Zəngəzur dəhlizinin açılması yeni geosiyasi vəziyyətin nəticəsidir

 

Bu gün bizim bölgəmizdə yeni vəziyyət yaranmışdır, yeni reallıq yaradılmışdır. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq.

 

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

Ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində məğlubiyyətə uğrayan işğalçı ölkə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanata əsasən üzərinə öhdəliklər götürdü. Bəyanatın şərtlərinə uyğun olaraq, işğal altındakı digər ərazilərimiz bir güllə belə atılmadan, heç bir itki verilmədən azad olundu. Əvvəlcə Ağdam şəhəri və rayonun işğal altında qalan kəndləri, növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və Laçın rayonları rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

 

 

Sözügedən bəyanatın 9-cu maddəsində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının zəruriliyi vurğulanır. Başqa sözlə desək, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayon­larını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması nəzərdə tutulur. Fevralın 14-də Prezident İlham Əliyevin Horadiz–Ağbənd dəmir yolu xəttinin təməlini qoyması da sözügedən bəyanatın 9-cu maddəsinin icrasına başlanılması­nın bariz ifadəsidir.

 

Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində yaranmış yeni reallıqla bağlı ölkə rəhbəri İlham Əliyev tərəfindən indiyədək çox sayda açıqlamalar verilib. Azərbaycan və Türkiyə respublika­larının prezidentləri iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanma mərasimindən sonra mətbuata birgə bəyanatlarla çıxış edərkən də bu barədə ətraflı bəhs edilib. Dövlətimizin başçısı bəyanatında deyib: “Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haq­qında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyanatında Azərbaycanın Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edərək, onu dəstəkləyib. Qar­daş ölkənin rəhbəri sözügedən layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacağını, bunun çox böyük əhəmiyyət kəsb edəcəyini bildirib.

 

Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin davamı kimi Naxçıvan–Qars dəmir yolunun ti­kintisinin də Azərbaycanla Türkiyə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi öz ifadəsini tapıb.

 

Ümumiyyətlə, Zəngəzur dəhlizi layihəsi təkcə Nax­çıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat imkanlarının açılmasına deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsinə xidmət göstərəcək.

 

Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi layihəsinə xüsusi önəm verilməsi Azərbaycan və Türkiyə üçün böyük əhəmiyyət daşıyır. Təkcə bu il ixrac həcmini 15-20 faiz artırmağı planlaşdıran qardaş ölkə ticarət dövriyyəsi 6 milyard dollara çatan Mərkəzi Asiya və 21 milyard dollar olan Çinlə iqtisadi əlaqələrdə Zəngəzur dəhlizindən istifadə edəcək. Zəngəzur dəhlizi, hətta Türkiyə–Rusiya iqtisadi əlaqələrinin də güclənməsini şərtləndirəcək.

 

Onu da deyək ki, Azərbaycanın hazırda region dövlətlərindən biri olaraq, istər Çin, istərsə də İranla müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələri var. Hər iki dövlətlə nəqliyyat-tranzit, ticarət, sənaye, turizm sahələrində əməkdaşlıq respublikamız üçün prioritet siyasi xətdir. Prezident İlham Əliyevin qlobal xarak­ter daşıyan siyasiiqtisadi məsələlərə diqqətlə yanaşmasının nəticəsidir ki, ölkəmiz bir tərəfdən Çinin təklif etdiyiBir kəmər, bir yol” layihəsinə qoşulmaqla Asiya ilə Avropa arasındakı iqtisadi əlaqələrdə dayaq məntəqəsinə, digər tərəfdən də İranın da iştirak etdiyi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşu­laraq logistika mərkəzinə çevrilir.

 

Burada mühüm bir məqam da odur ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistanın işğalında qalan ərazilərini azad etməklə Naxçıvan Muxtar Respublikası ilə respubli­kamızın əsas ərazisini birləşdirən dəmir və avtomobil yollarını tezliklə bərpa edərək, istifadəyə verəcək. Bu yollar Çinə Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq.

 

Bu məsələdə İran ilə Çin ara­sındakı əməkdaşlıq da rəsmi Bakı üçün də faydalı sayıla bilər. Çünki İran Çinin sərmayəsindən istifadə etməklə tranzit nəqliyyat xətlərini inşa edərək yekunlaşdırmaq im­kanına malikdir. Məsələn, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti sayılan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti tamamlana bilər. Yolun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Lakin Rəşt-Astara yolu hələlik ha­zır deyil. İqtisadi sanksiyalar İrana bu yolun inşasını başa çatdırmağa mane olur.

 

Cənub–Şərqi Asiya ölkələrindən İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olan yüklər Avropaya və əks istiqamətə məhz bu yolla daşınacaq. Yüklər Cənub-Şərqi Asiyanın ən böyük yükaşırma imkanı olan Mubaidən İranın Bəndər-Abbas limanına, buradan isə Qəzvir-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən keçməklə Qərbi Avropaya daşı­nacaq. Azərbaycan infrastruktur layihələri həyata keçirərək buna tam hazır vəziyyətdədir. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi təkcə büdcəyə val­yuta axınını təmin etməyəcək, dövlətimiz həm də siyasi zəmanət qazanacaq.

 

Göründüyü kimi, dünyanın ikin­ci böyük iqtisadiyyatına malik olan Çin ilə regionun fəal dövləti olan İran arasında strateji əməkdaşlıq Azərbaycan üçün də faydalı­dır. Prezident İlham Əliyevin Azərbaycanı qlobal iqtisadi layihələrə cəlb etməsinin səmərəli nəticəsi özünü göstərir.

 

Bir sözlə, ərazilərimizin işğal­dan azad edilməsi nəticəsində ya­ranmış yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensi­alını genişləndirəcək. Bu potensi­alın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başla­masına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək.

 

Ermənistanın dəmiryollarına nəzarət edən Rusiyanın Cənubi Qafqaz Dəmiryolu Şirkəti də Zəngəzur dəhlizində kommer­siya baxımından maraqlıdır. Ermənistandan İrana 3,5 milyard ABŞ dollarına başa gələcək bahalı dəmiryol xəttinin çəkilməsində ma­rağı olmayan rəsmi Tehran üçün də Zəngəzur dəhlizi yeni nəqliyyat imkanları açdığına görə iqtisadi baxımdan faydalıdır.

 

Prezident İlham Əliyev BMT-nin AsiyaSakit okean üçün İqtisadiSosial Komis­siyasının 77-ci sessiyasında videoformatda çıxışında isə vurğulayıb ki, Azərbaycan region­da dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. “Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verir. Hazırda Azərbaycan öz ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır: “Bu dəhliz Azərbaycana Avrasiya­nın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə im­kan verəcək. Mən AsiyaSakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

 

Zəngəzur dəhlizinin açılma­sı Cənubi Qafqazdan keçən marşrutlar sisteminin fəaliyyətini daha da canlandıracaq. Dəhliz, həmçinin Azərbaycan və İran Culfası arasında dəmiryol xəttinin açılışına və İranın dəmir yollarına çıxış əldə etməyə imkan verəcək. Bununla bərabər, Zəngəzur dəhlizi təkcə dəmir yolları de­yil, həm də avtomobil yolları sisteminə malik olacaq. Deməli, bu dəhlizin yaradılması həm də avtomobil əlaqəsinin açılmasına imkan yaradacaq.

 

Hazırda Türkiyədən yüklər Azərbaycana Gürcüstanİran vasitəsilə tranzit yolu ilə çatdı­rılır. Bu maşrutun yaradılması Türkiyədən Azərbaycana və əks istiqamətdə malların birba­şa tədarükünü asanlaşdıracaq. Beləliklə, daha bir kommunikasiya xətti türk dünyası coğrafiyasında, eləcə də AsiyaAvropa arasında əlaqələrin daha sürətli və asan olmasına şərait yaradacaq.

 

Göründüyü kimi, artıq bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşmasına başlanılıb. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən indiyədək Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə reallaşdırılan Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri qitələrarası daşınmaların həyata keçirilməsini gerçəkləşdirib. Bu nəqliyyat dəhlizləri istifadəyə verildiyi vaxtdan tarixi İpək yolunun bərpasında mühüm önəm daşıyıb.

 

Bütün bunlar deməyə əsas verir ki, Zəngəzur dəhlizinin real­laşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq. Başqa sözlə, yeni yaranacaq nəqliyyat infrastrukturu beynəlxalq status qazanmaqla AsiyaSakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşuruta çevriləcək.

 

Bu gün Ermənistanın revan­şist qüvvələri Zəngəzur dəhlizinin reallaşması əleyhinə çıxış edirlər. Halbuki, onlar bu layihənin qeyd edilən üstünlüklərindən yararla­narlarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərlərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilərlər. İlk növbədə, iqtisadi blokada­dan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edərlər.

 

Əks halda, təcavüzkar siyasətindən əl çəkməsə, bu ölkədə işsizlik səviyyəsi daha da artacaq, mühacirət və yoxsulluqla müşayiət olunan oxşar iqtisadi vəziyyət getdikcə ağırlaşacaq, düşmən respublikada xaos və özbaşınalıq daha da dərinləşəcək.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti  2021.- 19 iyun.- S.3.