Tarixi qayıdış və böyük
xilaskarlıq missiyası
Respublikasının vətəndaşı,
istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat
amalım yalnız sizə – bütün
varlığım qədər sevdiyim Azərbaycan
xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi
inkişafına xidmət olmuşdur.
Heydər ƏLIYEV
Ümummilli lider
Hər bir xalqın müqəddəratında müdrik və cəsarətli rəhbərin rolu böyükdür. Ulu öndər Heydər Əliyev məhz belə şəxsiyyətlərdən idi. Hələ sovet dönəmində ölkəmizə rəhbərlik etdiyi 1969–1982-ci illərdə azərbaycançılıq ideologiyasını əsas milli-siyasi konsepsiyaya çevirməyə nail olan unudulmaz dahi şəxsiyyət totalitar rejimin sərt tələblərinə baxmayaraq, Azərbaycanda güclü sosial ədaləti və demokratik düşüncə tərzini bərqərar etmiş, özəl bir uzaqgörənliklə bizi gələcək müstəqillik dövrünə hazırlamışdır.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Moskvada tutduğu böyük vəzifədən istefa versə də, yenidən fəal siyasətə qayıtmaq fikri olmasa da, müdrik rəhbər Azərbaycanın başına gətirilənlərə biganə qala bilmir, 20 Yanvar faciəsi isə onu haqq səsini ucaltmağa vadar edir. Özünün və ailəsinin həyatını təhlükəyə ataraq, heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, respublikamızda qanlı faciə törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edir və sevimli xalqının yanında olduğunu bildirir. Sonra doğma Azərbaycanına üz tutur. Doğulub boya-başa çatdığı Naxçıvanda Ali Sovetin sədri seçilərək qədim diyarı erməni təcavüzündən qoruyur.
Doxsanıncı illərin əvvəllərində təkcə Naxçıvanı müdafiə etməklə kifayətlənməyən ulu öndər eyni zamanda, Azərbaycanda müstəqilliyin bərpa olunması üçün mühüm addımlar atır. Belə ki, hələ SSRİ-nin mövcud olduğu bir dövrdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin ulu öndərin sədrliyi ilə keçirilən 17 noyabr 1990-cı il tarixli sessiyasında azadlıq ideyalarına sədaqət nümayiş etdirilərək, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı orada dövlət rəmzi elan olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Respublikasının Ali Soveti 5 fevral 1991-ci ildə həmin bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edir.
Mənfur qonşularımızın ərazi iddiaları ilə Qarabağda işğal faktları törətməsinə, dinc əhalini qırmasına, əzəli torpaqlarımızı işğal etməsinə biganə qala bilməyən böyük siyasətçi çox keçmədən onun təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyasına sədr seçilir. Ulu öndərin şəxsiyyətinə inam və etimad nümayiş etdirən insanlar böyük həvəslə YAP-a üzv olurlar. Hamı bir ümiddə idi: ölkəni xaos və anarxiyadan, qardaş qırğınından yalnız Heydər Əliyev dühası xilas edə bilər. Siyasi platforması ilə Azərbaycanın təhlükəsizliyini və xalqın firavan gələcəyini hədəfləyən bu partiya özünün düzgün fəaliyyəti, bilavasitə milli maraqlara və dövlətçiliyə xidməti ilə qısa zamanda iqtidar partiyasına çevrilir.
Məlumdur ki, 1991-ci ildə dövlətimiz müstəqillik əldə etsə də, ölkə çətin durumda olmuş, hətta suverenliyin itirilməsi təhlükəsi ilə üzləşmişdi. Belə bir ictimai-siyasi, iqtisadi və hərbi təbəddülatlar dövründə ölkədə ciddi hakimiyyət böhranı yaşanır, anarxiya tüğyan edir, Bakı, az qala, vətəndaş müharibəsinə sürüklənirdi. Artıq Xocalı qətliamı törədilmiş, Şuşa, Laçın və digər ərazilərimiz işğal olunmuşdu. Xalqın üzləşdiyi faciələrin, bəlaların “qanadında” hakimiyyəti zəbt edən Xalq Cəbhəsi günbəgün nüfuzdan düşür, ölkənin idarəetməsində yaranan siyasi böhranı ard-arda atdığı yanlış addımlarla daha da dərinləşdirirdi. Buna görə də 1992-ci ildə Azərbaycanın 91 nəfər tanınmış ziyalısı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun siyasi hakimiyyətə qayıdışı zərurətini əsaslandıran müraciətə imza atır. Xalq Azərbaycanı bu vəziyyətdən çıxara biləcək yeganə insana, hərtərəfli potensiallı və cəsarətli müdrik şəxsiyyətə sığınır.
1993-cü ilin ilk yarısında isə ölkədə vəziyyət daha da gərginləşdi. İyunun 4-də Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbçilərlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat iflasa uğradı, hər iki tərəfdən 35 nəfər həlak oldu. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürüldü. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı.
İyunun 8-də Gəncə hadisələri ilə bağlı ölkədə böhran yetərincə dərinləşdi. Surət Hüseynovun tabeliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başladılar. Bu zaman, necə deyərlər, başını itirmiş respublika rəhbərliyi vəziyyətdən yeganə çıxış yolunu deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevdən Bakıya gəlməsini və xalqı bu bəladan qurtarmasını israrla xahiş etməkdə gördü. İyunun 9-da ulu öndər Heydər Əliyev Prezident Əbülfəz Elçibəyin rəsmi dəvəti ilə Bakıya gəldi. Həmin gün Milli Məclis vəziyyəti geniş müzakirə edərək, Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul etdi. Xalqın təkidli tələbini cavabsız qoymayan böyük şəxsiyyət Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, cəsarətlə irəli durdu və bir qrup jurnalistlə Gəncəyə gedərək, real vəziyyətlə yerində tanış olmaq qərarını verdi. Bildirdi ki, yalnız bundan sonra təklifə cavab verəcək. Əlbəttə, bu, çox riskli və qorxulu bir səfər idi. Çünki həmin vaxt Surət Hüseynovun rəhbərlik etdiyi silahlı dəstə ulu öndərə qarşı hər an sui-qəsd təşkil edə bilərdi. Elə sonradan da məlum olduğu kimi, bu səfər zamanı Heydər Əliyevin fiziki məhvinə cəhdlərin olması barədə düşünülübmüş. Həmin günlər Gəncədə qardaş qırğını baş verdiyi halda, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy, Ali Sovetin sədri İsa Qəmbər, baş nazir Pənah Hüseynov, dövlət katibi Əli Kərimov və respublikanın digər rəhbər vəzifəli şəxsləri qorxularından hadisə yerinə getməmişdilər. Surət Hüseynov isə xarici havadarlarının diktəsi ilə silahlı mübarizəsini davam etdirir, respublikada hakimiyyəti ələ keçirmək niyyətini reallaşdırmaq istəyirdi.
Həmin qarışıq zamanda xalqın Heydər Əliyevin hakimiyyətə qayıdışı arzusu ilə ayağa qalxması, sözün həqiqi mənasında, milli hərəkata çevrilmişdi. AXC-Müsavat iqtidarı sürətlə siyasi iflasa uğramasından nokdaun vəziyyətinə düşərək səndirləyirdi.
Dünya şöhrətli siyasətçinin böyük cəsarət nümunəsi olan Gəncə səfəri tədricən hər şeyi yoluna qoydu. Ölkədə yaradılan daxili sabitliyin təməlinə çevrildi. Ulu öndər Gəncədə 709 saylı hərbi hissənin döyüş meydanına çevrilmiş ərazisinə baş çəkdi, şəhər sakinləri və hərbi qulluqçularla görüşüb söhbət etdi, yaranmış vəziyyəti onlarla birlikdə təhlil etdi. Gəncəlilər hər yerdə xilaskarı gül-çiçəklə, xoş diləklə qarşılayırdılar. Əhali küçələrə axışır, ulu öndərə sevgi və inamını nümayiş etdirir, onunla görüşür, səfərin gəncəlilərə əsl sevinc bəxş etdiyini özlərinin təbii səmimiyyətləri ilə büruzə verirdilər.
Sonradan həmin ağır günlərdə Gəncəyə yollanması barədə danışan ümummilli lider bildirmişdir ki, xarici havadarlarının təsiri ilə qiyam qaldırmış, üstəlik də AXC-Müsavat iqtidarının qıcıqlandırdığı “ərköyün” polkovniklə (Surət Hüseynovla –Ə.N.) bütün gecəni söhbət aparıb və böyük siyasi məharətlə, ölkənin, xalqın taleyi naminə onu daha yanlış addımlar atmaqdan çəkindirə bilib...
Beləliklə, bu səfər ölkəmizi ağır faciələrdən xilas etmişdir. İctimai-siyasi fəaliyyətinin hər bir anı millətinin mənafeyinə şərəfli xidmətlə süslənən, sözün əsl mənasında, tarix yazan dahi şəxsiyyət – xalqının böyük oğlu Heydər Əliyev öz həyatını təhlükəyə ataraq möhtəşəm qurtuluş missiyasını yerinə yetirmişdir. Gəncə səfərindən iki gün sonra – 1993-cü il iyunun 15-də isə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi xalqın ümummilli liderin xilaskarlıq missiyasına inamının nəticəsi idi. Tarixin sonrakı dönəmi ulu öndərdən qayıdış tələbinin ən düzgün yol olduğunu göstərmişdir.
Bu gün Azərbaycan ictimai-siyasi sabitliyi, mədəni-iqtisadi inkişafı ilə dünyanın söz sahibi olan dövlətləri sırasına qoşulub. Qarabağda otuz illik erməni işğalına son qoyulub və hazırda orada genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə daha işıqlı sabahlara üz tutmuşuq. Bütün bunlara görə xalqımız, ilk növbədə, məhz ulu öndərin ölməz ruhuna borcludur.
Əli NƏCƏFXANLI
Xalq qəzeti
2021.- 9 iyun.- S.5.