Qarabağda həyat
yenidən qaynayacaq
“Azərbaycanın 44 günlük
Vətən müharibəsində qazandığı möhtəşəm
qələbə analoqu olmayan
böyük uğurdur.
Bu, məhz
Ali Baş Komandan İlham Əliyevin
və şanlı ordumuzun əziyyətinin
bəhrəsidir. 28 il işğal
altında saxlanılan ərazilərimizin düşmən
tapdağından xilas edilməsi, ərazi
bütövlüyümüzlə yanaşı, mənfur, xain düşmənin ölkəmizin
hüdudları daxilində – Qarabağda
qaladığı separatizm alovunun söndürülməsidir. Milli birlik, vətəndaş
həmrəyliyi, milli-mənəvi dəyərlərimizin ali səviyyədə təcəssümü kimi amilləri döyüş
meydanındakı zəfərin məntiqi davamı hesab edə bilərik”. – Bu sözləri iqtisad üzrə fəlsəfə doktoru Vüsal Bayramov beynəlxalq aləmdə gücümüzün təsdiqi, dünya dövlətləri arasında nüfuzumuzun daha da artması, Qarabağın dirçəldilməsi
üçün görülən işlərlə
bağlı fikirlərini bölüşərkən dedi. O, həmçinin bildirdi:
2020-ci ilin Qələbəsi bizə elə ali duyğular yaşadıb ki, söyləməklə bitməz. Bununla belə, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq - bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi də əsas məqsədlərdəndir. Dövlət başçısının azad edilmiş rayonlarımızla bağlı, oraya qayıdışın mümkünlüyü ilə əlaqədər əhəmiyyətli qərarları xalq tərəfindən elliklə dəstəklənib.
Prezidentin sərəncamı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu da bu məqsədlərə xidmət edir. Məlumdur ki, erməni qəsbkarları tərəfindən otuz ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərimizin maddi və mədəni sərvətləri talan edilib, dağıdılıb. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən həyata qaytarılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir.
Millətimizin və dövlətimizin tarixində örnək olan bu fondun yaradılmasının təkcə bu günümüzə deyil, gələcək nəsillər üçün də əhəmiyyətli olacağını qeyd edən Vüsal Bayramov dedi:
– Hər şeydən əvvəl, əgər müharibə günlərində millətimizin birlik rəmzi olan “dəmir yumruq” hamını birləşdirib düşmənin başını əzmişdisə, indi bu yumruq dünyanın harasında yaşamasından asılı olmayaraq, millətimizin nümayəndələrini Qarabağın xarabalıqdan xilas edilib dirçəldilməsi və dinc quruculuq işləri ətrafında yenidən birləşdirir. Atalar yaxşı deyib ki, dirilik də güc də birlikdədir.
Vətəndaşlarımızın hazırda həmin fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyatla bağlı deyil. Bu köçürmələr, eyni zamanda, milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Fondun hesabına vəsait köçürənlər bərpada paylarının olması ilə fəxr edəcəklər. Tarixən belə olub: əsgər canı, qanı, digəri əməyi, başqa biri maddi vəsaiti, sözü ilə Vətənə və dövlətə xidmət edib.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu artıq öz sözünü deyib. İndi söz dirçəldənlərin, bərpaçıların, bütün millətindir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün təqribən 30 il gözləmişdiksə, inanıram ki, dövlət başçısının liderliyi ilə Qarabağın dirçəldilməsi çox qısa müddətdə tamamlanacaq. Bu prosesin tez başa çatması, həm də imkanlı şəxslərin iştirakından asılıdır.
Fond işğaldan azad edilmiş ərazilərin dirçəldilməsində əsas lokomativ olacaq. Biz 44 günlük müharibədə dünyaya bir sıra nümunəvi örnəklər verdik. 44 gündə Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik, güc, birgəlik son 100 ildəkindən qat-qat artıq oldu. Bütün bunları dünya da gördü. İşğaldan azad edilmiş Qarabağ hazırda xarici investorlar üçün ən cəlbedici məkandır. Azərbaycanın son 30 ildə regionda həyata keçirdiyi meqalayihələri də bura daxil etsək, Bakı – Tbilisi – Ceyhan ixrac kəməri, Bakı--Qars dəmir yolu, Cənub Qaz Kəməri layihələrini, Azərbaycanın nəhəng enerji layihələrinin icrasında böyük təcrübəyə malik olduğu görünür.
İqtisadçı alim sonda dedi:
– Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti və məqsədi bu olmalıdır: Qarabağı dirçəltmək. “Yaşat” Fondu ölkə daxilində şəhid ailələrinin, yaralı əsgərlərimizin, qazilərimizin ehtiyaclarının ödənməsi ilə məşğul olursa, Dirçəliş Fondunun vəzifəsi müzəffər ordumuzun düşməndən təmizlədiyi Qarabağ ərazilərinə həyat vermək, onu dirçəltmək olmalıdır. Bu işdə hər bir şəxs fəal olmalıdır. Qarabağımıza həyatın, əsgərlərimizdən sonra həm də mülki şəxslərin, vətəndaşlarımızın qayıdışı ilə can verməliyik. Orada müəssisələr açılmalı, iş yerləri yaradılmalı, təbii sərvətlərdən düzgün və məqsədyönlü şəkildə istifadə olunmalıdır. İnanıram ki, bu işlərin həyata keçirilməsi o qədər də uzaq deyil.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti.-2021.-16 mart.-S.4.