15 iyun – Tariximizin mühüm mərhələsinin
başlanğıcı
Əgər kimsə Azərbaycanın dövlətçiliyinə
xəyanət edəcəksə, mən son
damla qanıma qədər onunla
mübarizə aparacağam. Azərbaycanın
dövlətçiliyinin, müstəqilliyinin keşiyində
bir vətəndaş kimi
də, bir prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa
hazıram.
Heydər ƏLIYEV
Ümummilli lider
Əgər 1993-cü ildə xalqın tələbi və
təkidi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi,
Azərbaycan çox böyük
bəlalarla üzləşə bilərdi. Ölkə parçalanma ərəfəsində idi. Vətəndaş müharibəsi, Ermənistanın
Azərbaycana təcavüzü nəticəsində
torpaqlarımızın itirilməsi, digər təhlükəli
amillər ölkəni dağıdırdı. Azərbaycan böhran içində idi.
İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti
1991-ci il oktyabrın 18-də Azərbaycan
dövlət müstəqilliyinə qovuşduqdan
sonra özünü Xalq Cümhuriyyətinin siyasi
və hüquqi varisi elan etdi və qədim
dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Az müddət sonra Azərbaycan
Xalq Cümhuriyyəti dövrünün
dövlət rəmzləri bərpa olundu.
Xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan
Respublikası çox mürəkkəb
şəraitdə fəaliyyət göstərməyə
başladı. Ermənistanın Azərbaycana qarşı təcavüzünün
genişlənməsi, hakimiyyət uğrunda
daxili çəkişmələr,
iqtisadiyyatın çökməsi ölkəni xeyli zəiflətmişdi. Azərbaycan Xalq Cəbhəsi – Müsavat
iqtidarı yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə
çatdırmışdı.
Azərbaycan tarixində elə məqamlar olmuşdur ki, həmin anlar mühüm mərhələnin başlanğıcı kimi tariximizə həkk olunmuşdur. Belə məqamlardan biri də ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıtması ilə tarixə düşən hadisədir. Xalqımız hər il 15 iyunu Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi bayram edir.
Tarixdə şəxsiyyətin rolu danılmazdır və bu haqda kitablar yazılıb. Müasir tariximizin bir qərinəlik dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Lakin Heydər Əliyevin 1987-ci ilin oktyabrında erməni lobbisinin təkidi ilə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və Sov. İKP MK Siyasi Bürosunun üzvü vəzifəsindən istefaya göndərilməsindən, 1993-cü ilin iyununda yenidən Azərbaycanda hakimiyyətə qayıdışınadək olan dövrdə müxtəlif səviyyələrdə, cürbəcür yollarla onun siyasi səhnədən sıxışdırılıb çıxarılmasına cəhdlər göstərilmişdir.
Heydər Əliyevin 1990-cı ilin yayında Moskvadan Azərbaycana qayıtması, lakin ona Bakıda qalmağa imkan verilməməsi səbəbindən doğulub boya-başa çatdığı Naxçıvana getməsi anından hakimiyyətdə olan qüvvələr daim onun yenidən böyük siyasətə qayıdışına hər cür maneələr törətmiş, hətta onu fiziki cəhətdən məhv etməyə belə cəhd göstərmişdilər.
Heydər Əliyevin 1990-cı ilin iyununda Moskvadan Vətənə dönüşündən 1993-cü ilin iyununda xilaskarlıq missiyası ilə Naxçıvandan Bakıya qayıtmasınadək olan dövrü bir neçə mərhələyə bölmək olar.
Birinci mərhələ Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtmasından, 1992-ci ilin iyun ayına qədər olan dövrü əhatə edir. Həmin dövrdə Heydər Əliyev Naxçıvanda xalq hərəkatının şəriksiz lideri kimi yenidən böyük siyasətə qayıtmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinə deputat seçilmişdi. Xalq bütün ümidini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, dünyada nüfuzlu və təcrübəli siyasətçi kimi tanınan Heydər Əliyevə bağlamışdı. Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. Ayaz Mütəllibovun hər cür təzyiqlərinə baxmayaraq, Naxçıvanın sosial-iqtisadi problemlərinin həllini təkbaşına öz çiyinlərinə götürmüşdü. Həmin dövrdə Heydər Əliyev kimi təcrübəli bir dövlət xadiminin Naxçıvana rəhbərlik etməsi Xalq Cəbhəsinə də sərf edirdi. Fəaliyyətinin ilk dövründə xalqın azadlıq mübarizəsində iştirak edən Xalq Cəbhəsi Heydər Əliyev tərəfindən dəstəklənirdi. Lakin hakimiyyətə gələndən sonra Xalq Cəbhəsi böyük şəxsiyyətin xalq içərisindəki nüfuzundan qorxaraq, ona qarşı mübarizəyə başlamışdı.
1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Xocalıda və bir sıra digər kəndlərdə soyqırımı törətməsi, həmin ilin mayında Şuşanın və Laçının süqut etməsi hakimiyyət uğrunda mübarizəni daha da kəskinləşdirmiş, ölkə rəhbərliyi dəfələrlə əldən-ələ keçərək iflic vəziyyətinə düşmüşdü.
İkinci mərhələ Xalq Cəbhəsinin hakimiyyətə gəlməsindən, 1992-ci ilin noyabr ayınadək olan dövrü əhatə edir. Xalq Cəbhəsinin neobolşevikcəsinə həyata keçirdiyi kadr siyasətinin Naxçıvanda tətbiq edilməsinə qarşı çıxan Heydər Əliyev, tezliklə AXC-Müsavat iqtidarının bir nömrəli düşməninə çevrildi.
Ölkə ziyalıları, sadə insanlar dövlətin ağır vəziyyətdən qurtuluşunun yeganə yolunu Heydər Əliyevin ətrafında birləşməkdə görürdülər. Xalqın sağlam qüvvələrini özündə cəmləşdirən Qurtuluş hərəkatı meydana gəlir və böyük siyasətçi Heydər Əliyevin ətrafında toplaşırdı. Xalqın nümayəndələri, alimlər, nüfuzlu ziyalılar Naxçıvana gedib, Heydər Əliyevdən yenidən böyük siyasətə qayıtmasını xahiş edirdilər. 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi.
Oktyabrın 24-də Naxçıvan Xalq Cəbhəsinin yerli qurumlarına məxsus olan silahlı dəstələr Daxili İşlər Nazirliyinin binasını və televiziya studiyasını ələ keçirdilər. Lakin naxçıvanlılar onları müdafiə etmədilər və silahlı çevriliş cəhdi baş tutmadı. Xalq qətiyyətlə görkəmli siyasi xadim Heydər Əliyevi dəstəklədi. Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi. Partiyanın təsis bəyanatında qeyd olunurdu ki, bu partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivilizasiyalı demokratik hüquqi dövlət, əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosialyönümlü iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar həyata keçirməkdən ibarətdir.
Üçüncü mərhələni "soyuq müharibə" dövrü adlandırmaq olar. Bu mərhələ 1992-ci ilin oktyabrından 1993-cü ilin fevral ayınadək olan dövrü əhatə edir. Bu dövrdə AXC-Müsavat iqtidarı, sözün həqiqi mənasında, Naxçıvanın blokadasını daha da sərtləşdirmişdi. Ali Məclisin sədri Heydər Əliyev bir tərəfdən genişlənən erməni təcavüzünün qarşısını alır, digər tərəfdən isə İran və Türkiyə ilə şəxsi əlaqələri hesabına muxtar respublikanın ərzaq və yanacaq problemlərini həll edirdi. AXC-Müsavat iqtidarı isə İran və Türkiyəyə təsir göstərməyə çalışırdı ki, Naxçıvanla birbaşa əlaqələrə son qoyulsun. Bu mərhələ AXC-Müsavat iqtidarının əsl simasının açıldığı, onun anarxist siyasətbazlıqdan başqa bir şeyə yaramadığının aşkarlandığı dövr oldu. 1993-cü ilin fevralında keçmiş iqtidarın ölkəni hərbi, siyasi və iqtisadi cəhətdən fəlakətə yuvarladığı hamıya bəlli oldu.
Dördüncü mərhələ 1993-cü ilin fevralından AXC-Müsavat iqtidarının süqutuna qədər olan dövrü əhatə edir. Fevralın əvvəlində Əbülfəz Elçibəy dərk etmişdi ki, onun komandası ölkəni fəlakətə sürükləyir. Məhz bundan sonra Əbülfəz Elçibəy Heydər Əliyevin dövlətçilik təcrübəsindən, idarəetmə məharətindən faydalanmağı zəruri hesab etmişdi. Fevralın 12-də Prezident İqamətgahında Əbülfəz Elçibəy Heydər Əliyevlə görüşmüş, onunla 8 saat fasiləsiz məsləhətləşmə aparmışdı.
Aprelin 2-də Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ölkədə vəziyyəti daha da gərginləşdirmişdi. Artıq ölkə idarəolunmaz hala gəlmişdi. Güc strukturları hakimiyyətin nəzarətindən çıxmışdı. Ayrı-ayrı silahlı dəstələr hakimiyyət uğrunda mübarizəyə cəlb edilmişdilər. Nizami ordu əvəzinə könüllü batalyonlar yaradıldığından, bütün cəbhə boyu məğlubiyyət məğlubiyyətin ardınca gəlirdi. Ölkənin böhran vəziyyətə düşdüyünü görən Prezident Ə.Elçibəy fövqəladə vəziyyət tətbiq edilməsi haqqında fərman imzalamışdı.
Gəncədə 1993-cü il iyun hadisələri ölkədə vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan bir qrup zabit “hərbi birlik” yaratmışdı. 709 saylı briqada Müdafiə Nazirliyinə tabe olmur, iqtidar isə hərbi müxalifətin öhdəsindən gələ bilmirdi.
Gəncəbasarda qanuni hakimiyyəti bərqərar etmək, 709 saylı hərbi hissəni tərksilah etmək məqsədilə iyunun 4-də səriştəsiz bir əməliyyat həyata keçirilmişdi. Gəncəyə 3 minədək canlı qüvvə və texnika yeridilmişdi. Hərbi hissənin kazarmaları dağıdılmış, hərbi təyyarələr havaya qalxıb hava limanını darmadağın etmişdi. Qardaş qanı tökülmüş, 35 nəfər həlak olmuş, 135 nəfər yaralanmışdı. 1200 döyüşçü, habelə respublikanın baş prokuroru İxtiyar Şirinov və milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbərov girov götürülmüşdü. Hökumət qüvvələri biabırcasına məğlub olmuşdu. Surət Hüseynovun dəstələri Bakı üzərinə hərəkətə başlamışdılar. Prezidentin, Ali Sovetin sədrinin, baş nazirin və güc strukturlarının rəhbərlərinin istefası tələb edilirdi. İyunun 14-də Navahı yaxınlığında qiyamçılarla, ordu üz-üzə dayanmışdı. Danışıqlar nəticəsində qiyamçıları Lökbatan yaxınlığında və Şamaxı yolunun 75 kilometrliyində saxlamaq mümkün olmuşdu. Ölkəni parçalamaq istəyən xarici və daxili güclər fürsətdən istifadə edərək vətəndaş müharibəsi törətməyə çalışırdılar.
Gəncədə baş qaldıran qiyam AXC-Müsavat iqtidarının süqutunu sürətləndirdi. Ölkə ziyalıları, sadə insanlar böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri İsa Qəmbər, baş nazir Pənah Hüseynov və üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular. Belə bir məqamda keçmiş iqtidar yetkililəri yenə Naxçıvana – Heydər Əliyevə üz tutdular. Onu böyük dövlət xadimi kimi, alovlanan vətəndaş müharibəsini yatırmaq üçün təkidlə Bakıya dəvət etdilər. AXC-Müsavat iqtidarının ayrı-ayrı yüksək vəzifəli şəxslərinin, nüfuzlu ziyalıların, ağsaqqalların təkidli tələbi ilə iyunun 9-da Heydər Əliyev Bakıya qayıtdı. O, alovlanan vətəndaş müharibəsini söndürmək üçün iyunun 13-də Gəncəyə getdi. Qardaş qırğınının qarşısını aldı. AXC-Müsavat iqtidarı pərən-pərən düşdü. İstefalar başladı. Bəzi nazirlər isə vəzifələrini "dondurdular". Belə ağır bir məqamda – iyunun 15-də Milli Məclis Heydər Əliyevi Ali Sovetin Sədri seçdi. Bununla müasir tariximizdə yeni mərhələyə qədəm qoyuldu.
Heydər Əliyev parlamentin sədri seçiləndən iki gün sonra Prezident Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə gizlicə doğulduğu Kələkiyə getdi və qayıtmadı. Ona dəfələrlə geri qayıdıb ölkəyə rəhbərlik etmək təklif olunsa da, hər dəfə, faktiki olaraq rədd cavabı alındı. Milli Məclis iyunun 24-də prezident səlahiyyətlərini Ali Sovetin Sədri Heydər Əliyevə həvalə etdi.
Məhz Heydər Əliyevin qətiyyəti, gecəli-gündüzlü gərgin fəaliyyəti sayəsində vətəndaş müharibəsinin, ölkənin parçalanmasının və separatizmin qarşısı alındı. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günün bayram kimi qeyd edilməsi ilə bağlı qərar qəbul etdi.
Azərbaycan xalqı xaos və anarxiyadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin hakimiyyətə qayıdışı əsaslı dönüş nöqtəsi oldu. Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itirilmiş inamımı özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı.
Avqustun 7-də cənub bölgəsində üzdəniraq “Talış Muğan Respublikası” yaradıldığı elan olundu. Qondarma “hökumət” təşkil edildi. Rusiya, İran və Belarus dövlətlərinə, BMT-yə müraciət edib bu qondarma qurumu tanımağı xahiş etdilər. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq, problemin dinc vasitələrlə həllinə üstünlük verdi. Avqustun 13-də o, həmin bölgədən olan xalq deputatları, ziyalılar, ağsaqqallarla görüşdü. Onlar separatçılara qarşı qəti tədbirlər görülməsini tələb etdilər. Avqustun 17-də Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət verdi, onu Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrin siyasi oyunu kimi ifşa etdi. Avqustun 21-23-də güc strukturlarının həyata keçirdikləri tədbirlər sayəsində üzdəniraq “Talış Muğan Respublikası” ləğv edildi.
Xalq öz rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşməyə başladı. Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da Prezident Əbülfəz Elçibəyə etimad haqqında referendum keçirildi. Referendumda iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdi.
Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz böyük oğlunu ölkənin prezidenti seçdi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan Heydər Əliyev böyük çətinlikləri dəf etməli oldu. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildilər. İctimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi. Nizami ordu quruculuğuna başlanıldı.
Azərbaycan xalqının tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev demişdir: “Mən ömrümün qalan hissəsini də Azərbaycan xalqına bəxş edirəm!”
1994-cü il mayın 12-də cəbhədə atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər – yəni 1991-1993-cü illərdə ölkədə baş alıb gedən anarxiya şəraitindən, hakimiyyət uğrunda çəkişmələrdən istifadə edən Ermənistan ordusu Azərbaycan Respublikasının 20 faiz ərazisini – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndini işğal etmişdi.
Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində nizami ordu formalaşdırıldı, Ermənistanın hərbi təcavüzü dayandırıldı, Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində əsl dönüş yarandı.
1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı və yeni neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırılmasına imkan yaratdı. İqtisadi islahatların həyata keçirilməsi istiqamətində böyük addımlar atıldı. Torpaqlar kəndlilərin mülkiyyətinə verildi.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaratdı. Ümummilli liderin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycan tarixinə dövlətçiliyin möhkəmləndirilməsi və dərin islahatlar dövrü kimi daxil olmuşdur.
2003-cü ildən ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Məhz bu mərhələdə enerji resurslarının ixracından əldə olunan gəlirlərin xüsusi bir qismi iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, cəmiyyət həyatının digər sahələrinin yeniləşdirilməsi və müasirləşdirilməsinə yönəldildi. Ardıcıl şəkildə qəbul olunmuş və həyata keçirilmiş çoxsaylı dövlət proqramları, reallaşdırılmış xüsusi layihələr güclü iqtisadi potensialın formalaşdırılması, insan kapitalının səfərbər edilməsi və səmərəli istifadəsi, ölkənin bütün sahələr üzrə müasir infrastrukturlarının yaradılması əhalinin rifahının yüksəldilməsini təmin etdi. Bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur.
Heydər Əliyev prezidentliyi dövründə məcburi köçkünlərlə keçirdiyi hər bir görüşündə bildirirdi ki, Azərbaycan əraziləri işğaldan azad ediləcək, yer-yurdlarından didərgin düşən soydaşlarımızın el-oba həsrətinə son qoyulacaq. Lakin mövcud geosiyasi vəziyyət Azərbaycan torpaqlarının işğaldan azad olunmasına imkan vermədi. Ümummilli lider Heydər Əliyevin arzularını onun davamçısı İlham Əliyev həyata keçirdi. İlham Əliyevin hakimiyyətdə olduğu 18 il ərzində ölkə iqtisadiyyatının gücləndirilməsi, valyuta ehtiyatlarının yaradılması, ordunun müasir texnika ilə təchiz edilməsi, diplomatiya sahəsində qazanılan uğurlar Azərbaycan Ordusunun zəfər yürüşünə başlamasına şərait yaratdı. 2020-ci il sentyabrın 27-də növbəti erməni təxribatına cavab olaraq başlanan əks-həmlə 44 gündə Zəfərlə başa çatdı. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. 1993-cü ildən bəri icra edilməyən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi yerinə yetirdi. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu qəhrəman, yenilməz, məğrur xalq olduğumuzu bir daha dünyaya nümayiş etdirdi. Heydər Əliyevin ata vəsiyyətini oğul İlham Əliyev yerinə yetirdi. Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin müqəddəratını həll etdi. Noyabrın 10-da Ermənistanın baş naziri kaputilyasiya aktına imza atdı. Ermənistan təslim oldu, ağ bayraq qaldırdı və diz çökdü.
Heydər Əliyevin ruhu şaddır ki, biz hazırda qalib xalq kimi özümüzü dünyaya tanıtdıq. Ermənistanın havadarları onu xilas edə bilmədilər. Bugünkü qələbələrimizin təməli məhz Heydər Əliyevi dövründə atıldı.
O dövrdə baş verən hadisələrin təhlili göstərir ki, əgər 1993-cü ilin iyununda xalqın dəvəti ilə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı. Ona görə də 15 iyun 1993-cü il müasir tariximizdə mühüm mərhələnin başlanğıcı kimi xarakterizə edilir.
Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycanın bir dövlət kimi yenidən qurulduğu, formalaşdığı və beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrildiyi mərhələdir. Onun özünün dediyi kimi, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.
Müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi yazılan bu gün xalq tərəfindən hər il təntənə ilə qeyd edilir və Heydər Əliyevin xilaskarlıq missiyası ehtiramla xatırlanır.
Nazim MUSTAFA,
tarix üzrə fəlsəfə doktoru,
Prezident
Kitabxanasının şöbə müdiri
Xalq qəzet.-
2021.- 12 iyun.- S.3.