“Biz bu gün milli
vəhdət, vahid ideya
uğrunda birləşmişik”
Müharibədən
sonra artıq bir
neçə ay keçir
və biz görürük
ki, postmüharibə dövrü
də bizdə çox rahat
keçir. Bu da cəmiyyətimizin çox
böyük üstünlüyüdür,
xalqımızın böyüklüyüdür
və bu gün məhz
bu ideyalar uğrunda biz yenidən
birləşirik. Yeni ideyalar
uğrunda – Qarabağı necə bərpa
edək, keçmiş
köçkünləri torpaqlara necə
qaytaraq. Bundan sonra elə bir qüdrətli
dövlət yaradaq ki,
heç kim heç vaxt bizə
qarşı heç bir
təxribat törədə bilməsin.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Azərbaycan tarixində 2020-ci il möhtəşəm uğurla yadda qaldı, Silahlı Qüvvələrimiz 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirərək, parlaq qələbə qazandı, torpaqlarımızı yağı tapdağından azad etdi. Bu məğlubiyyət nəticəsində işğalçı Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı və 3 rayonumuz bir güllə belə atılmadan, bir şəhid belə verilmədən siyasi yolla geri qaytarıldı. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu.
Vətən müharibəsində şanlı qələbə əldə etməyimiz böyük zəfərdir. Azərbaycan öz tarixi ərazisində, əzəli torpağında müharibə aparıb. Bu haqq savaşında ölkəmiz, eyni zamanda, tarixdə heç vaxt bu qədər güclü olmadığını sübuta yetirib. Siyasi, iqtisadi, hərbi gücünü nümayiş etdirib, xalq-iqtidar-ordu birliyini bütün dünyaya göstərib.
Bəli, Azərbaycan bu gücdən istifadə edərək qarşıda duran əsas vəzifəni–torpaqlarımızı işğalçıdan təmizləmək missisiyasını şərəflə yerinə yetirdi. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi. Vətən müharibəsindən sonra müşahidə olunan mənzərə də artıq Ermənistan silahlı qüvvələrinin faktiki olaraq tam dağıdıldığını göstərdi.
Beləliklə, Silahlı Qüvvələrimizin güc-qüdrəti ilə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, keçmiş Hadrut rayonu, Xocavənd rayonunun böyük hissəsi, Suqovuşan qəsəbəsi, Murovdağ silsiləsi və Şuşa şəhəri azad olundu. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi hərbi yolla işğalçılardan təmizləndi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bununla da yuxarıda qeyd etdiyimiz kimi, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atılmadan, bir şəhid verilmədən geri qaytarıldı.
Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında xalqımızın son 17 ildə, eləcə də Vətən müharibəsi günlərində, həmçinin hazırda milli vəhdət, vahid ideya uğrunda birləşdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı “CBC Azərbaycan” telekanalı əməkdaşının sualına cavabında uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsi problemindən danışarkən deyib: “Biz yeni reallıq yaratdıq və indi hər kəs bu reallıqla barışmalıdır, hesablaşmalıdır. Bizim üçün yeni dövr başlayır və postmüharibə dövrü bir çox ölkələr üçün də çətin dövr olub. Amma müharibədən sonra artıq bir neçə ay keçir və biz görürük ki, postmüharibə dövrü də bizdə çox rahat keçir. Bu da cəmiyyətimizin çox böyük üstünlüyüdür, xalqımızın böyüklüyüdür və bu gün məhz bu ideyalar uğrunda biz yenidən birləşirik. Yeni ideyalar uğrunda - Qarabağı necə bərpa edək, keçmiş köçkünləri torpaqlara necə qaytaraq. Bundan sonra elə bir qüdrətli dövlət yaradaq ki, heç kim heç vaxt bizə qarşı heç bir təxribat törədə bilməsin”.
Dövlətimizin başçısı Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillərdən birinin güclü ordu olmasını da xatırladıb. Bildirib ki, bu olmasa, münaqişə də həll oluna bilməzdi. Eyni zamanda, Azərbaycan haqlı idi, beynəlxalq hüquq, beynəlxalq təşkilatların qətnamələri də ölkəmizin tərəfində idi. Çenki işğal altındakı ərazilərimiz tarixən bizə məxsus idi. Bax, bu məsələlər Azərbaycanın mövqeyini gücləndirirdi: “Amma nə üçün biz bu torpaqları vaxtı ilə, 1990-cı illərin əvvəllərində itirdik. Çünki idarəetmə yox idi, ordu yox idi və burada Bakıda 1992-ci ildə minlərlə adam mitinqlərə çıxırdı, amma orada mövqelər boş qalırdı. Vətəndaş müharibəsini o vaxt Xalq Cəbhəsi başlayıb, Azərbaycan əsgərlərini əsir götürüb, o vaxt da bizim torpaqlarımız işğal altına düşmüşdü. Hakimiyyət uğrunda mübarizə gedirdi. Yəni milli vəhdət, vahid ideya uğrunda o vaxt biz birləşə bilməmişik, indi isə birləşmişik. Bir də ki, nəsil yetişməli idi. Bax, mən bu barədə artıq bir neçə dəfə demişəm. Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan, bax, bizim son 17 il ərzində yetişmiş insanlarımızdır. Yaşlı nəslin, əlbəttə ki, böyük əməyi, təcrübəsi və bilikləri var. Amma döyüşə gedən, öz sinəsini atəş altına qoyan, bax, 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır...”.
Bəli, bu, bir həqiqətdir ki, həmin dövrdə respublikamızın daxilində ictimai-siyasi böhran, anarxiya hökm sürürdü. Müəyyən qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdı və bu prosesdə Azərbaycan Xalq Cəbhəsi əsas rol oynayırdı. Belə bir şəraitdə torpaqlarımızın düşməndən qorunması həmin qüvvələri düşündürmürdü. Onlar üçün əsas məqsəd iqtidara gəlmək idi...
Bu müharibə erməni vəhşiliyini bütün dünyaya nümayiş etdirdi. Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən qarış-qarış yağılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi aşkarlandı. Düşmənin ən çox dağıtdığı mədəni irs nümunələri sırasında isə İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri daha çox diqqət çəkdi.
Erməni vandalizmini unutmaq, yaddan çıxarmaq mümkün deyil. Prezident İlham Əliyev çıxışlarındə dəfələrdə bildirib ki, işğalçı ərazilərimizdə barbarlıq əməlləri törədib. Düşmən kənd və şəhərlərimizi, maddi-mədəni abidələrimizi tamamilə dağıdıb: “Bu, barbarlıqdır, bu, mədəni soyqırımıdır və buna heç cür haqq qazandırmaq olmaz. Müharibə qurtarıb, Azərbaycan qələbə qazanıb. Lakin biz bunu heç vaxt unutmayacağıq və heç vaxt unutmamalıyıq. Buna görə, mənim göstərişimə əsasən bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləndə biz yəqin ki, hər şəhərdə bir məhəlləni, ola bilsin, böyük bir ərazini işğalçılardan sonra qalmış vəziyyətdə saxlayacağıq ki, Azərbaycan xalqı bunu heç vaxt unutmasın, gələcək nəsillər yadda saxlasınlar ki, biz öz torpağımızı qorumalıyıq və yalnız öz gücümüzə güvənməliyik. Əlbəttə, biz işğal edilmiş ərazilərdə dağıdılanların hamısını bərpa edəcəyik, bərpa prosesi başlanıb. Fikrimcə, bizim atdığımız ilk addımların nəticələri lap yaxın vaxtlarda görünəcək. Böyük qayıdış proqramı hazırlanır. Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik”.
Prezident İlham Əliyevin işğaldan azad edilən şəhər və rayonlarımıza səfərləri çərçivəsində bərpa ilə bağlı qarşıya qoyulan vəzifələr, eyni zamanda, səfərdən sonra həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzalanan sənədlər xarabaya çevrilən kənd və şəhərlərimizin qısa müddətdə gülüstana çevriləcəyindən, yeni regional inkişaf proqramlarının icrasına başlanılacağından xəbər verir.
Azərbaycan Prezidentin tapşırığı ilə hazırda sosial-iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə yaradılan işçi qrupları, hazırlanan Strateji Fəaliyyət Planı əsasında nəzərdə tutulan işlər bütün istiqamətlər üzrə planlı və kompleks yanaşma əsasında reallaşdırılır.
Dövlətimizin başçısının tapşırığı ilə bu işlərin sürətli icrası məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb və bütün aidiyyəti dövlət strukturları Qarabağın bərpası tədbirlərinə cəlb olunub.
Bunlarla bərabər ölkə rəhbərinin təşəbbüsü ilə Qarabağın dirçəldilməsi prosesinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fondunun yaradılması da xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir.
Ermənilər tərəfindən barbarcasına dağıdılan ərazilərdə dayanıqlı məskunlaşmanın reallaşdırılması, müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, bir sözlə, Qarabağın dirçəldilməsi prosesinə töhfə vermək məqsədilə dövlətimizin başçısının 2021-ci il 4 yanvar tarixli fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu müvafiq layihələrə maliyyə dəstəyi göstərəcək, sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, habelə ölkə daxilində, eləcə də ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi tədbirlərini publik hüquqi şəxs kimi gerçəkləşdirəcək.
Dövlətimizin başçısı mətbuat konfransında ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası ilə bağlı verilən suala da aydınlıq gətirib. Xatırladaq ki, üçtərəfli bəyanatda əksini tapan 9 maddəlik bəndlərin icrası hazırda uğurla həyata keçirilməkdədir. Prosesin ən çətin və mürəkkəb mərhələsi artıq geridə qalıb. Sözügedən bəyanata əsasən, noyabrın 10-dan sonra 20 gün müddətində Azərbaycanın üç rayonunun qrafik təqviminə uyğun işğaldan azad olunması vaxtında yerinə yetirildi. Yəni, dekabr ayının 1-ə qədər Azərbaycan bir güllə belə atmadan, heç bir itki vermədən işğal altındakı torpaqlarının qalan hissəsini də azad etdi.
İkinci mürəkkəb və strateji məsələ Azərbaycanın Naxçıvanla birbaşa kommunikasiyalarının bərpası məsələsidir ki, bu da artıq icra olunmaqdadır. Üçüncü məsələ isə Türkiyə-Rusiya ortaq nəzarət qərargahının yaradılması idi ki, bu da artıq öz həllini tapıb.
Hazırda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması istiqamətində işlər görülür və ən optimal müddətdə bu məsələ öz həllini tapacaq. Qarşıdakı mərhələdə isə Laçın şəhərinə girmədən yeni nəqliyyat koridorunun yaradılması istiqamətində işlər görüləcək. Beləliklə, indiki vəziyyət deməyə əsas verir ki, bütün məsələlər Azərbaycanın nəzarətindədir və müəyyən kiçik insidentlər istisna olmaqla, üçtərəfli bəyanatda əksini tapan müddəalar uğurla gerçəkləşdirilir.
Azərbaycan Prezidenti mətbuat konfransında işğaldan azad edilən ərzilərdə bərpa-quruculuq işlərinin gedişi, reallaşdırılacaq layihələr, logistika məsələləri barədə verilən sualları da geniş şəkildə cavablandırıb. Dövlətimizin başçısı Füzulidə artıq uçuş-enmə zolaqlarının ən ağır yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək beynəlxalq aeroportun tikintisinə başlanıldığını, kompleksin cari ilin sonunadək istifadəyə veriləcəyini, eyni zamanda, ərazidə minalardan təmizlənmə prosesinin operativ surətdə aparılaraq, başa çatmaq üzrə olduğunu diqqətə çatdırıb.
Dövlətimizin başçısı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları ilə əlaqədar qrafik məsələsi ilə bağlı sualı cavablandırarkən, bildirib ki, hazırda ərazilərin minalardan təmizlənməsi və bununla paralel olaraq bütün imkanlardan istifadə etməklə ziyanın qiymətləndirilməsi tədbirləri həyata keçirilir, beynəlxalq qurumlar vasitəsilə işğalçılara əsaslandırılmış iddialar təqdim etmək üçün dronlarla çəkilişlər aparılır. Eyni zamanda, şəhər və kəndlərin inkişafının baş planları hazırlanır. Bunlarla bərabər, pilot layihələr də reallaşdırılır.
Vaqif BAYRAMOV
Xalq qəzeti 2021.- 6
mart.- S.6.