Qarabağ günlərinə qədəm qoyur: Bölgədə “Böyük qayıdış” sevinci yaşanır

 

Dövlətimizin başçısı İlham Əliyev prezidentlik fəaliyyətinin 18 ili ərzində daim xalqın dəstəyinə arxalanıb, xalq ilə təmasa üstünlük verib, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyib və bu məsələlərin həlli ilə bağlı müvafiq sənədlər imzalayıb. Bir sözlə, Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Ötən müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Dövlətimizin başçısının yeni iqtisadi modelə keçidlə, iqtisadisosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilib.

 

Sadalanan nailiyyətlər sırasında ötən il Vətən müharibəsində qazanı­lan tarixi qələbə xüsusi önəm daşıyır. Bu baxımdan mövzu ətrafında bir qədər ətraflı bəhs etmək zərurəti yaranır.

 

Xatırladım ki, 2020-ci il sentyab­rın 27-dən başlayan İkinci Qarabağ müharibəsi 44 gün davam etdi. Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğradaraq, möhtəşəm qələbə qazandı. Nəticədə Ermənistan üzərinə götürdüyü kapitulyasiya­nın tələblərinin ödənilməsi barədə razılığa gəldi, şərtlərə uyğun olaraq, əvvəlcə Ağdam şəhərini və rayonun işğal altında qalan kəndlərini qeyd-şərtsiz azad etdi. Növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaq­ları olan Kəlbəcər və Laçın rayonları rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Bununla da 30 ilə yaxın bir zaman məsafəsində düşmən dövlətin reallaşdırmaq istədiyi niyyət–“böyük Ermənistan” yaratmaq xülyası gerçəkləşmədi.

 

Döyüşlər getdiyi müddətdə Azərbaycana güclü təhdidlər, təzyiqlər göstərildi. Ermənistan ordu­su döyüş bölgəsindən kənar yaşayış məntəqələrimizi ağır silahlardan atəşə tutmaqla genişmiqyaslı dağıntı­lar törətdi, dinc sakinlərin həyatlarına son qoydu. Ancaq bunlar ölkəmizi haqq yolundan, ədalət savaşından çəkindirmədi. Çünki dövlət başçı­mızın qeyd etdiyi kimi, Azərbaycan Ordusu haqq mübarizəsi–tapdaq altındakı torpaqlarımızın düşməndən təmizlənməsi, ərazi bütövlüyü uğu­runda müharibə aparırdı.

 

İkinci Qarabağ savaşında qələbənin əldə edilməsini bir neçə amil şərtləndirdi. Tarixi zəfər, ilk növbədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin müdrik siyasəti, özünün vurğuladığı kimi, “nəyi, necə, nə vaxt etmək lazımdır” sualına dəqiq cavab tapmaq isteda­dı ilə gerçəkləşdi. Bununla yanaşı, Azərbaycanın döyüş uğurunun real­laşmasında Silahlı Qüvvələrimizdəki ruh yüksəkliyi, xalq-Prezident-ordu vəhdətinin sarsılmazlığı önəmli rol oynadı. Bunu ona görə xüsusi vurğu­layıram ki, əvvəla yaşadığım rayonda hər zaman əhali ilə sıx təmaslarımda insanların öz Prezidentinə qəlbən bağlandıqlarının, dövlət başçısının daxilixarici siyasətini ürəkdən dəstəklədiklərinin, ətrafında sıx birləşdiklərinin şahidi olmuşam. Fəaliyyət sahəm ordu ilə sıx bağlı ol­duğundan Silahlı Qüvvələrimizin güc-qüdrətini, nəyə qadir olduğunu yaxşı bilmişəm, əsgər və zabitlərimizin döyüş əzmini, ruh yüksəkliyini hiss etmişəm. Nəhayət, ötən il sent­yabrın 27-də Azərbaycana qarşı başlanan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncimizin orduya könüllü kimi yazılaraq, döyüşə coşğu ilə atılmasını öz gözlərimlə görmüşəm.

 

Bu məqamda bir məsələni də xü­susi qeyd etməyi zəruri bilirəm. Belə ki, erməni faşistləri döyüş zonaların­da ağır məğlubiyyətlə üzləşib, necə deyərlər, əlacsız qalanda, cəbhədən kənar kənd və şəhərlərimizdə ya­şayan dinc insanlaraı ağır silahlarla atəşə tutanda, təxribatlar törədəndə heç kim evini tərk etmədi, heç kim ölümdən belə çəkinib, qorxub torpa­ğını, dədə-baba yurdunu atıb harasa getmədi. Düzdür, döyüşlərin qızğın çağında Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər gün özünün rəsmi “Twitter” səhifəsində, xarici televiziya kanallarına müsahibəsində hadisələrin gedişatı ilə bağlı xal­qa məlumat verməsi, ordumuzun nailiyyətlərini vətəndaşlarımızın diqqətinə çatdırması da bu məsələyə təsirsiz ötüşmədi. Əhali ordumu­zun hər saat, hər gün əldə etdiyi parlaq qələbədən ruhlandı, özünü arxa-dayaqsız hiss etmədi, Silahlı Qüvvələrimizin tezliklə müharibəni böyük Zəfərlə yekunlaşdıracağı ümidi ilə sabaha inamını itirmədi. Beləliklə, 44 günlük Vətən müharibəsində Azərbaycan özünü bütün dünyaya güclü orduya malik bir dövlət, qələbə təşnəsi ilə haqq-ədalət müharibəsi aparan bir ölkə, xalq-Prezident vəhdəti yaşanan bir respublika kimi tanıtdı.

 

Yeri gəlmişkən, erməni vəhşiliyi barədə də müəyyən məsələləri diqqətə çatdırmaq istərdim. Belə ki, istər işğal dövründə, istərsə də müharibənin gedişində düşmən ərazilərimizi cənab Prezidentin vurğuladığı kimi, Stalinqraddan da betər günə qoyub, kəndlərimizi, şəhərlərimizi dağıdaraq, xarabalığa çevirib, torpaqlarımızı istismar edib, təbii resurslarımızı talayıb. Dağıdıl­mayanların isə hamısını oğurlayıb, qarət edib, hətta pəncərə çərçivələrini də, unitazları da Ermənistana daşıyıb. Bütün bunlarla kifayətlənməyən işğal­çı əraziləri minalayıb. Müharibədən sonra isə bu cür təhlükəli zonaların xəritəsini verməkdən belə imtina etməklə bir daha qəddarlığını nüma­yiş etdirib.

 

Dövlətimizin başçısı çıxışları­nın birində bu barədə deyib: “Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. İndi jurnalistlər oraya gəlir, diplomatlar səfərlər edirlər. Görürlər ki, şəhərlər dağıdılıb, evlər dağıdılıb, kəndlər dağıdılıb, tarixi abidələrimiz dağıdı­lıb. Ağdamı xariciyerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunan­dan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damın­da Azərbaycan bayrağı qaldırılsın. Ermənilər bütün şəhərlərimizi məhv ediblər, bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları şum­layıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarım­çıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Bu videokadrlar internetdə vardır. Yəni, bu, bütün müsəlman aləminə qarşı təhqirdir, cinayətdir və bütün dünya artıq bunu görür və görməlidir. Biz öz tarixi mis­siyamızı icra etdik, erməni faşizmini məhv etdik. Hazırda bərpa işlərinə start verilib. Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yarala­nıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt apara­caq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik”.

 

Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışından sonra hərbi qulluqçularla görüşündə vurğuladığı kimi, bütün azad edilmiş torpaqlar bərpa olunacaq. Sadəcə olaraq, xalqımız erməni vəhşiliyini heç vaxt unutmamalıdır: “Biz çox xe­yirxah xalqıq. Bu, həm bizim üstünlü­yümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxla­sınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün Ermənistanda baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər ki, dəmir yumruq yerindədir, lazım olar­sa, bunların başını elə əzərik ki, buna əbədi son qoyular”.

 

Amma düşməni bütün vəhşiliklərinə, dağıntılarına, talanı­na baxmayaraq, Azərbaycan həm torpaqlarını minalardan təmizləməyə, həm də o əraziləri gülüstana, abad, müasir kənd və şəhərlərlərə çevirməyə qadirdir.

 

Hazırda işğaldan azad edilən tor­paqlarımızda minalardan təmizləmə prosesi davam etdirilir. Bununla yanaşı bərpa layihələri də reallaşdı­rılır. Prezident İlham Əliyevin tapşırı­ğına əsasən Şuşada yenidənqurma tədbirləri həyata keçirilir, şəhərdə yaşayış üçün yararsız, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan bəzi binalar sökülür. Burada, eləcə də digər ərazilərdə içməli su, sanitariyairriqasiya sistemləri yenidən qurulur, idarəetmə və təhlükəsizlik məsələlərinin həlli diqqətdə saxlanılır. Ərazilərin elektrik təchizatı sistemi qurulur, həm xətlər çəkilir, həm də yeni yarımstansiyalar tikilir. Yol infrastrukturunun yara­dılması ilə bağlı bütün istiqamətlər üzrə işlər uğurla gedir. Füzuli-Had­rut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi sürətlə aparılır. Bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da qurulur. Bu yol Zəngəzur dəhlizinə qədər uzanacaq və artıq işlər cədvəl üzrə görülür.

 

Bütün bunlarla bərabər, Fü­zuli Beynəlxalq Hava Limanının tikintisində işlər sürətlə aparılır. Prezident İlham Əliyevin aprelin 26-da Zəngilana səfəri çərçivəsində bu bölgədə ikinci beynəlxalq hava limanın təməli qoyulub. Üçüncü hava limanının isə Laçın rayonu ərazisində salınacağı nəzərdə tutulub.

 

Dövlətimizin başçısının Zəngilana səfərindən söz düşmüşkən, qeyd edim ki, rayonun 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” pilot layihəsinə start verilibbununla da ölkə rəhbərinin vurğuladığı kimi, “Böyük qayıdış” başlanıb.

 

Qarabağda aparılan bərpa-quruculuq işlərindən danışarkən, onu da bildirim ki, Azərbaycan Prezi­dentinin tapşırığına uyğun olaraq, yenidənqurma prosesində hər bir bölgənin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqları nəzərə alınaraq, müvafiq iqtisadi rayonun profili, ixtisaslaşması əsas götürüləcək. Həmçinin bu işlərin görülməsi zamanı dövlət vəsaitlərinə qənaət edilməsi və investisiyaların səmərəliliyinin artırılması məqsədilə ayrı-ayrı sahələr üzrə dövlət-özəl sektor tərəfdaşlığından geniş istifadə ediləcək, xüsusi güzəştli iqtisadi rejim tətbiq olunacaq.

 

Bütün bunlar isə Qarabağın hər qarışının tezliklə gülüstana çevriləcəyindən, azad edilən ərazilərə coşğun həyatın qayıdacağından, insanların rahat nəfəs alacağından xəbər verir.

 

Məhərrəm ŞƏFİYEV, “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti 2021.- 1 may.- S.4.