Həssas əhali
qruplarının mənafelərinə cavab
verən sistemin qurulması prioritet vəzifədir
Azərbaycan Prezidenti tərəfindən 2 fevral
2021-ci il tarixli “Azərbaycan
2030: Sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər”
barədə imzalanan sərəncamda
“2021-2025-ci illər üzrə sosial-iqtisadi
inkişaf strategiyası”nın
hazırlanması ilə bağlı hökumətə müvafiq tapşırıqlar verilib.
Bununla
bağlı Baş nazir
Əli Əsədovun sədrliyi ilə yaradılan
komissiyanın ilk iclası keçirilib.
İclasda “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf
Strategiyası”nın hazırlanması, habelə
sözügedən komissiyanın 10 alt işçi qrupunun fəaliyyət
istiqamətləri, iş planları və
onun koordinasiyası, hesabatlılıq və
təşkilati məsələlər müzakirə olunub.
Bu, hökumətin “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrasının diqqət mərkəzində saxlanılmasından xəbər verir. Çünki indiki qlobal iqtisadi reallıqlar, eləcə də Vətən müharibəsindən sonrakı yeni mərhələdə qarşıya qoyulan məqsədlər ölkəmizin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
“Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanan sərəncamda hökumətə “2021-2025-ci illər üzrə sosial-iqtisadi inkişaf strategiyası”nın hazırlanması ilə bağlı müvafiq tapşırıqların verilməsi də qarşıdakı dövrdə ölkənin sosial-iqtisadi inkişafına önəm veriləcəyinin göstəricisidir.
Nəzərdə tutulan dövrdə uğurlu sosial-iqtisadi nailiyyətlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövlətinin ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçməsi də bunun bariz ifadəsidir.
Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndirilir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amillərinə çevrilir.
Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsi reallaşdırılır.
Bu məqsədlərin həyata keçirilməsi dayanıqlı makroiqtisadi sabitliyə xidmət göstərən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli “hərəkətverici qüvvələri”nin möhkəmləndirilməsini ‒ insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.
İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.
İqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın dərin şaxələnməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmalıdır. Neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir. İqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır.
Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır.
“Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanan sərəncamda da, həmçinin bildirilir ki, iqtisadiyyatın davamlı inkişafı gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artırmalıdır. Qeyri-formal məşğulluğun həcmi müəyyənləşdirilməli və qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməli, gəlirlərin leqallaşdırılması istiqamətində işlər görülməlidir.
Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısına qalmalıdır. Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.
Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunmalıdır. Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır.
Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün tələb olunan sosial reabilitasiya infrastrukturu əlçatan olmalı, bu şəxslərin məşğulluğuna dəstək proqramları genişləndirilməli, sosial təminatı gücləndirilməlidir. Sosial cəhətdən həssas əhali qruplarının maraq və mənafelərinə cavab verən, onlara bərabər iştirak imkanları yaradan sosial xidmətlər sistemi təmin olunmalıdır.
V.BAYRAMOV
Xalq qəzeti 2021.- 6 mart.- S.10.