YAP ölkəmizdə gedən
gəncləşdirmə siyasətinə töhfələr verir
Yeni Azərbaycan Partiyasının yaradıcısı və
ilk sədri olmuş ulu öndər Heydər Əliyev hələ
doxsanıncı illərin əvvəllərində demişdi ki, bizim yaratdığmız partiyada
cəmiyyətin nüfuzlu simalarına çevrilmiş ağsaqqal
ziyalılarla yanaşı, ölkənin fəal gənclərnə
də böyük ehtiyac vardır. Çünki
biz ağsaqqalların təcrübəsindən,
gənclərin isə yaradıcılıq enerjisindən bəhrələnərək
ölkəmizin problemlərini həll edə bilərik.
Bu
gün ölkəyə rəhbərlik edən Prezident
İlham Əliyevin Yeni Azərbaycan Partiyasının rəhbərliyində
təmsil olunması, sonradan partiyanın sədri seçilməsi
gənclərin bu partiyaya olan inam və etimadını
artırmış, bu siyasi təşkilat xeyli “gəncləşmişdi”.
Dünən – Yeni Azərbaycan Partiyasının VII qurultayının başa çatmasından dərhal sonra isə kütləvi informasiya vasitələri yazdılar ki, “qurultayda 40 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. İdarə Heyətinin tərkibi əsasən gənclərdən ibarətdir”.
Amma İdarə Heyətinin tamamilə gəncləşdirilməsi yaşlı nəslin təcrübə və biliyindən bəhrələnməmək anlamına gəlməməlidir. Çünki partiyanın yeni yaradılan Veteranlar Şurasının tərkibi əsasən məhz “91”lərdən və yaşlı nəslin təmsilçilərindən ibarətdir.
Xatırladaq ki, ötən ilin mart ayında – VI çağırış Milli Məclisin ilk iclasında geniş nitq söyləyən Prezident İlham Əliyev demişdi ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir, bizim gənc nəslimiz vətənpərvərdir, Vətənə bağlıdır, milli köklərə bağlıdır, elə də olmalıdır.
Bəli, dövlət başçımızın inandığı və güvəndiyi Azərbaycan gəncliyi ölkəmizin iqtidar partiyasının, regionun ən böyük siyasi təşkilatının martın 5-də keçirilən qurultayında öz layiqli qiymətini aldı.
Yeri gəlmişkən, Azərbaycan gəncliyinin bu nailiyyətlərini hamıdan çox ulu öndər Heydər Əliyev arzulayırdı. O, ölkədə siyasi hakimiyyətə qayıtdığı ilk illərdə demişdi ki, “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”
Bəli, son 18 ildə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar və genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycan gəncləri məhz ulu öndərin arzuladığı səviyyəyə çatmaq üçün mükəmməl təhsil almış, həyatı dərindən öyrənmiş, dünyada gedən proseslərdən baş çıxara bilən mərtəbəyə qalxmışlar. Nəticədə lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etmiş və hakim partiyanın idarə heyətinin sırasında öz yerlərini tutmuşlar.
İnanırıq ki, Yeni Azərbaycan Partiyasının VII qurultayının materialları öz torpaqlarını düşmən tapdağından azad etmiş dövlətimizin qarşısında duran bütün vəzifələrin layiqincə yerinə yetirilməsinə stimul olacaqdır.
Günel ƏMƏNULLAYEVA,
kimya üzrə fəlsəfə doktoru, dosent
Xalq qəzeti 2021.- 6 mart.- S.6.