Aqrar sektor: uğurlar və gözləntilər
Müsahibimiz Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevdir.
– Tahir
müəllim, məlum olduğu kimi, Azərbaycan dövləti aqrar
sektorun inkişafına böyük
önəm verir, deyilmi?
– Əlbəttə, belədir. Hər bir ölkənin hərtərəfli tərəqqisi üçün kənd təsərrüfatının sürətli və davamlı inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu, həm də milli təhlükəsizlik məsələsidir. Çünki əhalinin ərzaq təhlükəsizliyini təmin etmək ölkənin sərhədlərini qorumaq qədər vacibdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Son 18 ildə bu istiqamətdə görülən işlərin miqyası və vüsəti heyrət doğurur.
Özünüz təsəvvür edin, 2003-2020-ci illər arasında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı iki dəfə artmışdır. MDB ölkələrinin heç biri aqrar sektorda belə yüksək göstəriciyə nail ola bilməmişdir.
Əldə olunan uğurlar dövlətimizin bu sahədə düşünülmüş uğurlu siyasəti sayəsində mümkün olmuşdur. Azərbaycanda 2004-cü ildən başlayaraq, cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların inkişafı istiqamətində uğurla həyata keçirilən dövlət proqramları bölgələrdə yeni müəssisələrin açılmasına, iş yerlərinin yaradılmasına, son nəticədə əhalinin güzəranının, daha da yaxşılaşmasına səbəb olmuşdur.
– Aqrar
sektor ötənilki pandemiya
şəraitində müsbət dinamikanı qoruyub
saxlaya bildimi?
– Qeyd etmək lazımdır ki, COVID-19 ölkəmizdə kənd təsərrüfatının inkişafına ciddi fəsadlar törədə bilməmişdir. Əvvəlki illərdə olduğu kimi, 2020-ci il ərzində də kənd təsərrüfatında müsbət dinamika davam etmişdir.
Belə ki, Azərbaycanda ötən il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8428,9 milyon manat təşkil etmişdir ki, onun da 4400,5 milyon manatı heyvandarlıq, 4028,4 milyon manatı bitkiçilik məhsullarının payına düşmüşdür. 2019-cu illə müqayisədə kənd təsərrüfatının istehsalı 2 faiz, o cümlədən heyvandarlıq məhsulları 3,1 faiz, bitkiçilik məhsulları 0,8 faiz artmışdır.
Ölkəmizdə 2020-ci ildə 1867,3 min ton buğda, 1021,1 min ton arpa, 321,9 min ton qarğıdalı, 9,9 min ton çəltik və sair toplanmışdır. Ötən il sahələrdən 1728, 9 min ton və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox tərəvəz, 1037,6 min ton (3,3 faiz çox) kartof, 448,1 min ton (0,1 faiz çox) bostan məhsulları istehsal olunmuşdur.
2020-ci ildə 336 min ton pambıq yığılmışdır ki, bu da 2019-cu ildəkindən xeyli çoxdur. Həmçinin 253, 3 min ton (6,9 faiz çox) şəkər çuğunduru və 6,9 min ton (15, 1 faiz çox) tütün istehsal olunmuşdur.
İl ərzində 1131,1 min ton (3 faiz çox) meyvə və giləmeyvə, 208 min ton (3,1 faiz çox) üzüm, 931,5 min ton (0,2 faiz çox) yaşıl çay torpağı toplanmışdır. Rəqəmlərdən də göründüyü kimi, 2020-ci ildə aqrar sektorda artım müşahidə olunmuşdur.
– Qarabağın
işğaldan azad
edilməsi ölkəmizdə aqrar sektorun inkişafı üçün
nələr vəd edir?
– Bəllidir ki, Vətən müharibəsində tarixi qələbəmiz Ali Baş Komandan İlham Əliyevin parlaq sərkərdəlik qabiliyyəti və xalqımızın igid, qeyrətli oğullarının qeyri-adi qəhrəmanlığı sayəsində əldə olunmuşdur. Azərbaycan xalqı Qarabağda tarixi ədaləti bərpa etmişdir. Bu, son dərəcə böyük xoşbəxtlikdir.
Vətən müharibəsində düşmən üzərində tarixi zəfər ölkəmizin hərtərəfli tərəqqisi üçün geniş imkanlar açmışdır. İndi ən vacib vəzifə bu imkanlardan maksimum bəhrələnmək, doğma Vətənimizi daha güclü və qüdrətli etməkdir.
Bu gün düşməndən azad olunmuş ərazilərdə böyük tikinti-quruculuq işlərinə start verilib. Hər kəs əmindir ki, cənab İlham Əliyevin liderliyi ilə gözəl Şuşamız, külli Qarabağımız ən yaxın illər ərzində laləzara, gülüstana çevriləcək. Təkcə Qarabağımız deyil, bütün Azərbaycan dünyanın yüksək tərəqqi və mədəni intibah mərkəzlərindən biri olacaq. Şübhəsiz ki, bu, aqrar sahənin inkişafına böyük təkan verəcəkdir.
– Milli
prioritetlərin təsdiq olunması və icrası ilə
bağlı başlanan möhtəşəm
işlər aqrar sektorda
hansı gözləntiləri doğrulda
bilər?
– Möhtərəm Prezidentimizin 2 fevral 2021-ci il tarixdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında imzaladığı sərəncam ölkəmizin qarşıdakı 10 il ərzində keyfiyyət etibarilə daha yüksək səviyyəyə çıxmasına imkan verəcək.
Hesab edirəm ki, milli prioritetlər dövlətin idarə olunmasında strateji planlaşmanın təcəssümüdür. Bu, ölkəmizin sosial-iqtisadi inkişafının bütün istiqamətləri üzrə risklərin azalmasına, sahələrin sürətli inkişafına töhfə verəcək. Sənəddə digər sahələr kimi, aqrar sektorun da hərtərəfli inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Milli prioritetlər qarşıdakı 10 il ərzində Azərbaycan kəndinin keyfiyyət etibarilə yeni, daha yüksək mərhələyə çatmasına şərait yaradacaq. Bunun üçün ölkəmizdə bütün zəruri amillər mövcuddur. Azərbaycanın zəngin torpaq və su ehtiyatları, torpağın dilini yaxşı bilən kadrlarımız var.
– Qarabağda
“ağıllı şəhər” və “ağıllı kənd”
konsepsiyalarının reallaşdırılması nəzərdə
tutulur. Sizcə, bunların praktiki əhəmiyyəti nədir?
– Azərbaycanda “ağıllı kənd” və “ağıllı şəhər”lərin qurulması Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşır. Bu layihələr ölkəmizin ən modern, kreativ ideyalara nə qədər açıq olduğunu bir daha bariz şəkildə nümayiş etdirir.
Azərbaycan hökuməti ilk “ağıllı kənd” layihəsini işğaldan azad olunmuş Zəngilan rayonunun Üçüncü Ağalı kəndində həyata keçirməyi planlaşdırır. Həmin layihənin icrası əsasən beş komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı” kənd təsərrüfatı və alternativ enerji sahələridir.
Yeri gəlmişkən, inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu, gözəl və bənzərsiz Qarabağımızın ekologiyasının qorunması, onun turizm imkanlarının daha da genişləndirilməsi üçün də vacib amildir.
Bir daha vurğulamaq istəyirəm. “Ağıllı kənd” texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradacaq və Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini artıracaq.
– Siz
Milli Məclisin Aqrar
siyasət komitəsinə rəhbərlik edirsiniz.
Necə fikirləşirsiniz, mövcud qanunlar ölkəmizdə kənd təsərrüfatının
sürətli inkişafını kifayət qədər təşviq
edə bilirmi?
– Əlbəttə! Aqrar siyasət komitəsi hər bir qanunu, bu və digər normativ sənədi ölkəmizdə kənd təsərrüfatının sürətli inkişafını təmin və təşviq etməsi məqsədilə hazırlayır. Torpaqda çalışan hər bir insan öz əməyinin bəhrəsini görməlidir ki, ailəsini dolandıra bilsin, az məsrəflə daha çox məhsul toplamaqda maraqlı olsun.
Milli Məclisdə bu vaxta qədər kənd təsərrüfatı sahəsi üzrə, bütövlükdə 300-ə yaxın qanun qəbul edilib və mövcud qanunlara dəyişikliklər edilib. Tam məsuliyyətlə deyə bilərəm ki, ölkəmizdə aqrar sektorun sürətli və davamlı inkişafı üçün müvafiq qanunvericilik bazası yaradılmışdır.
Təbii ki, həyat inkişaf edir, yeni qanunların qəbul edilməsinə, mövcud qanunların təkmilləşdirilməsinə zərurət yaranır. Milli Məclisin Aqrar siyasət komitəsi Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, digər müvafiq dövlət qurumları, eləcə də aqrar sahədə çalışan təcrübəli alim və mütəxəssislərin fəal iştirakı ilə yeni, daha mükəmməl qanunların hazırlanaraq geniş müzakirə və vaxtında qəbul olunmasına çalışır.
– Tahir
müəllim, nəhayət sonuncu sual: Siz Azərbaycan kəndinin
gələcəyini necə görürsünüz?
– Tam səmimi şəkildə deyirəm: Azərbaycan kəndini parlaq gələcək gözləyir. Bu gün işğaldan azad edilmiş ərazilərdə aqrar inkişafın yeni, Azərbaycan modeli qurulur. Bu model tezliklə ölkəmizin digər regionlarında da tətbiq olunacaq.
Azərbaycan dövləti hazırda müharibənin yaralarını sağaltmaqla, iqtisadiyyatını və ordusunu daha da gücləndirməklə məşğuldur. Ermənistanda isə siyasi qarşıdurma, hakimiyyət uğrunda mübarizə gedir. Bu ölkənin gələcəyə nikbin baxmağa imkan verən heç bir resursu, potensialı yoxdur.
Mən Milli Məclisdə 82 saylı Ağcabədi seçki dairəsinin seçicilərini təmsil edirəm. Son vaxtar Ağcabədidə, eləcə də digər bölgələrimizdə tez-tez oluram. Hər yerdə insanların qurub-yaratmaq əzminin artdığını, torpağa bağlılığının gücləndiyini müşahidə edirəm.
Ölkə vətəndaşları Azərbaycan dövlətinə, çağdaş dünyanın ən görkəmli dövlət xadimlərindən olan Prezident İlham Əliyevə qəlbən inanır və ona güvənirlər. Xalqın öz liderinə olan sonsuz inamı milli birliyimizi daha da gücləndirir və bizi yeni parlaq qələbələrə doğru aparır.
Müsahibəni
qələmə aldı:
Məsaim
ABDULLAYEV
Xalq qəzeti 2021.- 5 mart.- S.6.