Qəbələ: Polad ürəkli insanların zəfəri davam edir
Etiraf edim ki, yeddi-səkkiz il əvvəl Qəbələ haqqında olan yazılarımdan birini məhz bu sərlövhə ilə qələmə almışdım. Sərlövhəmi özümün təkrar etməyimin isə tamamilə bağışlanacaq səbəbi var. Çünki mən indi qəbələliləri polad ürəkli yox, Polad Həşimov ürəkli insanlar kimi tanıyıram. Bəli, 2020-ci il Azərbaycan xalqına Qələbə sevinclərini bəxş etdisə, hərbçilərimizə də Milli Qəhrəman, general–mayor Polad Həşimov nümunəsini göstərdi.
... Qəbələ haqqında yazacağımı bilən əməkdaşımız, bu rayonun Mirzəbəyli kəndindən olan İttifaq Mirzəbəyli maraqlı bir fikir söylədi: “Başqa rayonlarda “dördyol ayrıcı” ifadəsini eşidirik, Qəbələdə isə dörd yol qovuşur”. “Necə yəni?” – deyə soruşdum. Cavab verdi ki, “dördyol” deyilən ərazilərdə söhbət ancaq avtomobil yolundan gedir. Qəbələdə isə elə bir nümunə olmasa da, avtomobil yolu, hava yolu, dəmir yolu və kanat yolu kimi fərqli dörd yol qovuşur. Bu isə həmin dağlar diyarının son illərdəki inkişafının bariz nümunəsidir.
Xeyli vaxt həmkarımın bu deyiminin təsiri altında qaldım. Yadıma düşdü ki, hələ çar dövründən Azərbaycandan Gürcüstana və ölkəmizin şimal-qərb ərazilərinə gedən poçt yolu məhz Qutqaşendən keçirdi. Rayon əhalisinin böyük əksəriyyəti hələ də həmin yola “poş yolu” deyir. 2011-ci ildə bu rayona hava yolu çəkilmiş və inşa edilən aeroportun imkanları nəzərə alınaraq, ona beynəlxalq status verilmişdir. Milli tariximizə “Qələbə ili” kimi düşən 2020-ci ildə Qəbələyə həm də dəmir yolu çəkilmişdir. Kanat yolu isə bu rayonda artıq bir neçə ildir ki, yerli və əcnəbi turistlərin böyük həvəslə istifadə etdiyi nəqliyyat vasitəsinə çevrilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Sabuhi Abdullayev ilə söhbətimizdə də Qəbələ üçün yeni olan yol qovşaqlarının böyük uğur olduğu barədə fikirlərimi səsləndirdim. Həmsöhbətim Qəbələnin tikinti-quruculuq sahəsində, sənaye, kənd təsərrüfatında, xidmət sektorlarında, təhsil, mədəniyyət, səhiyyə sistemlərində ölkənin ümumi inkişafının tələblərinə cavab verən göstəricilər qazanıldığını söylədi. Şəhid ailələrinə, qazilərə, Qarabağ əlillərinə, ümumiyyətlə, sosial qayğıya ehtiyacı olan hər kəsə məhz dövlət başçımızın tövsiyə etdiyi şəkildə qayğı göstərildiyindən danışdı:
–Ancaq yol məsələsini qabartmağınız həqiqətən müsbət haldır. Çünki rayonumuzda ötən il 2 milyon manatlıq körpünün tikintisi başa çatdırılıb. Dövlət başçımız Qəbələnin inkişafını daim diqqət mərkəzində saxlayır. Cənab Prezident ötən il iyulun 29-da Qəbələdə səfərdə olarkən ona məlumat verdik ki, ölkəmizin ümumi inkişaf tempinə uyğun olaraq rayonumuzda da abadlıq, quruculuq və yenidənqurma işləri davamlı xarakter alıb. Rayonun iqtisadiyyatı möhkəmlənir, kənd və qəsəbələr abadlaşır, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Qəbələdə 2003-cü ildən bəri məhsul buraxılışı 6,5 dəfə, sənaye 40,9 dəfə, kənd təsərrüfatı 2 dəfə, əsas kapitala yönəldilmiş vəsait 94,3 dəfə, tikinti-quraşdırma işləri 103,3 dəfə artıb, 21 min 531 yeni iş yeri açılıb. Respublikanın əsas turizm mərkəzlərindən biri olan bu rayonda sosial məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır. Su, qaz, elektrik, yol təsərrüfatlarının yenilənməsi və müasirləşməsi prosesi davam edir.
Həmsöhbətim ötən ilin yayında Qəbələnin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında ölkə Prezidentinin sərəncamına uyğun olaraq, 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran Bum –Tikanlı – Abrıx avtomobil yolunun 2-ci kilometrliyində -- Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası istiqamətində aparılan işlərdən, yeni körpünün adı 11 kəndin sakinlərinə yaşatdığı sevincdən də danışdı: “Əhali çayın bir tərəfindən o biri tərəfinə keçməkdə çətinlik çəkir, rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə getmək üçün təqribən 30 kilometr əlavə məsafə qət etməli olurdu. Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min nəfər əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə rahat gediş-gəlişi təmin olunacaq, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara daşınmasına imkan yaranacaq. Bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq, yeni turizm marşrutlarının yaranmasına zəmin yaratmaqla əhalinin həyat şəraitinə müsbət təsir etmiş olacaq”.
Nəqliyyat sektoru ilə bağlı başqa bir məqam isə Qəbələni ölkə iqtisadiyyatına daha dərindən bağlayan dəmir yolunun çəkilməsidir. Rayona çəkilən dəmiryolu xətti öz başlanğıcını Ləki stansiyasından götürür. Yeni salınmış dəmir yolu xəttinin yan yollarla birlikdə ümumi uzunluğu 44,5 kilometrdir. İki il davam edən tikinti prosesində 7 körpü, 6 avtomobil tuneli, 1 yolötürücü, 2 heyvan keçidi, 106 suötürücü boru kimi mühəndis qurğuları tikilərək başa çatdırlıb. Yeni dəmir yolu xəttində İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “Kiss” markalı elektrik qatarlarından istifadə olunacaq. Yolda orta sürətin saatda 100 kilometr olması nəzərdə tutulur ki, bu da Bakıdan gedən sərnişinlərin 3 saat sonra Qəbələyə təhlükəsiz və rahat şəraitdə çatmasını təmin edəcək.
Dünya standartlarına cavab verən Qəbələ Beynəlxalq Aeroportu isə Prezident İlham Əliyev tərəfindən açılmışdır. Hava limanının qurulmasına 2011-ci ildə başlanmış və açılışı da həmin ildə olmuşdur. Həmin ildə Qəbələ Hava Limanına beynəlxalq status verilmişdir. Hava limanının ilk beynəlxalq aviareysi 2012-ci ilin noyabr ayından etibarən yerinə yetirilməyə başlanmışdır. İlk beynəlxalq aviareys Rusiyanın Uralsk aviasiya şirkəti Moskva --Qəbələ marşrutu üzrə yerinə yetirilib. Yəni uzun illər boyu Azərbaycanın ucqarlarından sayılan Qəbələyə bu gün Moskvadan təyyarə uçur.
O ki qaldı, dördüncü – tamamilə yeni olan kanat yoluna, bu yol rayondakı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində fəaliyyət göstərir. Dağlıq ərazidə istirahət üçün bütün əlverişli şəraitə malik olan bu turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin məqsədi ölkəmizdə ilboyu dağ turizmini inkişaf etdirmək, yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini təmin etməkdir. Kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə müxtəlif mürəkkəb səviyyəli yollarda xizəklə sürüşməyi, xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti, uşaq istirahət mərkəzi, otel və digər xidmətləri təklif edir.
Yeri gəlmişkən, bu gün Qəbələdə “Qafqaz Resort” oteli, “Qafqaz Riverside” oteli, “Qafqaz Sport” oteli, “Qafqaz Karvansaray” oteli, “Qafqaz Qebele City” oteli, “Qəbələ” oteli, “Qafqaz Spa və Sağlamlıq Mərkəzi”, “Qəbələ Xanlar turizm istirahət mərkəzi”, “Duyma istirahət və sağlamlıq mərkəzi, “Semerana” istirahət mərkəzi, “Karvan” oteli... adlı turizm obyektləri də fəaliyyət göstərir ki, bu da dövlət başçımızın qeyri-neft sekrorunun inkişaf etdirilməsi barədə tövsiyə və tapşırıqlarının icrası deməkdir.
Bəli, Qəbələ reallıqları barədə yazarkən söz açmalı faktlar çoxdur. Ancaq, təəssüf ki, həmin reallıqlardan biri də dünyanın bütün ölkələrini və şəhərlərini əsir-yesir etmiş koronavirus pandemiyasının törətdiyi çətinliklərdir. Rayon icra hakimiyyətindən bildirdilər ki, bu məsələ daim diqqət mərkəzindədir və heç bir başqa məsələyə bunun qədər vaxt ayrılmır. Elə biz rayonda olarkən də müşahidə etdiyimiz əsas tədbirlər məhz COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən maarifləndirmə işləri idi.
Rayon icra hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən aparılan reydlər zamanı ictimai iaşə, ticarət və digər əhali qruplarının daha çox müraciət etdiyi obyektlərdə tibbi maskadan istifadənin və sosial məsafə saxlanılmasının, Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılırdı. Könüllülər Polad Həşimov küçəsində bu istiqamətli fəaliyyətlərini davam etdirirdilər...
... Yazının əvvəlində də bu torpağın qəhrəman övladının adı çəkildi, sonunda da onunla bağlı söz açırıq. 2021-ci ildə Qəbələdən bölgə müxbiri kimi eşitdiyim ilk xəbər belə olmuşdu: “ Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günü münasibətilə anadan olduğu Vəndam qəsəbəsində anım mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanları və digər qurumların rəhbərləri, şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər”.
Həmin xəbəri eşidəndə qəhrəman generalın anasının televiziya kamerası qarşısında dediyi bir ifadə qulağımda səsləndi: “O, artıq tək mənim yox, bütün azərbaycanlı anaların övladıdır”.
Bundan da böyük xoşbəxtlik
olarmı?!
İlqar HƏSƏNOV
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti 2021.- 16 mart.- S.6.