Parlaq gələcəyimizi müjdələyən tarixi sənəd

 

 

İyunun 15-də taleyüklü əhəmiyyətə malik olan ta­rixi bir hadisənin şahidi olduq. Azərbaycan üçün çox önəmli bir tarixdə – Milli Qurtuluş Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən iki ölkə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi imzalandı. Bu tarixi sənəd iki ölkə arasındakı dost­luq və qardaşlıq münasibətlərinin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının parlaq ifadəsidir. Heç şübhəsiz ki, bu bəyannamə yalnız iki ölkənin deyil, bütün türk dünyasının davamlı inkişafına yönəlmiş strateji əhəmiyyətli bir sənəddir.

 

Bəyannamə ilə tanışlıq bizi belə qənaətə gətirir ki, müstəsna əhəmiyyətə malik olan bu sənəd iki dost ölkənin ortaq maraqlarının qorunmasında səylərin birləşdirilməsinin, regional və beynəlxalq strateji məsələlərdə bütün perspektiv fəaliyyətinin əlaqələndirilməsində müstəsna rol oynayacaq.

 

Qars müqaviləsindən yüz il sonra imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi qırılmaz tellərlə zəngin tarixi keçmişimizə bağlıdır. Bu fundamental səciyyəli sənəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kimi müdrik kəlamlarının həmişəyarşarlığının ən bariz nümunəsidir.

 

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında mövcud olan yalnız siyasi deyil, həmçinin mədəni dialoqun inikasıdır. Məlumdur ki, ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm tarixi əhəmiyyəti vardır.

 

Tarixi sənəddə qeyd olunduğu kimi, tərəflər “hər iki xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsini təmin edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcəklər”. Düşünürəm ki, bu, iki qardaş ölkənin mədəniyyət, incəsənət və elm xadimlərinin gələcək fəaliyyətinin istiqamətverici amilinə, inkişaf perspektivlərinin hədəfinə çevriləcək.

 

Bu, bir tarixi həqiqətdir ki, işğal olunmuş torpaqların azad olunmasında, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin göstərdiyi mənəvi-siyasi dəstəyin müstəsna rolu vardır. Yaşadığımız dövrdə regionda sabitliyin və təhlükəsizliyin qorunması, dövlətlər arasında münasibətlərin sürətli inkişafı, siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsində qardaş ölkə böyük tarixi missiya yerinə yetirir.

 

Dünya müstəvisində böyük əks-səda doğurmuş Şuşa Bəyannaməsi ərazi bütövlüyü, müstəqillik, milli maraq və mənafeləri təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən iki qardaş ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulması baxımından müstəsna əhəmiyyətə malikdir.

 

İki ölkə arasında müttəfiqlik münasibətlərinə dair Bəyannamənin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada imzalanması faktı rəmzi məna daşıyır. Təkrarsız maddiqeyri-maddi mədəniyyət abidələri ilə seçilən Şuşa, Azərbaycan musiqisinin məbədi hesab olunur. Bildiyimiz kimi, Şuşanın mədəni mühiti Azərbaycan ədəbiyyat və incəsənətin, xüsusilə də musiqi sənətinin inkişafına güclü təkan vermişdir. Bu ulu torpaq musiqi mədəniyyətinə şöhrəti Azərbaycanın sərhədlərini aşan bir çox görkəmli musiqiçini bəxş etmişdir. Tarixi sənədlərə əsaslanaraq, tam əminliklə söyləmək olar ki, Sadıqcan, Mir Möhsün Navvab, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Məşədi Cəmil Əmirov, Üzeyir bəy Hacıbəyli, Qurban Pirimov, Əfrasiyab Bədəlbəyli, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov və digər musiqi xadimləri tək Azərbaycanın deyil, bütün Yaxın və Orta Şərq regionunun musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmişdilər. Bildiyimiz kimi, Azərbaycan musiqi mədəniyyətində özünəməxsus mövqeyə malik olan Şuşa şəhəri yetirdiyi çoxsaylı xanəndə və sazəndələrin yüksək ifaçılıq mədəniyyəti sayəsində “Zaqafqaziyanın konservatoriyası” kimi yüksək ada layiq görülmüşdür.

 

Azərbaycan mədəniyyət tarixində Qarabağda fəaliyyət göstərən ədəbi-musiqi məclislərinin müstəsna rolu olmuşdur. Xarrat QuluKor Xəlifənin yaratdığı musiqi məktəbləri, Şuşada Xurşudbanu Natəvan və Mirzə Rəhim Fəna tərəfindən əsası qoyulmuş “Məclisi-üns”, Mir Möhsün Nəvvabın yaratdığı “Məclisi-fəramuşan” və “Musiqiçilər məclisi” Azərbaycan muğamının, milli musiqi mədəniyyətinin inkişafına təkan vermişdir.

 

Azərbaycan professional bəstəkarlıq məktəbinin inkişafında da Şuşa mədəni mühitinin böyük rolu olmuşdur. Üzeyir bəy Hacıbəyli, Əfrasiyab Bədəlbəyli, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov və digər bəstəkarların yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrini təşkil edir.

 

Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, ermənilərin Qarabağa təcavüzü nəticəsində dəyəri ölçüyəgəlməz mədəni sərvətimizə böyük zərbələr vurulmuşdur. Tarixdən bəllidir ki, mənfur düşmənlərimiz durmadan milli-mənəvi və qeyri-maddi mədəniyyət nümunələrini mənimsəmiş, xalq musiqimizi özününkü kimi təqdim etmişdilər. Şuşa Bəyannaməsinin imzalandığı gün bütün dünya erməni hərbi-siyasi rəhbərliyinin işğal altında saxladığı ərazinin 30 il ərzində necə xarabalığa çevrildiyinin şahidi oldu. Şübhəsiz ki, qəbul olunmuş tarixi sənədin Azərbaycan mədəniyyət nümunələrinin qorunmasında da böyük rolu olacaq.

 

Heç şübhə etmirəm ki, imzalanmış Şuşa Bəyannaməsi Qarabağ musiqi mədəniyyətinin çiçəklənməsi, Azərbaycan musiqi mədəniyyətinin tərəqqisi, bütün türk dünyasının inkişafı üçün yeni üfüqlər açacaq. Çağdaş vəziyyətdən çıxış edərək tam əminliklə söyləmək olar ki, qəbul olunmuş bu tarixi sənəd türk mədəni irsinin beynəlxalq səviyyədə təbliği sahəsində də müstəsna rol oynayacaqdır. Beləliklə, Azərbaycan və Türkiyə arasında imzalanan bəyannamə bölgənin geosiyasi mənzərəsini dəyişdi. Bu tarixi sənəd Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə və o cümlədən də, humanitar sahədə inteqrasiyanın parlaq təzahürüdür. Bir sözlə, Şuşa Bəyannaməsi parlaq ortaq gələcəyimizi müjdələyən tarixi sənəddir.

 

Siyavuş KƏRİMİ, Xalq artisti

 

Xalq qəzeti 2021.- 19 iyun.- S.3.