulayıb. Dövlət başçısı
fikirlərinə davam edərək ifadə edib: "Onlar
Assosiasiya sazişi imzalayıblar, o sazişə də mən
baxmışam. O, faktiki olaraq saziş deyil, o, təlimat
kitabçasıdır. O ölkələrə təlimat
verilir, bunu belə etməlisən, bunu elə etməlisən.
Mən isə ondan imtina etdim. Dedim ki, bizə
belə təlimat lazım deyil. Biz
özümüz bilirik nə etmək lazımdır".
Nəhayət, ölkə rəhbəri
vurğulayıb ki, yaxın gələcəkdə
danışıqlar bərpa ediləcək. (Aİ ilə yeni saziş paketi ilə bağlı
aparılan danışıqlar nəzərdə tutulur –
müəllif).
Azərbaycan "Cənub Qaz
Dəhlizi" layihəsi çərçivəsində
Aİ üzvləri olan bir sıra ölkələrlə əməkdaşlığı
inkişaf etdirib. Nəqliyyat dəhlizlərinin fasiləsiz
işləməsini təmin edən addımlar atılıb.
Nəhayət, strateji kommunikasiya
üçün böyük əhəmiyyəti olan Zəngəzur
dəhlizinin açılması üçün siyasi qətiyyət,
iqtisadi iradə və tam hazırlıq nümayiş etdirilib.
Prezident İlham Əliyev bu məsələnin əhəmiyyətini
belə ifadə edib: "Azərbaycan Şərq–Qərb,
Şimal–Cənub, Şimal–Qərb nəqliyyat dəhlizləri
kimi regional bağlantı layihələrinin icrasına
mühüm töhfə vermişdir. Hazırda
biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən
Şərq–Qərb dəhlizinin tərkib hissəsi olacaq
"Zəngəzur nəqliyyat dəhlizi" üzərində
çalışırıq. Bu dəhliz
Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi
kimi mövqeyini gücləndirməyə imkan verəcək".
Yeri gəlmişkən, rəsmi
Bakının Aİ ilə əlaqələri səmimi olaraq
inkişaf etdirmək niyyəti haqqında rusiyalı ekspertlər
də yazırlar. Məsələn, Vladimir Avatkov Azərbaycanın
xarici siyasətinin prioritetlərinə həsr edilmiş təhlili
məqaləsində vurğulayır ki, Bakı Aİ ilə əlaqələri
fraqmentar deyil, kurs olaraq davamlı surətdə inkişaf
etdirməkdədir. Bu baxımdan Azərbaycanla
Avropa İttifaqı arasında keçirilən
görüşlərdə rəsmi Bakının konkret layihələr
üzrə təkliflər verməsi maraqlıdır. Bu onu göstərir ki, Azərbaycan rəhbərliyi
üçün Aİ ilə əlaqələr xarici siyasətin
prioritetləri sırasına daxildir.
Beləliklə, Azərbaycan yenə də Avropa İttifaqı ilə münasibətlərin real zəmində səmərəli olması üçün üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla rəsmi Bakı həm Avropa İttifaqı ilə əlaqələri gücləndirir, həm də bir daha regionun aparıcı dövləti, lider ölkəsi kimi fəallığını ortaya qoyur. Əminliklə demək olar ki, Aİ – Azərbaycan münasibətləri yalnız ziddiyyətlərlə deyil, həm də perspektivlə xarakterizə olunur. Azərbaycan Prezidentinin qətiyyəti və ədalətli siyasəti ilə tərəflər arasında əlaqələrin güclənəcəyinə yeni ümidlər yaranmaqdadır.
Aİ-Azərbaycan münasibətlərinin inkişafı tərəflərin bərabərhüquqlu tərəfdaş statusunda bir-birini qəbul etməsinə bağlıdır. Əvvəlki dövrlərdə Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin maraqlarını nəzərə almağa həvəsli deyildi. Azərbaycanın müstəqil davranışları və xüsusən İkinci Qarabağ müharibəsindəki qələbəsi Brüsseli mövqeyinə yenidən baxması ilə nəticələndi.
Avropa İttifaqı 2015-ci ildə qonşuluq siyasətinə düzəlişlər etməklə, faktiki olaraq, Azərbaycanın təklif etdiyi istiqamətlər üzrə əməkdaşlıq xəttinə keçdi. Bununla Azərbaycan Rusiya ilə yanaşı, postsovet məkanında Aİ ilə bərabərhüquqlu tərəfdaş statusuna yüksəlmiş dövlət oldu. Bu vəziyyət "Şərq Tərəfdaşlığı"na daxil olan digər ölkələrin yürütdüyü siyasətə də təsir etdi.
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsi Aİ-ni regiona münasibətini dəyişməyə sövq etdi. Brüssel yeni yaranmış geosiyasi mənzərəyə nüfuz etmək üçün daha fəal olmaq xəttini seçdi. Lakin bu zaman regionda artıq Rusiya və Türkiyənin aparıcı rol oynaması ilə barışmalı oldu. Aİ Cənubi Qafqaz istiqamətində siyasətini vurğulanan şərtlər çərçivəsində daha səmərəli etmək istiqamətində çalışır.
Hazırda Aİ Azərbaycanla münasibətlərə daha çox önəm verir. Ekspertlərin qənaətinə görə, Brüssel strateji xarakterli və konkret məzmuna malik layihələrin həyata keçirilməsinə üstünlük verməlidir. O cümlədən, Aİ strateji kommunikasiyaların işə salınmasında yaxından iştirak etməlidir. Azərbaycan bu istiqamətdə konkret addımlar atdığından söhbət, faktiki olaraq, Aİ-nin Azərbaycanı dəstəkləməsindən gedir. Bu baxımdan Aİ-nin Zəngəzur dəhlizinin reallaşmasına münasibəti Brüssel üçün mühüm bir sınaq təsiri bağışlayır.
Kamal ADIGÖZƏLOV
Xalq qəzeti
2021.- 9 iyun.- S.3;4.