Ermənistan ölkəmizə vurduğu ziyanın ödənişinə dair öhdəlik götürməlidir
Prezident İlham Əliyevin bu günlərdə Hacıqabula səfəri çərçivəsində Azərbaycan televiziyasına verdiyi müsahibə yalnız Hacıqabulda, hətta yalnız respublikada həyata keçirilən sosial-`iqtisadi siyasətlə bağlı deyil, həm də regionda baş verənlərə və gözlənilənlərə dair təsbitlərlə xüsusi aktuallıq kəsb edir. Sosial – iqtisadi siyasətdən söz açanda, ilk sırada qeyri - neft sektorunun inkişafına xidmət edən dövlət təşəbbüsləri qeyd olunmalıdır.
Məlumdur ki, bu sahədə müvafiq dövlət proqramları qəbul edilib, onlar ardıcıllıqla yerinə yetirilib. Artıq dördüncü “Regionların sosial - iqtisadi inkişaf Dövlət Proqramı” uğurla icra edilməkdədir. Bu önəmli proqrama əsasən, Hacıqabulda da böyük işlər görülüb. Məsələn, mədəniyyət, təhsil, sağlamlıq obyektləri tikilib və yaxud əsaslı təmir edilib. Hacıqabulun kənd yollarının 75 faizi yenidən çəkilib.
Mədəniyyət obyektləri qədər infrastruktur yenilənmələri də özlüyündə bir mədəniyyət hadisəsidir. Ümummilli liderin sözləri ilə desək, “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. Rayonda qazlaşdırmanın səviyyəsinin 100 faizə çatdırıldığını, elektrik enerjisi təchizatının xeyli yaxşıladırıldığını qeyd edə bilərik. Dövlət başçısının səfər çərçivəsində yeni yarımstansiyanın açılışı bunun daha bir göstərcisidir. Qaz, elektrik, yol, yeni obyektlər – bunlar hamısı vətəndaşa xidmət üçündür. Dövlətin bütün təşəbbüslərinin mərkəzində duran əsas amil insan və onun sosial rifahıdır. Bütün görülən işlər insanlar üçün gözəl şərait yaratmağa xidmət edir.
Prezidentin səfəri çərçivəsində açılışı olan obyektlər bölgənin gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcək. Bu planda, biznes, yatırımlar üçün münbit ortamın yaxşılaşdığını da deməliyik. Özəl sektorun kənd təsərrüfatı sahəsinə cəlb olunmasında dövlət yatırımlarının danılmaz rolu var. Bəlli olduğu kimi, respublikamızda bütövlükdə 50 - dək aqroparkın yaradılması nəzərdə tutulur ki, onlardan bir çoxu artıq fəaliyyətdədir. Cənab Prezidentin vurğuladığı kimi, dövlət həm güzəştli şərtlərlə müəyyən məbləğdə kreditlər verir, həm də, infrastruktur layihələri həyata keçirir. Yəni qeyri - neft sektorunun inkişafı üçün ölkəmizdə yeni imkanlar yaradılır, kənd təsərrüfatı sahəsində aparılan islahatlar dayanmadan şaxələnir. Ümumən, iqtisadiyyatın şaxələndirilməsi kursunun tərkib hissəsi, yaxud, o kursun davamı kimi, kənd təsərrüfatının şaxələndirilməsi özünə diqqət tələb edir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi, dövlət üçün strateji mahiyyət daşıyan əhalinin ərzaq təhlükəsizliyinin təminatıdır. Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir, məhsuldarlıq daha yüksəkdir. Burada ən çağdaş aqrotexniki tədbirlər tətbiq olunur. Aqropark – kənd təsərrüfatına yeni mədəni baxış deməkdir. Bildirildiyi kimi, Hacıqabulda fəaliyyət göstərən iki böyük aqroparkda yüzlərlə yerli sakin işlə təmin olunub. Eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işləri də xatıraladaraq, bu iki istiqamət üzrə kənd təsərrüfatının inkişaf etdiyini məmnuniyyətlə deməliyik.
Respublikamızın hər bir rayonunda icra edilən böyük layihələr, yeni iş yerlərinin açılması, məhsul bolluğu, yerli mütəxəssislərin səmərələşdirici təklifləri, o təkliflərin tətbiqi və s. özlüyündə Qarabağın abadlaşdırılmasına da xidmət edir. Ümummilli liderin sözüdür: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. 27 sentyabr 2020 - ci ilədək olan dövrdə iqtisadiyyatda əldə etdiyimiz nəticələr 44 gün ərzində öz sözünü dedi, bu gün də öz nəticələri ilə əhalimizə xidmət edir. Bununla belə, indi “Dörd Lüksemburq boyda ərazini biz sıfırdan tikməliyik, qurmalıyıq. Çünki mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb”.
Beləliklə, ərazilərin bərpası və inkişafı ümummilli məsələdir və bu işlər planlı şəkildə aparılır. Bu planın icrasında dövlətimizin gücünə güc qatmalıyıq. Dövlətimizin gücü hər bir vətəndaşın, hər ailənin, kəndin, rayonun, şəhərin... gücü ilə daha da zənginləşir. Dövlət - xalq birliyi müharibədə qələbəmizi təmin etdiyi kimi, ərazilərin bərpa - quruculuq işində də öz sözünü deyəcək. Dövlət öz üzərinə düşən missiyanı təxirə salmadan – sürət və keyfiyyəti bir arada tutaraq icra etməkdədir, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrası davam edir. Cənab Prezidentin Hacıqabulda bildirdiyi kimi, azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq.
Ərazilərin yenidən qurulmasında əsas infrastruktur işlərindən biri, demək olar, birincisi, yollarla bağlıdır. Yol infrastrukturunun inkişafı yalnız Qarabağla hüdudlanmır. Öz nəticələri ilə respublikamızın, bütövlükdə regionun simasını dəyişəcək, bir sıra önəmli imkanlar yaradacaqdır: “Azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli – Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz – Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli – Hadrut, Füzuli – Cəbrayıl, Bərdə – Ağdam, Göygöl – Toğanalı – Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə – Ağdam və Horadiz – Zəngilan – Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir”. Əlbəttə, Zəngəzur indi yalnız Zəngilandan, Naxçıvandan görünmür, Hacıqabuldan da görünür, Tovuzdan, Xaçmazdan, Balakəndən, Lənkərandan da... Bütün yollar Zəngəzura aparır...
Qarabağımızda daha əvvəllər olmayan say və miqyasda hava limanları tikiləcək. Qarabağ torpaq yolu, dəmir yolu, hava yolu ilə, bunlardan daha artıq önəm daşıyan “ürək yolu” ilə canlanacaq, inkişaf edəcək: sürətlə, keyfiyyətlə, ürəklə! Necə də gözəl səslənir: Füzuli Beynəlxalq hava limanı, Zəngilan hava limanı, Laçın hava limanı!
Bütün bunlar müqayisəyə gəlməyən erməni vəhşiliklərindən sonra Azərbaycanın misli görünməmiş inkişafıdır! Ermənilər onların olmayan torpaqlarda ancaq dağıtmaqla, yalnız yaşayış evlərini deyil, qəbirstanlıqları belə viran etməklə, yerin altını üstünə, üstünü altına çevirməklə məşğul oldular – bu bəşəri cinayətdir, müharibə cinayətlərinin xüsusi halıdır. Bizim quruculuq, abadlıq işlərimiz isə, torpağın əsl sahiblərinin ürək işidir, yaraları sarımaq işidir, gələcəyə baxmaq işidir, böyük gələcəyin inşasıdır! Qarabağ daha heç vaxt işğalda olmayacaq . Ermənistan bir daha başını qaldıra bilməyəcək, gözü qıpıq qalacaq. Əgər Ermənistan gözüqpıqılıqdan qurtulmaq istəyindədirsə, zəhmət çəkib, “əvəzçıxma“ hoqqalarında deyil, əsl qonşuluq, ədalətli sülh quruculuğunda, Zəngəzur dəhlizinin açılmasında səmimi iştirakla özünü sübut etsin. Buyursun, mina xəritələrini versin, Azərbaycandan rəsmi üzr istəsin, Azərbaycana vurduğu ziyanın ödənişinə dair öhdəlik götürsün. Əgər bunu daha tez, beynəlxalq mexanizmlər işə düşmədən, əlavə zaman və insan itkisi olmadan edərsə, bu, Ermənistanın özü üçün xeyir kəsb edər. Yoxsa, Azərbaycanın “dəmir yumruğu” da yerindədir, məhkəmələrdə təzminat davamız da işlənir və mütləq zəfər bizimdir!
Azərbaycan dövləti milli maraqlarımızın təmin olunmasını bütün məsələlərdə mütləq prioritet olaraq qəbul edib və bu, hər bir vətəndaşımızın qürurudur! Milli qürur özü bir silahdır – psixoloji mahiyyət kəsb edir, inam aşılayır, hər birimizi yeni işlərə qanadlandırır.
Qənirə PAŞAYEVA,Milli Məclisin
Mədəniyyət komitəsinin sədri
Xalq qəzeti
2021.- 1 may.- S.4.