Böyük zəfərin
təməli
Nəinki ölkəmizin,
bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi
partiyası olan Yeni Azərbaycan
Partiyası martın 5-də özünün
növbəti – VII qurultayını keçirdi.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultayda videoformatda çıxış edərək bildirdi ki, partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz və bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik."
Son illərdə Azərbaycanda baş verən mühüm hadisələrdən bəhs edən dövlət başçısı çıxışında Vətən müharibəsinə xüsusi yer ayırdı.
Azərbaycan xalqı hazırda işğaldan azad edilən əzəli torpaqlarının sevincini yaşayır. Lakin bu zəfər bizə verilən hədiyyə deyil, illər boyu yürüdülən doğru siyasətin və atılan uğurlu addımların nəticəsidir. Xalqımız bu şərəfli tərəqqi yolunu yaxşı bilməlidir. Bunun üçünsə, əvvəlcə bu problemin necə və hansı şəraitdə ortaya çıxdığına diqqət edilməlidir.
XX əsrin sonlarında keçmiş SSRİ-nin parçalanmasından sonra ikinci dəfə müstəqillik qazanan Azərbaycan qonşu və xarici dövlətlərlə əlaqəsi olmayan, iqtisadi cəhətdən özünü təmin edə bilməyən gənc dövlət idi.
Həmin ağır dövrdə iqtidarda olan AXC - Müsavat cütlüyü isə yalnız öz şəxsi maraqlarını güdürdü. Prezident İlham Əliyevin də dediyi kimi, "hakimiyyətə gələn təsadüfi insanlar" ölkəni bu vəziyyətdən çıxarmaq yerinə, Azərbaycanı xarici qüvvələrdən asılı vəziyyətə salırdı. Azərbaycan xalqı uzun illər davam edən sovet asılılığından sonra, yenidən kənar qüvvələrdən asılı hala gətirilir, əldə olunan müstəqillik isə öz əhəmiyyətini itirirdi.
Prezident İlham Əliyev bu barədə danışarkən dedi: "Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. O günləri, o ayları təsəvvür etmək üçün, bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir. Faktiki olaraq onun əksidir, ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bax, bu idi o vaxt gənc müstəqil Azərbaycanın mənzərəsi. Belə olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi?! Bizim torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı qovulmuşdu, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi. Kim bu vəziyyəti dəyişdirəcəkdi?"
Ölkədə xaos hökm sürürdü. İdarəetmə iflic vəziyyətdə idi. Hakimiyyətə qanunsuz yollarla gələn AXC - Müsavat cütlüyü ölkəni talayır, hətta müharibənin davam etdiyi ərəfədə Ermənistana benzin satırdı. Bu şəkildə idarə edilən dövlət inkişaf edə bilərdimi? Siyasi və iqtisadi cəhətdən müstəqil ola bilərdimi? Bütün bunlar Azərbaycanda baş verənlərin ölkəni açıq-aydın zülmətə apardığının faktiki sübutudur. Acınacaqlı vəziyyət Yeni Azərbaycan Partiyasının yaranması zərurətini diktə edirdi:
Cənab Prezident qurultaydakı nitqində bu reallığı belə qiymətləndirdi: "O vaxt cəsarət və milli düşüncə göstərmiş, baxmayaraq ki, repressiyalara məruz qalmış vətənpərvər insanlar – məşhur “91-lər” ulu öndərə müraciət ediblər. Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt qanun yox idi. Kim nə istəyirdi, onu edirdi. Hüquq-mühafizə orqanları insanları əsassız həbs edirdilər, döyürdülər, canlı efirdə döyürdülər, söyürdülər. Tamamilə anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. Kimi istəyirdilər öldürürdülər, şikəst edirdilər, həbs edirdilər. Bax, bu idi o vaxt mövcud olan mənzərə. Senzuranı tətbiq etmişdir, guya ki, demokratik Xalq Cəbhəsi. Senzura o vaxt onlar tərəfindən tətbiq edilmişdir. O vaxt onlara qarşı bir söz deyəni tutub əzirdilər, döyürdülər, öldürürdülər. Nə üçün bəs Yeni Azərbaycan Partiyasının təsis qurultayı Naxçıvanda keçirildi? Bakıda imkan vermədilər. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi."
Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyi qazanmşdı. Lakin həmin dövrdə yaşananlar bir daha onu sübut edir ki, hakimiyyətdə olan AXC - Müsavat cütlüyü müstəqil siyasət aparmaq iqtidarında deyildi. Əldə edilən bu müstəqillik formal xarakter daşıyırdı. Azərbaycan nəinki inkişaf edirdi, hətta ketdikcə daha da geriləyir, iqtisadi-siyasi tənəzzülə yaxınlaşırdı.
Bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ümummilli liderin siyasi hakimiyyətə qayıdışına qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara, sərhədlərini qoruya, sərhədlərini beynəlxalq aləmdə öz sözünü deyə bilmirdi. Yox! Bəs bu, nə müstəqillikdir?”
Prezident İlham Əliyev prezidentliyə başladığı vaxtdan etibarən ulu öndərin Azərbaycanda təməlini qoyduğu dövlətçilik ənənələrinə sadiq qalmış və onun yolunu davam etdirmişdir. Torpaqlarının 20 faizi düşmən əsarətində olan bir dövlətin rəhbəri kimi, o, haqlı olaraq, ordu quruculuğuna xüsusi diqqət ayırmışdır.
90-cı illərin əvvəllərində vahid ordusu olmayan Azərbaycan düzgün siyasət və məqsədyönlü şəkildə aparılan islahatlarla artıq bölgədə ən önəmli güclərdən birinə çevrilirdi. Amma hər şey bununla da kifayətlənmirdi. Xarici qüvvələrin təsiri də münaqişənin həllini çətinləşdirirdi. Ermənistanın təəssübkeşi olan dövlətlər bütün sahələrdə təzyiq göstərərək Azərbaycanı məqsədindən uzaqlaşdırmağa çalışırdılar.
Dövlət başçısı qurultaydakı nitqində 2003-2020-ci illəri tarixə bu prizmadan yanaşsaq, bir hazırlıq dövrü kimi xarakterizə etdi. Bildirdi ki, biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik. Nə qədər mənə qarşı təzyiqlər oldu buna görə. Nə qədər məni ittiham etdilər böyük ölkələrin nümayəndələri ki, İlham Əliyev sülh istəmir, müharibə istəyir, kimisə hədələyir. Müharibə mümkün deyil. Nə qədər siz də eşitmişiniz, Azərbaycan xalqı da eşidib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Daha adam qalmamışdı bunu deməsin. Mən buna razılıq verdimmi? Xeyr. Nə qədər məni, necə deyərlər, inandırmağa çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Mən buna razılıq verməmişdim. Ondan sonra məni ittiham etməyə başlamışdılar ki, əgər Prezident buna razılıq vermirsə, deməli müharibəyə hazırlaşır. Deyirdim, bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Demişdim ki, əgər məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik. Açıq demişdim, bunu mən gizlətmirdim. Bu hazırlıq dövrü idi. İlk növbədə, biz mənəvi cəhətdən hazır olmalı idik. Bütün başqa amillərlə bərabər, bax, bu amil həlledici rol oynamışdır.
Cənab Prezident əlavə etdi ki, bütün çıxışlarımda, beynəlxalq müstəvidə bütün tədbirlərdə bu məsələni dilə gətirirdim, münaqişəni dilə gətirirdim. Bilirdim ki, gənc nəslin tərbiyə edilməsində bu amil həlledici olacaq. Amma baxın, görün, bəzi qeyri-hökumət təşkilatları, guya sülhsevər dairələr bizi nəyə sürükləyirdilər: vətəndaş cəmiyyətinin nümayəndələri, digər nümayəndələr bir-biri ilə görüşsünlər, əməkdaşlıq olsun, Ermənistanla Azərbaycan əməkdaşlıq etsin. Siz əməkdaşlıq etməlisiniz, əməkdaşlıq etsəniz, siz Qarabağda yaşayanları inandıra bilsəniz, Ermənistan əgər görsə ki, Azərbaycan xoşniyyət göstərir, onda məsələ həll olunacaq. Başımızı aldatmaq istəyirdilər. Mən isə deyirdim ki, əməkdaşlıq ancaq o təqdirdə ola bilər ki, düşmən torpaqlarımızdan çıxsın.
Hərtərəfli təzyiqlər imzalanması planlanan müqavilələrin təxirə salınmasına, gecikməsinə səbəb olurdu. Lakin bütün bu səylər Ali Baş Komandanı və Azərbaycan xalqını haqlı məqsədindən döndərə bilmədi. İllər keçdikcə xarici investorlar ölkəmizin yeni reallıqları ilə barışmalı oldu. Hər sahədə çiçəklənən Azərbaycan bölgənin iqtisadiyyat mərkəzinə çevrildi. Ordu quruculuğu ilə paralel aparılan bu islahatlar, Azərbaycanı günbəgün tarixi torpaqlarına yaxınlaşdırırdı. Bütün bunlar tarixi zəfərimizin təməl daşlarını təşkil edirdi. Bu, yeni, müasir, müstəqil Azərbaycanın reallığı idi.
Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu reallığı biz yaratmışıq və yenə də deyirəm, mənəvi hazırlıq həlledici rol oynamışdır. Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Ondan sonra hansı işləri görmək lazım idi? Bu barədə ətraflı məlumat verən cənab Prezident vurğuladı ki, iqtisadi hazırlıq
olmadan heç nəyi etmək mümkün deyil. İqtisadi müstəqillik həm hazırlıq baxımından,
həm siyasi müstəqilliyin möhkəmləndirilməsi
baxımından əsas
şərt idi.
Buna da nail olduq. Bu gün
istənilən meyar üzrə, istənilən
parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik – istər
xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən
valyuta ehtiyatları baxımından. Yəni, biz istənilən
meyar üzrə qabaqcıl yerlərdəyik
və bu sahədə şəffaflığı
təmin etdik.
Davos İqtisadi
Forumunun hesabatına baxın, biz iqtisadi inkişaf baxımından,
infrastruktur layihələri
baxımından inkişaf
etmiş ölkələri
qabaqlamışıq. Kimsə bizə
kömək edib?
Yox.
Bunu borca girib etmişik?
Yox.
Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 18-19 faizini təşkil edir. Bir də ki, bizim valyuta ehtiyatlarımız
xarici borcumuzdan 5-6 dəfə çoxdur.
Biz istəsək sabah, birisi gün, bir aydan
sonra bütün xarici borcumuzu ödəyə bilərik.
Yəni,
bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq,
əraziləri işğal
olunmuş ölkə
kimi qazanmışıq,
çox çətin
geosiyasi vəziyyətdə
olan ölkə kimi qazanmışıq.
Bu, Vətən müharibəsi üçün
iqtisadi sahədə, siyasi sahədə, daxili sabitlik sahəsində hazırlıq
idi.
Partiya üzvlərinin
çıxışlarından sonra müzəffər Ali
Baş Komandan yekun nitq söylədi. Prezident
İlham Əliyev yekun nitqində Yeni Azərbaycan Partiyasının gələcək
planlarından danışdı,
tapşırıqlarını verdi: “Qurultayımızın
keçirilməsi bir
daha demək istəyirəm ki, ölkəmizin həyatında
önəmli hadisədir.
Yeni Azərbaycan Partiyası bundan sonra da
bütün ölkəmizdə
gedən proseslərin
mərkəzində olacaq.
Partiyamızın çoxminli
üzvləri xalqımızın
bütün təbəqələrini
təmsil edirlər...
Müstəqillik bizim ən böyük
sərvətimizdir, ən
böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin
əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü
bərpa edək.
Biz buna
nail olduq.
Beləliklə, bir çox hallarda dediyim kimi, bugünkü qurultayı da bu sözlərlə yekunlaşdırmaq istərdim:
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
İmran ƏLIYEV
Xalq qəzeti.-2021.-16 mart.-S.3.