“YAP-ın VII qurultayı ölkəmizdə dialoqun dərinləşməsinə mühüm töhfə verəcək”

Yeni Azərbaycan Partiyasının VII qurultayında mühüm qərarlar qəbul edildi. Onlardan biri də 6 siyasi partiyanın YAP-a birləşməsinə dair qərarın qəbul olunmasıdır. Təkcə bu fakt ölkəmizdə dialoq mühitinin dərinləşməsinə mühüm töhfə verəcək və demokratik ənənələrin şaxələnməsinə xidmət edən amil kimi tarixiləşəcək. Siyasi rəqabətin əsas motivi partiyaların güclənməsi, eyni zamanda, vətəndaş maraqlarının müdafiə olunmasında yeni imkanların yaradılmasıdır. Əminik ki, YAP-ın son qurultayının gəldiyi nəticələr, alınan qərarlar ölkəmizin daha da inkişaf etdirilməsinə önəmli təsir göstərəcək.

Bu fikirləri Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov bildirib.

Sədr müavini qeyd edib ki, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının YAP-a birləşməsi həm də hakim partiyanın ölkəmizin siyasi arenasında nəzərəçarpacaq nüfuzunun göstəricisidir. YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu cür tendensiyalar, eyni zamanda, iqtidara qarşı olan müsbət ictimai rəyin artmasının göstəricisidir.

Arzuman Abdulkərimov qeyd edib ki, hamımıza məlumdur ki, hazırda Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır: “ Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır. Önəmli məqamlardan biriodur ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaratmışdır. Ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent olan bu hadisə dövlət başçısının “Biz birlikdə güclüyükfikrinin dövlət siyasətinin əsas fəlsəfəsinə çevrildiyinin siyasi münasibətlərdə də öz əksini tapdığını sübut edir”.

 

Anar ƏLIYEV

Xalq qəzeti  2021.- 6 mart.- S.6.