Azərbaycan – Türkiyə – Pakistan əməkdaşlığı
sülhə və tərəqqiyə yeni
töhfələr verəcək
Biz artıq Azərbaycan, Türkiyə
və Pakistan arasında siyasi
və digər sahələrdə, o
cümlədən müdafiə sahəsində üçtərəfli
əməkdaşlıq formatının yaxşı nəticələrinin
şahidi olduq. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək
mövqelərimizi gücləndirəcəyik və sülhə
töhfə verəcəyik. Çünki
ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursumuzun bütün parametrləri böyük uğurla reallaşdırılır. Bu siyasi kursda yaxın qonşularımız, türkdilli ölkələr və İslam dünyası ilə əməkdaşlığa xüsusi önəm verilir. Ona görə də son bir neçə ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan – Türkiyə -- Rusiya, Azərbaycan – Rusiya – İran, Azərbaycan – İran – Türkiyə, Azərbaycan – Türkiyə -- Gürcüstan, Azərbaycan – Türkiyə -- Türkmənistan üçtərəfli əməkdaşlıq formatları yaradılmışdır.
Fikrimizcə, bu formatlar təkcə əməkdaşlığın genişləndirilməsinə zəmin yaratmır, həm də ölkələrin problemlərinin həllinə özünəməxsus töhfələr verir. Təsadüfi deyil ki, Türkiyə Prezident Administrasiyasının saytında yazdığı kiimi, Azərbaycanla üçtərəfli əməkdaşlıq formatları regionun inkişafına xidmət edir. Türkiyə Prezident Administrasiyasından isə mətbuata verilən açıqlamada əlavə edilir ki, Türkiyə–Gürcüstan–Azərbaycan, Türkiyə–İran–Azərbaycan, Türkiyə–Azərbaycan–Türkmənistan kimi formatlar əməkdaşlıq formatları həmin ölkələrin hamısı üçün vacibdir. Çünki Azərbaycan Türkiyə və adıçəkilən ölkələr üçün etibarlı siyasi və iqtisadi tərəfdaşdır.
Son zamanlar isə həmin formatlara Azərbaycan – Türkiyə – Pakistan üçtərəfli əməkdaşlığı da əlavə edilib. Prezident İlham Əliyev martın 3-də Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bu məsələni xüsusilə qabardıb.
Dövlət başçımız vurğulayıb ki, biz bu üç ölkə arasındakı siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələrinin şahidi olduq: “Hesab edirəm ki, biz səylərimizi birləşdirərək, mövqelərimizi gücləndirəcək və sülhə töhfə verəcəyik. Çünki ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır. Biz beynəlxalq hüququn işləmədiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində icra edilmədiyini, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunmadığını, Ermənistanın cəzalandırılmadığını və sonsuz danışıqların dalana dirəndiyini görəndə ədaləti özümüz bərpa etməli olduq. Yəni, beynəlxalq hüquq işləmədiyi halda, o, güc vasitəsilə həyata keçirilməlidir. Biz buna nail olduq və bunu bütün dünyaya nümayiş etdirdik”.
Xatırladaq ki, müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. Pakistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının tərəfdarı kimi çıxış etdi və Ermənistanın təcavüzünü qətiyyətlə pislədi. Bu, həqiqi qardaşlıq və dostluğun nümunəsi idi. Ona görə də Azərbaycanda insanlar Pakistan xalqı ilə bağlı öz hisslərini nümayiş etdirdilər, müharibə zamanı Pakistan bayraqlarını dalğalandırdılar. Bu, bir daha bizim birlik və qardaşlığımızı nümayiş etdirir.
Yeri gəlmişkən, bu il yanvarın 13-də Azərbaycan , Pakistan və Türkiyə respublikaları xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün İslamabad bəyannaməsi imzalanıb. Pakistan İslam Respublikasının Xarici İşlər naziri Məhdum Şah Mahmud Qureşi, Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun imzaladıqları sənəddə qeyd edilir ki, siyasi, strateji, ticarət, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran bütün sahələrdə 30 noyabr 2017-ci il tarixində Bakıda keçirilmiş ilk üçtərəfli görüşün nəticəsində qurulmuş əməkdaşlıq bundan sonra daha da dərinləşdiriləcək. Bildirilir ki, Pakistan, Türkiyə və Azərbaycan öz bölgələrində sülhün, sabitliyin və inkişafın təşviqi və xalqlarının daha geniş ərazidə bu idealları ortaq firavanlıq və təhlükəsizlik naminə daha da inkişaf etdirmək üçün qarşılıqlı istəklərinə mühüm əhəmiyyət verirlər.
Məlum olduğu kimi, Azərbaycan daim ermənilərin ərazi iddialarından yaranan təhdidlərlə üz-üzədir. Türkiyə ermənilərin əsassız soyqırımı uydurmaları və abstrakt ərazi iddiaları ilə üz-üzədir. Pakistanın isə məlum olduğu kimi, Kəşmir problemi həll olunmamış qalır. Ona görə də Bakı, Ankara və İslamabad məlum bəyannaməni imzalayarkən ölkələrinin üzləşdiyi saysız-hesabsız təhdidləri və yeni yaranan hədələri, o cümlədən xaricdən dəstəklənən terror aktları, kiber hücumlar, hibrid müharibə formaları, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkələrdə müsəlman azlıqların dinc yanaşı yaşamasına təsir göstərən islamofobiya meyillərini bərabər dəf etmək məramını ortaya qoyublar.
Bizim birlikdə həll etməli olduğumuz başqa problemlər də var. Məsələn, dünyanın müxtəlif yerlərində müsəlman icmalarına qarşı törədilmiş ciddi insan haqları pozuntuları və insanlıq əleyhinə cinayətlər bu üç ölkənin hər birində ciddi narahatlıqlar doğurur. Yaxud, COVID - 19 pandemiyasının geniş təsirlərini və müvafiq bölgələrin iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı həssaslıq da birgə əməkdaşlığı tələb edir.
O ki qaldı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və reabilitasiyası məsələlərinə, qətiyyətlə deyə bilərik ki, Ankara da, İslamabad da bu məsələdə Azərbaycan hökuməti və xalqı ilə birmənalı şəkildə həmrəydir.
Yeri gəlmişkən, ölkə iqtidadiyyatını tamamilə çökdürən, məsuliyyətsiz bəyanatları ilə azərbaycanlıların səbr kasasını daşdıran, nəticədə Ermənistan ordusunun darmadağın edilməsinə səbəb olan revanşist qruplar yenə də öz köhnə xəstəliklərindən əl çəkə bilmirlər. Ona görə də İslamabad Bəyannaməsinə belə bir bənd də salınmışdır: “Dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını mühafizə etmək və qorumaq naminə güclü və birmənalı dəstək veriləcək”.
Bu üçtərəfli əməkdaşlıq formatı nəticəsində tərəflər 2020-ci ilin noyabr ayında İslam Əməkdaşlıq Təşkilatının Cammu və Kəşmir münaqişəsi üzrə qəbul edilmiş ən son qətnaməsinini və bu münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində, sülh yolu ilə həll edilməsi üçün birgə mübarizə aparmaq öhdəliyi götürüblər, Kipr, o cümlədən Egey və Şərqi Aralıq dənizi məsələlərinin beynəlxalq hüquqa əsaslanan ədalətli, davamlı və realist, eləcə də qarşılıqlı qəbul edilmiş həllini dəstəkləmək üçün razılaşıblar və Ermənistan --Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan Respublikasının pozulmuş suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq normallaşdırılmasına töhfə verəcəklərini bildiriblər.
Yəni, Azərbaycan – Türkiyə – Pakistan üçtərəfli əməkdaşlıq formatı hər üç ölkənin maraqlarına tam cavab verir. Bu isə o deməkdir ki, Bakı – Ankara – İslamabad əməkdaşlığı bizə hələ çox uğurlar qazandıracaq.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti .-2021.-16 mart.-S.4.