Şərqin ilk ali musiqi məktəbi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da müsəlman Şərqinin ilk ali təhsil musiqi ocağı olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalayıb. Bakı Musiqi Akademiyası milli musiqi mədəniyyəti və elm-təhsil mühitinə verdiyi töhfələrlə yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin və şərəfli bir yol keçmişdir. Bu musiqi məbədinin əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulmuşdur. 100 il ərzində bir neçə nəsil musiqiçilərin fədakar əməyi sayəsində Azərbaycanın musiqi mədəniyyəti, kadr potensialı, musiqi-elmi mühiti ən ali inkişaf səviyyəsinə yüksəlmişdir. Bu gün Musiqi Akademiyası xalqımızın musiqi sərvətinin qorunub yaşadılması, dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi çoxşaxəli, geniş fəaliyyəti ilə əvəzsiz rol oynayır.
Azərbaycanın musiqi mədəniyyəti və təhsilinin inkişafında Bakı Musiqi Akademiyasının böyük rolu vardır. 1921-ci il avqustun 21-də Üzeyir Hacıbəylinin layihəsi əsasında Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış 65 nömrəli qərara əsasən, Azərbaycan Ali Musiqi Akademiyası (ilkin adı) yaradılır. Həmin qərar əsasında 1921-ci ildə təşkil olunan Dövlət Konservatoriyasında beş şöbə fəaliyyət göstərir. Üzeyir bəyin təşəbbüsü ilə özü rəhbərlik etdiyi şöbələrdən biri “Şərq musiqisi” adlanır.
Bu təhsil ocağının nailiyyətləri dahi sənətkarın təşkilatçılıq qabiliyyəti ilə bağlı, strukturu isə ölkədə qəbul edilmiş üçpilləli xüsusi musiqi təhsili sistemi ilə məüyyənləşir. Yeni tipli professional musiqi təhsil sisteminin prinsiplərini işləyən Üzeyir Hacıbəyli milli musiqi mədəniyyətinin mövcud səviyyəsini nəzərə alır. Dahi bəstəkarlarla yanaşı, onun silahdaşları Müslüm Maqomayev, Zülfüqar Hacıbəyli, Şövkət Məmmədova kimi mütərəqqi düşüncəli ziyalılar gələcək Azərbaycan musiqi mədəniyyətinin və təhsilinin inkişafını milli musiqi dəyərlərinin qorunub saxlanılması şərti ilə Şərq-Qərb ənənələrinin qovuşmasında və sintezində görür.
Ü. Hacıbəylinin səyləri nəticəsində Moskva, Peterburq və Kiyevdən dəvət edilmiş bəzi görkəmli musiqiçi və pedaqoqlar akademiyada pedaqoji fəaliyyətə cəlb olunur. Onların sırasında L.Rostropoviç, M.Pressman, İ.Aysberq, L.Yablonko, V.Zeydman, B.Karaqiçev, Q.Şaroyev, S.Bretanitskini xatırlamaq olar. Üzeyir bəy bu tanınmış musiqiçiləri konservatoriyada işləməyə dəvət etməklə bərabər, həmçinin görkəmli Azərbaycan müğənnilərindən Bülbülün, Sövkət Məmmədovanın müəllimlik, ifaçılıq sayəsindəki fəaliyyətləri ilə milli peşakar kadrların yetişdirilməsi üçün lazımi şərait yaradır və Azərbaycan musiqi təhsili sistemini mükəmməl şəkildə qurur. Bununla Üzeyir Hacıbəyli Avropa musiqi təhsil sisteminə inteqrasiyanı təmin edir və qısa az bir zamanda yeni tipli musiqi mədəniyyətimizi təmsil edən görkəmli bəstəkarların, musiqişünasların və peşəkar ifaçıların yetişməsinə nail olur.
Konservatoriyada milli musiqiçi kadrların olmaması, xalq çalğı alətləri üzrə dərsliklərin və tədris materiallarının çatışmaması, ibtidai, orta təhsili bitirmədən birbaşa burada təhsil alan gənclərin tələb olunan biliklərə yiyələnə bilməməsi və bu dövrdəki milli musiqi alətlərinin notlu ifa tədrisinə əngəl törətmək istəyən bir çox “mühafizəkar qruplar”ın fəaliyyəti nəticəsində “Şərq şöbəsi” bu təhsil ocağının tərkibindən çıxarılır. Respublika Maarif Komissarlığının qərarı ilə bu şöbənin əsasında Ü.Hacıbəylinin təklifi ilə 1922-ci ildə Türk Dövlət Musiqi Texnikumu yaradılır. Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında sonradan Asəf Zeynallının adını daşıyan bu texnikumun əvəzsiz xidmətlərini xüsusi qeyd etmək lazımdır. Bir çox böyük musiqi xadimlərimiz–Azəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Əşrəf Həsənov, Xurşid Ağayeva, Fatma Zeynalova, Fatma Səmədova, Nigar Usubova, Qılman Salahov və digər musiqiçilər həmin texnikumun məzunları olaraq, əksəriyyəti təhsillərini konservatoriyada davam etdirmiş, milli musiqi təhsil sistemində və incəsənətin digər sahələrində parlaq fəaliyyət göstərmişlər.
1926-cı ildə konservatoriyada azərbaycanlı tələbələrin sayının aşağı düşməsini aradan qaldırmaq və milli musiqi sənəti üzrə ali təhsilli musiqiçi kadrların yetişdirilməsi məqsədi ilə Maarif Komissarlığının qərarına əsasən, Türk Dövlət Musiqi Texnikumu Azərbaycan Dövlət Konservatoriyası ilə birləşir. Digər Avropa musiqi alətləri və tarixi-nəzəri sahəsi üzrə ixtisasçıların hazırlanması ilə bərabər, burada xalq çalğı alətlərindən tar və kamançanın xüsusi sinifləri yaradılır və bu sahəyə yenə də Üzeyir Hacıbəyli rəhbərlik edir.
1932-ci ildə xalq musiqi nümunələrinin toplanması, öyrənilməsi məqdəsi ilə konservatoriyada Bülbülün rəhbərliyi altında elmi-tədqiqat musiqi kabineti fəaliyyətə başlayır. Musiqi kabinetinin əməkdaşları müxtəlif səpkili ekspedisiyalar təşkil etməklə zəngin folklor nümunələri toplayır, milli musiqimizin problemləri ilə məşğul olurlar. İlk dövrlərdə bu işə cəlb olunan Azəf Zeynallı, Ərtoğrul Cavid, Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev, Fikrət Əmirov, Zakir Bağırov və digərləri xeyli sayda xalq mahnısı, rəqslər, instrumental havalar, muğamlar toplayır və nota salır.
1933-cü ildə konservatoriyanın nəzdində xüsusi istedada malik uşaqlar qrupu yaradılır. Gələcəkdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə çevrilən bu təhsil ocağına Azərbaycanın ilk pianoçu-pedaqoqu, Xalq artisti Kövkəb Səfərəliyeva rəhbərlik edir. Dünya şöhrətli pianoçu Bella Davidoviç, bəstəkar, ifaçı və musiqişünaslar Elmira Nəzirova, Çingiz Sadıqov, Yefim Barştak, Zəhra Cəfərova, Əminə Eldarova, Rauf Atakişiyev və digərləri məhz bu məktəbdə ilk musiqi biliklərinə yiyələnirlər.
1939-1948-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının direktoru vəzifəsində çalışan Üzeyir Hacıbəyli milli təhsilin inkişafına öz töhfələrini verməkdə davam edir. Böyük alim və pedaqoq Azərbaycan xalq musiqisinin əsasları və musiqi tarixi fənlərinin proqramlarını işləyir. Onun təşəbbüsü ilə tarın rekonstruksiyası aparılır və bu qədim musiqi alətində notlu nümunələrin ifa olunmasının mümkünlüyü sübüt edilir.
Vokalçıların Moskvada keçirilən I Ümumittifaq müsabiqəsinin ilk azərbaycanlı laureatı Bülbül 1940-cı ildə ilk vokalçı professoru adına layiq görülür. Konservatoriyanın vokal kafedrasının nailiyyətləri nəzərə alınaraq, bir il sonra Bakıda vokalçıların Ümumittifaq konfransı təşkil olunur.
Milli musiqi mədəniyyətinin gələcəyini düşünən Üzeyir bəy konservatoriyanın istedadlı tələbələri – Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev, Zakir Bağırov, Rauf Atakişiyevi Moskva və Leninqradın ali musiqi ocaqlarında təhsillərini davam etdirmələrini tövsiyə edir.
Konservatoriyada elmi –tədqiqat və metodiki işlərin nəticəsi olaraq Azərbaycan dilində not savadına aid ilk dərsliklər, o cümlədən milli tədris prosesində S.Rüstəmovun “Tar məktəbi” kitabı işıq üzü görür, Cəmilə Həsənovanın “Kamança məktəbi”, Saleh Abdulalimovun “Balaban məktəbi” yazılır, xalq musiqisi əsasında tədris və konsert repertuarı hazırlanır. Konservatoriyanın müəllim və tələbə heyəti 1938-ci ildə Moskvada keçirilən Azərbaycanın incəsənət ongünlüyündə uğurla iştirak edir. Musiqi mədəniyyətinə verdikləri töhfələrə görə Üzeyir Hacıbəyli, Şövkət Məmmədova və Bülbül SSRİ Xalq artisti fəxri adlarına layiq görülür.
İkinci dünya müharibəsi illərində konservatoriyanın tələbələri cəbhədə qəhrəmancasına həlak olur. Qızğın döyüşlərdə iştirak edən bəzi gənclər yaralanır, digərləri isə böyük sücaət göstərirlər.
Arxa cəbhədə də konservatoriyanın professor-müəllim heyəti əsl vətənpərvərlik nümunəsi göstərir. Müharibə illərində konservatoriyanın yeni tikilmiş binasında hospital yerləşməsinə baxmayaraq, burada tədris mühiti qorunub saxlanılır. Üzeyir bəyin rəhbərliyi ilə müəllim və tələbələrdən ibarət konsert briqadaları cəbhədə, hospitallarda və filarmoniyada 1500-dən artıq konsertlə çıxış edir. Bəşəriyyətin XX əsrdə üzləşdiyi bu çətin dövrdə Üzeyir Hacıbəyli milli musiqi elminin təməl daşını təşkil edən “Azərbaycan musiqisinin əsasları” adlı fundamental əsərini tamamlayır. Konservatoriyanın tələbələrindən ibarət Respublika Dövlət kvarteti təşkil olunur, opera sinfi isə opera teatrının kollektivi ilə birgə yeni operaları səhnələşdirir. Onlardan biri – Qara Qarayev və Cövdət Hacıyevin “Vətən” operası Dövlət mükafatına layiq görülür.
1944-cü ildə Tiflisdə Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə konservatoriyanın tələbələri – gələcəyin qüdrətli bəstəkarları Qara Qarayev, Soltan Hacıbəyov və Cövdət Hacıyevin bəstələdikləri ilk Azərbaycan simfoniyaları səslənir.
Beləliklə, Üzeyir Hacıbəylinin səyi nəticəsində Azərbaycan Dövlət Konservatoriyası böyük nüfuz qazanır, onun əsas təlim-tədris, elmi-tədqiqat prinsipləri formalaşır. Ölməz sənətkarın vəfatından sonra, 1949-cu ildə bu təhsil ocağına onun adı verilir.
Sonraki illərdə rektor vəzifəsində çalışan Qara Qarayev, Əşrəf Abasov, Soltan Hacıbəyov, Cövdət Hacıyev və Elmira Abasova akademik musiqi təhsilinin inkişafında böyük rol oynayırlar. Üzeyir bəyin ənənərini qoruyaraq, konservatoriyanın məzunlarını pedaqoji işə cəlb edir, istedadlı gəncləri Moskva və Leninqrad konservatoriyalarına, onların aspiranturalarına oxumağa göndərirlər. Bu dövrdə Xalq Konservatoriyası təşkil edilir və opera studiyası fəaliyyətə başlayır.
1951-ci ildə Qara Qarayevin təşəbbüsü ilə konservatoriyanın müəllimləri Azad Əliyev, Murad Tağıyev, Rəşid Seyidzadə, Sabir Əliyevdən ibarət Simli kvartet təşkil olunur. Tezliklə bu kvartet Dövlət Filarmoniyasının ifaçılıq kollektivlərindən birinə çevrilir, 1957-ci ildə isə Moskvada keçirilən Gənclərin ümumdünya festivalında ali mükafata – qızıl medala layiq görülür.
Altmışıncı illərin sonunda konservatoriyanın müəllimlərindən ibarət yeni simli kvartet, trio və respublikada ilk qadın simli kvarteti yaradılır. Böyük yaradıcılıq imkanlarına malik bu musiqi kollektivləri ölkənin mədəni həyatında fəal iştirak edirlər.
O vaxtdan konservatoriyada “Elmi əsərlər” jurnalı dərc edilməyə başlayır, musiqişünasların milli musiqi mədəniyyətinin müxtəlif problemlərinə həsr olunmuş tədqiqatları, monoqrafiyaları işiq üzü görür. Konservatoriyada Azərbaycan musiqi tarixi fənninin tədrisi başlayır, keçmiş SSRİ-də ilk dəfə olaraq müasir musiqi kursu tədrisə daxil edilir.
Konservatoriyanın yetirmələri sayəsində Azərbaycan musiqi mədəniyyəti, bəstəkar yaradıcılığı çiçəklənmə dövrünü yaşayır. Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Rauf Hacıyev, Cahangir Cahangirov, Arif Məlikov, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Ramiz Mirişli, Leonid Vaynşteyn, Ramiz Mustafayev, İsmayıl Hacıbəyov, Tofiq Bakıxanov, Fərəc Qarayev, Firəngiz Əlizadə, Azər Dadaşov və digər sənətkarların əsərləri dünyada səslənir.
Qeorgi Şaroyev, Mayor Brener, Kövkəb Səfərəliyeva, Nigar Usubova kimi pedaqoqların sayəsində Azərbaycan ifaçılıq məktəbi qızıl dövrünü yaşayır. 1967-1968-ci illərdə milli ifaçılıq mədəniyyətində ilk dəfə olaraq konservatoriyanın tələbəsi kimi bu sətirlərin müəllifi Praqada keçirilən Smetana adına beynəlxalq müsabiqədə III və Lissabondaki Viana di Motta adına pianoçuların beynəlxalq müsabiqəsində I mükafata layiq görülür. HəmçininZöhrab Adıgözəlzadə, Elmira Səfərova, Viktor Mtyuşkin, Validə Rəsulova, Arzu Ələsgərov Zaqafqaziya müsabiqələrinin laureatı adlarını qazanırlar.
60-cı illərin əvvəllərində konservatoriyada orqan kafedrası açılır. Bu tədris ocağının böyük zalında daima orqan musiqisi axşamları təşkil olunur. İlk orqan ifaçımız Zəhra Cəfərovanın rəhbərliyi ilə Azərbaycan orqan ifaçılıq məktəbi formalaşır, istedadlı musiqi kadrları konsert fəaliyyəti ilə respublikanın hüdüdlarından kənarda tanınırlar.
Azərbaycanın ilk arfa ifaçısı, konservatoriyanın arfa sinfinə rəhbərlik edən Aida Abdullayeva Bakı Musiqi Akademiyasında, Türkiyə, Rusiyanın musiqi ocaqlarında və kollektivlərində hazırda çıxış edən və dərs deyən çoxsaylı musiqi kadrlarını hazırlayır.
Milli vokal mədəniyyətinin nailiyyətləri məhz konservatoriyanın vokal kafedrasının tarixi ilə bağlıdır. Onun ilk məzunu, SSRİ Xalq artisti, professor Bülbül idi. Qırxıncı illərdən həyatının sonuna kimi ilk qadın opera müğənnilərindən biri olan SSRİ xalq artisti Şövkət Məmmədova vokal kafedrada gənc vokalçıların formalaşmasında iştirak edir. Əlbəttə ki, möhkəm bünövrəyə əsaslanan, sürətlə inkişaf edən vokal ifaçılıq məktəbinin təkmilləşməsi prosesi nəticəsində SSRİ Xalq artistləri Firəngiz Əhmədova, Müslüm Maqomayev, Lütfiyar İmanov, Xalq artistləri Mirzə Babayev, Kəmal Kərimov, Firudin Mehdiyev, Sona Aslanova, Mürsəl Bədirov, Əli Haqverdiyev kimi vokalçı kadrlar yetişdirilir.
İllər ərzində konservatoriyanın vokal kafedrasının tələbələri müxtəlif beynəlxalq, Zaqafqaziya müsabiqələrində iştirak edir, Moskva konservatoriyası, İtaliyanın “La Skala” teatrında stajorluq keçirlər. Kafedranın yetirməsi SSRİ Xalq artisti Fidan Qasımova ilk dəfə olaraq 1977-ci ildə İtaliyada Vietti adına Beynəlxalq müsabiqənin qalibi olur. Xalq artisti Xuraman Qasımova 1977-ci ildə M.Kallas adına Beynəlxalq müsabiqədə “Qran pri” və I yerlə mükafatlandırılır, 1982-ci ildə isə Çaykovski adına Beynəlxalq müsabiqədə II yerə layiq görülür. Rumiyyə Kərimova, Svetlana Mirzəyeva Zaqafqaziya müsabiqəsinin qalibi olurlar.
Bakı Musiqi Akademiyası tarixinin yeni mərhələsi keçən əsrin 90-cı illərinə təsadüf edir. Respublikanın çətin siyasi-sosial dövründə bu musiqi təhsil ocağının fəaliyyəti müasir Azərbaycan təhsilinin əsas hədəflərinə uyğun qurulur. Müstəqillik dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Bakı Musiqi Akademiyası ölkəmizin musiqi mədəniyyəti üçün xüsusi əhəmiyyətə malik ixtisaslar üzrə rəqabətqabiliyyətli kadrların yetişdirilməsi işində öz vəzifələrinin öhdəsindən layiqincə gəlir. Yeni kafedralar, “Qədim musiqi alətlərinin bərpası və təkmilləşməsi”, “Şifahi ənənəli Azərbaycan musiqisinin tədqiqi problemləri”, “Musiqi akustikası” adlı elmi laboratoriyalar açılır.
BMA-nın nəzdində fəaliyyət göstərən Õalq musiqisi kabineti ənənəvi musiqi irsinin toplanması məqsədilə ekspedisiyalar təşkil edir, õalq musiqisinin audio və video teõnikaları ilə yazıya alır, toplanılmış materialların notlaşdırılması, kataloqlaşdırılması, sistemləşdirilməsi, tədris və elmi məqsədlərlə istifadə olunmasını həyata keçirir.
Bu gün Bakı Musiqi Akademiyasında təlim-tədris prosesi dövlət təhsil standartları əsasında beynəlõalq və Ümumavropa Bolonya təhsil sisteminin prinsiplərinin tətbiqi və ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramlarına uyğun yüksək səviyyədə təşkil edilir, professional musiqi kadrları hazırlanır. Musiqi mütəxəssisləri və elmi-pedaqoji kadr hazırlığı bakalavriat – magistratura – doktorantura səviyyələri üzrə aparılır.
Müasir təhsil sisteminin prinsiplərinin tətbiqi ilə bağlı Bakı Musiqi Akademiyasının õüsusi vebportalı, qlobal kompüter şəbəkəsi üçün informasiya resursları yaradılır. Qısa zaman ərzində vebportal “Mədəniyyət və incəsənət” sahəsi üzrə iki nüfuzlu “Milli Net 2017” və “Nettyaward 2018” mükafatlarını qazanır.
Beynəlxalq təhsil məkanına inteqrasiya yolu seçməklə dünyanın aparıcı ali musiqi məktəbləri ilə qurduğu qarşılıqlı əlaqələr, beynəlxalq proqramların tətbiqi Musiqi Akademiyasında görülmüş işlərin uğurlu nəticələrindəndir. Musiqi təhsilinin təkmilləşdirilməsi məqsədi ilə Avstriya, Türkiyə, Slovakiya, Norvec, Çin, Rumıniya, Rusiya, Qazaxıstan, Özbəkistan, Belorus və digər ölkələrin müxtəlif ali məktəbləri ilə sazişlər bağlanır. BMA-da son illərdə Meksika, Türkiyə, İran, Türkmənistan, Serbiya, Xorvatiya, Gürcüstan və digər müxtəlif ölkələrin vətəndaşları təhsil alırlar.
Musiqi Akademiyasında daim beynəlxalq və respublika müsabiqələri, konfranslar keçirilir, konsertlər və digər tədbirlər təşkil edilir. Bu təhsil ocağının müəllim-tələbə heyəti artıq 1995-ci ildən başlayaraq beynəlxalq müsabiqələrdə suveren Azərbaycan Respublikasını təmsil edir.
Ulu öndərin respublikamıza rəhbərliyi dövründə onun xüsusi diqqəti sayəsində Bakı Musiqi Akademiyası özünün yüksək inkişaf səviyyəsinə çatır. O, daim bu ali təhsil ocağını diqqət mərkəzində saxlamış, onun problemləri ilə yaxından məşğul olmuşdur. Kollektivimiz üçün çox şərəflidir ki, ulu öndər tərəfindən əsası qoyulan diqqəti bu gün də Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Prezidentimizin sərəncamı ilə Bakı Musiqi Akademiyasının 90-illik yubileyi ərəfəsində əsaslı təmir-bərpa işləri aparılır, onun maddi-texniki bazası müasirləşdirilir, yeni musiqi alətləri alınır, Şövkət Məmmədova adına Opera studiyası da yüksək səviyyədə yenidən qurulur, müasir akustika və işıq sistemləri quraşdırılır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında verdiyi sərəncamı bir daha onun bu qocaman, ölkəmizdə və müsəlman Şərqində ilk belə tipli ali musiqi təhsil ocağına göstərdiyi diqqətin bariz nümunəsidir.
Yüz il ərzində bu qocaman təhsil ocağının minlərlə məzunu Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin musiqi müəssisələrində, konsert salonlarında öz bilik və bacarığını nümayiş etdirib. Onun kadr potensialı və elmi bazası əsasında vaxtilə Azərbaycan Milli Elmlər Akademiyasının İncəsənət İnstitutu və 2000-ci ildə Azərbaycan Milli Konservatoriyası yaradılıb.
Bakı Musiqi Akademiyasının yetirmələri, müəllim–tələbə heyəti, tələbə simfonik orkestri, kamera orkestri, nəfəs alətləri orkestri Azərbaycanın ən möhtəşəm mədəni hadisələrinin iştirakçıları olur. Onların sırasında Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Rostropoviç Beynəlxalq Musiqi Festivalını xatırlamaq olar.
Ali Baş Komandanımızın və ordumuzun şücaəti sayəsində xalqımızın ən ağrılı probleminin həll olunmasında, Vətən müharibəsində Bakı Musiqi Akademiyasının məzun və tələbələr də fəal iştirak etmişlər. İşğaldan azad olunmuş və Azərbaycanın mədəni paytaxtı elan edilmiş, bütün azərbaycanlılar üçün əziz olan Şuşada “Xarıbülbül” Musiqi Festivalında 100 il bundan öncə dahi sənətkar Üzeyir Hacıbəyli tərəfindən təməli qoyulmuş Bakı Musiqi Akademiyasının məzunları, müxtəif illərdə burada təhsil almış milli və klassik musiqi ifaçıları çıxış etdilər.
Bu təhsil ocağının yetirmələri, müəllim-tələbə heyəti, həmişə olduğu kimi, bu gün də ölkənin mədəni həyatında kifayət qədər fəal iştirak edir, “Qafqazın konservatoriyası”, Azərbaycanın mədəniyyət mərkəzlərindən biri, muğam sənətimizin beşiyi olan Şuşada musiqi bayramları, festivallar keçirməyi düşünür.
Mən inanıram ki, sönməz bir məşəl kimi Azərbaycan musiqi təhsilini, elmini işıqlandırmış, qüdrətli təhsil məbədgahına çevrilmiş, öz elmi-intellektual potensialı və tədrisin yüksək keyfiyyəti ilə ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanınaraq böyük nüfuz qazanmış Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası daim öz müqəddəs vəzifəsini şərəflə həyata keçirəcək. Hər zaman olduğu kimi, Azərbaycan xalqının musiqi təhsili sisteminin önündə gedəcək və Üzeyir bəy ənənələrini yaşadacaqdır!
Fərhad BƏDƏLBƏYLİ,
Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru,
SSRİ və Azərbaycan Xalq artisti,
Dövlət mükafatı
laureatı, professor
Xalq qəzeti.-2021.-
12 iyun.- S.7.