Azərbaycan dünyada
10 ən islahatçı ölkə sırasında
özünəlayiq yer tutur
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar uğurla davam edir. Keçən ilin sentyabrında başlamış Vətən müharibəsində Ermənistan üzərində şanlı Qələbə qazanıldıqdan sonra dövlət başçısının islahatyönümlü addımları yenidən start götürüb. Azərbaycan lideri istər ölkə daxilində, istərsə də beynəlxalq forumlarda ölkəmizin apardığı islahatların müsbət reaksiya doğurduğunu bildirib. Son illərdə Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da ölkəmizin nailiyyətləri xüsusi qeyd edilir.
Etiraf edək ki, möhtərəm Prezidentimizin və sosial-iqtisadi sektorun gərgin əməyinin nəticəsidir ki, son illərdə Azərbaycanda iqtisadi artım təmin olunub. Qeyri-neft sektorunda iqtisadi artım kifayət qədər diqqətçəkəndir. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, ölkədə islahatlar davam edir və gələcəkdə daha yüksək artıma nail olmaq üçün kifayət qədər imkanlar, potensial var.
Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2020-ci ilin yekunlarına həsr olumuş müşavirəsində çıxışında bildirib ki, Azərbaycan ərazilərimizn azad edilməsi uğrunda Vətən müharibəsində qələbə çaldıqdan sonra ölkədə yeni quruculuq dövrü başlayıb. Siyasi, iqtisadi, sosial islahatlar davam etdirilib. Siyasi sahədə ciddi yeniliklər baş verib. 2020-ci ilin fevralında ölkəmizdə parlament seçkiləri keçirilib. Bu seçkilər demokratiya istiqamətində atılmış növbəti ciddi addım olub. Nəticədə parlamentin rəhbər orqanları yenilənib, rəhbərliyə yeni insanlar gəlib. İlk dəfə olaraq parlamentin sədr müavini müxalifət partiyasının nümayəndəsi seçilib. İlk dəfə olaraq parlament komitələrinin sədr və müavini vəzifələrinə müxalifət nümayəndələri seçiliblər. Dövlət başçısı deyib: “Bu, yeni siyasi mədəniyyətin təzahürüdür. Bu, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addımdır. Əlbəttə ki, ölkəmizin demokratik inkişafı baxımından bunun çox böyük əhəmiyyəti var. Parlament çoxpartiyalı parlamentdir və bu, siyasi sistemimizin gücləndirilməsi istiqamətində çox önəmli addım sayılmalıdır”.
Eyni zamanda, keçən il partiyaların böyük əksəriyyəti Prezidentin təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşulublar. Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. Bu gün ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanın qarşısında bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə və indiki reallıqlarla bağlı, o cümlədən, dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur.
Keçən il ölkədə geniş kadr islahatları aparılıb. Nazirlər Kabinetində rəhbərlik dəyişdirilib. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında yeni rəhbərlər təyin olunub. Bu da cəmiyyətdə çox müsbət qarşılanıb. Eyni zamanda, kadr dəyişikliyinin müsbət nəticələrini göz qabağındadır.
İslahatlar korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsini də əhatə edib. Prezident bu barədə deyib: “Hesab edirəm ki, o da sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub. Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin hadisələri göstərir ki, hər kəs bunu artıq bilir”.
Azərbaycan lideri deyib ki, koronavirus bütün dünya üçün çox böyük sınaq olub. Ancaq Azərbaycan bu sınaqdan şərəflə çıxır. Vəziyyət tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikilib, laboratoriyalar alınıb. Həkimlər səfərbər olunub. Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırılıb, onlar əməkhaqlarının 3-5 misli həcmində maaş alırlar. Çox böyük sosial paket təqdim edilib. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərilib. Prezident qeyd edib: “Baxmayaraq ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Bizim iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Amma, eyni zamanda, onu da bildirməliyəm ki, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Nəyin hesabına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb. Neftin hasilatı bizdə azalır. Eyni zamanda, OPEC+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha az düşərdi. Amma qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir”.
Bütün bunlardan əlavə, islahatlar kənd təsərrüfatı sahəsində də müsbət nəticələr verir. Bu sahədə 2 faiz artım qeydə alınıb. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıb. Neft Fondunun vəsaiti azalmayıb, əksinə, təqribən 0,5 faiz artıb. Ölkə koronavirusla mübarizəyə milyardlarla manat yönəltmiş olsa da, müharibə aparsa da, bu, müavinətlərə, sosial paketə təsir etməyib. Şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. Bütün bunlar böyük maliyyə tələb edir. Amma dövlətin dayanıqlılığı, ölkəmizin uğurlu siyasəti nəticəsində buna nail olunub.
Dövlət başçısı onu da qeyd edib ki, beynəlxalq qurumlar Azərbaycanda gedən işlərə, aparılan islahatlara yüksək qiymət veriblər. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqi artırılıb. Yeni reytinqə görə, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Prezident deyib: “Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü, baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: “iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə”.
Cənab İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərini qeyd edib. Bildirib ki, əhalinin elektrik təchizatı səviyyəsinə görə Azərbaycan dünya miqyasında ikinci yerdədir: “Hökumətin dəyişməyə cavabdehliyi, yəni ki, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyası - Azərbaycan 10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer. Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yerlərdəyik. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Bax, bu, dünyanın aparıcı və deyə bilərəm ki, ən nüfuzlu beynəlxalq qurumu olan Dünya Bankının və dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarının nəticələridir.
Ona görə bir daha demək istəyirəm ki, biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik. İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq”.
Paşa ƏMİRCANOV
Xalq qəzeti
2021.- 19 iyun.- S.8.