Azərbaycan siyasi
palitrasında mühüm mərhələ
başlanır
Bu gün Azərbaycanda
müxtəlif siyasi-iqtisadi, mədəni
istiqamətlərdə islahatların şahidi
oluruq. Bu islahatlar dalğası nəinki Azərbaycanın,
bütövlükdə Cənubi Qafqazın siyasi
palitrasında ən güclü, prioritet təşkilat olan
Yeni Azərbaycan Partiyasından da yan keçmədi.
Martın 5-də keçirilən qurultay
YAP-ın bu gününü
və gələcək perspektivlərini müəyyənləşdirdi.
Bu,
islahatların həyata keçirilməsi ölkəmizdə çox mühüm siyasi dialoq mərhələsinin
əsası kimi yadda qalacaq. Əsas məsələ, heç şübhəsiz ki,
Azərbaycanda siyasi həmrəyliyin
gücləndirilməsinə, hakim
partiyanın qarşıya qoyduğu vəzifələrə
daha tez
çatmasına hesablanmışdı...
Prezident İlham
Əliyevin birbaşa göstərişləri
və rəhbərliyi ilə həyata keçirilən
çoxşaxəli islahatlar Azərbaycan
siyasi sistemində yeni,
müasir, adekvat dialoq və əməkdaşlıq şərtlərini
ortaya çıxarıb. Milli
həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən
bu dialoq Azərbaycanda
demokratiyanın inkişafında, siyasi, iqtisadi sərbəstliyin qorunmasında, ölkəmizin
güclənməsində mühüm rola malikdir. Bu, həmçinin, siyasi sistemin vacib komponentləri
olan siyasi partiyalar arasında yeni sağlam münasibətlər qurulmasına zəmin
yaradır.
Azərbaycanda çoxpartiyalı sistemin
qısa tarixi
Azərbaycanda siyasi partiyalar və onların fəaliyyəti “Siyasi partiyalar haqqında” Qanunla tənzimlənir. Ədliyyə Nazirliyinin dövlət qeydiyyatı ilə siyasi həyata vəsiqə qazanan bu partiyalar illərdir ölkəmizdə keçirilən bələdiyyə, parlament və prezident seçkilərində iştirak edirlər. Ölkəmizdə siyasi partiyaların tarixi XX əsrin ilk onilliyindən başlayır. Həmin dövrdə Çar Rusiyası imperiyasının Dövlət Dumasının yaradılması və dumaya seçkilərin təyin olunması siyasi partiyaların yaranmasına bilavasitə təkan verildi. Əlbəttə, Rusiya imperiyasının süqut etməsi ilə bir sıra ucqar quberniyalarda milli azadlıq hərəkatlarının yaranması, milli təfəkkürlü ziyalıların müstəqil dövlətlər yaratması ilə nəticələndi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının müstəqilliyi elan etməsi və sonra parlamentin yaradılmasına qərar verməsi siyasi partiyaların fəaliyyətini yenidən bərpa etdi. Nəticədə ölkədə möhkəmlənmək, genişlənmək üçün ciddi mübarizəyə qoşulan “Müsavat”, “Hümmət”, “İttihad”, “Əkinçi”, “Əhrar”, “Ədalət” və digər partiyalar cümhuriyyət dövrünün siyasi ahəngini müəyyənləşdirdi. 1920-ci il aprelin 28-də Bakıya yeridilən sovet ordu hissələrinin milli hökumətimizi yıxması və Xalq Cümhuriyyətini ləğv etməsi ilə Azərbaycanda Kommunist Partiyası hakimiyyətə gəldi. Bu, həm də bütün SSRİ dönəmində Azərbaycan Kommunist Partiyasının leqal olaraq tək fəaliyyət göstərən partiya kimi fəaliyyətə başlaması ilə nəticələndi.
1980-ci illərdən etibarən başlayan xalq hərəkatları, SSRİ-nin müxtəlif hüdudlarında kommunistlərin ciddi şəkildə zəifləməsi, hətta siyasi səhnədən uzaqlaşması ilə yekunlaşdı.
Şübhəsiz ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın da öz müstəqilliyini yenidən bərpa etməsi ölkədə siyasi partiyaların yaranmasına, siyasi mübarizədə fəal iştirakına gətirib çıxardı. YAP-ın yeddinci qurultayına qədər 55 partiya mövcud idi ki, onların da 6-sı artıq hakim partiyaya qoşulduğunu rəsmən elan etdi. Hazırda Azərbaycanda siyasi partiyaların sağ cərəyan partiyaları– neoliberal, antikommunist istiqamətli partiyalar və siyasi qüvvələrin sol qanadına məxsus kommunist, sosialist istiqamətli partiyalar mövcuddur. Birincilərə öz proqramında Qərbi Avropa nümunəsində kapitalizm cəmiyyəti qurmaq, ölkəni dünya sivilizasiyasına qovuşdurmaq məqsədini qarşıya qoyan partiyalar aiddir. İkincilərə isə Azərbaycanın iqtisadi və siyasi sisteminin modernləşdirilməsi prosesi üçün demokratik xarakterli vəzifələri prioritet sayan partiyalar aiddir. Azərbaycanda 90-cı illərdə qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsi siyasi plüralizmin və çoxpartiyalılığın formalaşmasında əsaslı rol oynadı.
Çoxpartiyalılıq sistemində ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının xüsusi yeri və rolu vardır. Ulu öndərin sayəsində YAP xalqı öz arxasınca aparmağı bacaran iqtidar partiyasına çevrildi.
1991-1993-cü illərin böhranlı siyasi vəziyyəti yeni güclü, sistemli fəaliyyət göstərən, xalqı arxasınca apara bilən, dövləti mövcud bəlalardan qurtara bilən yeni mühüm təşkilatın ortaya çıxmasına zərurət yaratdı. Həmin dövrdə ölkənin taleyinə biganə olmayan bir çox ziyalılar və sadə vətəndaşlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq dahi siyasətçi ilə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün ondan kömək istəyirdilər. Ağır vəziyyətdən cana doymuş insanlar Konstitusiyaya daxil edilmiş qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, dahi strateqin yenidən böyük siyasətə qayıdışını təkidlə istəyirdilər. Nəhayət, respublikanın mütərəqqi fikirli ziyalıları 1992-ci ilin iyun ayında yeni siyasi mübarizə yolu seçərək, ümummilli liderimizin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması xahişi ilə ulu öndər Heydər Əliyevə müraciət etdilər. Bununla 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi: Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə YAP-ın təsis qurultayı keçirildi, ulu öndər yekdilliklə təşkilata sədr seçildi. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Nizamnaməsinin məqsəd və vəzifələrində maddələr şəklində belə yazılır: “Yeni Azərbaycan Partiyasının ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ətrafında birləşdirilməsindən ibarətdir”.
Beləliklə, çoxpartiyalı sistemdə yeni və güclü dayaqlara malik bir partiya kimi YAP bugünədək ölkəmizin dövlət siyasətini müəyyənləşdirən əsas siyasi təşkilat kimi uğurla fəaliyyətini davam etdirir. Bu gün də ümummilli liderin siyasi varisi, dövlət başçısı İlham Əliyevin, partiyanın sədri olaraq fəaliyyəti, dövlətimizin qüdrətlənməsində rolu, tarixə düşəcək fəaliyyəti danılmaz faktdır.
Yeni islahatlarla...
Bu gün ölkənin siyasi mühitinin doğru təməllər üzərində istiqamət alması, partiyadaxili kadr və struktur islahatlarının aparılması, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar iqtidar partiyasının gələcək fəaliyyətini əhəmiyyətli dərəcədə optimallaşdırmağa xidmət edir. Elə təkcə, qurultayda 6 siyasi partiyanın YAP-a qoşulması ölkəmizdə siyasi dialoq mühitinin daha da dərinləşməsinin nümunəsi kimi qeyd edilməlidir. Artıq YAP-a daxil olan həmin partiyaların sədrləri birmənalı şəkildə bildirirlər ki, birləşmə ölkəmizdə bərqərar olmuş milli birliyə, həmrəyliyə dəstək olmaq məqsədini daşıyır. Buna görə də, partiyadaşlarımızla qərara gəldik ki, Yeni Azərbaycan Partiyasına qoşulaq.
Əlbəttə, YAP-a qoşulan partiyalarla
bağlı yeni bir fəaliyyət
proqramının hazırlanması da labüddür və bu, birbaşa ölkə rəhbərinin
tapşırığıdır. YAP eyni zamanda dialoq mühitində
aktiv iştirak edən
partiyalarla da əməkdaşlığın,
sağlam münasibətlərin
qurulmasını vacib hesab
edir. Son qurultayda 6 siyasi
partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi,ölkənin müasir siyasi həyatında
bir ilk idi.
Bu gün cəmiyyət
gündəmində əsas mövzularından biri
kimi müzakirə olunan
YAP-ın VII qurultayının qərarları partiyada
islahatların aparıldığını və gələcəyə
daha güclü şəkildə
demarş edəcəyini təsdiqləyir.
Partiyada yeniləşmə, islahatlar, şübhəsiz kİ,
yeni düşüncə tərzini, yeni təfəkkürü və
yanaşmaları siyasətdə tətbiq etməyə yönəlib.
Qurultayda qəbul olunan
qərarlar, aparılan struktur dəyişiklikləri
partiyanının yerli
strukturlarının işinə də əhəmiyyətli təsir
göstərəcəyini indidən deməyə əsas verir.
YAP
siyasi dialoq mühitinin dərinləşməsində
maraqlıdır...
Parlamentin çoxpartiyalılığa əsaslanması Azərbaycan siyasi sisteminin tələbidir. Prezident İlham Əliyev də ötən il altıncı çağırış Milli Məclisin ilk iclasında bu vacib məsələdən danışarkən xüsusi qeyd etdi ki, bu gün Azərbaycanda çoxpartiyalı parlament formalaşıb. Müxtəlif siyasi partiyalardan olan deputatlar parlamentin və komitələrin rəhbərliyində təmsil olunmaqla Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə, siyasi münasibətləri sağlam zəmin üzərində qurmağa töhfələrini verirlər.
Bundan əlavə, Prezident Administrasiyasında siyasi partiyalarla iş şöbəsinin yaradılması, partiya rəhbərləri ilə görüşlər, əməkdaşlıq mühitinin inkişaf etməsinə, dialoq mədəniyyətinin dərinləşməsinə xidmət edir. Çünki yeniləşən Azərbaycanda yeni siyasi paradiqmaya çevrilən dialoq mühiti bu günün tələbidir.
44 günlük Vətən müharibəsinin nəticələri, qalibiyyəti əldə saxlamaq, onu qorumaq, diplomatik arenada Azərbaycanın haqq davasında üstün tərəfə çevrilmək, ölkəmizə qarşı qara-piara qarşı mübarizə ölkədaxili siyasi müstəvidə güclü dialoqun və əməkdaşlığın bərabər hərəkətindən də bəhrələnməlidir. Prezidentin Yeni Azərbaycan Partiyasının VII qurultayındakı proqram xarakterli nitqindən də məlum olur ki, cənab İlham Əliyev həm dövlətin başçısı, həm də hakim partiyanın sədri olaraq, ölkəmizdə siyasi dialoqun davam etməsində və dərinləşməsində maraqlıdır. O, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşdirilməsi üçün bunun böyük əhəmiyyəti olduğunu bildirir. O, eyni zamanda, bəyan edir ki, milli mənafeləri öz şəxsi mənafelərinə qurban verən antimilli ünsürlər istisna olmaqla YAP üzvlərinin ölkə daxilində heç bir siyasi qurumla heç bir problemi yoxdur və ola da bilməz. Amma satqın, xain və xaricdən milli mənafelərimizə zidd təlimatlar alaraq fəaliyyət göstərən ünsürlərlə mübarizə həmişə davam edəcəkdir. Çünki bu mübarizə xalq, millət və dövlət üçündür.
Anar TURAN
Xalq qəzeti.-2021.-16 mart.-S.4.