Macarıstan Azərbaycanın haqq işini daim dəstəkləyən ölkələrdəndir
Mən artıq bir neçə dəfə bunu
ictimai şəkildə bəyan etmişəm
ki, biz dost
ölkələrdən olan şirkətləri
əməkdaşlığa dəvət edəcəyik.
Macarıstan Azərbaycanın ən yaxın
dostlarındandır. Əminəm ki,
Macarıstan şirkətlərinin də azad
edilmiş ərazilərdə bizimlə
birlikdə çalışmaqla bağlı çoxlu
imkanları olacaq.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Siyasət, diplomatiya və beynəlxalq münasibətlər haqqında söz açarkən, gündəlikdəki konkret məsələ ilə yanaşı, bəzi başqa faktları da yada salmaq zərurəti yaranır. Çünki hansısa məsələnin mahiyyətini açmaq, onun əsaslandırılmasını təmin etmək üçün əvvəlki prosesləri və ya hadisələri xatırlatmağın səmərəsi olur. Elə Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyartonun ölkəmizə səfəri və keçirdiyi görüşlər barədə bu yazını qələmə alanda da 2019-cu il oktyabrın 15-ni yada salmaq istədik.
Həmin tarixdə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirilirdi. Macarıstanın Baş naziri Viktor Orban tədbirdə çıxış edərək bildirmişdi ki, biz xarici ölkələrdə öz kapitallarını sərmayə qoymaq istəyən macar sahibkarlar üçün investisiya proqramı elan etmişik. Biz onları dəstəkləyirik. Bunun sayəsində Macarıstan və Türk Şurasının üzvü olan ölkələr öz əmtəə dövriyyəsini artırır: “Mən Baş nazir olduğum dövrdə bu əmtəə dövriyyəsi 2 dəfə artıb və 4 milyard dollara çatıb. Sizə onu da bildirmək istəyirəm ki, Macarıstanın Eksimbankı Türk Şurasına üzv olan ölkələr üçün kredit xətti açıb. Bu kredit xəttindən həm sizin, həm də bizim sahibkarlar istifadə edə bilərlər. Macarıstan və Türkiyə sahibkarları üçün 190 milyon, Qazaxıstan və Macarıstan sahibkarları üçün 80 milyon, Özbəkistan-Macarıstan əməkdaşlığı üçün daha 80 milyon, Macarıstan–Azərbaycan əməkdaşlığı üçün 80 milyon və Macarıstan–Qırğızıstan əməkdaşlığı üçün 27 milyon dollarlıq kredit xətti açılıb”.
Xatırladaq ki, Macarıstan Türk Şurasının Sənaye və Ticarət Palatası ilə fəal əməkdaşlıq edir. Həmin tədbirdə çıxış edən TDƏŞ-in yeni sədri, Azərbaycan Prezidenti İlham Əliyev xüsusilə vurğulamışdı ki, Macarıstanda şuranın nümayəndəliyinin ofisinin açılması Avropa dövlətləri və təsisatları ilə daha sıx əməkdaşlıq üçün bizə yeni imkanlar açır.
Dövlət başçımız martın 10-da Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyartonu videoformatda qəbul edərkən də məhz bu imkanlardan söz açdı və əlavə etdi ki, indi bizim regionda tamamilə yeni reallıqlar yaranmışdır. Ona görə də strateji tərəfdaş olan Azərbaycan və Macarıstan müxtəlif sahələrdə fəal əməkdaşlığı davam etdirməlidir. Dövlət başçımız bu məqamda rəsmi Budapeştin əvvəlki illərdə nümayiş etdirdiyi dostluq və tərəfdaşlıq münasibətlərini də yüksək qiymətləndirdi: “Biz Avropa Komissiyası ilə əlaqələrimizdə sizin dəstəyinizə görə minnətdarıq. Bildiyiniz kimi, biz Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsindəyik, pandemiya və müharibə səbəbindən bu müzakirələr müvəqqəti dayandırılıb. Lakin sazişin müddəalarının mütləq əksəriyyəti artıq razılaşdırılıb və əminəm ki, qarşıdan gələn aylar ərzində daha böyük irəliləyiş olacaq”.
Azərbaycan dövlətinin 44 günlük müharibədə qazandığı şanlı qələbə, işğalçı və terrorçu Ermənistanın kapitulyasiya aktını imzalaması indi təkcə Qafqazda deyil, eləcə də, Avrasiyada yeni reallıqlar yaradıb. Ona görə də bütün tərəflər həmin reallıqlardan bəhrələnməyə çalışırlar. Bu məqamı yada salan Azərbaycan Prezidenti dedi ki, dost ölkələr olan Azərbaycan və Macarıstan iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığı fəallaşdırmalıdır: “Xüsusilə də, işğal altında olan ərazilərimizin azad edilməsindən sonra orada yenidənqurma sahəsində çoxlu imkanlar mövcuddur. Həmin ərazilər tamamilə viran qoyulub və yəqin ki, siz də həmin videomateriallarla tanışsınız. Oralar darmadağın edilib və biz həmin əraziləri sıfırdan yenidən qurmalıyıq. Söhbət Azərbaycanın böyük bir hissəsi – 10 min kvadratkilometrdən artıq ərazidən gedir və biz bu işi tərəfdaşlarımızla əməkdaşlıq şəraitində icra etmək istəyirik”.
Biz yuxarıda Macarıstanın Baş naziri Viktor Orbanın təxminən iki il yarım əvvəl Bakıda olarkən səsləndirdiyi səmimi dost ifadələrini yada saldıq. İki gün əvvəl – martın 10-da dövlət başçımızın videoformatda qəbul etdiyi Xarici İşlər və Ticarət naziri Peter Siyarto da həmin səmimiyyəti və dost münasibətini nümayiş etdirdi. “Bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi bərpa olunmalıdır” – deyən nazir vurğuladı ki, son bir neçə onillik ərzində Azərbaycanın bu hüququ pozulmuşdu və biz bununla bağlı mövqeyini gizlətməyən ölkələrdən olmuşuq: “Biz bu məsələ ilə bağlı mövqeyimizi aydın ifadə etməkdə davam edəcəyik. Cənab Prezident, əmin ola bilərsiniz ki, biz bu baxımdan hər zaman balanslı yanaşma nümayiş etdirəcək, həqiqəti söyləyəcək və mövqeyimizi açıq ifadə edəcəyik”.
Dost ölkənin Xarici İşlər və Ticarət naziri həmin gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra təşkil olunan mətbuat konfransında da münasibətlərimizin yüksək səviyyəsindən söz açdı: “Ölkələrimiz arasında mövcud olan strateji əməkdaşlıq münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrin iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə bundan sonra da möhkəmləndirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Bəli, avropalı diplomat deyir ki, biz strateji əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Onun azərbaycanlı həmkarı isə deyir ki, Macarıstan bu münasibətləri qorumaq və genişləndirmək üçün əlindən gələni əsirgəməyib: “ Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Macarıstanın mövqeyi hər zaman dəyişməz olub və o, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib. Bu dəstək Vətən müharibəsi dövründə də, indi də davam edir”.
Ceyhun Bayramov xatırladıb ki, ölkəmiz postmünaqişə dövrünü yaşayır. Hazırda əsas məsələ insanların öz yurdlarına qayıtmaları və bərpa-quruculuq işlərinin aparılmasıdır: “Bu xüsusda, Macarıstan tərəfinin münaqişənin təsirinə məruz qalan ərazilərin bərpası və quruculuğu prosesində iştiraka marağı, o cümlədən Macarıstanın Eksimbankının bununla əlaqədar öz şirkətlərinə 100 milyon ABŞ dolları dəyərində kredit ayırması qərarı məmnunluqla qeyd olunub. Habelə azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərinə Macarıstan hökumətinin ianə ayırması təklifi yüksək qiymətləndirilib”.
Yəni artıq ölkəmizin dostları da, bədxahları da yaxşı bilirlər ki, Macarıstan hər zaman Azərbaycanın haqq işini dəstəkləyir. Budapeşt rəsmiləri daim bəyan edirlər ki, biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü birmənalı olaraq qəbul etmişik. Son günlər isə həmin qətiyyətlərə daha bir inam da əlavə edilir: “İnanırıq ki, işğaldan azad olunmuş torpaqlarda tezliklə sülh və dinc yaşayış təmin olunacaq. Əminik ki, vaxtilə torpaqlarından qovulmuş insanlar indi öz ata-baba torpaqlarına qayıdacaq və orada xoşbəxt yaşayacaqlar”.
Ekspertlər yazırlar ki, dost ölkə rəsmisinin Bakı səfəri zamanı tərəflər iki ölkə arasında enerji, kənd təsərrüfatı, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.
Daha maraqlı olan məqamlardan biri də odur ki, səfər zamanı əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinə stimul yaradan bir addım da atılıb. Belə ki, Azərbaycan Respublikasının ADA Universiteti və Macarıstanın Diplomatik Akademiyası arasında diplomatik təlim, məlumat və sənədləşmə mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Yəni, Azərbaycan – Macarıstan əməkdaşlığında artıq anlaşılmayan heç bir məsələ, məqam, nüans qalmayıb. Səmimi dostluq olan yerdə isə inkişafın və tərəqqinin qarşısını heç bir maneə ala bilməz.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzet.-2021.-13 mart.-S.3.