Azərbaycan xalqı dünyada sülh tərəfdarı
kimi tanınır
Prezident İlham
Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri
üçün mətbuat konfransı keçirdi. Dövlət
başçısı videformatda keçirdiyi mətbuat konfransında Xocalı
soyqırımı haqqında ümumi məlumat
verərək dedi: “Bu
gün Xocalı soyqırımının
29-cu ildönümüdür. Xocalı
faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə
qarşı törədilmiş qanlı cinayətdir,
soyqırımıdır. Bu
soyqırımı nəticəsində 613 mülki
şəxs xüsusi qəddarlıqla qətlə
yetirilmişdir. Onlardan
106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədənlər
hərbi cinayətkarlardır. Onların bir
çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir...
Dörd saatdan uzun çəkən konfrans zamanı Prezident İlham Əliyev yerli və xarici jurnalistlərin suallarını cavablandırdı. Bir çox önəmli məsələyə aydınlıq gətirən Ali Baş Komandan maraqlı nüanslardan bəhs etdi.
“Ukraina-24” telekanalı nümayəndəsinin işğaldan azad olunan rayonların reinteqrasiyası zamanı yaranan çətinliklərlə bağlı sualını cavablandırarkən dövlət başçısı uzun illərdir doğma torpaqlarından didərgin düşmüş insanların həsrətlə gözlədiyi qayıdışın önündə duran problemlərdən bəhs etdi: “İşğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün yetərincə təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə, vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik”.
Prezident İlham Əliyev əlavə etdi ki, hazırda ərazilərin minalardan təmizlənməsi və bununla paralel olaraq bütün imkanlardan istifadə etməklə ziyanın qiymətləndirilməsi ilə məşğuluq. O cümlədən, beynəlxalq qurumlar vasitəsilə işğalçılara əsaslandırılmış iddialar təqdim etmək üçün dronlarla çəkilişlər aparırıq. Bununla paralel olaraq, şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsinə dair tapşırıqlar verilib. Bizim vətəndaşların qayıtması üçün əsas mərhələlər bundadır.
Döyüş meydanında zəfərlə yekunlaşan 44 günlük müharibədən sonra Azərbaycan xalqını, o cümlədən, erməni xislətinə bələd olan xarici dövlətləri düşündürən başlıca sual belə idi: bölgədə davamlı sülh təmin edilə biləcəkmi?
Konfransda Böyük Britaniyanın “Teleqraf” qəzetinin jurnalisti də məhz bu məsələ ilə bağlı, bir çoxlarını maraqlandıran sual səsləndirdi: “Bu qorxunc soyqırımının anım günündə bizimlə görüşdüyünüzə görə təşəkkür edirəm. Sizcə, davamlı sülhü təmin etmək, gələcəkdə belə soyqırımlarının qarşısını almaq olarmı və Azərbaycanın belə bir səmimi niyyəti varmı ki, gələcəkdə davamlı sülhün tərəfdarı olacaq?”
İlham Əliyev suala görə təşəkkür edərək bildirdi ki, biz davamlı sülhə nail olmaq istəyirik. Bu, düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur. Bunu görmək üçün mən sizi 10 noyabr bəyanatı ilə tanış olmağa dəvət edirəm. Erməni tərəfi bizə qoşunların çıxarılması tarixini verən kimi biz müharibəni dayandırdıq. Müharibənin ilk günündən mən hər bir müsahibəmdə və bəyanatımda onu vurğulayırdım ki, Ermənistanın baş naziri şəxsən özü, onun hər hansı bir məmuru deyil, özü bizə Füzuli, Şuşa, Cəbrayıl və digər rayonlarımızdan qoşunların çıxarılması tarixini verən kimi biz müharibəni dayandıracağıq. Yəni biz bunu sülh yolu ilə edə biliriksə, müharibə dayanacaq”.
Azərbaycan xalqı uzun illər torpaqlarının azad olunmasını, bölgədə sülhün birdəfəlik təmin edilməsini gözləyib. Lakin illər keçdikcə münaqişənin sülh yolu ilə həll edilmədiyini, yaradılan təşkilatların tərəf saxladığını görən xalq müharibənin qaçılmaz olduğunu da dərk edirdi. Prezident İlham Əliyevin Ermənistana torpaqların işğaldan azad olunması qarşılığında, hətta iqtisadi dəstək təkliflərinə baxmayaraq, erməni tərəfi öz fikrindən əl çəkməmiş, cəbhə bölgəsində təxribatlar törətməyə davam etmişdir. Azərbaycan apardığı güclü siyasət nəticəsində Ermənistan Cənubi Qafqazda, o cümlədən qonşu dövlətlərlə bağlanan müqavilələrdə iştirak etməmiş, bir çox layihələrdən kənarda qalmışdır. Bununla da, iqtisadi cəhətdən çökən Ermənistan, digər dövlətlərdən asılı hala düşmüş və getdikcə daha da zəifləmişdir.
İllər boyu aparılan danışıqlar bir fayda verməmiş, sülh yolu ilə torpaqların azad edilməyəcəyini görən Azərbaycan haqqını müharibə yolu ilə geri qaytarmışdır. Müharibənin davam etdiyi günlərdə dəfələrlə xalqa müraciət edən İlham Əliyev, bu məsələni tez-tez dilə gətirir, danışıqlar prosesinin heç bir fayda vermədiyini insanlara bir daha xatırladırdı.
Prezident İlham Əliyevin 26 oktyabr 2020-ci il tarixli çıxışında bildirdi ki, bu münaqişənin həllini beynəlxalq vasitəçilər öz üzərlərinə götürdülər, 1992-ci ildə Minsk qrupu yaradıldı. Minsk qrupunun fəaliyyəti göz qabağındadır. Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər, faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və üç ölkə bu məsələ ilə məşğul olmağa başlamışdı. Amma bunun nəticəsi oldumu? Olmadı. Bizim üçün olmadı, Ermənistan üçün oldu. Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar, dondurulsun bu məsələ, əbədi qalsın əsarət altında bizim torpağımız, əbədi qalsın işğal altında bizim torpağımız. Bəs, nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım: əgər məsələnin həllini görmək istəyirsinizsə, sanksiyalar tətbiq edin Ermənistana. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə düşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqa məsələlərdə – nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olan vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə bağlı, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət təbii ki, bu ölkələr arasında bizdən başqa hər kəsi qane edirdi, ilk növbədə, Ermənistanı qane edirdi.
Belə açıqlamalar, atılan addımlar Azərbaycan xalqının hər zaman sülhün tərəfdarı olduğunu bir daha gözlər önünə gətirir.
Azərbaycanın 90-cı illərin əvvəllərindəki Azərbaycan olmadığını xüsusi vurğulayan Müzəffər Ali Baş Komandan bildirib ki, dövlətimiz bölgədə sülhün davamlı olması üçün öhdəsinə düşən hər bir vəzifəni lazımi qaydada yerinə yetirir.
Müzəffər dövlətimizin lideri etibarlı sülhün yaranması üçün konkret şərt irəli sürür: “Sülh üçün şərtimiz ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar ki, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək.”
Prezident İlham Əliyev konfrans zamanı regionda, ələlxüsus da işğaldan azad edilən rayonlarda aparılması planlaşdırılan işlərdən də danışdı. Füzulidə Beynəlxalq Aeroportun tikintisinin artıq başlandığını, o cümlədən, Zəngilan və Laçında da aeroportların tikilməsinin planlaşdırıldığını qeyd edən ölkə rəhbəri, eyni zamanda, Şuşa şəhərinə çəkilən iki avtomobil yolundan söz açdı. Şanlı Qələbənin əsas simvolu olan Şuşa şəhərinə çəkilən yollardan biri İlham Əliyev tərəfindən “Qələbə yolu” adlandırılıb.
İmran ƏLIYEV
Xalq qəzeti 2021.- 6 mart.- S.10.