Hollandiya pley-offda
Hollandiyanın futbol üzrə yığma komandası bütün dövrlərdə dünya və Avropa çempionatlarının favoritləri sırasında olub. Lakin buna baxmayaraq, bir dəfə də olsun dünya çempionu ola bilməyib. Dünya çempionatında hollandlar üç dəfə – 1974, 1978 və 2010-cu illərdə finala yüksələ bilsələr də, idman xoşbəxtliyi heç vaxt onların tərəfində olmayıb. Buna görə də onları dünya birinciliyinin ən uğursuz komandası hesab edirlər.
Avropa çempionatının final turnirində isə hollandlar yalnız bir dəfə – 1988-ci ildə qalib gələ biliblər. Həmin gün “lalələr ölkəsi” narıncı libas geyinmişdi. 1988-ci il iyunun 25-də Münhendəki 70 min tamaşaçı tutumu olan “Olimpiaştadium”da Hollandiya millisinin 50 mindən çox azarkeşi tribunaları narıncı rəngə boyamışdı. Onlar futbol üzrə SSRİ yığmasına qarşı Avropa çempionatının final oyununda favoritlərini dəstəkləməyə gəlmişdilər. Buna qədər isə SSRİ yığması qrup mərhələsində Hollandiya millisini 1-0 hesabı ilə məğlub etmişdi. Hollandiyalı azarkeşlər tribunaların birində böyük bir plakatda bu sözləri yazmışdılar: “Səkkizinci gün Tanrı Markonu yaratdı”. Bu sözlər bütün Avropanı heyrətə saldı. Həmin oyunda baş məşqçi Rinusa Mixelsnin yetirmələri arasında 80-ci illərin “uçan hollandlar” ləqəbi almış Ruud Qullit, Marko Van Basten, Arnold Myuren, Edvin van der Sar, Dennis Berqkamp, Frank Raykard, Ervin Kuman, Frenk de Bur kimi dünyalarca məşhur futbol ulduzları yer almışdı. Həmin tarixi oyunda tale hollandların üzünə güldü. Onlar Qullitin və 37 yaşlı Arnold Myurenin qolu ilə Avropa kubokunu başları üzərinə qaldırdılar.
32 il sonra Avropa çempionatının qrup mərhələsində Avstriya ilə həlledici qarşılaşmaya çıxan hollandiyalıların sırasında “uçan hollandllar”dan heç kimsə yox idi. Təkcə Frank de Bur burda idi, o da oyunu baş məşqçi kimi kənardan izləyir və yalnız göstərişləri ilə komandasına kömək etməyə çalışırdı.
İlk dəqiqələr qarşılaşmanın çox gərgin keçəcəyini vəd edirdi. Hollandlar özlərinin üstünlüklərinə şübhə etməyə heç bir imkan vermək fikrində deyildilər onların öz favorit statusunu təsdiqləməsi uzun çəkmədi. Artıq 9-cu dəqiqədə narıncı rəngə boyanmış “Amsterdam Arena” nəfəsini dərmədən diqqətini hakimə yönəltdi. Avstriyalıların kapitanı David Alaba öz cərimə meydançalarının daxilində Damfersi yıxmışdı. Hakim videoassisentin qulaqcığa söylədiklərini dinlədikdən və meydançada qoyulmuş ekrandan şübhəli epizodu seyr etdikdən sonra 11 metrlik nöqtəni göstərdi. Hollandların 10 nömrəli hücumçusu Memfis Depay hakimin hökmünü icra etdi, qol – 1:0.
Doğrudur, bu, birinci hissədə hər iki komandanın qapı çərçivəsinə vurduğu yeganə zərbə oldu. Hollandlar artıq hücumu yox, müdafiədə möhkəmlənib əks-hücum qurmağı planlaşdırdılar. De Liqtin rəhbərliyi ilə holland müdafiəsi avstriyalılara qapıya yaxınlaşmağa heç bir şans vermədi.
İkinci hissəyə də “narıncı” formada olan meydan sahibləri eynən bu taktika ilə başladılar: “sizə qol lazımdır, buyurun hücum edin!”
İkinci hissənin ortalarında holland hücumçu Depaydan əla ötürmə alan yarımmüdafiəçi Malen qapıçı ilə təkbətək çıxsa da, topu daha etibarlı mövqeydə olan portnyoru Denzel Dumfrisə atdı. O isə avstriyalı qapıçıya aman vermədən topu qapıya göndərdi – 2:0. Denzel Avropa çempionatlarında milli komandanın heyətində iki oyuna çıxıb hər ikisində qol vuran ikinci oyunçu oldu. Əvvəllər hollandiyalılardan bu statusu yalnız canlı futbol əfsanəsi Ruud Van Nistelroy daşıyırdı.
Qarşılaşma Avropa futbol tarixinə təkcə Hollandiya millisinin qələbəsini deyil, həm də bir çox maraqlı faktları yazdı. Matçda 38 il 268 gün yaşı olan qapıçı Marten Steklenburqla yanaşı, ondan 19 yaş 236 gün kiçik olan Rayan Qravenberx (19 yaş 32 gün) də meydana çıxdı. Bu, Avropa futbolu tarixinin yeni rekordu oldu.
Ümumiyyətlə, Hollandiya millisi böyük beynəlxalq turnirlərdə – Avropa və Dünya çempionatının final oyunlarında 9 oyundur ki, məğlub olmur. Ən yaxşı göstərici 12 məğlubiyyətsiz oyunla hələlik Portuqaliyaya məxsusdur.
Beləliklə, Frank de Burun komandası qrupda qazandığı iki inamlı qələbədən sonra, üçüncü oyunu keçirmədən birinci yerdə pley-off mərhələsinə adlayan üçüncü komanda oldu. Bu qrupda yer alan Ukrayna 17 iyunda qazandığı qələbədən sonra Avstriya millisi ilə hərəyə 3 xalla ikinci, üçüncü yerləri bölüşdürürlər. Debütant Şimali Makedoniya hələ ki, xalsız olduğu üçün dördüncü yerdə qərarlaşıb.
Oyundan sonra Hollandiya komandasının baş məşqçisi Frank de Bur Avro–2020-də əldə etdikləri 2-0 hesablı qələbəni əla nəticə kimi qiymətləndirərək belə şərh edib: “Bəzi şeylər yaxşı alınır, bir çoxları isə daha yaxşı ola bilərdi”. Amma baş məşqçi bununla kifayətlənməyəcəklərini söyləyir: “Belə turnirlərdə siz bir komanda kimi formalaşırsınız. Xüsusilə, gözəl həmrəy kollektivinizin olduğunu görəndə, bu çox diqqət çəkir. Oyun üslubunun futbolçuların xoşuna gəlməsi və onların bundan zövq alması çox vacibdir. Biz daha nələri təkmilləşdirmək lazım gəldiyini birlikdə müzakirə edirik. Məhz belə siz daha güclü olursunuz“.
Slovakiya Avro – 2020-nin
sensasiyası ola bilmədi
Avro–2020-nin səkkizinci
gününün qarşılaşmalarına
E qrupunda yer alan İsveç
və Slovakiya oyunu ilə start verildi. Komandalar Sankt-Peterburqda, 68 min tamaşaçı
tutumu olan eyni adlı stadionda qarşılaşdılar.
Turnirin ilk oyununda Polşa ilə qarşılaşmada
gözlənilmədən qalib
gələn və İspan millisinin İsveçlə heç-heçə
oynayıb hərəyə
bir xal qazanması
səbəbindən Slovakiya
E qrupunun lideri oldu. Dünən Slovakiya
millisinin vaxtından əvvəl növbəti
raunda çıxması
üçün Ştefan Tarkoviçin
yetirmələrinin əlinə
yaxşı şans düşmüşdü.
Slovakların baş məşqçisi qarşılaşmadan
əvvəl mətbuata
açıqlamasında deyib:
“Qarşıdakı matçı
səbirsizliklə gözləyirik.
Polşa
ilə qarşılaşmadan
çətin oyun olacaq. Hesab edirəm ki,
isveçlilər fərdi
yox, oyun keyfiyyətinə görə
polşalılardan üstündürlər.
Bunla belə biz qətiyyətliyik
və ikinci qələbəni qazanmaq
istəyirik”.
Yeri gəlmişkən qeyd edək ki, buna
qədər slovakiyalılar
bir dəfə də olsun skandinaviyalıları
məğlub edə bilməyiblər. Əlbəttə, bu matçda
Tarkoviç qalib heyəti dəyişməmişdi.
Birinci turda çox etibarlı oyunu ilə yadda qalan kapitan
Hamşikə bu qarşılaşma daha asan olacaqdı, çünki o, Avro–2020-nin startından
əvvəl 3 ay məhz
İsveçin “Geteborq”
klubunda top qovub və onların üslubuna az-çox bələddir.
Oyun öncəsi Marek jurnalistlərə deyib: “Bu, çox yaxşı 3 ay oldu. Mən ritmə düşdüm və yerli futbolla tanış oldum. İsveçdə çox yekəpər
oyunçular oynayır
və onlarla fiziki cəhətdən bacarmaq çox çətin olacaq”.
İlk oyunda Slovakiya millisində komanda ruhu və intizamlı
oyununun şahidi olsaq da, bu
yığmada yaxşı
və texnikalı hücumçu yoxdur. Ancaq İsveçin
futbol yığması
üzrə müxbiri
Sucay Dutt oyun öncəsi bildirirdi ki, Marek Hamşik “Geteborq” klubunun heyətində cəmi bir qol vurub.
Ancaq “Expressen” nəşri xəbərdarlıq edir ki, yarımmüdafiəçi
Slovakiya millisinin sxeminə çox əla uyğunlaşıb,
nəinki öz klubunun taktiki düzülüşünə. “Özünüzü “Kalmar” klubu ilə oyunda gördüklərinizlə
aldatmayın. Hamşik bu
günkü matçda
İsveç yığması
üçün əsas
təhlükə olacaq”.
İsveç millisinin
baş məşqçisi
Yanne Andersson İspaniya ilə əldə etdiyi heç-heçədən sonra
daha inamlı danışırdı: “Çətin
slovakiyalılar İspanlar
kimi daha yüksək pressinq etsinlər, lakin bu əsas deyil.
Başlıcası, İspaniyaya qarşı
göstərə bilmədiyimiz
futbolu göstərməkdir.
Biz İspaniya ilə heç-heçədən
sonra yaxşı vəziyyətdəyik, lakin
indi onu daha da yaxşılaşdırmaq
və qələbə
əldə etmək lazımdır”.
Futbol aləmində aldığımız
bu məlumatlarla oyunu izləyirik. “Sankt-Peterburq Arena”da təşkil olunan görüş İsveç
millisinin 1:0 hesablı
qələbəsi ilə
yekunlaşıb. Görüşün 77-ci dəqiqəsində Emil Foresberq
Slovakiya millisinin qapısına təyin olunmuş cərimə zərbəsini dəqiq yerinə yetirərək matçda yeganə qolun müəllifi olub.
Bakı vaxtı ilə saat 20:00-da Avro–2020-nin qrup mərhələsinin bərabər və bu səbəbdən də çox maraqlı kvartetlərindən biri olan D dördlüyünün Şotlandiyanın Qlazqo şəhərinin “Hempden Park” stadionunda keçirilən Xorvatiya – Çexiya matçı başladı.
Bu Çexiya ilə Xorvatiya millilərinin tarixində yalnız üçüncü qarşılaşmasıdır. Ötən qarşılaşmalardan fərqli olaraq, bu dəfə matçın favoritinin hansı komanda olacağını demək, həqiqətən, çətin idi. Əvvəllər Çexiya millisi heç vaxt Xorvatiya üzərində qələbə qazanmayıb. Onun aktivində yalnız Fransada keçirilən Avropa çempionatının qrup mərhələsində əldə etdiyi 2-2 hesablı bir heç-heçə var.
Bu Avropa çempionatına rəqiblər müxtəlif nəticələrlə başladılar. Son dünya kubokunun vitse-çempionları İngiltərə ilə qarşılaşmada minimal hesabla məğlub olaraq, özlərini çox çətin vəziyyətə saldılar. Hücumda heç nə ilə yadda qalmayan xorvatlar, öz qapılarını da qoruya bimədilər. Ümumiyyətlə, Xorvatiya millisinin futbolçuları son beynəlxalq turnirlərdə çox çətinliklə rəqib qapılarından top keçirməyə müvəffəq olurlar. Problemin həlli üçün komandanın baş məşqçisi Zlatko Daliç 2018-ci il dünya çempionatının finalındakı məğlubiyyətindən sonra keçirilən 30 oyunda 29 sxem və düzülüş istifadə edib. Çexlərlə qarşılaşmaya böyük ümid bəsləməsinə baxmayaraq, pley-offun bir addımlığında olan Patrik Şikin komandasının bu fürsəti asanlıqla əldən verəcəyinə inanmaq çətindir.
“Hempden Park”də Avro–2020-nin bəzəyinə çevrilən qol vurmuş Patrik Şikin komandası ötən oyunda olduğu kimi, bu oyuna da çox fəal başladı. Matçda ilk qol 37-ci dəqiqədə vurulub. Penaltidən fərqlənən Patrik Şik çexiyalıları önə keçirib. Bu qol 25 yaşlı hücumçunu hələlik bombardirlər siyahısında birinci sıraya yüksəldib. Komandalar fasiləyə bu hesabla yollanıblar.
Xorvatiya yığması ikinci yarının əvvəlində tarazlığı bərpa edib. İvan Perişiç 47-ci dəqiqədə hesabı bərabərləşdirib 1-1. Oyun bu hesabla da başa çatıb.
İlqar RÜSTƏMOV
Xalq qəzeti
2021.- 19 iyun.- S.19.