Dövlət qulluqçusu olmaq insanlara
xidmət imkanıdır
Hər bir şəxs bilməlidir ki, dövlət
qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət
imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən
və əhəmiyyətindən asılı olmayaraq, dövlət
qulluqçusu həmişə xatırlamalıdır ki, o,
xalqın xidmətçisidir, insanlara xidmət, onların
qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Dünyada saysız-hesabsız peşələr, xidmət sahələri var. Onların şərəflilərindən biri dövlət qulluğudur. Dövlətə, onun qanunlarına sadiqlik isə özlüyündə Vətən sevgisinin bir formasıdır. Şərqin böyük filosoflarından olan Əbu Turxanın bu barədə maraqlı fikri var: “Dövlət vətəni təcəssüm etdirəndə vətəndaşla vətən arasında əks əlaqə münasibəti yaranır ki, bu da övlad-valideyn münasibətini xatırladır”. Başqa sözlə desək, dövlət qulluğunda olmaq mənəvi baxımdan elə valideyn borcunu ödəmək fürsətinə bərabərdir.
Qədim Çində dövlət qulluğunun 9 ranqlı sistemi yaradılmışdı. Bu sistemin nəzəriyyəsinə görə, yerli hakimlər vəzifələrə istedadlı namizədləri seçməli, qabiliyyət və bacarıqlarından asılı olaraq, onlara həmin ranqlardan birini verməli idilər. Eramızın VII əsrinin əvvəllərində 9 ranqlı sistem Ketszyu dövlət imtahanı sistemi ilə əvəz edilib. İmtahandan uğurla keçən gələcək məmurlar vəzifəyə təyin olunmalarını gözləyiblər. Vəzifə alandan sonra isə onlara sınaq müddəti müəyyən edilib. Xidmətin səmərəliliyi üzrə hesabata uyğun olaraq, məmurların məvacibi formalaşaraq, pul, buğda və ya ipəklə ödənilib. Sonralar Çində və dünyanın ayrı-ayrı ölkələrində dövlət qulluğuna qəbul daha da təkmilləşdirilib.
Ötən əsrin əvvəllərində dünyada dövlət idarəetməsinin siyasi hakimiyyətdən ayrı tutulması konsepsiyası tətbiq olunurdu. 1919-cu il mayın 28-də Paris Sülh Konfransı zamanı Əlimərdanbəy Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndə heyətini qəbul etmiş ABŞ Prezidenti Vudro Vilsonun irəli sürdüyü bu konsepsiyanı ADR rəhbərliyi də qəbul etmişdi. Bundan bir il sonra Azərbaycan parlamenti özünün son iclasında hakimiyyəti bolşeviklərə təhvil verəndə dövlət aparatında işləyən məmurların vəzifələrində saxlanılması haqqında təklif irəli sürmüşdü. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı dövlət idarəetməsi istiladan sonra məhv edilib, parlament, hökumət üzvləri repressiyaya məruz qoyulub, yenicə dünya təcrübəsinə uyğun formalaşma mərhələsində olan məmurluq institutu boğulub. Hətta gələcəkdə dövlət qulluğunda istifadə məqsədi ilə xarici ölkələrin nüfuzlu universitetlərinə təhsil üçün göndərilən yüz nəfər gəncin də taleyi acınacaqlı sonluqla bitib.
Sovet dönəmində
dövlət idarəetməsi tam siyasiləşdirilib. Birpartiyalı sistem bunu 70 il birmənalı olaraq diktə edib. Vəzifələrə təyinatda dövlət idarəetmə
təcrübəsi deyil, siyasi mənsubiyyət əsas
götürülüb. Cüzi bir qeyri-bolşevik
düşüncəsi belə ölümcül repressiya
maşınından keçirilib...
Ümummilli lider Heydər
Əliyevin 90-cı illərin əvvəllərində
müstəqillik qazanan ölkəmizdə müasir dövlət
qulluğu sisteminin formalaşdırılması və
inkişafında əvəzsiz xidmətləri olub. Ulu öndərin
rəhbərliyi altında hazırlanan və 1995-ci ilin
noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul
edilən Azərbaycan Respublikasının Konstitusiyasında
milli maraqların həllinə qadir və müasir tələblərə
cavab verən dövlət idarəçilik prinsipləri təsbit
edilib. Sonrakı dövrlərdə ölkəmizdə
dövlət qulluğunu tənzimləyən zəruri
qanunvericilik bazası formalaşdırılıb. 2000-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul olunub. Həmin
qanun dövlətlə dövlət qulluqçuları
arasında yaranan münasibətləri və dövlət
qulluqçularının hüquqi vəziyyəti ilə
bağlı məsələləri tənzimləyir, həyata
keçirilən kadr siyasətinin əsas prinsiplərini,
dövlət qulluqçularının cəmiyyətdəki
yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirir.
Dövlət orqanlarında təcrübəli
və peşəkar məmurlar korpusunun inkişafını
stimullaşdırır.
Məhz ulu öndərin ölkəyə
rəhbərliyi dövründə “Dövlət
qulluqçularının icbari sığortası
haqqında”, “Dövlət qulluqçusu üçün
hakimiyyət səlahiyyətinin icrasına görə əlavə
haqqın təyin edilməsi haqqında”, “Dövlət
qulluqçularının vəzifə ma-aşlarına yerli əmsalların
müəyyən edilməsi haqqında” qanunlar, digər
hüquqi aktlar, həmçinin 18 fərman verilmişdir.
Prezident İlham Əliyev müstəqil
Azərbaycanda müasir dövlət qulluğu sisteminin
yaradılmasının ümummilli liderin adı ilə
bağlı olduğunu iftixarla vurğulamışdır: “Məhz
Heydər Əliyevin ali siyasi hakimiyyətə
qayıdışından sonra ölkədə xaos və
anarxiyanın qarşısı alındı, dövlət
nizamı və sabit dövlət idarəçiliyi bərpa
edildi, demokratik, hüquqi dövlət quruculuğu prosesi
başlandı. Onun rəhbərliyi altında həyata
keçirilən idarəçilik fəaliyyəti
insanlarımızda dövlətçilik şüurunu
gücləndirdi, hakimiyyət və idarəetmə
orqanlarının işinə inamı artırdı”.
Uğurlu idarəetmə
siyasəti Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilir. 2003-cü ildə Azərbaycanda Avropa
Birliyinin TASİS Proqramı çərçivəsində
dövlət qulluğu sahəsində islahatlara yardım
üzrə layihə icra edilib və müvafiq konsepsiya
hazırlanıb. Bundan iki il sonra Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya yaradılıb. Komissiyanın əsas fəaliyyət istiqaməti
ölkə Konstitusiyasına əsasən vətəndaşların
dövlətin idarə olunmasında iştirakı
hüququnun həyata keçirilməsi üçün
dövlət qulluğuna qəbulun bərabərlik, şəffaflıq
və müsabiqə əsasında keçirilməsindən
ibarətdir. 2006-cı ildə isə
Prezidentin sərəncamı ilə ölkəmizdə
Dövlət Qulluqçuları Günü təsis edilib.
Xatırladaq ki, 23 iyun BMT Baş Assambleyası tərəfindən
də Dövlət Qulluğu Günü elan olunub. Yeni əsrin mühüm bayramları sırasında
yer tutan həmin gün ölkəmizdə demokratik, hüquqi
və dünyəvi dövlət qurulması prosesində
dövlət qulluğunun rolunu dəyərləndirmək
baxımından önəm daşıyır.
Bu yöndə həyata
keçirilən tədbirlər dövlət
qulluqçularının məsuliyyətini artırmaqla
yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin
tələblərinə cavab verən dövlət idarəçiliyi
sisteminin bərqərar edilməsini şərtləndirir. Sevindirici haldır ki, milli
dövlət quruculuğu sahəsində Azərbaycanın
çağdaş dünya standartlarını nəzərə
alan islahatları beynəlxalq ekspertlər
tərəfindən də təqdir olunur.
Cənab İlham Əliyev öz
çıxışlarında dəfələrlə məmurların,
dövlət qulluqçularının məhz xalqın xidmətçisi
olduqlarını vurğulayıb: “Sadəcə olaraq, mənim
tapşırıqlarımı yerinə yetirmək
lazımdır. Bu tapşırıqlar da
çox sadədir – vətəndaşlarla bir yerdə olmaq, daim
xalq arasında olmaq, xalqın qayğıları ilə
yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı
ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi
inkişafına töhfə vermək. Əgər
siz bu tapşırıqlarımı layiqincə yerinə
yetirsəniz, həm dövlət sizin işinizdən razı
olacaq, həm də vətəndaşlar”.
Dövlətimizin
başçısı yeni vəzifəyə təyin olunan məmurlara
tapşırır ki, korrupsiyaya və rüşvətxorluğa
qarşı mübarizə Azərbaycanda ən ciddi formada
aparılır və bunun təzahürləri göz
qabağındadır. Bu siyasət şüurlu siyasətdir və
kampaniya xarakteri daşımır. Qanun
qarşısında hamı bərabərdir, heç kəs
toxunulmaz deyil, kimsənin xüsusi imtiyazları yoxdur. Dövlət qulluqçularının əsas vəzifəsi
bütün işləri düzgün qurmaq və xoşagəlməz
hallara qarşı ciddi mübarizə aparmaqdır ki, vətəndaşların
dövlətə olan inamı sarsılmasın. Əks təqdirdə vəzifə də, mövqe də,
şəxsiyyətin özü də gözdən düşər.
“Dövlət
qulluqçularının etik davranış qaydaları
haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə
çalışanların xidməti
davranışlarını tənzimləyir və dövlətin
nüfuzunun artırılması, vətəndaşların
dövlət orqanlarına etimadının yüksəldilməsi,
korrupsiyanın və fəaliyyətdə maraqların
toqquşmasının qarşısının
alınması, etik davranış qaydalarına riayətin təmin
edilməsi kimi müddəaları əsas tutur. Dövlət qulluqçusu
ilk növbədə peşəkar olmalı, vəzifələrin
icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək
hərəkətlərə yol verməməlidir.
Qanunun ictimai nəzarətlə
bağlı maddəsində göstərilir ki, dövlət
qulluqçusu dövlət orqanlarının və onların
vəzifəli şəxslərinin fəaliyyəti barədə
ictimaiyyəti məlumatlandıran kütləvi informasiya
vasitələri nümayəndələrinin qanunla müəyyən
edilmiş hallarda və qaydada doğru-dürüst məlumatlar
almasına kömək göstərməlidir. Prezident
İlham Əliyev özü bu sahədə şəxsi nümunə
göstərir. Media ilə işgüzar
münasibətdə olan, dövlət quruculuğu sahəsindəki
uğurları mətbuat orqanlarının vasitəsilə təbliğ
etdirən, onların göstərdiyi
çatışmazlıqları sözsüz aradan
qaldırmağa çalışan rəhbər
işçilər, nazirlər, deputatlar da çoxdur. Amma gizli deyil ki, bəziləri hələ də
özlərinin bu missiyasına barmaqarası münasibət bəsləyir
və haqlı narazılıqlar doğururlar. Milli Məclisin son iclaslarında səslənən
çıxışlarda bu məsələyə toxunulub.
“Dövlət qulluğu haqqında” Qanuna təklif edilən dəyişikliklərlə
bağlı bildirilib ki, əsas memarı ölkə Prezidenti
cənab İlham Əliyev olan birlik modelinin daha da inkişaf
etdirilməsində bu amil az rol oynamır.
“İctimai
iştirakçılıq haqqında” Qanuna əsasən
bütün mərkəzi və yerli icra hakimiyyətlərinin
nəzdində ictimai şuralar yaradılır. Bu şuralarda
medianın və QHT-lərin təmsil olunması hökümətin
fəaliyyətinə ictimai nəzarəti təmin etmək
baxımından unikal rol oynayır. Deməli,
aşkarlıq, şəffaflıq dövlət qulluğunun
başlıca tələblərindəndir.
Ölkəmizdə ən aparıcı
ali təhsil ocaqlarından biri Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasıdır. Əvvəllər Bakı Ali Partiya Məktəbi,
90-cı illərdə Bakı Dövlət Sosial İdarəetmə
və Politologiya İnstitutu kimi tanınmış bu
akademiyanı hər il onlarca qabiliyyətli
və perspektivli gənc bitirir. Türkiyədə
və digər ölkələrdə yüksək təhsil
almış gənclər sırasından da ən layiqliləri
dövlət qulluğuna cəlb olunurlar. Eyni
zamanda, 2016-cı ildə Prezident fərmanı ilə
yaradılmış Dövlət İmtahan Mərkəzinin xətti
ilə kadrların seçilməsi məqsədilə
dövlət qulluğuna qəbul müsabiqələri, vəzifə
qrupları üzrə test imtahanları keçirilir.
Dövlət qulluğunda
çalışmaq ölkəmizdə əsl şərəf
işi sayılır. Dövlətçiliyə can-başla
qulluq edən, vətəndaşların dərin
ehtiramını qazanan yüksək əqidəli məmurlar
bununla öz vəzifələrini daha da şərəfləndirirlər.
Onlar öz xidmətləri ilə xalq-dövlət
birliyinə sanballı töhfələr verir, təbii olaraq vəzifə
pillələri ilə yüksəlir, bu və digər formada
layiqli qiymətlərini alırlar. Hər il
neçə-neçə dövlət qulluqçusu, məmur
müxtəlif orden və medallarla təltif olunur.
Əli NƏCƏFXANLI
Xalq qəzeti
2021.- 19 iyun.- S.8.