Moskvada Nizaminin yubiley tədbiri
Moskvada dahi
Azərbaycan şairi Nizami
Gəncəvinin 880 illik yubileyinə həsr
olunan “Nizaminin
süjetləri və obrazları” adlı sərgi
açılıb. Bu barədə Mədəniyyət
Nazirliyindən bildiriblər.
Moskvanın
Dövlət Şərq muzeyində Heydər Əliyev Fondunun
dəstəyi ilə keçirilən sərginin
ekspozisiyasında Nizami yaradıcılığının təsviri
sənətə təsirini göstərmiş və göstərməyə
davam edən əlyazmalar, miniatürlər, qrafika və rəsm
əsərləri, eləcə də məişət əşyaları
nümayiş etdirilir.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanda bütün nəsillərin Nizaminin xatirəsinə və yaradıcılığına böyük diqqət və sevgi ilə yanaşdığını bildirib: “Bizdə hər il çoxlu müxtəlif tədbirlər keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu fəaliyyət göstərir. Rusiyada hələ Sovet İttifaqı dövründə Nizaminin yaradıcılığı və xatirəsinə hər zaman diqqətlə yanaşılıb. Biz bunu heç vaxt unutmayacağıq...”
Diplomat Nizaminin 850 illik yubileyinin mədəniyyət naziri olduğu dövrdə keçirildiyini xatırladıb: “Bir insan kimi çox şanslıyam. Nizami Gəncəvinin 850 illik yubileyini keçirmək mənim də payıma düşüb. Sovet İttifaqının sonuna yaxın, 1991-ci ildə biz Böyük Teatrda Nizaminin təntənəli yubileyini keçirdik. Həmin tədbirdə Moskvanın bütün ziyalıları, hətta SSRİ-nin ilk və son prezidenti Qorbaçov da iştirak edirdi. O zaman da Moskvada səfirliyin binasının önündə Nizaminin abidəsi qoyuldu. Elə həmin ildə Anatoli Sobçakın köməyi ilə biz Sankt-Peterburqda Nizami yaradıcılığına həsr olunan həftəni uğurla keçirdik. Elə o zaman da Nizaminin Sankt-Peterburqda abidəsinin qoyulması haqqında qərar qəbul olundu. Qürur duyuruq ki, daha sonra həmin abidənin açılışında Rusiya Prezidenti Vladimir Putin və bizim görkəmli liderimiz, böyük dövlət xadimi Heydər Əliyev iştirak etdilər. Ümummilli lider Heydər Əliyev hər zaman deyirdi ki, Nizaminin yubileyini yubiley tarixlərinə görə deyil, hər il keçirmək, onu hər zaman xatırlamaq lazımdır”.
Sərgidə A. S. Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin, Radişev adına Saratov Sənət Muzeyinin, Arxangelsk Muzey-Malikanəsinin və Dövlət Ermitaj muzeyinin eksponatları da nümayiş olunur.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova fondla Şərq muzeyinin sıx əlaqələri yarandığını qeyd edib: “Şərq muzeyi bizim köhnə dostumuz və həmfikirimizdir. Bu muzeyin qonaqpərvər qapıları dəfələrlə Azərbaycan incəsənəti üçün açılıb. Şərq muzeyi ilə əməkdaşlığımız davam edir. Düşünürəm ki, tək bir layihə bəs etməyəcək, biz Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına öz töhfəmizi veririk”.
Şərq muzeyinin direktoru Aleksandr Sedov “Nizamının süjetləri və obrazları” sərgisinin ideyasının bir neçə ay bundan əvvəl yarandığını bildiriib: “Sərginin keçirilməsinin əsas ideyası ehtiyatda qalan və tez-tez üzə çıxarılmayan eksponatları göstərməkdən ibarət idi. Sərginin təşkilinə digər muzeylərin də cəlb olunması ideyası yarandı. Bu, ilk növbədə Ermitaj muzeyinə aiddir”.
Sərgi mayın 3-dək davam edəcək.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2021.-16 mart.-S.7.