İƏT-in zirvə toplantısında ölkəmizin ünvanına səsləndirilən fikirlər qəlbimizi qürurla doldurdu

 

Fəxr və iftixarla deyə bilərik ki, beynəlxalq aləmdə keçirilən istənilən məzmunlu – ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və digər tədbirlərdə Azərbaycanın ünvanına təqdiredici fikirlərin səsləndirilməsi artıq ənənə şəklini alıb. Sevindirici haldır ki, İslam Əməkdaşlıq Təşkilatının martın 4-də keçirilən XIV onlayn zirvə toplantısında ölkəmizin ünvanına təkcə təqdiredicu fikirlər deyil, həm də təbriklər səsləndirildi. Özü də dəfələrlə.

Əvvəlcə zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan sammit iştirakçılarını salamladıqdan sonra Azərbaycanın Qələbəsi münasibətilə təbriklərini çatdırdı: “Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm”.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin təşkilata sədrliyi dövründə görülən işlərdən danışmaqla yanaşı, Azərbaycanın işğal altında qalan torpaqlarını uğurla azad etdiyindən məmnunluqla söz açdı: “Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını şanlı bir Zəfərlə azad etmiş, bölgədə yeni bir dövrün qapılarını açmışdır. Bundan sonra hədəfimiz Qarabağda təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır. Bu prosesdə də təşkilat olaraq Azərbaycan ilə tam həmrəylik içində olacağımıza inanıram. Ermənistanın da atacağı sülhsevər addımlarla regional sabitliyin bir hissəsi olacağına ümid edirik. Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm”.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleymanpur Azərbaycanı parlaq Qələbəsi münasibətilə təbrik etdi və ölkəmizlə bağlı olan daha bir faktı yada saldı: “Mən mərhum Prezident, zati-aliləri Heydər Əliyevin təşəbbüsü olan Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılmasına görə Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyevi təbrik edirəm. Bu, təşkilatı çoxşaxəli etmək məqsədilə İƏT ailəsi üçün böyük bir nailiyyətdir. Gəlin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda həyatlarını qurban vermiş azərbaycanlı şəhidlərin xatirəsini də yad edək”.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin çıxışı da həm bütün azərbaycanlılar, həm də Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev üçün kifayət qədər dəyərli idi: “ Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi , atanız da Sizinlə fəxr edərdi”.

Əminik ki, qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ölkəmiz və Prezidentimiz haqqında dilə gətirdiyi fikirlər kapitulyasiya sənədini imzalamış, rüsvayçı məğlubiyyətlə üzləşmiş Ermənistana artıq “daşı ətəkdən tökməli” olduğunu başa salacaq: “Həqiqətən də 30 illik işğal baş vermişdirorada olan ... azərbaycanlı qardaşlarımız, bildiyiniz kimi, öz torpaqlarından qovulmuşdur. Onlar təxminən 30 il idi ki, öz doğma torpaqlarından uzaqda yaşayırdılar. Əfsuslar olsun ki, Minsk qrupu heç bir nəticə əldə edə bilməmişdir və buna görə İlham Əliyevin rəhbərliyi ilə bizim azərbaycanlı qardaşlarımız bu torpaqları işğaldan azad etmişdir. İndi infrastruktur üzrə hazırlıq işləri davam edir və tezliklə bu torpaqların həqiqi sahibləri öz ərazilərində yaşayacaqlar”.

Dövlət başçımız daim, bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu toplantıda da Azərbaycanın haqq işini dəstəkləyənlərin ədalətli mövqeyini alqışladı. Prezident xatırlatdı ki, cənab Ərdoğan yalnız müharibə vaxtı deyil, ümumiyyətlə, Türkiyənin Prezidenti lideri olduğu müddətdə Azərbaycana davamlı dəstək göstərmiş və həmin amil ölkəmizin torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynamışdır: “Əvvəllər də çox demişəm, indibir daha bildirmək istərdim ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir”.

Dövlət başçımız bütün zamanlarda ölkəmizin yanında olan dostqardaş ölkələrin dövlət başçılarına məxsusi olaraq təşəkkür və minnətdarlıq etdi: “Mən bir daha əziz qardaşlarıma, Prezident Ərdoğana, Prezident Əşrəf Qaniyə, Baş nazir İmran Xana Azərbaycanın Qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə səsləndirdikləri xoş təbriklərə görə təşəkkürümü bildirmək istərdim”.

Azərbaycan Prezidenti daha bir mühüm faktı da yada salaraq qeyd etdi ki, bu gün burada İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzalayacağıq: Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik”.

Bütün bunların indi dilə gətirilməsi və ya qələmə alınması olduqca asan məsələdir. Ancaq həmin faktların məhz reallığa çevrilməsi üçün dövlət başçımız uzun illər çalışmış, siyasidiplomatik mübarizə aparmışdır. Heydər Əliyev siyasi kursu müstəqilliyin ilk illərində dövlətimizə rəhbərlik edən şəxslərin “sərhədləri bağlayaraq ölkəni inkişaf etdirmək” tezisindən fərqli olaraq, sərhədləri dünyadakı bütün dost və tərəfdaşlarımızın üzünə açaraq, gənc müstəqil Azərbaycanın tərəqqisinə nail olmuşdur.

Hamının gördüyü və alqışladığı faktdır ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbbaycanın dostları gündən-günə artır. Biz son 17 ildə daim bu tendensiyanın şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi zamanı isə dostluğun, qardaşlığın, tərəfdaşlığın hansı gücə malik olduğunu gördük. İslam Əməkdaşlıq Təşkilatının martın 4-də keçirilən XIV onlayn Zirvə toplantısında ölkəmizin ünvanına səsləndirilən fikirlər də məhz dostluğun, qardaşlığın, tərəfdaşlığın təntənəsi idi.

 

İsaxan VƏLİYEV,

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, hüquq elmləri doktoru, professor

Xalq qəzeti  2021.- 6 mart.- S.8.