Güclü, müstəqil Azərbaycan bu gün Qarabağın bərpasını uğurla həyata keçirir

 

 

 Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb.

 

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı vaxtdan BMT Təhlükəsizlik Şurasının – dünyanın ali beynəlxalq qurumunun 4 qətnaməsini rəhbər tutaraq, Ermənistan silahlı qüvvələrinin işğalı altındakı torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

 

 Eyni zamanda, bu dövrdə ölkə rəhbərinin beynəlxalq müstəvidə səmərəli fəaliyyətinin nəticəsi ola­raq, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar tərəfindən Azərbaycanın haqlı mövqeyi müdafiə olu­nub. Lakin bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə Qara­bağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmasına, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal edilən ərazilərimizdən çıxarılması qeyd olunmasına bax­mayaraq, 30 ilə yaxın bir dövrdə həmin qətnamələr kağız üzərində qalmışdı. Bununla bərabər, Minsk qrupu çərçivəsində danışıqlar da heç bir nəticə verməmiş, Ermənistan isə ardıcıl olaraq hərbi təxribatlar törətmişdi.

 

Bütün bunlara son qoy­maq üçün Azərbaycan Ordusu ötən il sentyabrın 27-də işğal­çı Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini reallaşdırmaq məqsədilə özünümüdafiə hü­ququ çərçivəsində, beynəlxalq humanitar hüquqa əsaslanmaqla əks-hücum və cavab tədbirləri gerçəkləşdirdi. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti və əzmi, maddi-texniki bazası, ordu-xalq-Prezident birliyi qısa müddətdə dövlətimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində möhtəşəm uğurları şərtləndirdi.

 

Beləliklə, Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Or­dusunun qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olacağını anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı, ötən il no­yabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən üçtərəfli bəyanat imzalandı. Bununla da 30 ildən ar­tıq davam edən münaqişəyə, tor­paqlarımızın işğalına son qoyuldu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatı şərtləndirildi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Ötən il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayon­ları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarıldı.

 

Vətən müharibəsi başa çatan kimi, Azərbaycan düşməndən təmizlənən ərazilərdə bərpa-quruculuq işlərinə başlayıb. Onu da qeyd edək ki, erməni barbarları uzun illər ərzində torpaqları­mızı işğal alında saxlamaqla, istismar etməklə, təbii resursları­mızı oğurlamaqla, kəndlərimizi, şəhərlərimizi dağıtmaqla bərabər, həm də əraziləri minalayıblar. Bu, düşmənin vəhşiliyindən, faşist xislətindən xəbər verir. Ona görə də müharibədən sonra azad edilən torpaqlarda təəssüf ki, tez-tez bədbəxt hadisələr baş verir. Bu, əsasən mənfur düşmənin işğaldan sonra bütün yaşayış sahələrinin, infrastrukturun, təmas xəttinə yaxın olan ərazilərin, yol­ların, önəmli strateji yüksəkliklərin minalanması ilə əlaqədardır. İşğalçının müharibədən sonra bu cür təhlükəli zonaların xəritəsini verməkdən belə imtina etməsi isə onun qəddarlığının bariz ifadəsidir.

 

Ərazilərimizin minalar­dan təmizlənməsindən söhbət düşmüşkən, Prezident İlham Əliyev bununla bağlı çıxışlarının birində deyib: “İndiki mərhələdə orada müxtəlif istiqamətlər üzrə işlər görülür, minalardan təmizləmə prosesi gedir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir...”.

 

Hazırda düşməndən təmizlənən torpaqlarda minatəmizləmə əməliyyatları ilə paralel olaraq, əsas infrast­ruktur layihələri də reallaşdırı­lır. Ərazilərin elektrik təchizatı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir, həm xətlər çəkilir, həm də yeni yarım-stansiyalar tikilir. Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Yol infrastrukturunun yaradıl­ması ilə bağlı bütün istiqamətlər üzrə işlər uğurla gedir.

 

Hazırda Füzulidən ŞuşayaGöygölün Toğanalı kəndindən Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu istiqamətində yeni avtomobil yollarının tikintisi həyata keçirilir. Bərdə–Ağdam dəmir yolu xətti yenidən qurulur. Təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Horadiz–Ağbənd dəmir yolu xəttinin gerçəkləşdirilməsi istiqamətində işlər uğurla reallaş­dırılır.

 

Füzuli və Zəngilanda beynəlxalq hava limanlarının tikintisi də sürətlə aparılır. Yaxın gələcəkdə üçüncü hava limanının isə Laçın rayonu ərazisində salı­nacağı nəzərdə tutulur.

 

Qarabağda aqrar sahə ilə yanaşı, sənayenin inkişa­fı istiqamətində də mühüm layihələrin icrasına başlanılıb. Prezident İlham Əliyevin mayın 28-də Ağdama səfəri çərçivəsində bir sıra obyektlərin, o cümlədən sənaye parkının təməli qoyulub. İki yüz hektara yaxın ərazini əhatə edən bu sənaye parkında qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosialtexniki zonalar, TIR parkı, tikin­ti materiallarının satışı bazası hissələrinin yaradılması nəzərdə tutulub.

 

Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 yeri açılacaq.

 

Ağdamda sənaye parkının yaradılması geostrateji baxımdan böyük əhəmiyyət daşıyır. Burada­kı qida sektoru, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, inşaat materiallarının istehsalı nəzərdə tutulur. Bu isə makroiqti­sadi göstəricidə qeyri-neft sektoru­nun çəkisinə xüsusi təsir edəcək.

 

Bərdə–Ağdam dəmir və avtomobil yolları istifadəyə veriləndən sonra bu xətlər Yevlax qovşağı ilə birləşəcək. Bu isə Bakı–Tbilisi–Qars ixrac dəhlizinə qoşulma deməkdir. Regionda istehsal olunan məhsulların həm Azərbaycanın müxtəlif bölgələrinə daşınması, həm də ixrac potensi­allı istiqamətdə hərəkətə gətirmək mümkün olacaq.

 

Sənaye parkında tək istehsal müəssisələri deyil, həm də xidmət sahələri və soyuducu kameraları yaradılacaq. Fermerlərin istehsal etdikləri məhsulların saxlanılması və emalı təmin olunacaq. Bu isə əhalinin geri qayıtması prosesini təmin edəcək. Dünyada ən böyük problem olan urbanizasiyanın qarşısı alınacaq.

 

Prezident İlham Əliyev bərpa olunan yaşayış sahələrində müasir iqtisaditexnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı regionkimi dünyada tanınacağına əlverişli şərait yaradır. Bu baxım­dan Zəngilan rayonunun Birinci, İkinciÜçüncü Ağalı kəndlərində ilk olaraq “ağıllı kənd” layihəsinin həyata keçirilməsi mühüm önəm daşıyır.

 

İnşa ediləcək “ağıllı kənd”lərdə sakinlərin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələri hesa­bına ödəniləcək. Eyni zamanda, texnoloji innovasiyanın tətbiqi istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi sahələrin inkişafını sürətləndirəcək.

 

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.

 

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiya­sının hazırlanması haqqında 19 aprel 2021-ci il tarixli sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, həmin xidmətlər üzrə mövcud resursların səmərəli istifadəsi, habelə idarə olunması­nın təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir.

 

Yeri gəlmişkən, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva aprelin 26-da Zəngilanda olarkən, dövlətimizin başçısı tərəfindən rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub.

 

Onu da qeyd edək ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə xalqımıza məxsus yüzlərlə daşınmaz tarix, mədəniyyət və dini abidələr, qəbiristanlıqlar dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb. Qarabağın quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini irsimizin də bərpasının həyata keçiriləcəyi planlaşdırılıb və artıq bu istiqamətdə tədbirlərə başla­nılıb.

 

Hazırda bu ərazilərdə nəhəng yenidənqurma işləri həyata keçiri­lir, o cümlədən onilliklərlə davam edən Ermənistan işğalı zamanı yerlə-yeksan edilən tarixi, mədəni və dini irsimiz bərpa olunur.

 

Şuşa şəhərində həyata keçirilən genişmiqyaslı qurucu­luq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir. Qeyd etmək istərdik ki, bu yenidənqurma işləri Şuşanın tarixi simasının bərpa edilməsi məqsədilə, məhz orijinal memarlıq üslubuna uyğun olaraq həyata keçirilir.

 

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, hər bir bölgənin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqları nəzərə alınaraq, müva­fiq iqtisadi rayonun profili, ixtisas­laşması nəzərdə tutulub. Həmçinin bu işlərin görülməsi zamanı dövlət vəsaitlərinə qənaət edilməsi və investisiyaların səmərəliliyinin artırılması məqsədilə ayrı-ayrı sahələr üzrə dövlət–özəl sektor tərəfdaşlığından geniş istifadə edilməsi, xüsusi güzəştli iqtisadi rejimin tətbiqi nəzərdə tutulur.

 

Erməni vandalları tərəfindən Qarabağın ekologiyasına, su təsərrüfatına, meliorasiya sisteminə ağır zərbə vurulub. Su­qovuşan Hidroqovşağı və oradan su götürən Tərtərçay magistral kanalları yararsız hala salınıb. Bununla bağlı bərpa-quruculuq işlərinin aparılması üçün Tədbirlər Proqramı hazırlanaraq, artıq hökumətə təqdim edilib.

 

Proqramın əsas məqsədi uzun illər erməni təcavüzünə məruz qalan suvarılan torpaqların kənd təsərrüfatında istifadəsinə şərait yaratmaqdır. Sonrakı mərhələdə isə bu obyektlərin müasir səviyyədə yenidən qurulması və inkişafına nail olmaqdır.

 

Hazırda işğaldan azad edilən ərazilərdə sektorlar üzrə investisi­ya qoyuluşu, həmçinin investorla­rın cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Şuşabir neçə yaşayış məntəqəsi istisna olmaqla qalan bütün ərazilərin həm sosial şərtləri, həm də iqtisadiyyatının sıfırdan qurulması nəzərdə tutulur. Şübhəsiz ki, belə bir prosesin həmin ərazilərin reabilitasiya­sından sonra həyata keçirilməsi məqsədəuyğun sayılır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti  2021.- 9 iyun.- S.1.