Zaqatala: Qələbənin
yaratdığı ab-hava insanları yeni uğurlara
ruhlandırır
Boz ayda qar
yağırdı. Dağlar, meşələr,
bağ-bağatlar – hər yan
qeyri-ixtiyari ağ libasa bürünürdü.
Yanımızdakı gül
kollarının altına isə qar
düşmədiyinə görə, oradan
boylanan bənövşələrin məsum
baxışları kövrək bir təəssürat
yaradırdı: Bənövşələrmi tez açılmışdı, yoxsa qar gecikmişdi?
Bu məqamda beynimdə qəribə bir müqayisə yarandı. Qarşısını hələ ki, heç kəsin ala bilmədiyi qarı pandemiyaya, təbiətin “soyuq münasibətinə” dözən bənövşələri isə ağlibaslı həkimlərimizə oxşatdım. O həkimlərə ki, virusun daha geniş yayılmasının qarşısını almaq üçün ən riskli mübarizədən belə, qalib çıxırlar. Elə xalqımız və dövlətimiz də son illərdə bütün mübarizələrdən qalib çıxmağın nümunələrini yaradır.
Yeri
gəlmişkən, havaların əlverişli və ya əlverişsiz
keçməsindən asılı olmayaraq, artıq Zaqatalada
yazlıq bitkilərin əkininə başlanıb. Rayon icra hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə
ilə söhbətimizdə deyildi ki, bu gün
ölkənin hər yerində olduğu kimi, Zaqatalada da Qələbənin yaratdığı ab-hava insanları daha böyük uğurlara ruhlandırıb.
Fermerlər də qələbənin əks-sədasına səs
verirlər. Onlar cari ilin məhsulu üçün
yazlıq bitkilərin əkininə başlayıblar. Torpaq mülkiyyətçiləri qısa
müddətdə 1280 hektardan çox sahədə yazlıq əkin həyata
keçiriblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 hektar çoxdur.
Qeyd
edildi ki, fermerlər indiyədək 541 hektarda kartof, 412 hektarda
tərəvəz bitkiləri əkib, 321 hektara yonca səpiblər.
Apreldə isə qarğıdalı, tütün
və paxlalıların əkininə başlanılacaq. Eyni zamanda, hazırda rayonun
taxılçılıq təsərrüfatlarında əkin
sahələrinə aqrotexniki qulluq işləri də davam
etdirilir, sahələrə yemləmə
gübrəsi verilir, zərərvericilərə
qarşı kimyəvi mübarizə tədbirləri həyata
keçirilir.
Mübariz
müəllim əlavə etdi ki, Prezident İlham Əliyevin
pambıq, tütün, barama, çəltik və
fındıq kimi ixrac potensialı böyük olan və
ölkəyə valyuta axınına töhfə verən kənd
təsərrüfatı məhsulları istehsalının
artırılması və tədarükü ilə
bağlı tövsiyələri daim diqqət mərkəzindədir.
Çünki bu
sahələr təkcə valyuta gətirmir,
həm də yeni iş
yerlərinin yaranmasına, əhalinin məşğulluğuna
zəmin yaradır. Bu baxımdan yeni texnologiyalardan istifadə
etməklə fındıq istehsalının
artırılması, fındıq məhsullarının yeni bazarlara
çıxarılması məqsədilə müxtəlif tədbirlər
görülür. Bunlardan
biri də müasir texnologiyalara əsaslanan fındıq emalı
müəssisələrinin yaradılmasıdır. “Agrarco” MMC-nin Zaqatala rayonunda tikilən
fındıq emalı fabriki belə müəssisələrdəndir.
Hazırda müəssisədə tamamlama
işləri aparılır.
İldə
7 min ton fındıq ləpəsi emal etmək gücündə
olan fabrikdə 150 iş yeri açılacaq. Ümumi investisiya dəyəri
34,3 milyon manat olan layihəyə İqtisadiyyat
Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.
Yeri
gəlmişkən, Zaqatalada sahibkarlığın inkişaf
etdirilməsi məsələsi də daim aktualdır. Geridə
qalan müddətdə
sahibkarlığın davamlı olaraq inkişaf etdirilməsi və bu
sahədə qarşıya çıxan problemlərin həlli
istiqamətində bir sıra tədbirlər
həyata keçirilib. Məsələn,
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 12 layihə üzrə
735 min manat həcmində
güzəştli kredit verilib.
Bu
qayğı və diqqətin nəticəsidir ki,
ötən il rayonda sənayedə
186,1 milyon manat, kənd
təsərrüfatında 143 milyon manat, tikintidə 22,8 milyon
manat, nəqliyyatda 2,8 milyon
manat, ticarətdə 71,4 milyon
manat, rabitədə 2,6 milyon
manat olmaqla 428,7 milyon manatlıq məhsul istehsal
edilib və xidmətlər göstərilib.
Pərakəndə əmtəə dövriyyəsi 225,6 milyon manat, pullu
xidmətlərin həcmi 32,7 milyon manat, əsas kapitala
yönəldilən investisiya 25 milyon manat olub.
2019-2023-cü
illəri əhatə edən 4-cü dövlət
proqramının icrası ilə bağlı Zaqatalada 17 tədbirin
icrası nəzərdə tutulurdu. Bu
istiqamətdə müəyyən işlər görülüb, 1685-i daimi
olmaqla 1765 iş yeri açılıb. Xüsusilə
qeyd edilməlidir ki, Prezident İlham
Əliyevin təşəbbüsü əsasında
hazırlanmış “İşsizin DOSTU”
proqramı çərçivəsində “DOST İŞ” MMC
tərəfindən rayonda 433 nəfər
haqqı ödənilən ictimai işlərə
cəlb olunub və hər biri
ilə əmək müqaviləsi bağlanılıb. Rayon rəhbəri qeyd etdi ki, aqrar
sektorda həyata keçirilmiş
tədbirlər sayəsində 2020-ci ildə kənd təsərrüfatı
məhsullarının istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 143 milyon manat olub.
Azərbaycan
Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya
mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli fərmanına
əsasən, rayon üzrə bu il yanvarın 1-nə 25 min 398
ədəd torpaq sənədi SİS-ə daxil edilməklə,
12 min 144 fermer öz əkinlərini bəyan edərək,
müvafiq subsidiya məbləğini alıb.
Təbii ki, Zaqatala ənənəvi tütünçülük rayonlarındandır. Ona görə də “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən il 574 hektar sahədə tütün əkilib, rayonda quru tütün istehsalı artaraq 672 ton olub. Bundan başqa, “Zaqatala Agro İndustry” MMC tərəfindən 18 min kvadratmetr sahəsi olan hidroponik istixana təşkil edilib. Bu il fevralın birindən etibarən həmin istixanada tütün toxumları əkilib. Şirkət tərəfindən illik istehsal gücü 2500 ton quru tütün olan 120 ədəd tütünqurutma kameralarının quraşdırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.
Eləcə
də, barama istehsalını artırmaq məqsədilə
ötən il 35 min 500 ədəd yerli tut tinglərinin fermerlərə
paylanaraq əkilməsi təmin olunub və rayonda 36 ton 165
kiloqram barama istehsal edilib. Bundan başqa ,“AZ ROSE” MMC-nin
plantasiyalarından 438 ton 290 kiloqram qızıl gül,
66 ton 955 kiloqram lavanda və 5 ton 900 kiloqram nanə ləçəyi tədarük
edilərək emal olunub,
121
kiloqram qızıl gül yağı, 1 ton lavanda yağı
və 31 kiloqram nanə yağı istehsal edilib. “AZ ROSE”
MMC tərəfindən bir il
ərzində 20 kiloqram 200 qram
qızılgül və 1250 kiloqram lavanda yağı ABŞ, Türkiyə və Litvaya ixrac edilib.
Daha
bir qeyd edilməli fakt ondan ibarətdir ki, “Zaqatala rayonunda əkin
sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırmasına və əhalinin içməli
suya olan təlabatının ödənilməsinə dair əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 19 avqust 2020-ci il tarixli sərəncamına
uyğun olaraq rayonda 18 ədəd subartezian quyusunun qazılması
başa çatdırılıb. Eləcə
də, Azərbaycan Respublikası Prezidentinin
12 avqust 2020-ci il tarixli sərəncamına əsasən, “Azərsu”
ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin dəstəyi ilə
2020-ci ildə Aşağı Tala və
Göyəm kəndlərində əlavə subartezian
quyuları qazılıb. “Azərbaycan Meliorasiya
və Su Təsərrüfatı” ASC tərəfindən
6 kəndin 2101 hektar əkin sahəsinin
suvarılmasına xidmət edən iki
pilləli “Alazan” nasos
stansiyasının suvarma şəbəkəsi
əsasən təmir olunub.
Rayonda
bütün maliyyə mənbələri hesabına 22,8 milyon
manat həcmində tikinti, abadlıq və quruculuq işləri
görülüb.
“Aqrarco” MMC tərəfindən Aşağı Tala kəndi ərazisində yeni fındıq emalı zavodu ilə yanaşı, şəhərin Azərbaycan prospekti 97a ünvanında beşmərtəbəli çoxmənzilli yaşayış binasının tikintisi davam etdirilib, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası olaraq Zaqatala şəhərinin şimal-qərb yaşayış massivində “Xalça evi”nin tikintisi ilə əlaqədar müvafiq torpaq sahəsi seçilərək, yerquruluşu kadastr planı hazırlanaraq işlərə başlanılıb, Bakı– Qəbələ–Balakən avtomobil yolunun 378-ci kilometrində Zaqatala şəhərinin Qazangül yaşayış sahəsi ərazisində ayrılmış 0,39 hektar torpaq sahəsində “Pit stop” istirahət məntəqəsinin tikintisi davam etdirilir.
Rayonda
ümumi sahəsi 12 min 445,4 kvadratmetr olan 116 ədəd fərdi
yaşayış evi tikilərək istifadəyə verilib, həmçinin
rayon icra hakimiyyəti tərəfindən Yuxarı Tala kəndində
Zenfira Teymurxanovanın ailəsi üçün 1 otaqlı və
Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə
Aşağı Tala kəndində Abid Talıbovun ailəsi
üçün 3 otaqlı fərdi yaşayış evləri
tikilərək, istifadəyə verilib.
Eləcə
də, Çökəkoba kənd sakini, Vətən
müharibəsi şəhidi Hacıyev Abakər Məhəmməd
oğluna məxsus fərdi yaşayış evində əsaslı
təmir işləri aparılıb. Sahibkarlar tərəfindən
rayonda 12,5 milyon manat həcmində yeni
ticarət, xidmət, turizm və istirahət
obyektlərinin, yüksək mərtəbəli
yaşayış binalarının tikintisi
aparılır. 2012-ci ilin may
ayında baş vermiş
zəlzələ nəticəsində qəzalı vəziyyətdə
olan 21 fərdi yaşayış evi Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinin xətti
ilə yenidən tikilərək təhvil verilib.
Eyni
zamanda, 2020-ci il ərzində rayonda Qarabağ əlillərinin
və şəhid ailələrinin mənzill şəraitinin
yaxşılaşdırılması üçün 8 ədəd
fərdi yaşayış evi tikilərək istifadəyə
verilib. Şəhər 11 və 13 saylı
uşaq bağçalarında təmir
işləri aparılmışdır. Mübariz
müəllim tikinti-abadlıq işləri, xidmət sahələrinin
fəaliyyəti barədə də əhatəli məlumat verdi. Hiss olunurdu
ki, zaqatalalılar 44 günlük
müharibənin qələbə ilə nəticələnməsinin
ab-havasını rayon həyatının bütün sahələrinə gətirirlər.
Rayon
rəhbəri qeyd etdi ki, dövlət
başçımızın bütün dünyada nümunə
kimi göstərilən siyasi-diplomatik və hərbu
uğurları respublikamızın bütün vətəndaşları
kimi, zaqatalalıların da gələcəyə
inamını artırır, bizi daha böyük əzmlə
calışmağa sövq edir: “İnanıram ki, bu yolda
uğurlarımız hər ildə, hər ayda daha da
çoxalacaq”. Mən isə bu sətirləri
Zaqatalada iştirakçısı olduğum bir tədbirdə
dəftərçəmə qeyd etdiyim sətirlərlə tamamlayıram: “Fevralın əvvəlində -- Gənclər Günü münasibətilə rayonun fəal gənclərinin, Vətən
müharibəsi iştirakçılarının,
könüllülərin iştirak etdiyi videokonfransda Zaqatala gənclərinin qazandıqları uğurlar barədə
danışılırdı.
Prezident
İlham Əliyevin tövsiyə və
tapşırıqları əsasında gənclərin fəal
surətdə dövlət quruculuğu prosesinə cəlb
olunduğundan, onlara öz istedad və bacarıqlarını
nümayiş etdirmək üçün hərtərəfli
şərait yaradıldığından söz
açılırdı.
Qeyd edilirdi ki, dövlət başçımızın gənclərlə bağlı imzaladığı sərəncam və fərmanlar, qəbul edilən dövlət proqramları gənclərin ictimai fəallığının artmasına, intellektual, fiziki və mənəvi inkişafına böyük töhfələr verir”. Bəli, Azərbaycan xalqına möhtəşəm qələbəni bəxş etmiş ölkə gəncliyinə respublikanın hər yerində olduğu kimi, Zaqatalada da böyük inam və etimad var. Elə təbiət də yenidən öz gəncliyinə – bahara qayıdır.
İlqar HƏSƏNOV,
“Xalq
qəzeti”nin bölgə müxbir
Xalq qəzeti.-2021.-13 mart.-S.5.